Qonaq Kitabı
LEYLİ-MƏCNUN

 

Ey dövlətimin zəvalı oğlum!

Ey başı ağır bəlalı oğlum!

 

Ey məktəbü dərsin aşınası!

Ey rişteyi-elm mübtəlası!

 

Şad oldum o gün ki, sən doğuldun,

Min şükr elədim ki, oğlum oldun.

 

Derdim ki, gözəl xələf olarsan,

Bir ailəyə şərəf olarsan.

 

Şüğlü hünərimi yad edərsən,

Atanı, ananı şad edərsən;

 

Dünyadən olursa irtihalım,

Ancaq sənə tərk olur mənalım.

 

Bilməzdim olursan elmə şeyda,

Şuridə edər səni bu sevda.

 

Bəzi oxumuş rəfiqi-bədxah

Tədbriimi çaşdırıbmış, ey vah!

 

Uydum olara, səni oxutdum,

Səd heif ki, əqlimi unutdum!

 

Kəsdim öz əlimlə öz ayağım,

Xamuş elədim mən öz çirağım.

 

Girəm bu xəta düşüb özümdən,

Göz nurimi saçmışam gözümdən.

 

Sən həm niyə bunca səhv edirsən,

Göz nuri kimi uzaq gedirsən?

 

Bunca oxudun, yorul da bari,

Bir dəf`ə buraq bu zəhrimari!

 

Pul qalmadı, baxmışam hesabə, -

Getdi qələmə, kağız, kitabə.

 

Jurnalü kitab yüz-yüz olmaz,

Bu xərc ticarətə düz olmaz.

 

Dəftərsə beş-altı cild bəsdir,

Ey naxələfim, bu nə həvəsdir?!

 

Çernil, qrafil, pero, qarandaş –

Icad edəni olaydı şil, kaş!

 

Insaf eləməzmisən ki, yandım,

Puli nə əzab ilə qazandım!

 

Bihudə işə nə xərc edirsən,

Bu könlümü hərcü-mərc edirsən!

 

Xərcin tükənib kəsilmir ardı,

Billah, dəxi pullarım qutardı!

 

Xasə əridi, üzüldü canın,

Soldu gül üzün, qaraldı qanın;

 

Vazeh bu ki, xəstədir məzacın,

Ya rəb, kim edər sənin əlacın?!

 

Nə var yeyib-içməyin, nə xabın,

Təhsilədir ancaq irtikabın.

 

Nə seyrü səfanı xoşlayırsan,

Nə dərsü kitabı boşlayırsan.

 

Mırt-mırt oxuyub mırıldayırsan,

Qarğa kimi hey qırıldayırsan!

 

Əyyami, bəharü güldür, oğlum!

Qoyma məni qəmdə, güldür, oğlum!

 

Həmsinnlərin səfadə, bağda,

Həməsrlərin çəməndə, dağda.

 

Bəzisi gəzib də kiştzari,

Quş əldə gözətləyir şikari;

 

Bəziləri bir tərəfdə xəlvət

Adətcə edərlər eyşü-işrət;

 

Bəzisi olub qumarə məşğul,

Bəzisi şərabə, yarə məşğul.

 

Hər bir nəfəri bir işdə çalak,

Hər digəri bir əməldə bibak.

 

Hər gün əbəveyni şad edirlər,

Hörmətlərin izdiyad edirlər.

 

Xoş ol əbəveynə kim, bu minval

Hər daim olur cəhanda xoşhal!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 iyul 1907, â„– 26) imzasız çap olunmuşdur.

Bu şer Füzulinin “Leyli və Məcnun” poemasında Məcnuna atası tərəfindən edilən nəsihətə bənzətmədir. Nəsihət belə başlanır:

“Ey cövhəri-cananım həvası,

Vey dideyi-bəxtimin ziyası!” 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info