Qonaq Kitabı
9 iyun Rusiya, sənə 1877

9 iyun Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Müştərilərimizin birisi yazır ki, sən allah, bu halda qəzeti mənə göndərmə. Mən onu qəzet hesab edib, təzə xəbərlər axtarıb, tapmayanda ürəyim xarab olur. Doğrudur, dərman-davanın çoxu insana xoş gəlməz, lakin gələcəkdə səhhətbəndlik istəyən naxoş olanda gərək dərman-dava içsin.

 

 

DAXİLİYYƏ

 

Neçə dəfə Avropa tayfalarının, yəni Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən artıcaq tərəqqi etməyindən və onun səbəblərindən danışmışıq. Əlbəttə, bu səbəblərin ümdəsi onlar bizdən artıqraq elm təhsil etməkdir və ondan masəva bunun bir səbəbi də  azadlıqdır.

Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub ol vaxtacan bizdən bədtər avam olub. Amma bu halda azadlıq cəhətindən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb.

Əgərçi bizim şəriətimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu barədə həm işi gec qanmışıq. Satın-alma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil?

Bəli, biz hamımız quluq və buna səbəb bizim ata-baba adətləridir. Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik.

Mətləb uzun olmasın deyibən bu nömrədə oğul atanın qulu olmağından bir az danışacağıq.

Həqiqət, bizlərdə oğul atanın quludur. Məlumdur ki, bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyrə eybdir. Ondan masəva oğul atadan izinsiz nə ki bir iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu, bir şey kimi, məsələn, eşşək kimi özünə təəllüq hesab edib, hər nə öz xahişidir ona əməl elədir və dəxi bunu fikir eləmir ki, gələcəkdə bu da adam olub, qəyyumsuz iş görəcək. belədə uşaq nə ki qeyrlərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna atası kimi özündən gücdülərin qabağında ikiqat oluban, özündən zəifləri adam hesab etməməyə adət edər. Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə olunan təlimdən insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb, insaniyyətlikdən uzaq edirik.

Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın söaünə baxmayıb, o buyurduğuna əməl eləməsin. Bu halda ki, bizim malımızın və qeyrə düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs, biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın, uşaq ilə adamyana rəftar olsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın. Qardaşlar, hökumət, ya dövlət və qeyrə ilə adam insan olmaz, hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub, sonra dövlət və qeyrə axtarmaq.

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Böyük şəhərlərdə nə qədər artıq mal saxlansa, onun südü ol şəhərdə sakin olanlara çatmır. Çünki xörəklərin hamısından, ələxüsus, uşaqlar üçün mal südü yaxşıdır, ona binaən indi quru süd qayırıllar ki, un kimi olur. Bundan ötrü təzə südü süzüb, böyük, ağzı bərk möhkəmlənmiş qazanların içində 35 dərəcəyəcən qızdırıllar. Belədə südün suyu mürur ilə buğa dönüb, rədd olur və qazanın içində süd quruyur. Belə südü dəmir qutularda bir neçə il saxlamaq olur və haçaq onun üstə su tökəndə təzə süd əmələ gəlir.

 

_________________

 

Avropa əhli indi çox qarğıdalı, yəni peyğəmbər buğdası əkir. Yazırlar ki, onun üstə bir qurd əmələ gəlib, ona çox zərər edir və bu qurd öz toxumunu peyğəmbər buğdasının yerin üstə quruyan budaqlarının içinə qoyur ki, onlardan gələn il qurd əmələ gəlir. ona binaən məsləhət edirlər ki, peyğəmbər buğdasını yığandan sonra onun yerin üstə qalan budaqlarını yandırsınlar ki, onların toxumu tələf olsun.

 

___________________

 

Qarğıdalını və bir neçə qeyr otları əkəndən sonra onlar göyərəndə qarğa və qeyr quşlar onları didib tələf etməməkdən ötrü məsləhət edirlər ki, onların üstə tor çəksinlər və onun altına ağaclar vursunlar ki, tor yerin üzündən bir çərək hündür dursun.

