Qonaq Kitabı
TÖ`MEYİ-NƏHAR

 

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!

Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!

 

Hinində daldalanma çox, həyətdə də dolanma çox,

Yiyəndəki bıçağə bax, o tiği-abdarı gör!

 

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,

Qazanda qəyqanağə bax, ocaqdakı şərarı gör!

 

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlutək[i],

Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!

 

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,

Gərəkli gündə onların qıçındakı fərarı gör!

 

Amandır, uyma vaizin həlavəti-kəlamına,

Əba-qəbanı qovza bax, içində zəhrmarı gör!

 

Buəğniyalərin üzün görüncə ehtiyacdə,

Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!

 

Bu inteliklərin[ii] sözün gətirmə heç aralığa,

Oları görmək istəsən, şərabı gör, qumarı gör!

 

Palitqadır hər işləri, alışları, verişləri,

Olarda bir əməl fəqət quru, boş iftixarı gör!

  

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 aprel 1907, â„– 15) “Çayda çapan” imzası ilə çap olunmuşdur.



[i] O zaman Zəngəzur mahalında hökm sürən aclıq nəzərdə tutulur.

[ii] İntelligentlərin (ziyalıların).



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info