Qonaq Kitabı
Əzm etdi səhər naz ilə ol sərvi-dilara

Əzm etdi səhər naz ilə ol sərvi-dilara
Seyr etməyə bağə
Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyya
Yeksər bu sorağə.
Şəbnəmbirlə yüz göz açıb hər çiçək əmda,
Keçdi solu sağə.
Rüxsarına öncə mən edim deyə tamaşa,
Gül çıxdı budağə.
Payinə nisar etmək üçün laleyi-həmra
Dürr götdü tabağə.
Sərməst gözün görcək özün nərgisi-şəhla
Bənzətdi naşağə.
Pişvazına şimşadu sənubər, dəxi tuba
Dik durdu ayağə.
Tutdular o şahi-şərəfin cümlə sərapa
Yolunu çirağə.
Hər birisi bir töhfə ilə yeksərü yekca
Daşlandı qabağə.
Kimdir ki, nisar eyləməyə varını, aya,
Ha beylə qonağə?

Xacə, belə sövda, belə bazar ələ düşməz,
Fərş eylə dukanı.
Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməz
Novruz zamanı.
Həm mütribu ney, çəngü dəfü tar ələ düşməz,
Tut rast , nəvanı
Dünyadə həyatın nə qədər var ələ düşməz,
Sür eyşi-cəvanı.
Çün dövr müxalifdi digərbar ələ düşməz,
Çaldır aşuranı.

Ver şüğlünü şəhnazə ki, zinhar ələ düşməz,
Çək övcə sədanı.
Dügah, segah iç meyi, təkrar ələ düşməz,
Gərm eylə həvanı.
Ahəngi-səfabəxş, xoşətvar ələ düşməz,
Çün əhli-Aranı.
Axtarmaq ilə mövsimi-gülzar ələ düşməz
Azarbecanı,
Hicazü Nişaburə onu eyləmə həmta,
Həm mülki-İraqə.

Dil dəfi üçün tiğ çəkib qaş iki yandan,
Canım ona qurban.
Hind əhlidən uymuş ona ovbaş iki yandan
Qarətgəri-iyman.
Minnət çəkirəm doğrayalar kaş iki yandan,
Qətlim ola asan.
Ey dil, səfər et kuyinə, tök yaş iki yandan,
Gözdən elə tufan.
Şayəd ki, nihan sirrin ola faş iki yandan,
Həm giryə, həm əfğan.
Düşsün rəqibin başına qoy daş iki yandan,
Ol dilbərə mehman.
Aç bəndi-qəbasın, elə pərxaş iki yandan,
Qıl cismini üryan.
Gör səfheyi-sədrində verib baş iki yandan,
Yəni iki püstan.
Quc incə miyanın belə, sarmaş iki yandan,
Al kami-dilü can.
Küstaxlıq oldu, mana düşməzdi bu əsla,
Endim çox aşaqə

Dön başına, yalvar, gileyi var isə səndən,
Al dərdü bəlasın.
Düş payinə, üzr istə, ğərəz, sədri-səməndən
Qoy sülh binasın.
Bir qat oturuban ona şərh et hələ gendən,
Firqət macarasın,
Sərrişteyi-təqrirə gətir nəqli-gühəndən,
Gör meylü həvasın.

De, söylə, xulasə, o qədər könli sevəndən,
Saz eylə arasın.
Əfsun ilə nagah əl atıb hüsni-həsəndən,
Tut zülfi-dutasın.
Al kami-dilin ləli-ləbi-ğönçədəhəndən,
Sor şəhdi-səfasın.
Ondan sora köksünü çıxart gül pirəhəndən,
Çak eylə yaxasın.
Bir hiyləyi-neyrəng ilə nəsrin bədəndən,
Soy cümlə libasın,
Üryan özünü bağrına bas, onları amma
At əndək iraqə.

Zakir, tələbi-rüfət ilə-olma digərgun,
Ver halına təğyir.
Hər vəqt ğəmi-dəhr səni etsə cigərxun
Aşüftəvu dilgir,
İç saqiyi-gulçöhrə əlindən meyi-gülgun,
Heç eyləmə təqsir.
Bir vasitədir dəfi-ğəmi-dəhrə bu məcun,
Hacət dögu təqrir.
Ol vəchdən eylərlər ona rəğbəti-əfzun,
Həm növrəsu həm pir
Kim, birdir onun bəzmi ara müflisü Qarun,
Nə fərq, nə tovfir.
Gördüm yazılıbdır qədəh üstündə bu məzmun
Kim, badədir iksir.
Feyzindən olur zar gəda, sahibi-milyon,
Həm şahi-cahangir.
Gər cəm oluban eyləyə Loğmanu Fəlatun
Yüz fikr ilə tədbir,
Bir çarə meyi-nabdən özgə dəxi qəta
Yox dərdi-fəraqə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info