 

__________________

 

Avropa əhlinin üç qism malı olur; süd, ət və işdətmək üçün. Süd malının südü çox, əti az, ət malının əti çox, südü az olur, işləyən malın əti, südü az, amma gücü çox olur.

Hər bir qism mal saxlıyan gərək onun əlalanmışlarından gətirib, öz malını yaxşılandırsın və ya öz malının yaxşılarını seçmək ilə onları yaxşılandırsın. Indi yazırlar ki, süddən ötrü saxlanan malı gərək kiçik olan zaman çox kök saxlamıyasan və məqdur olduqcan onları tez, yəni kiçik olan zaman doğuzdurasan.

 

_________________

 

Yağışdan bədəni saxlamaqdan ötrü su keçməyən parça qayərərlar və bu cürə parça iki qism olur: ya onu lak ilə örtüllər, ya qeyri əczalar ilə elə edirlər ki, ondan su keçmir. Lak ilə örtülən parça bədənə zərərdir, ona görə ki, bədəndən rədd olan tər və qeyrənin rədd olmağına mane olur. Bu səbəblərə, parçanı qeyr tövrlər ilə su keçməyən edirlər, əzon cümlə yundan və katandan toxunmuş parçanı belə su keçməyən edirlər: zəyi suda əridib, onun içinə mel, yəni uçqolalarda taxtanın üstə yazmaqdan ötrü iştənən ağ torpağı salıb, bunun içinə bir neçə dəfə zikr olan parçaları salıb çıxarıb, sonra isti suda ərinmiş, yəni köpüklənmiş sabun suyuna salıb çıxarıb, təmiz su ilə yumaq ilə.

 

 

MƏKTUBAT

 

Ey bizi həcv qılan şairi-dövrani-Əzim,

Seyyidü sərvərü sərdari-süxəndani-Əzim,

Dəhri-gülzari ara bülbüli-xoşxani-Əzim,

Əzizim, iki gözüm, cəddinə qurban, Əzim!

 

Şəni-üzmada əgər biz deyilik əzmi-rəmim,

Abi-heyvan degisən biz dəxi ğəssaq həmim,

Seyyidin təbi kəramətli olur, nəfsi səlim,

Nə rəvadır deyəsən hərzəvü hədyan, Əzim?

 

Sən əgər ali-Əlisən, hanı qeyrət, de görüm,

Haşimisən, qüreyşisən, hanı qeyrət, de görüm,

Allah, Allah, nədi bir boylə qəsavət, de görüm,

Sakit ol, samit otur, sən demə biman, Əzim!

 

Cəddini mədh edən vəqtə, əya alicənab,

Niyə qarnına düşər sancı, edərsən təbü tab,

Sən də mən kimi gözün yaşını tök, başını çap,

Cəddini yaxşı tanı, mərtəbəsin qan, Əzim!

 

Aç bəsirət gözünü şahi-şəhidanə tərəf,

Baxgilən Kərbübəla səmtinə meydana tərəf.

Məhliqa canları gər tiği-cəfa ilə tələf,

Gör ki, sən də olusan qanına qəltan, Əzim.

 

Şur başında əgər olsa, bilirsən ki, nə var,

Eşq gülzarına gəl, seyr elə bir, keçdi bahar,

Qumrivü bülbülü çuğdu necə gör zarü fəkar,

Eşq soltanına olmuşlar əzaxan, Əzim.

 

Gər desəm həcv sənə, cümlə müsəlmanə dəgər,

Zəmm daşın gər atam, şişeyi-imanə dəgər,

Bədənə hadis olan sədmə, yəqin, canə dəgər,

Nə edim, çarə nədir, cuş qılır qan, Əzim.

 

Hüsni-xülqi bizə məlum idi Mirzə Həsənin,

Yox lüzumi o cənabə dəxi iqrar sənin,

Mənbəi-feyzdir aləmlərə, kani kərəmin,

Mədəni-elmü ədəb, məlcei-irfan, Əzim.

 

Kim deyir rus dili bidətdir aləmara,

Cahili əlsinələr xiclətdir aləmara,

Hər dilin mərifəti izzətdir aləmara,

Mərifət elmini kim eyləyir kitman, Əzim?

