Qonaq Kitabı
21 iyul Rusiya, sənə 1877

21 iyul Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

 

Əgərçi indiyəcən Rəşt şəhərinə göndərilən həkimlər gəlməyib, amma Tiflisdən  karantin saxlamaq üçün təzədən göndərilən həkimlər deyirlər ki, Rəştə gedən həkimlərdən tel gəlib ki, orada olan naxoşluq taundur və bu səbəbə genə təzədən Badkubəyə hökm gəlib ki, İrandan gələn gəmilər, əzcümlə minik götürən atəş gəmiləri də Əfşəranda 10 gün karantin saxlasın. Çünki Rəştdə olan naxoşluq taun oldu və bizim vilayət ilə Rəştin arasında bircə dərya var ki, onu bizim yelkən gəmiləri gizdində gedib gələ bilirlər, ona binaən taundan bir az danışmağı lazım bilirik ki, bizim gəmi sahibləri belə gizdin gedib gəlmək bizim xeyrimizdir –deyib karantindən qaçmasınlar.

Taundan insan yara çıxardıb vəfat edir. Taun yoluxmadır, yəni hər kəs naxoş olana və ya naxoş olan kəs dəyən şeyə dəysə, o da naxoşlayıb vəfat edir. Onun səbəbi məlum deyil, amma çünki taun bizim Məşriq tərəfinin böyük şəhərlərindən, məsələn, Bağdadda çox olur və bu şəhərlərin küçələri dar və mütəəffini çox olur, ona binaən belə deyirlər ki, taun havanın və ya suyun xarab olmağından əmələ gəlir.

Taunun əlacı yoxdur. Ona binaən lazımdır ki, belə naxoşlayanı qeyr kəslərdən aralayıb, əlahiddə yerdə saxlayasan. Keçmişdə taun çox bərk şiddət edirmiş ki, yekə vilayətləri xaraba qoyurmuş. Bu halda ki, ticarət artdığına vilayətlərin arasında getdi-gəldi həm artıb, taun gərək dəxi ziyadə şiddət eləsin. Bu səbəbə tamam məmləkətlər taun barəsində birləşiblər ki, bir yerdə bu naxoşluq düşsə, həkimlər göndərib, ol yeri əhatə edib, karantin bina eləsinlər ki, oradan naxoşluq çıxıb qeyr yerlərə düşməsin. Pəs ümid var ki, bu halda Rəşt şəhərini də əhatə edib, karantin bina ediblər və hər məmləkət öz tərəfindən oraya həkim göndərib.

Çünki taun naxoşluğundan insana dəyən zəhər dərhal biruz eləmir və karantin saxlanan zaman ola bilir ki, bəzi şey ilə zəhər bu dairədən çıxıb qeyr yerə düşsün, ona binaən ətrafda olan yerlərdə dübarə karantin saxlamaq vacibdir. Əlbəttə, karantinə gedib 10 gün məəttəl qalmaq karantin saxlayanlar üçün zərərdir. Amma taun bir yerə düşsə, onu ol yerə salanlara dəxi ziyadə zərər olur.

Bizim qanuna müvafiq taun düşən yerdə gərək belə rəftar olunsun: bir yerdə taundan bir kəs naxoşlasa, ol yerin hakimi gərək dərhal bu barədə yazıb yerinə məlum edib, ol naxoş olan evi əsgər ilə əhatə edib, ol mərizi və bu evdə sakin olanları aparıb, şəhərdən kənar bir əlahiddə mənzildə (hər birini əlahiddə) saxladıb, naxoş olan məhləni, sonra tamam şəhəri də zikr olan qayda ilə əhatə eləsin ki, bu əhatə olan yerlərdən çıxıb oraya getmək qadağan olsun. Sonra taun  şiddət eləsə, gərək şəhəri orada olan həkimlər arasında təqsim eləsin ki, hər həkim öz adamları ilə öz hissəsini hər gündə iki dəfə orada sakin olanlara baxmaq üçün gəzib, naxoş olanları zikr olan mənzilə aparsın və bu naxoşları aparmaqdan ötrü zikr olan mənzildə əlahiddə adamlar var ki, onların əynində göndən (dəridən) tikilmiş paltar, əlində həm belə əlcək və tamam bədəni yağ və ya neft ilə sürtülmüşdür. Bu adamlar naxoş olan evə gəlib, naxoşu və o evdə sakin olanları əlahiddə qırmaq ilə götürüb aparırlar.

