Qonaq Kitabı
UÇİTELLƏR

 

Tövqif edilmişdi mağıl Gəncə siyezdi,

Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!

 

Düşdü tavuğu dövriyyə bədbəxt “Nicat”ın[i],

Əyləşmədi bir ləhzə fərağət uçitellər!

 

Divan-dərəni bəndə çəkib aldı dübarə,

Bu bid`ət olan əmrə icazət, uçitellər!

 

İndi Bakıda başlanacaq oldu bu iclas,

Olduq yenə ol məclisə də`vət, uçitellər!

 

Qoymuq bu qapanmış bizi dünyadə beş-on gün

Adətdə çəkib keyf, edək işrət, uçitellər!

 

Bilməm bu siyezdin nədir axır bizə xeyri –

Hər ildə çəkək bunca əziyyət, uçitellər?!

 

Daim bu təşəbbüslər olur həqqül-əməlsiz,

Millət pulu yox, ta alaq ücrət, uçitellər!

 

Lazım gətirir xərc edək ancaq cibimizdən,

Həm xərc ola, həm mayeyi-zəhmət, uçitellər!

 

Boylə əmələ aqil olan mürtəkib olmaz,

Layiqmi cibişdanə xəyanət, uçitellər?!

 

Yəni nə deməkdir bu ki, sən pulunu xərc et,

Ta elm oxuyub dərs ala millət, uçitellər?!

 

Millətdən ötür ağlıyan axırda olur kor, -

Məzmunlu məsəldir bu ibarət, uçitellər!

 

Bildir də nə zəhmətlə bu iclasa yığışdıq,

Etdik nə qədər boş yerə söhbət, uçitellər!

 

Lağ-lağ danışıldı ki, nədir şiə və sünni,

Lazım ki, bir olsun bu şəriət, uçitellər!

 

Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,

Bir yanda dəxi məktəbi-sənət, uçitellər!

 

Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,

Kim verdi bu axmaq sözə qiymət, uçitellər?!

 

Baş tutdumu beytülmalınız, söylə, sən allah?

Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?!

 

Islamın ölüb yoxsa sanırdız vükəlası,

Xudsər eləyirdiz də vəkalət, uçitellər?!

 

Bir millətə kim, siz olasız hadiyü hami,

Batsın yerə, ya rəb, belə millət, uçitellər!

 

Sidqi bu ki, bu barədə rəyimdir əlavə -

Sizlə edə bilməm də şərakət, uçitellər!

 

Fikrim budur ancaq olam, öz keyfimə məşğul

Bir güşeyi-gülzardə xəlvət, uçitellər!

 

“Mey şişədə, cam əldə, ağır nəşə başımda”...

Bu şerin edəm virdini adət, uçitellər!

 

 

İkinci müəllimlər qurultayı ərəfəsində yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (12 avqust 1907, â„– 30) imzasız çap olunmuşdur.



[i] “Nicat” – Bakıda təşkil olunmuş xeyriyyə cəmiyyəti idi. Müəllimlər qurultayı bu cəmiyyətin təşəbbüsü ilə çağırılmışdı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info