Qonaq Kitabı
Hüsnün çəməni-xubdən, ey sərvü sənubər

Hüsnün çəməni-xubdən, ey sərvü sənubər!
Ta aldıdı beydəq,
Bu möhnətə tab eyləməyib mehri-münəvvər,
Asıldı müəlləq.


Mehrabə tutub ruyi edər səcdə ki, zahid,
Taət deyil əzmi.
Əbruylərin yadı ilə başını, dilbər,
Dögər yerə təq-təq.

Şahbaz gözün guşeyi-əbruyi-lətifin
Sərmənzil edibdir,
Bu dəğdəğədən ayda çalar çərxi-kəbutər,
Öz köksünə dirnəq.

Etmişmi iki nimə məhi-bədri-nigarı
Bini, əlif-asa,
Ya möcüzeyi-tazədir əngüşti-peyəmbər
Qılmış qəməri şəqq?

Öz pəstim ilə, mucibi-balayi-Məsihi
Sordum sənəmimdən.
Tünd oldu, dedi: adəti-dirinədi çakər,
Kim qəlbi, kim əlçəq.

Dil mürğünü bir ğəmzeyi-məstin, iki çeşmin,
Hərçənd tutublar,
Qorxum burasıdır, qıracaq bir-birin onlar,
Bir seyd, üç ortəq.

Göstərmə üzün Zakirə, allahı sevərsən,
Qovğayə düşərsən,
Divanələrin adətidir gördüyün istər,
Bibak olur əhməq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info