Hər naxoşu olan gərək dərhal həkimə məlum eləsin və əgər eləməsə, ona əsgəriyyə qanunu ilə tənbeh olunur, yəni topa bağlatmaq və qeyrə. Şəhərdə olan it, pişik, quşları qırdırıb dükan-bazarı bağladıb, hətta kilsə və məsciddə yığılmağı həm qadağan edirlər.

Hər bir əhatə olan yerdə əlahiddə adamlar ilə azuqə göndərlənir və bu adamlar azuqəni gətirib sərhəddə müəyyən olan yerə qoyub, pulu bir müəyyən olan qutuya yığıb (əl vurmamış), sonra həkimə pişnəhad edir ki, onu karantin edəndən sonra sahibinə verillər.

Bu minval ilə karantin ol vaxtacan qalır ki, ol yerin əhli ya tamam qırılıb puç olur və ya naxoşlayan olmur. Elə ki ol yerdə dəxi naxoşlayan olmadı, bu gündən qırx gün sonra karantin bərhəm olur.

Pəs 10 gün məəttəl olmağı, 5 – 10 manat zərəri çox görən qardaş, yuxarıda zikr olan sözləri oxuyub, karantindən qaçmaq fikrinə düşmə və bunu yaddan çıxarma ki, əvvəl qırmaqda taun dəyənlərin mənzilinə gedən sən və sənin əhli-əyalın olacaq.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

12-ci nömrədə gələn ildən tənbəki üçün qoyulan aksiz xərcindən danışdıq ki, Rusiyada əmələ gələn tənbəki üçün bu xərc azalacaq, amma qeyr vilayətlərdən gətirilən üçün 4 manatdan 14 manatacan artacaq. Bu qanun təsdiq olandan sonra Peterburqda tənbəki çox bahalanıb (manata 7 şahı). Çünki bu qanunun ümdə muradı Rusiya tənbəkisi yaxşı pula satılmaqdır və bizim Qafqaz vilayətinin hər bir tərəfində tənbəki yaxşı əmələ gəlir, ona binaən yaxşı olurdu ki, bizim mülkədarları-mız tənbəki əkdirmək səyinə düşəydilər.

Çünki tənbəkini yığıb qurtarmaq çətindir və bunu məhz imtahan ilə bilmək olur, ona binaən tənbəki əkdirmək istəyən mülkədarlarımıza məsləhət olunur ki, bundan ötrü bizim vilayətdə olan Osmanlı tabelərini saxlayıb, xalqı da tənbəki qurutmağa öyrətsinlər.

_______________

 

Çünki kartofel quyularda və təpələrdə saxlananda çürüyüb xarab olur, ona binaən məsləhət edirlər ki, onu belə saxlasınlar: onu qat-qat yığıb, hər qatın arasına bir qat əhəng çəksinlər, amma gərək əhəng üstə su tökülüb sonra qurumuş və ya havada çox qalmış olsun ki, üstə su tökəndə qaynamasın. Deyirlər belədə kartofel gələn ilə qalır və dadı xarab olmur.

_______________

 

Çünki Avropa məmləkətlərinin yeri az olduğuna çox mal saxlamaq olmur və bu səbəbə quru ot baha satılır, ona binaən Odes quberniyasının mülkədarlarının birisi bu fikrə düşüb ki, quru otu iki taxtanın arasına qoyub, sıxıb, bu sıxılmış otdan taylar bağladıb, Avropaya satılmağa göndərsin və ümid vardır ki, çox nəf eləsin.

_______________

 

Bir şəxs taxıl dərzlərini bağlamaqdan ötrü bir təzə maşın ixtira edib. Bu maşını imtahan edəndə məlum olub ki, onilə 2 adam bir saatda 600 dərz bağlaya bilir.

_______________

 

Bəzi şeyləri necə yumaq gərək: atlas parçanı və ipək baftanı əvvəl yumurta sarısı ilə sürtüb, isti suda yuyub, soyuq suda çalxalıyıb qurutmaq, sonra Ərəbistan kətrəsini əridib mahutdan süzüb, ona bir az su və sirkə töküb, bunun içinə zikr olan parçanı ya baftanı salıb çıxardıb, günə sərib qurutmaq.

