Qonaq Kitabı
HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?

 

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?

Dutmuş idi yeri, göyü nalələrin, nəvaların...

Yoxsa qanıb da eybini boşlamısan ədaların?

Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı?

 

Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz?

Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz?

Sən demədinmi şəxsimə əl tapa bilməyib qərəz?

Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı?

 

Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki

Verməyəcək riza gələ ölkəmizə Ətabəki?![i]

Noldu ki, tez boşaldı bəs iş görən əncümən də ki?

Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı?

 

Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?

Mən demədimmi, var buna dumduruiştibahımız?

Bakı vəkili getdimi, oldumu dadxahımız?

Get, hələ xamsən, dolan, mən deyən oldu, olmadı?

 

Sən demədinmi dumada rəf olur ehtiyacımız?

Mən də dedimmi çox yemə, tez pozulur məzacımız?!

Qara buludlar oynaşır, indi nədir əlacımız?

Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?

 

Sən o deyilmidin, dedin: var bizim ittihadımız?

Mən də, yadında var, dedim: yox buna etimadımız,

Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız?!.

Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?

 

 

İkinci dövlət dumasının bağlanması ərəfəsində yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (12 may 1907, â„– 19) imzasız çap olunmuşdur.



[i] Atabəy Ə`zəm (Mirzə Ələsgər xan) (1857-1907) – O zaman İranın baş naziri idi. 1905-1911-ci illər inqilabı ərəfəsində İranı dəhşətli aclıq bürümüş, xalq hərəkatı güclənmişdi. Baş nazir əleyhinə Tehran, Təbriz və başqa şəhərlərdə vərəqələr yayılırdı. Xalq hərəkatının təzyiqi altında şah Atabəy Ə`zəmi baş nazir vəzifəsindən azad etmiş və onun yerinə digər qəddar əksinqilabçı – Eynüddövləni təyin etmişdi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info