Qonaq Kitabı
ARAZ

 Roman

BİRİNCİ  FƏSİL

 

I

 

Əncir ağacı altında çalınan sazın ahəngdar səsi ətrafı bürümüşdü. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun, köpüklü sular kimi axıb yayılırdı. Xüsusən oxuyanın ürəyə yatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman insan özünü büsbütün başqa bir aləmdə hiss edirdi:

 

Sel axar, mələr gələr,

Dağ-daşı dələr gələr;

Bir igid kasıb olsa,

Başına nələr gələr!

 

Kababı köz öldürər,

Sürməni göz öldürər,

Igidi qılınc kəsməz,

Tənəli söz öldürər.

 

O elə böyük bir eşqlə oxuyub-çalırdı ki, nə həyətə girən adamı görmüş, nə də onun: “Araz, yenə kimin tənəsindən şikayət edirsən?” – sözlərini eşoitmişdi. O, sazın zil pərdəsini dilləndirir və o zamanın ən məşhur xanəndəsi olan Keçəçi oğlunun zəngülələrini düzgün vurmağa çalışırdı. Arazın səsi qonağı elə məst etmişdi ki, o, əncir ağacı yanında ayaq üstə durub, dərin bir nəşə içində Arazı dinləyirdi.

Araz sazını yerə qoyduğu zaman qabağında dimdik duran qonağı görüb:

-         A Şeyda, sən hara, bura hara? Yol azmayıbsan ki? – deyə heyrətlə açılan gözlərini onun üzünə dikdi. Şeyda yuxudan oyanmış kimi, düşüncəli gözləri ilə Araza baxıb:

-         Sağ ol, Araz, acab avazın var, - dedi, sonra diqqətlə bir alçaq daxmaya baxdı, bir də yamaqlı süfrədəki soğan-çörəyə. Bu vəziyyət əsl məsələyə keçmək üçün Şeydaya münasib bir şərait yaratdığından fürsəti qaçırmayıb, dedi: - Yoxsulluq sənə heç yaraşmır. Sənin indi gərək qəşənmg bir evin olaydı, hər gün həyətdə uca bir çinarın kölgəsində sazını çalıb oxuyaydın... Qulluqçular kababı şişdəcə isti-isti gətirib süfrəyə, qabağına qoyaydı... Sən də onu qırmızı şərabla ötürəydin gedəydi. Bax, buna deyərdim həyat. Yoxsa toyuq hininə oxşayan bu daxma, bu qotur əncir ağacı, bu kasıb süfrə, doğrudan da sənə yaraşmır.

Şeyda bu sözləri dedikdən sonra əlini lovğa-lovğa döşünə vuraraq əlavə etdi:

- Bir mənə bax, indi xan kimi dolanıram!

Araz istühza ilə gülərək qalın bir səslə:

-         Otur, Otur, sən mənim dərdimi çəkmə, - dedi. – Əli əsə-əsə daş-tərəzi tutan adamın kababdan, şərabdan danışmasına inanmaram. Siz qəpiyi qəpik üstünə qoymasanız dünya dağılar.

-         Yoxsa sən məni belə tanıyırsan? – deyə Şeyda otura-otura soruşdu:

Araz cavab vermədi, sadəcə gülümsəyərək:

-         Bir de görüm, sən nə əcəb bura gəldin?

-         Tələsmə, bilirsən, ancaq sənin sözün məni çox tutdu. Mən baqqal dükanının daşını çoxdan atmışam. Mən baqqal dükanının daşını çoxdan atmışam.

-         Bilirəm, bilirəm!

-         İndi Aslan bəyin mədənini podrata götürmüşəm, ona iki buruq qazdırıram... İş də ki...

Araz onun sözünü kəsərək:

- Bilirəm, hətta qayışın, taxtaların oğurlandığını da bilirəm, - dedi.

Şeyda bu sözdən donub qaldı.

-                      Sən bunu kimdən eşitdin?

-                      Eşitdim, mənə danışdılar...

Şeyda fikrə getdi, O, Araza təklif etmək istədiyi məsələni açmağa cəsarət etmirdi. Bu sadə və yoxsul adamın qəti və kəskin cavabları onu tamam çaşdırmışdı. Mövzunu dəyişmək fikri ilə süfrədən bir parça çörək və bir-iki göy soğan götürüb, yeyə-yeyə soruşdu:

- Araz, gərək ki, bu çörək öz ununuzdandır?