Qızıl və ya gümüş sapı ilə işlənmiş ipək baftanı gərək ələkdən su çiləmək ilə isladıb, sonra ərimiş sabun suyuna mal ödü qarışdırıb, ona sürtüb, yağış suyu ilə yumaq və bundan sonra Ərəbistan kətrəsini ərimiş suya salıb qurutmaq.

Gümüş və qızıl saplarından toxunmuş baftaları. Gümüş baftanı 24 saat qatıqda saxlayandan sonra bir suya yaxşı sabun (Venetsiya sabunu) salıb, əridib ona təmiz bal və təzə mal ödü töküb, bir neçə saat qarışdırıb baftanın üzünə sürtüb qurutmaq və bunu belə qurutmaq yaxşıdır: bir yumru (tüfəng lüləsi kimi) ağacın üstə yaş mahut çəkib üstə baftanı sarıyıb, üstünə bir qat da yaş mahut çəkib, düz taxta üstə quruyuncan yummalamaq, sonra onun rəngi yaxşı olmaqdan ötrü suya Ərəbistan kətrəsi və qənd salıb əridib, bunun içinə baftanı salıb çıxardıb, ağaca sarıyıb zikr olan qayda ilə qurutmaq.

Qızıl baftanı bir gecə çaxırda saxlayıb gümüş baftanı yuyan kimi yuyasan. Sonra onun rəngi yaxşı olmaqdan ötrü bir suya Ərəbistan kətrəsi salıb, əridib, ona bir az zəfəran və araq qarışdırıb bunu baftanın üzünə şotka ilə yavaş sürtüb, sonra gümüş baftanı qurudan kimi qurutmaq. Ləkəni və qeyr boyanmış bezi qaynar suya salanda solub xarab olur. Yaxşıdır ki, onları isti çaya salıb, çay soyuyandan sonra çıxardıb, isti su və sabun ilə yuyub qurudasan.

Məxməri belə yumaq gərək: yağış suyuna təzə mal ödünü qarışdırıb ona bir az sabun və təmiz bal töküb, bunu əsgi ilə məxmərə sürtüb, mahut ilə belə yumru ağacın üstə çəkib yummalıyırlar. Bu tövr ilə ol şeyi məxmərə ol qədr sürtüb quru-dullar ki, dəxi çirk qalmaya, sonra soyuq suda çalxalayıb, qurudub balıq yapışqa-nının suyuna salıb, qurudub, məxməri mahut ilə sürtmək gərək ki, rəngi açılsın.

İpək parçaları gərək çaya salıb, sonra soyuq qənd suyuna salıb, qurudub ütülə-mək və ya parçanı sərib bir əsgi ilə isti sabun suyunu ona sürtüb, zikr olan qayda ilə ütüləmək.

 

ELM  XƏBƏRLƏRİ

 

Qədim zamanın filosofları deyirlər imiş ki, insan da heyvandır, amma ağlı artıq olmaq səbəbinə tamam heyvanların padşahıdır. Onun heyvan olmağı xüsusunda deyirlər imiş ki, hər bir insanda olan əcza heyvanda həm var. İnsan heyvan kimi yeyir, içir və onlar kimi ölüb tələf olur. Heyvanın da insan kimi dili, külfəti, vətəni və qeyrəsi olur.

İnsan və heyvanların padşahı olmağı xüsusunda deyirlərmiş ki, insanın bədəni çılpaq olduğuna heyvanın bədənindən zəifdir, amma insan ağıl ilə parça toxuyub, öz üryan bədəninə paltar tikmək ilə və təmirat bina edib özünü havanın təyişilməyindən mühafizət edmək ilə öz zəif bədənini heyvandan yaxşı saxlıyır. İnsanın iti dişi, dırnağı, buynuzu yoxdur, amma ağıl ilə insan ox, bıçaq və qeyr alat qayırıb, heyvanatın diş və dırnağından özünü mühafizət edir. İnsanın bədəni düz durmaq səbəbinə onun üçün çapukluk, yəni yeyin yüyürmək mümkün deyil, amma at, eşşək və qeyr heyvanları tutub, öyrədib, handa bir yeyin heyvana faiq gəlir.

Xülasə, insan ağlı artıq olmaq səbəbinə hər bir heyvanata faiq gəlir. Pəs insan heyvanların padşahıdır.

