Qonaq Kitabı
MƏZLUMLUQ EDIB BAŞLAMA FƏRYADƏ, ƏKINÇI!

 

Məzlumluq edib başlama fəryadə, əkinçi!

Qoyma özünü tülkülüyə, adə, əkinçi!

 

Bir üzrlə hər gündə gəlib durma qapıımda,

Yalvarma mənə, boynunu kəc burma qapımda,

Gahi başına, gah döşünə vurma qapımda,

Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!

Lal ol, a balam, başlama fəryadə, əkinçi!

 

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?

Yağmadı yağış, bitmədi bir danə, nə borcum?

Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?

Getdi mənə nə fə`ləliyin badə, əkinçi!

Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

 

Aldı dolu əldən sərü samanını, neylim?

Yainki çəyirtkə yedi bostanını, neylim?

Verdin keçən il borcuna yorğanını, neylim?

Ol indi palas satmağa amadə, əkinçi!

Lal ol, a balam, başlama fəryadə, əkinçi!

 

Söz açma mənə çox çalışıb, az yeməyindən,

Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!

Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!

Çəltik də gətir, arpa da, buğda da, əkinçi!

Yoxsa soyaram lap dərini, adə, əkinçi!

 

Sən hey de yoxumdur, çıxarıb canını, allam!

Vallahi ovub dideyi-giryanını, allam!

Şallağə tutub peykəri-üryanını, allam!

Öz halını sal indi özün yadə, əkinçi!

Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

 

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,

Su olmasa, qışda əridib qarı yeyərsən,

Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,

Öyrəşməmisən ət yağa dünyadə, əkinçi!

Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

 

Lakin mənim insanlıq olub vəz`i-mədarim,

Bəyzadəyəm, asayişədir cümlə qərarim,

Meysiz, məzəsiz bitməz olur şamü nəharim;

Iştə belədir haləti-bəyzadə, əkinçi!

Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (24 iyul 1907, â„– 27) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info