- Öz unumuzdandır, bir parça yerim var, hər il əkirəm.

- Bu mədən işləri ki, belə böyüyür, bir gün bu yerlər də qiymətə minəcək!

Araz istehza ilə:

-   O zaman biz də mədənçi olarıq! – dedi.

-   Bir bax, Ramana, Balaxanı, Sabunçu, Bibiheybət, Suraxanı yerləri gündən-günə tərəqqi edir. Desyatininə iki yüzmin manat deyənin ağzına vururlar.

-   Yaxşı, bu bağlar dağılır, yerlər satılır, bəs camaat nə edəcək, ona ki bu işlərdən bir xeyir gəlmir?

-   Təki torpağımızdan nöyüt çıxsın. Bir də, bilirsən ki, bizim torpaqlar susuz, ələfsiz Ərəbistan qumsalıdır, orada bağ salmaq, əkin becərmək iynə ilə gor qazmaqdır. Nöyüt çıxsa, yeri olan yerini satar, varlanar, yeri olmayan fəhləliyə gedər, ustalıq öyrənər. Bircə mənə bax, sən demişkən, baqqallıqdan gəlib gör hara çıxmışam: mədən podratçısıyam. Aslan bəy üçün buruq qazdırıram. Işim çox yaxşıdır. Ancaq mənə təmiz, qoçaq bir adam lazımdır. Onun üçün də yanına gəlmişəm.

-   Xeyir ola, qoçaq adamı neyləyirsən?

-   Qaravulçu istəyirəm, - deyə Şeyda gözlərini Arazın gözlərinə dikdi, lakin Arazın cavab vermədiyini görüb, yenə sözünə davam etdi:

-   Bilirəm, ayda on beş-on altı manatdan çox almırsan. Həm də o qədər işləyirsən ki, lap əldən düşürsən. Gəl bizə qarovulçu ol, ayda sənə əlli manat verim.

Araz tərs-tərs Şeydanın üzünə baxdı. Şeyda bu baxışdan pozulduğunu hiss etdirməyib, inandırıcı bir səslə:

-   Canın üçün doğru deyirəm, düz əlli manat, - dedi.

-   Bilirəm, bilirəm, əlli də verərsən, hələ yüz əlli də, ancaq mənim itlərlə boğuşmağa vaxtım yoxdur.

-   Necə itlərlə boğuşmağa. Bu nə sözdür?

-   Bəli, sizin bu mədənlərdə düzlükdən başqa hər nə desən var!

-   Məsələn...

-   Məsələn... hansı buruqda oğurluq olmur? Ən böyük mədənlərdən başlamış ta kiçiklərinə qədər hər gecə, hər gün olan oğurluqları sən ki məndən yaxşı bilirsən?!

-   Düzdür, oğurluq var... Mənim də taxtalarımı, qayışımı oğurladılar.

-   Sən oğurlamışdın, onlar da oğurladılar.

-   A kişi, sən baş-ayaq nə üçün danışırsan? Mən oğruyam?

-   Tək sən yox, bütün mədən sahibləri və onların sənin kimi podratçıları, hətta qarovulçuları da oğrudur, niyə danırsan? Bir-birinizdən oğurluq etmək ki, sizin peşənizdir.

Şeyda cavab tapmadığından bir an donub qaldı. Arazı istehzalı bir nəzərlə başdan-ayağa süzdükdən sonra səsini dəyişdi:

-       Tutaq ki, peşəmizdir, məsəl var: “Palaza bürün, elnən sürün”.

-       Mən eldən qaçmıram, onun xeyir-şərində həmişə olmuşam. Ancaq eli oğurluğa, adam öldürməyə çəkə bilmərəm. Bu mənim işim deyil. Qoçuluq gündən-günə artıq. Mədənçilərin hökumət adamları ilə birlikdə açdığı bu yol qorxulu yoldur. Belə getsə...

Şeyda onun sözünü kəsdi:

-           Mən bura moizə eşitmək üçün gəlməmişəm. Sən qoçaq adamsan, camaat səni sayır, səndən qorxur, ona görə də mən deyirəm ki, sən gəl bu işə razı ol, həm sənin işin düzəlsin, həm də bizim.