Hərgah diqqət ilə mülahizə edəsən, aşkar olur ki, insan nə ki heyvanata, tamam dünyaya malikdir. Ağıl ilə hər bir şeyin səbəbini axtarıb və bu tövr ilə elmlər bina edib. Su ilə maşınlar, külək ilə dəyirman, su buğu ilə atəş ərradəsi, gəmisi və qeyrə iştədib, hətta göydə olan günün istisi ilə maşınlar bina edir. Pəs ağıl və elm ilə insan tamam dünyanı təsərrüf edə bilir. Lakin insan bu şərafətdən özünü uzaq edib və buna səbəb budur: keçmişdə birisi az, birisi çox zəhmət çəkdiyinə kimi tavana, yəni güclü, kimi kasıb, yəni gücsüz olub və bu gücsüzlər günü-gündən gücdən düşdüyünə güclüləri dəxi güclüraq ediblər. Bu səbəblərə kasıbların tavanadan ehtiyacı artıb və gözü onun əlində qalıb. Tavana avamın avam olmağını öz nəfi hesab edib, onun əlini, ayağını, gözünü, ağzını bağlı saxlamağa səy edib ki, avam ağlını artırıb malikdünyalıq iddiasını etməyib, özünü tavanaya təəllüq hesab edir, onun artıq güclü olmağına bais olsun və bu tövr tavana artıq güclü və kasıb, artıq gücsüz olmağı Məşriq-zəmində çox şiddət edib ki, oranın bəzi tavanası Firon kimi allahlıq iddiasına düşüb, kasıbları bizim İrandan gələn hammallar kimi yövmiyyə çörəyə möhtac olub. Bu tövr ilə ağıl sahibi və dünyanı təsərrüf etməyə qadir olan insanın çoxu dünyanın malikliyindən uzaq olub bəzi heyvanın zindəganına həsrət çəkə qalıb.

Həqiqət, insanın çoxunun zindəganı bəzi heyvanın zindəganından yaxşı deyil. Məsələn, məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyr heyvan onun əlindən o ahunu almaq istəsə, onilə ölüncən dava edər. Amma insan qan-tər töküb qazandığını avamlığı cəhətindən öz əlilə özündən güclülərə verib onun dəxi artıq tavana olmağına bais olur. Və genə məlumdur ki, heyvan haraya istəsə gedir, hər tərəfə xahiş etsə baxıb, hər nə istəsə eləyir, haçan kefi istəsə uluyur, amma insan nə ki özü istədiyini edə bilmir, hətta heyvan uluyan kimi öz xahişilə danışa da bilmir. Pəs insanın malikdünyalıq ixtiyarı payimal olub, onun ağlı məhz tavanalar üçün işləyir.

Əlbəttə, tavana kasıb ilə belə rəftar eləyir ki, onun özü üçün yaxşı olsun, amma bunu fikir eləmir ki, necə bir at, yaman saxlandıqcan onun nəfi az olur, habelə kasıb gücdən düşdükcən ondan az nəf olur. Pəs tavana və kasıbların hər biri üçün lazımdır ki, insan elm öyrənib malikdünya olmağa səy etsin. Və bizim Məşriq-zəminin Avropa əhlindən geri qalmağına bir ümdə səbəb budur ki, tavana və kasıbların arasında bu barədə ittifaq yoxdur.

 

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Badkubə şəhərində şəhər qərardadını binalandırmaqdan ötrü komissiya təyin olunmuşdu. Bu komissiya şəhərdə sakin olan ixtixab edicilərin siyahısını yazıb tamam edib. Bu siyahı indi qubernski pravleniyanın çapxanasında basılır. Siyahı xalqa bəyan olandan hər kəsdə ixtiyar var ki, bir həftənin müddətində onun adı ol siyahıda olmasa, zikr olan komissiyaya məlum eləsin, sonra intixab ediciləri cəm edəcəklər ki, şəhər idarəsi üçün calislər intixab etsinlər.

_______________

 

Əgərçi bizim Rusiyada iştəyən gümüş pulu çox alçaq gümüşdür (yarıbayarı misdir) və bu səbəbə onu qeyr vilayətlərə aparmaq nəf eləmirdi, amma bu halda qeyr vilayətlərdə bizim kağız pul çox qiymətdən düşdüyünə (bir manat 3 abbasıya) gümüş pul aparmaqda nəf edir. “Qolos” qəzetinə Berlin şəhərindən yazırlar ki, bir həftənin müddətində yəhudilərBerlinə satmağa yüz min manatlıq gümüş pul gətiriblər və genə çox gətirillər.

