Qonaq Kitabı
Ah kim, aldı mənim əqlü kəmalım qocalıq

Ah kim, aldı mənim əqlü kəmalım qocalıq,
Eylədi misli xəzan çöhreyi-alım qocalıq,
Bidi-Məcnun tək əyib sərv nihalım qocalıq,
Günbəgün etdi füzun dərdü məlalım qocalıq,
Doladı dəstinə, əfsus ki, yalım qocalıq!

Əlliyə yetənədək bilməz idim quru, yaşı,
Həll edərdi ənəgim mum kimi qarə daşı,
Gördüm atmışda qatı löqmələrə yoxdu xaşı,
İndi it yalı kimi gündə gərək qaşıq aşı
Zindəganlıqdımı bu, ağrını alım, qocalıq?

Azılarımda qalıb bir neçə övraq dəndan,
Kargər düşməz o da səxt təamə çəndan,
Dolaşa dəməginə oxşar edəndə xəndan
Abi-guşt ilə gərək müttəsil acıtmalı nan,
Kimə məqdurdu bu orduna………qocalıq?

Dolanırdı nə qədər var idi, təndə qüvvət,
Gündə pərvanə kimi başıma yüz gəz övrət,
Hər evə düşsə yolum əhli çəkərdi minnət,
İndi öz sahibi-xanəm mənə etməz rəğbət,
Nə ümid ilə gedim özgədə qalım, qocalıq?

Duş gördüm neçə məhparə edər seyri-çəmən,
Ayağın öpmək üçün səmtlərinə düşdüm mən,
Gəldi göftarə biri, səylədi key piri-kühən,
Nə gəzirsən burada, yoxsa azıbsan köçdən?
Rişxənd mənzili etdi məni zalım qocalıq!

Hər sənəm görsə deyərdi əcəb oğlandır bu,
Ya Fəramərz və ya Rüstəmi-dastandır bu,
Xoş onun halına ki, bir gecə mehmandır bu,
Gülüşüb indi deyirlər necə Vartandır bu,
Çünki etdin belə tiz ilə zəvalım, qocalıq.

Hanı ol sərv, görürdün gecələr ayə baxar,
Sübhlər tusəni-sərxoş kimi səhrayə baxar,
Gəh zəni-dəlləkə, gəh düxtəri-mollayə baxar,
İndi san xəsta, qoyub baş mütəkkayə baxar,
Kəsdi eşqü həvəsim, zövqi-vüsalım qocalıq.

Tüf sana kim, məni sən zövqü səfadən saldın,
Nəzəri-mərhəməti-mahiliqadən saldın,
Hər iki çeşmi-cahanbini ziyadən saldın,
Şahibazi-həvəsi ovci-həvadən saldın,
Sındıdın səngi-sitəmlə pərü balım, qocalıq.

Gər mana ruyi-zəmin simü zərü dövlət ola
Asitanəm, eşiyim rəşki-dəri-cənnət ola,
Puşişim xosrovü xaqan verən xələt ola,
Neylərəm anı gələz dalı kimi qət-qət ola
Sifətü gərdəni-ayinəmisalım, qocalıq.

Qorxuram çərx mana zülmi-mükərrər eləyə,
Ağqız oğlu Piri tək dillərə əzbər eləyə,
Qaralar Şəmmiyə hörmətdə bərabər eləyə,
Axırı Hatəm ağadən dəxi bədtər eləyə,
Çörü-çöp dərməyə də qalmaya halım, qocalıq.

Gərək indən belə qapıda bürünüb gəbəni,
Qoymayam qarğa-quşu sərgidən apara dəni
Ki, məbada ura övrət üzümə ta siləni,
İltimasım budu kim, öldü, xilas eylə məni,
Oğul uşaq əlinə vermə saqalım, qocalıq,

Zakirəm, türfə xiyaban ilə bağım vardır,
Yatmağa, durmağa rəngin otağım vardır,
Nə qədər aşü plov yesə qonağım, vardır,
Yaxşı nəvvadələrim, oğlum, uşağım vardır,
Yoxdu bir özgə ğəmim, fikrü xəyalım, qocalıq.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info