 

Dəxi bihudə danışma sən, əya paknihad.

Nəfsi-əmmarı ilə Hadi kimi eylə cihad,

Hüzn ilə qan-yaş axıt, eyləgilən cəddini yad,

Nariza olmaya ta şahi-şahidan, Əzim!

 

 

 

DƏR ŞƏRAFİYYƏTİ-İNSANİYYƏT

 

Əvvələn, bəni-noi-bəşər üçün fərzdir ki, özünü və öz saneini tanıyandan sonra öz vücudunda olan əvalimi və istedadı diqqəti-tamam ilə dürüst mülahizə etsin ki, xudavəndi-əliyyül-əla onun zəif və nəif sayılan bədənində nə əzim olan əvalimlər və onun zəmairində nə ənva-ənva əlaimlər ibda və icad buyurub, hansı ki, onun qüvvətilə insan qadirdir hər bir növ sənayei-əcubə və məhbubə və hər bir qism övzaati-müxtəlifələr ibda və ixtira etməkliyə.

Məşhur sözlərdəndir ki, aləmdə elm iki qismdir: biri elmi-bədən və birisi elmi-din. Məsələn, aləm nasutdan və elm bədəni-lahutdandır, yəni elmi-din qalıb və elmi-bədən ruh misalındadır. Bu mənaya ki, kişinin dini ikmala yetişir ibadət ilə və ibadət kamil olur mərifət ilə və mərifət şəxs üçün aid olur elm ilə və hakəza elm əməl ilə və bunları qəmusu mənutdur bədənin səlamət olmağına və bədənin səlamət olmağı bağlıdır məişəti-dünyaya və bu məişət hərgah vüsət ilə məqdur olsa, bədən üçün səlamətlik və rahatlıq artıcaq olur. Bədən ki, səlamət və rahatlıqda oldu, ruhaniyyət ilə ibadətlər edib və təkmili-din onun üçün hasil olub, özünü məqami-həqiqətə yetirəcək. və mülahizə edirik ki, bu məişətin vüsətindən ötrü aləmdə əsbablar tərtib olunub. Belə ki, bu əsbabların istemalı ilə, cəmi ona mübaşir olan əşxaslar məqami-rahətliyə yetişib və məratibi-əlaya və dərəcati-irtifaya çatıblar. Və hərgah dürüst təəmmül etsək, müşəxxəs olur ki, hər iki elm ibarət imiş elmi-məişətdən. Və bir də çün xudavəndi-əliyyül-əla bizləri şöbə-şöbə və firqə-firqə ki, məqami-icada gətirib, məhz budur ki, bir-birimizə elmlər və ədəblər və o sənətləri ki, insanın vüsəti-məişətindən ötrü lazımdır, zahiri və batini öyrədək, tainki bir-birimizdən bəhrəmənd olub və bu aləmi-kövni-fəsadi ki, indi aləmi-tərəqqidir, məqami-təkmil və irtifaya yetişək və məlumdur ki, bu ülumatların təhsilindən ötrü nə qədər zəhəmatımız artıcaq olsa, məqsud və mərama artıcaq yetişirik. Pəs bu məqamda lazımdır ki, əsbabi-məişətin təhsil və vüsətindən ötrü qayət inbisat ilə zahir və batinlərimizi bir edib və məbane xətirlər məsarif edib, hər növ ilə məşğul olaq elmi-mərifət təhsil etməyinə, ta bəlkə sair millətlər kimi bizlər də özümüzü məqami-tərəqqi və məratibi-əlaya yetirib elmi-həqiqət və hikmətdən bir şey idrak edək. Əfsus ki, cəmi millətlər pişqədəm olub və məşəqqət və təkəllüfati-ülumata mütəhəmmil olub, nə fünunlar ilə məqamati-ülviyyə və dərəcati-tərəqqiyə yetişdilər və biz islam tayfası hala ehtiyac biyabanında kor-koranə heyran və sərgardan dolanırıq. Bavücudi-in mühavirət zamanı laf və gəzafımız həddən ziyadədir. Heyf olsun ki, təsəvvürati-batilə və təxəyyülati-naqisə ilə bu cəhalət çölündə qalıb, insaniyyət caməsi bədənlərimizdən məslub olub, elm və ədəb puşişindən ari olacayıq, yəni nə eybi var ki, daireyi-qürur və mədəniyyətdən xaric olub və bu cəhalət tilsimini sındırıb, bizlər də sair millətlər kimi təhsili-elmi-mərifət ilə özümüzü gəncineyi-məqsudə yetirib, pakizə olan sənayei-ülumatları və əsbabları bizlər də dünyanın üzündə yadigar qoyub və onun istemalı və mübaşirətilə bizdən sonra vücuda gələnlər rahatlıq məqamına yetişib və bizimçün tələbi-məğfirət edib və sair nadan olan qövmlərə o əsbabın vücudu ilə iftixar edib, məqamati-tərəqqiyə vasil olalar.