_______________

 

Bir neçə il bundan əqdəm Peterburq şəhərində yəhudiləri xaçpərəst etməkdən ötrü bir icma bina olunub. Yazırlar ki, ol icma yəhudi uşaqlarından xahiş edəni xristian edib, bir əlahhidə mənzildə saxlayıb, onlara təlim edir. Bu il o mənzildə 40 uşaq var və bunların hər birinə ildə 200 manat xərc olur. Bu uşaqlar tamam edəndən sonra onları hər bir tərəfə yəhudiləri xaçpərəst eləməyə göndərillər.

Məlumdur ki, indi olan Osmanlı davasında torped çox iş görür. Torped bir su keçməyən dəmir qutudur ki, onun içini barıt ilə doldurub dəryaya atırlar, onun üstə puçları var ki, gəmi üzən zaman o puçlara dəyəndə torped atılıb gəmini para-para edir.

Çünki İngilis dövlətinin gücü cəng gəmiləri ilədir və bu gəmilər torped olan yerə gələ bilmirlər, ona binaən bu halda İngilis məmləkətinin Port-Smut bargahında torpedi tələf etmək imtahanı olur.

Yazırlar ki, bundan ötrü bir dəmir qutuya pambıq barıtı (bu barıtı pambıqdan qayırıllar və özü pambıq kimi yumşaq olur və əsli barıtdan güclü olur) doldurub, torped olan yerə atıb, yandıranda hər qutu 300 arşın ətrafda olan torpedləri tələf edir.

_______________

 

“Qolos” qəzeti yazır ki, bizim kağız pulu qiymətdən düşdüyünə bu il Peter-burqdan Avropaya gedən çox azdır. Çünki Peterburqdan Varşova gedən dəmir-yolunun idarəsi mədyundur ki, hər gündə o tərəfə atəş ərradəsi göndərsin və gedən olmadığına ərradələr boş gedir, ona binaən zikr olan idarə vəziri-daxiliyyədən izin istəyib ki, həftədə 2 dəfə ərradə getsin, amma buna izin olmayıb.

_______________

 

Rusiyada bir icma var ki, İncil kitabını rus dilində çap elədib xalqa müftə paylamaqdan ötrü bina olub. Yazırlar ki, keçən il ol icma 40 min kitab paylayıb.

_______________

 

Əgərçi bu halda Osmanlı ilə olan cəngdə Avropa dövlətləri yoldaşlıq eləmirlər, amma bu davanın onlara həm zərəri dəyir. “Qolos” qəzeti yazır ki, Avstriya məmləkəti Tuna çayının kənarlarında olan ticarətdən hər il 50 milyon manat mədaxil alır. Lakin indi dava olduğuna ticarət bağlanıb.

Hər ildə İstanbulun Ağ dəniz boğazından 4 min vapor, 40 min yelkən gəmisi keçirdi, amma indi yol bağlanıb, tamam dünyada olan ticarət əhlinə zərər dəyir.

_______________

 

Yazırlar ki, Amerikada olan Cəmahiri-Müttəfiqə məmləkətində zavodlarda və dəmir yollarında olan fəhlələr birləşib, sözü bir ediblər ki, onları iştədəndən artıq pul alsınlar və bundan ötrü hamı birdən işləməyə getməyiblər. Bu səbəbə dəmir yollar və qeyr bağlandığına dövlət fəhlələrin üstə – ki, onlar 5 mindən ziyadə imiş-lər, – əsgər göndərib. Onların arasında dava düşüb, fəhlələrdən 9-u ölüb, 30-u yaralanıb, amma fəhlələr genə sakit olmayıb. Yazırlar ki, onların qədəri günü-gündən artıb.

 

E L A N

 

Pavel Yeqoroviç Zaparojçenko – ki, tamojnaxanada ambarçılıq edirdi, – mə-lum edir ki, sudlarda vəkillik eləməkdən ötrü şəhadətnamə alıb. Hər kəs onu vəkil etməyə xahiş etsə, onun mənzilinə getsin ki, Kokorevin imarətində sakin olur.

 

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info