Qonaq Kitabı
Nə qədər cövrü cəfa eyləyə dildar mana


Nə qədər cövrü cəfa eyləyə dildar mana,
Eyləməz eylədikin dideyi-xunbar mana.

Gah bigah baxıb xalü xəti-mişkinə,
Eylədi ruzi-cahantabı şəbi-tar mana.

Dün gecə xabdə çox mari-siyəh tutmuş idim,
Odur əl verdi bu gün türreyi-tərrar mana,

Gözlərindən məni-bədbəxtə bir asayiş yox,
Uddurur qan gecələr ol iki bimar mana.

Çarə yoxdur, bilirəm, ləli-ləbin xəstəsinə,
İçirir badeyi-gülgün genə naçar mana.

Bir zaman təndən oxun tarı üçün çəkmə, təbib,
Görsün əğyar ki, yarın nəzəri var mana.

Dedilər ğönçə bilir sirri-dəhanın, əmma
Nə qədər sordum isə qılmadı izhar mana.

Şükr-lillah ki, görəndən bəri ol sərməsti,
Etməyib tənü təərrüz gülən ağlar mana.

Tiğinə qıymadı, mən ölməyimə şakir idim,
Həqqə baxsın, deməsin kimsənə biar mana.

Üzünə pərdə salıb ol məhi-bimehr deməz,
Mahilə mehr olub aşiqi-didar mana.

Qalmışam badiyeyi-ğəmdə, kimim var,
Zakir, Didəvü dildi həmin munisü ğəmxar mana.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info