Qonaq Kitabı
FƏ`LƏ, ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?!

 

Fə`lə, özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

 

Insan olanın cahü cəlali gərək olsun,

Insan olanın dövləti, mali gərək olsun,

Hümmət demirəm, evləri ali gərək olsun;

Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Hər məclisi-alidə soxulma tez arayə,

Sən dur ayaq üstə, demə bir söz ümərayə,

Caiz deyil insanca danışmaq füqərayə,

Dövlətlilərə kəndini yeksanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Fəqr ilə ğina əhlinə kim ferdi müsavat?

Mənadə də, surətdə də var bunda münafat,

Öz fəzlini pulsuz edəməz kimsənə isbat,

Bu mümtənəi qabili-imkanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,

Məqsud müsavat isə ayrılma ceyindən,

Var nisbətin ərbabi-ğinayə nə şeyindən?

Bir abbasi gün muzdunu milyanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,

Əmlak bizimdirsə, əyalət də bizimdir,

Divan bizim, ərbabi-hökümət də bizimdir,

Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Asudə dolanmaqda ikən dövlətimizdən,

Azğınlıq edirsiz də hələ nemətimizdən,

Boylə çıxacaqsızmı bizim minnətimizdən?!

Ehsanımızın şükrünü küfranmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Heç bir utanırsan?!

Ya bir usanırsan?!

Əlminnətü-lillah,

Odlara yanırsan!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may 1907, â„– 21) imzasız çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info