-           Camaat məndən nə üçün qorxsun? Mən kimi incitdim? Kimi öldürdüm? Kimin haqqını yedim? Məgər hər güclü olandan qorxarlar? Məndən əl çək, get adamını tap!

Arazın bu sözlərindən sonra Şeydanın ümidi büsbütün kəsildi. O qəzəbnlə:

- Sənin rəhmətlik atan Balakişi də belə tərs adam idi. Odur ki, acından öldü! – dedi.

Araz onun bu sözündən bərk tutuldu, ona ağır cavab vermək istədi, ancaq öz evi olduğu üçün acığını unudaraq:

- Namərdlərə boyun əyməkdənsə, acından ölmək yaxşıdır! – dedi.

Şeyda ona cavab vermədi. Acıqlı ayağa qalxıb getdi.

 

II

 

19-cu əsrin sonuna doğru yavaş-yavaş neft buruqları ilə qucaqlanmağa başlayan Suraxanı kəndində hər kəsin nəzərini bir ev cəlb edə bilərdi. Adam boyundan alçaq, divarları palçıqla suvanmış bu ev kəsin xəyalını uzaqlarra, dumanlı keçmişlərə aparır, zehnində bir-birini izləyən fikirlər onu köhnə bir aləmə atırdı. Bu alçaq evin şərq tərəfindən, hasara nisbətən uca qapısından girən adamı, hər şeydən əvvəl, həyətin ortasında balta zərbələri ilə yaralanmış qoca və çılpaq bir əncir ağacı qarşılayırdı. Bir qədər irəlidə hisli-paslı iki kiçik pəncərə arasında alçaq, rəngsiz bir qapı vardı. Bir pilləkən endikdən sonra bu qapı iki kiçik, alçaq və rütubətli otağa açılırdı.

Otaqların bütün əşyası – rəfdə üz-dörd saxsı və mis qab, bir neçə yorğan-döşək, yerə döşənmiş köhnə palaz, divardan asılmış saz, çaxmaqlı tüfəng və köhnə xəncərdən ibarət idi.

Araz bu köhnə evdə, yoxsul bir ailədə dünyaya gəlmişdi. Bu ev keçmişin bir abidəsi olduğu kimi, babası Atabala da o dövrün bir nümayəndəsi idi. O, gənc yaşlarından yerli bəylərə, çar məmurlarına qarşı uzun müddət vuruşmuş, ömründə bir kəsə baş əyməmişdi. Hökumət onu təqib etdiyindən, üç il Quba meşələrində gizlin yaşamış, xalqa arxayın olduğundan sonra evə, kəndə qayıtmışdı. Onu yaxın, uzaq kəndlər tanıyırdı. Hamı hörmət üçün “Baba” – deyə çağırırdı. O, çox məzlumları zalımların pəncəsindən qurtarmış, çox zalımın ocağını söndürüb yelə sovurmuşdu.

Azərbaycan çar Rusiyası ilə birləşdikdən sonra neft işləri əvvəlkinə nisbətən daha da genişləndi. Atabala yenə əvvəlki neft quyularında işləməyə başladı. Oğlu Balakişini 35 yaşında evləndirdi. Araz atasının üzünü görmədi. Dünyaya gəldiyi gündən iki ay əvvəl atası Balakişi neft quyusu qazırkən qaz partlayışından həlak oldu. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa, xüsusən Atabalaya çox ağır təsir etdi. O, “Mən Balakişi kimi oğuldan sonra yaşamaram” – deyirdi. Ancaq Araz dünyaya gəldikdən sonra onun alnının qırışları açılmış, dərdlərini unudaraq üz-gözü gülməyə başlamışdı. O, uşağın adını Araz qoydu.

Anaxanım kiçik balasını da öz qanadları altına alıb böyütməyə başladı. O, namuslu, çalışqan bir qadın idi. Hər il bir parça əkin yerini qayınatası Atabalanın köməyi ilə əkir, biçkir, yığdığı məhsulla dolanırdı.

Atabalanın Araz üzərində böyük təsiri vardı. O, uşağın hər nazını çəkir, hər şıltağına dözür, onun üstündə bir yarpaq kimi titrəyib əsirdi. Araz göz açıb Atabalanı gördüyündən, onu ata kimi sevirdi.

