Qonaq Kitabı
Nə xoşdur bir nigarın müddət olmaq intizarında

Nə xoşdur bir nigarın müddət olmaq intizarında,
Qoyub baş xakə, yatmaq həsrət ilə rəhgüzarında,
Axıtmaq əşki-xunin yadi-ləli-abdarında,
Uyub ahulərə, gəzmək ğəmi-çeşmi-xumarında,
Düşüb axırda rahı, ola mehman kuyi-yarında.

Ənisi-dərdü ğəm aşiq olub məşuqinə vasil,
Səri-zülfün tutub, almaq üzündən buseyi-kamil,
Arada pirəhəndən ğeyri əsla olmaya hail,
Bəqədri-qüdrətü qüvvət edib məqsudi-dil hasil.
Xulasə, qoymaya bir kəsrü kəm itmami-karında.

Gecə əsnayi-söhbətdə binayi-məkr edib xəlvət,
Səhər vəqti qonum-qonşu arasında sala şöhrət,
Filani xəstəhal olmuş, yox onda getməyə qüdrət,
Genə ol gecə, ol gün gərm ola həngameyi-işrət,
Bu şərt ilə ki, bədxah olmaya qürbü civarında.

Tuta aram dil mürği şikənci-dami-geysudə,
Nişimən eyləyə misli-kəbutər taqi-əbrudə,
Kəmani-tənədən eymən, xədəngi-ğəmdən asudə,
Qoyub bir ləhzə baş pərqu mütəkkavar zanudə,
Tamaşa eyləmək zülfi-səmənsayə üzarında,

Oturub dizbədiz almaq hənalı dəstini dəstə,
Gəh öpmək, gahi də qoymaq iki həsrət gözün üstə,
Danışmaq macərayi-hicrdən ahəstə-ahəstə,
hekayət eyləmək bir-bir o şuxi-çeşmi-sərməstə
Bəlalər kim, gəlibdir başına firqət diyarinda.

Ğələtdir, dişləyib şəkkər ləbin əHli-günah olmaq,
Nə lazım çakərə artıq müzahim-hali-şah olmaq,
Götürmək boynuna öz cürmünü özü güvah olmaq,
Düşüb yalvarə-yalvarə yanınca üzrxah olmaq,
Çıxıb birdən fərar etsə məzaqın girü darında.

Şəbi-axırda mütləq bir zaman fövt etməmək fürsət,
Məbada, qoymaya dövran, verə üz bir də bu dövlət,
Deyib dincəlməmək ol gecəni əlbət, həzar əlbət,
Üz üzdə, qol boyunda, əl zənəxdə, yəni bir saət,
Təğafül etməyə ta sübhədən busi-kənarında.

Səhər tezdən durub, bidarü huşyar olmamış aləm,
Qoyub ortaya ol sərvi dolanmaq başına bir dəm,
Yeni and içib, həm əhdü miysaq eyləmək, möhkəm,
O ahuyi-Xətadən ayrılıb naşad, naxürrəm,
Genə Zakir tək olmaq hər zaman fikri-şikarında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info