Qonaq Kitabı
Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvəs ilə

Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvəs ilə,
Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,
Qaçıb bir güncdən nərkis baxar xovfü həras ilə,
Əyib qəddin bənövşə səcdəyə həmdü sipas ilə,
Deyər: kimdir, xudavənda, gələn bu asü bas ilə!

Dəmadəm bir nigarın zülfü ruyin yad edər könlüm,
Gecə ta sübh olunca naləvu fəryad edər könlüm,
Yıxıb bünyadi-səbri ah ilə bərbad edər könlüm,
Cikər qanilə hər dəm əşkimə imdad edər könlüm,
Necə kim, tifli madər aldadır gülgun libas ilə.

Gözüm ta görməyə balinim üzrə çeşmi-şəhlanı,
Əlim ta tutmaya dəsti-lətifi-şuxü rənanı,
Ona ta etməyəm təqrir cövrü zülmi-hiçranı,
Yəqin bil, ey əcəl, yoxdur sana can vermək imkanı,
Çəkib təblü ələm gəlsən əgər yüz min əsas ilə.

Nə müddətdir dili-şeyda səri-kuyində sakindir,
Əlindən ğəmzeyi-məstin bəsi naşadü ğəmgindir,
Qaşından söyləmə, hər yerdə əyri olsa pürkindir,
Gözü mərdümlərilə eyləmək rəftar mümkindir,
Olur asan dolanmaq mərdümi-mərdümşinas ilə.

Pərişan eyləmiş badi-səba zülfi-siyəhkarı,
Pərişan görmüşəm hər qanda olsa qovmi-tərrarı,
Ağarmaz gecə-gündüz, gər çalışsa mərdümazarı,
Əhatə eyləyib zülfi-siyəh ətrafi-rüxsarı,
Təmənnası budur, bərqi tuta köhnə pəlas ilə.

Bulunmaz, nuri-çeşmim, səndən ayrı xab çeşmimdə,
Töküldü, qalmadı bir qətrə su bitab çeşmimdə,
Olubdur ğərq aləm sərbəsər girdabi-çeşmimdə,
Sanır göz mərdumun hər kim görə seylabi-çeşmimdə,
Keçib bəhri iki Hindu, çıxıb Rumə kolas ilə.

Yolun duşsə səba, öz başın uçün, sərvi-azadə,
De kim, biçarə Zakir künci-ğəmdə qalmış üftadə,
Neçin yad eyləməzsən kəmtərinin, ey mələkzadə?!
Kimi tüngi-şəkər der ağzına, kim ğönçə, kim badə,
Bilən yoxdur, xülasə, danışır hər kəs qiyas ilə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info