Anaxanımı istəyənlər oldu, ancaq o, Arazdan ayrılmayıb gənc həyatını oğluna həsretdi.

Ay keçdi, il dolandı. Araz böyüdü, ətli-canlı yaşına görə gövdəli bir oğlan oldu. Babası arabir onu qucaqlayıb: “Mənim oğlum pəhləvan olacaq, pəhləvan” – deyirdi.

Araz o yoxsul, sağlam və təmiz ailədə quşlar kimi sərbəst yaşayır, gündən-günə boy atırdı. Ən çox sevdiyi əyləncələrdən biri keçmiş zamanlardan edilən söhbətlərə qulaq asmaq idi. O, arabir Atabalanı qucaqlayaraq: “Baba, ay baba, mənə keçmişlərədn danış!” – deyərdi. Atabala da onun könlünü qırmaz, sevə-sevə yanında oturdub şahidi olduğu bir çox əhvalatlardan uzun-uzadı danışardı.

Bir gün Araz ondan soruşdu:

Baba, nə üçün bizim evimiz alçaqdır? Elə bil quyudur, başqa evlər kimi küçəyə pəncərələri yoxdur?

Atabala cavab verdi:

-   Oğlum, bizim ev də keçmişdən qalma köhnə bir evdir. Əvvəllər tez-tez davalar olurdu. Qonşu tayfalar basqın zamanı bir-birinin var-yoxunu talayırdı. Xalq özünü basqınlardan qorumaq üçün belə yeraltı damlar tikirdi. Bizim ev o zaman tikilmişdir.

Bu sözləri deyib Atabala alçaq divarlı damı yanları qırışıq gözləri ilə bir də süzdü.

Atabala mədənlərdə çoxdan çalışırdı. Sonralar yenə çarxlı arabalarla mədəndən şəhərə neft daşıyırdı. Atabala bir gün şəhərdən kəndə qayıdırdı. At ac və yorğun olduğundan o, arabanı açdı, atı otlamağa buraxıb arabanın kölgəsində oturdu; həmişə özü ilə yola götürdüyü kiçik su qabını qarşısına qoyub torbasından bir parça çörək çıxararaq yeməyə başladı. Çörək quru olduğundan hər loğma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. Araz bu zaman kəndin yanından keçərkən babasını uzaqdan gördü. Bu acı lövhə onun uşaq ürəyini sarsıtdı. O, bir daş üstündə oturub babasını uzaqdan seyr etdi. Qoca babasının bu qədər ağır zəhmətlə pul qazanıb onu saxlaması heysiyyətinə toxundu. Araz oradan evə gözüyaşlı qayıtdı. Bütün günü çox fikirli idi, anca qürəyini kimsəyə açmadı. Ertəsi gün səhər tezdən babası işə getdikdən sonra ən yaxın bir mədənə getdi. Mədənin ətrafında çox gəzib dolaşdı. Buruqda fəhlələr çalışırdılar. Yaxınlaşıb dərdini açmağı, onlardan iş istəməyi qüruruna sığışdırmırdı. Bir daşın üstündə oturub düşünməyə başladı.bu zaman dünən görmüş olduğu acı səhnə, babasının ağır həyatı yenə onun gözü önündə canlandı. Artıq dayana bilmədi, yerindən dəli kimi söçrayıb buruğa tərəf getdi. Fəhlələrə yaxınlaşıb ciddi bir səslə:

- İşləmək istəyirəm, mənə iş verin, - dedi.

Fəhlələr uşağın bu amiranə sözündən gülümsəyərək bir-birlərinin üzünə baxdılar. Onlardan birisi:

- Oğlum, sən hələ uşaqsan, işə girmək sənin üçün tezdir, işi neyləyirsən? – deyə soruşdu.

Arazın üz-gözü dumanlandı:

- Mən uşaq deyiləm, on beş yaşım var. Siz mənə iş verin, sonra baxın! – deyə cavab verdi.

Onun belə kəsərli və ötkəm sözləri podratçının xoşuna gəldi. O yaxınlaşıb əlini Arazın çiyninə qoyaraq:

- Qoçaq, sən kimin oğlusan? – deyə soruşdu.

Araz başını sinəsinə dikib cavab vermədi.

Podratçı Əhməd:

-   Sən kimsən? – deyə bir də soruşdu.

