Qonaq Kitabı
VAY, VAY! NƏ YAMAN MÜŞKÜLƏ DÜŞDÜ İŞİM, ALLAH!

 

Vay, vay! Nə yaman müşkülə düşdü işim, allah!

Fəryadimə yet kim, yanıram atəşə, billah!

Islamə xələl qatmadadır bir neçə bədxah,

İstərlər ola bəndələrin taği və gümrah,

Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!

Lahövlə vəla qüvvətə illa və billah!

 

Məktəblər açıb eyləyin ehsanı, - deyirlər,

Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər,

Pərpuç eləyin çubi-fələqqanı, - deyirlər,

Dişrə çıxarın həzrəti-mollanı, - deyirlər,

Molla qovula, yəni müəllim gələ, vah-vah!

Lahövlə vəla qüvvətə illa və billah!

 

Mən anlamıram kim, nola mənayi-müəllim?

Qırx-əlli manat pul ala hər ay müəllim?

Bir tazə üsulə ola ifayi-müəllim?

Pulları ala, söyləyə, “oxqay”, - müəllim?

Molla ona həsrətlə çəkə küçədə ah!.. ah!..

Lahövlə vəla qüvvətə illa və billah!

 

Bir ildi, bir az çox da olur, yoxdu damağım,

Nə çatmır əlim bir işə, nə getmir ayağım,

Hərdən yeni bir söz danışır oğlan uşağım,

Taqqıldayır, allah da şahiddi, qulağım,

Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah[i]...

Lahövlə vəla qüvvətə illa və billah!

 

And olsun ötən günlərə, divanə olublar!

Islamə də, imanə də biganə olublar!

Billahi başım çıxmayır, aya, nə olublar?

Hürriyyətə-mürriyyətə məstanə olublar...

Bah! Bah... yenə bah-bah!.. yenə bah-bah!.. yenə bah-bah!..

Lahövlə vəla qüvvətə illa və billah!

 

Ax, ay keçən illər, nola bir də dolaneydin,

Tazə yenə beş yüz il olunca dayaneydin,

Elmi, ədəbi, fəzli, kəmalati daneydin!

Ey bildir, inişil[ii], nola odlarə yaneydin!

Ta eyləməyəydin də bu qafilləri agah!

Lahövlə vəla qüvvətə illa və billah!

 

Bilməm nə işim vardı, başım harda qarışdı,

Elm ilə belə düşmən olan qövm barışdı,

Təcdidi-vəfa birlə məariflə sarışdı,

Rahət yata bilməm, mənə qəm muri darışdı,

Etməkmi olar bir də bu uymuşları ikrah?

Lahövlə vəla qüvvətə illa və billah!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel 1907, â„– 17) “Örümçək” imzası ilə çap olunmuşdur.



[i] Rus-yapon müharibəsinə və ondan sonra güclənən azadlıq hərəkatına işarə olunur. Müharibədə Yaponiyanın məqsədi Koreyanı və Mancuriyanı tutmaq, Asiya qitəsində möhkəmlənmək idi. Rus çarizmi isə həm Uzaq Şərqdə işğalçılıq siyasəti yeridir, həm də elə düşünürdü ki, müharibə yaxınlaşmaqda olan inqilabın qarşısını almağa kömək edər.

[ii] “Bildir, inişil” dedikdə şair 1905-1906-cı illərin inqilabi hadisələrini nəzərdə tutur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info