Qonaq Kitabı
PAH ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ!

 

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!

Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..

 

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,

Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

 

Demək olmaz dirilərtək yatıb, əlbət, duracaq,

Ölülər yatmağıdır, yox buna payan, ölübə!

 

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,

Bədənində donuşub, ləxtələnib qan, ölübə!

 

Cumuxub canına bitlər, birələr, hiss eləmir,

Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!

 

Hansı bir doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

 

Nə “massaj” ilə, nə “məsnui-tənəffüslə” bunun –

Və nə “dağ” ilə olur dərdinə dərman, ölübə!

 

Bunu hətta düşünüb cümlə müsəlman uşağı

Hər vilayətdə deyirlər: pay atonnan, ölübə!

 

Məzəli lap bu ki, bir parə urus “dama”ları

Qoşulub bunlara derlər ki, müsəlman ölübə!

 

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,

Tapmasan çarəsini sən də de ordan: ölübə!..

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 iyul 1907, â„– 25) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info