-   Balakişinin oğluyam, - deyə Araz cavab verdi.

-   Balakişinin oğlusan? – deyə Əhməd Araza bir də diqqətlə baxdı, sonra üzünü fəhlələrə çevirib:

-   Siz öləsiz danışığından tanımışdım. Lap atası Atabalanın özüdür, - dedi.

Araz başını qaldırıb Əhmədi yanakı süzərək:

-           Atabala mənim atam deyil, babamdır! – dedi.

-           Bilirəm, bilirəm, rəhmətlik atan Balakişini də, baban Atabalanı da, əmin Qəhrəmanı da yaxşı tanıyıram. Atabalanə fələk əyə bilməzdi. Balakişinin ölümü kişini yay kimi əydi. Ancaq Balakişi də bir Balakişi idi, - deyə Əhməd gözlərini yenə Arazın üzünə dikdi.

Tanışlıqdan sonra fəhlələrdə Araza qarşı böyük bir məhəbət hissi yarandı. Yaşlı bir fəhlə üzünü podratçı Əhmədə tutaraq:

- Xozeyin, bu uşağı boş qaytarmaq yaxşı olmaz, - dedi.

Əhməd uşağa yanaşıb soruşdu:

- Adın nədir?

Uşaq ağzıdolusu:

- Araz! – deyə cavab verdi.

Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. Podratçı Əhməd gülə-gülə:

- Yaxşı, oğlum, bu gündən səni fəhlə şagirdi götürürəm, - dedi, - gəl işlə!

 

Anaxanım o gün oğlunu çox gözlədi. Araz gəlib çıxmadı. Intizar və həyəcan onun ana qəlbini dəlir, zehnindən keçən qara fikirlər vücudunu əzirdi. Hər gün müəyyən vaxtda evə gəldiyi halda bu gün nə üçün bu qədər yubandığını, harada olduğunu, nə etdiyini səbirsiz və aramsız bir halda düşünürdü. Ana, gözlərini yollara dikib oğlunu çox gözlədi, Araz gəlib çıxmadı. Anaxanımın səbri büsbütün tükəndi. O, Arazı axtarmaq üçün yola çıxdı, qohum-qardaşdan, dostdan, tanışdan, bütün qonşulardan soruşdu, kəndi bir-birinə vurdu, oğlundan bir xəbər verən olmadı. Anaxanımın dərdi və intizarı daha da artdı; qəlbini qorxu və sıxıntı aldı. O indi qapı ağzında, əlləri qoltuğunda durub düşünürdü.

Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə, kölgələr get-gedə uzanıb bir-birinə qarışmağa başlamışdı. Atabalanın gələn vaxtı idi. Anaxanım qəlbini sıxan dərdini, kədərini bölüşmək üçün Atabalanın yolunu səbirsizliklə gözləyirdi. Bir az sonra Atabala uzaqdan göründü. Anaxanım yeyin addımlarla onu qarşılayaraq əhvalatı həyəcanla danışdı. Atabala onu soyuqqanlıqla qarşıladı, sadəcə gülümsəyərək:

- Qorxma, - dedi, - harda olsa gəlib çıxar.

Onun cavabı Anaxanımın ana qəlbini sakit etmədi. O, qayınatasından ciddi kömək gözlədiyi halda, aldığı cavabdan ümidi büsbütün qırıldı. Artıq dayana bilmədi. Birdən uşaq kimi hönkürə-hönkürə:

- Necə qorxma, bu vaxta qədər harda qaldı? Yəqin uşağın başında bir iş var! – deyə ağlamağa başladı.

Anaxanımın bu hərəkəti Atabalaya çox təsir etdi. Araz sərsəri uşaqlardan deyildi. Anaxanım onu hər bir yaramazlıqdan göz bəəyi kimi qoruyur, izin almadan, başlı-başına bir yerə getməyə buraxmırdı. O hara getsə müəyyən saatda evdə olmalı idi. Artıq Atabala da düşünməyə və rahatsız olmağa başladı. Yerindən qalxaraq:

-           Sən darıxma, bu saat onu tapıb gətirərəm, - deyərək çıxıb getdi. Beş-on addım getmişdi ki, Anaxanım arxadan:

-           Qayıt, qayıt, odur, gəlir, - deyə onu səslədi. Atabala geri döndü.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info