Qonaq Kitabı
ÖVRADIMIZ, ƏZKARIMIZ ƏFSANEYİ-ZƏNDİR

 

Övradımız, əzkarımız əfsaneyi-zəndir,

Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir,

Çün hübbi-nisa lazimeyi-hübbi-vətəndir,

Əhli-vətəniz, hübbi-vətən yad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!

 

Yox fərq bizim hündür ilə alçağımızda,

Daim görürüz iş bu qocalmış çağımızda,

Cüt-cüt durur övrət solumuzda, sağımızda,

Şəhvət quluyuz, nəfsdən imdad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!

 

Hər şam gərək üqdeyi-əfkar açılsın,

Fəvvareyi-iqbaldən amal saçılsın,

Hər sübh nəmaz ötmədə həmmama qaçılsın,

Təthir edərək dillərə övrad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!

 

Bu məşğələlər şiveyi-əşyaxi-zəmandır,

Ata-babamızdan bizə miras həmandır,

Zənn eyləmə süstüz, qanımız od kimi qandır,

Bu yolda töküb qanımızı ad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!

 

Sair miləl övrətlə ədalət edir, etsin,

Övrət ərə, ərövrətə rəğbət edir, etsin,

Hər kim ki, bir övrətlə qənaət edir, etsin,

Üz-dördün ötüb siğədə tə`dad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!

 

Tədadi-nisa bir hünəri-sariyəmizdir,

Tez boşluyuruz, çün bu libas ariyəmizdir,

Övrət nə demək? Xadiməmiz, cariyəmizdir,

Hərçənd alan vəxtdə azad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (5 apmayrel 1907, â„– 18) “Boynuyoğun” imzası ilə çap olunmuşdur.

Bu satira Namiq Kamalın 1907-ci ildə “Fuyuzat” jurnalında (3 mart, â„– 11) çap edilmiş “Amalımız, əfkarımız iqbali-vətəndir” misrası ilə başlanan şerinə ikinci nəzirədir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info