Qonaq Kitabı
ƏLMİNNƏTÜ-LLİLLAH Kİ, “DƏBİSTAN” DA QAPANDI!

 

Əlminnətü-llillah ki, “Dəbistan”[i] da qapandı!

Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

 

Hasilləri puç oldu bütün məzrəəcatın,

Yel vurdu qavun-qarpızı, bostan da qapandı!

 

“Ülfət”[ii] kəsilib toxladı “Bürhani-tərəqqi”[iii],

Məhv oldu “Həmiyyət”[iv], ədəbistan da qapandı!

 

“Rəhbər”[v] yorulub, yuxladı “İrşad”ü[vi] “Təkamül”[vii]

Aslanlara ox dəydi, neyistan da qapandı!

 

Meydani-rəqabətdə bizim hümmətimizdən

Də`va qapanıb, Rüstəmi-dastan da qapandı!

 

Ətfali-vətən qoy bağırıb ölsün acından,

Yandı analar sinəsi, püstan da qapandı!

 

Qoy köhnələrin daş ürəyi gültək açılsın,

Darüzzəfəri-tazəpərəstan da qapandı!..

 

“Dəbistan” jurnalının bağlanması münasibəri ilə yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (29 iyul 1907, â„– 28) imzasız çap olunmuşdur.



[i] “Dəbistan” – 1906-1908 illərdə Bakıda uşaqlara məxsus iki həftədə bir nəşr olunan şəkilli jurnal idi. Ilk nömrəsi 1906-cı il aprelin 16-da çıxmışdır. Naşir və redaktorları Məhəmməd Həsən Əfəndizadə və müəllim Əliskəndər Cəfərzadə idi.

Şer yazıldığı vaxt, 1907-ci il iyunun 4-də çıxan 8-ci nömrədın sonra “Dəbistan”ın nəşri dayanmışdı. Növbəti 9-cu nömrəsi təxminən doqquz aylıq fasilədən sonra, 1908-ci il martın 10-da buraxılmışdır.

[ii] “Ülfət”  - 1905-1907-ci illərdə Peterburqda tatar dilində sensorsuz buraxılan “siyasi, elmi bir qəzetə” idi. Naşir və redaktoru Əbdülrəşid İbrahimov idi (Müxtəlif vaxtlarda müvəqqəti redaktor və naşiri Əhməd Münir İbrahimov olmuşdur). Bu qəzetdə M.Ə.Sabirin də bir0iki şeri çap edilmişdir.

[iii] “Bürhani-tərəqqi” – 1906-1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan dindar, təəssübkeş bir qəzet idi. Naşir və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı, H.Hərimanov da bir sıra məqalələr dərc etdirmişdir. Burada habelə, M.Ə.Sabir, M.Hadi və başqalarının da bəzi əsərləri çap olunmuşdur.

1907-ci ilin iyun ayının axırlarında “Bürhani-tərəqqi” qəzetinin nəşri dayanmışdır. Təxminən beş ay sonra qəzet yenidən bərpa olunmuş və 1907-ci ilin 18 noyabrında növbəti 1-ci nömrəsi buraxılmışdır.

[iv] “Həmiyyət” - 1907-ci ildə Həştərxanda həftədə bir dəfə nəşr olunan “siyasi, elmi, fənni, ədəbi, iqtisadi və taciri... cərideyi-islamiyyə” idi. Naşiri və baş redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi.

[v] “Rəhbər” – 1906-1907-ci illərdə Bakıda nəşr olunan, Qafqaz və Rusiyanın, xüsusən Rusiya müsəlmanlarının məişətindən, “ədəbiyyatdan, üsuli-təlim və tərbiyədən bəhs edən” jurnal idi. Naşir və redaktoru müəllim Mahmudbəy Mahmudbəyov idi. Jurnalda F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndizadə, S.M.Qənizadə və başqa müəlliflər iştirak etmişlər/

[vi] “İrşad” – 1905-1908-ci illərdə Bakıda nəşr olunan gündəlik ictimai-siyasi qəzet idi. Redaktoru Əhmədbəy Ağayev (bir müddət müvəqqəti redaktoru Haşımbəy Vəzirov olmuşdur), naşiri isə İsabəy Aşurbəyov (sonralarBəşirbəy Aşurbəyovla birlikdə) idi. Qəzetdə burjua mühərrirlərindən əlavə, Ü.Hacıbəyov, H.Hərimanov, S.M.Əfəndiyev, M.Ə.Sabir, A.Səhhət, H.İ.Qasımov, F.Köçərli, R.Əfəndizadə, Ə.Qəmküsar, Ö.F.Ne`manzadə, S.M.Qənizadə, A.Sur, M.S.Axundov və başqaları kimi yazıçı və ictimai xadimlər öz yazıları ilə iştirak etmişlər.

Şer yazıldığı vaxt, 1907-ci ilin 20 iyununda çıxan 115-ci nömrədən sonra “İrşad” qəzetinin nəşri dayanmışdı. Qəzetin növbəti 116-cı nömrəsi təxminən dprd aylıq fasilədən sonra, 1907-ci il noyabr ayının 17-də buraxılmışdır.

[vii] “Təkamül” – 1906-1907-ci illərdə Bakıda çıxan bolşevik qəzeti idi. Qəzetin rəsmi redaktoru və naşiri Mehdibəy Hacınski olsa da, ideya istiqamətini bolşeviklər təyin edirdilər. Qzəetdə görkəmli ictimai xadimlərlə yanaşı, M.Hadi, Ə.Cənnəti kimi şair və yazıçılar da iştirak etmişlər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info