Heyhat, heyhat, ey bəsa arzu ki, xak şəvəd[1].

 

 

 

ŞÜŞA QALASINDA OLAN ƏXBAR

 

Rəbiüssani ayının 20-ci günü bir seyyidə övrət bir baqqalın yanında 5 put düyü gətirir satmağa. Baqqal düyünü çəkəndə qul verib[2] onu 3 put hesab edir. Hərçənd seyyidə fəryad edir ki, mənim düyüm 5 putdur, amma baqqal qulaq asmayıb onu qovur. Seyyidə ona nifrin edir ki, Allah sən məni yandıran təki səni də yandırsın. Haman gecə baqqalın dükanına od düşür və onun meymənətindən 40 bab dükan və 2 dəst imarıt və o dükanlarda olan əşxasların şeylərinin nisfi bittamam yanıb, tələf oldu. O dükanların və evlərin sahibləri Səfi bəyə və Hacı Rzaya və orada sakin olanlara təxminən yüz min manat zərər yetişdi. Zikr olan baqqal, onun oğlu və bir neçə hammal dükanlarda yanıb, vəfat etdilər. Və bir də erməni məhləsində bir Harsen gecələr qudurmuş heyvan kimi divanəvar gəzir və hər bir qəviheykəl adam qabağına çıxa, yırtıcı heyvanat kimi ona həmlə edir, ta sübhə kimi. Elə ki sübh oldu yuxuya gedir, ta axşam olur, axşam genə bu qəbil.

Bu ayın 15-də şəhərin qərbi tərəfinə yarım arşına yavıq qar gəldi və çox soyuq oldu. Və bir də bir türkman Cavanşır mahalında bədgüman olub öz övrətinin və bacısının başını kəsib. Sonra boynuna alıb ki, mən öldürmüşəm.

Hadiyül-Müzillin Qarabaği

 

 

Qalada yanğı olmağına sözüm yox, lakin onun səbəbi barəsində lazım bilib ərz edirəm ki, əgər hər bir şəriətdən xaric iş görənə Allah qəzəb eləsə, gərək bu halda bizim hamımıza qəzəb eləsin və bir də tutalım, zikr olan baqqala seyyidəni aldatmaqdan ötrü və cənabani-Səfibəyə və Hacı Rzaya mərsiyəxana pul verməməkdən ötrü və ya imam ehsanı paylamamaqdan ötrü Allah qəzəb eləyib. Görəsən biçarə hammalların və dükanlarda sakin olanların taxsırı nə imiş?

 

TƏZƏ XƏBƏRLƏR

 

Bir ay bundan irəli qəzetlər yazmışdılar ki, İran dövlətinin Rəşt şəhərinə taun naxoşluğu düşüb. Bu səbəbə bizim Badkubədən iki həkim və Tehrandan bir neçə firəng həkimi oraya göndərilmişdi ki, ol naxoş olanlara baxıb həqiqət eləsinlər zikr olan naxoşluq taundur, ya yox. Bizim Badkubə həkimləri qayıdıblar və deyirlər ki, ol naxoşluq taun deyil. lakin Tehrandan göndərilən həkimlər deyib ki, taun naxoşluğudur, amma indi şiddət etmədiyinə səbəb budur ki, isti düşüb və əgər gələn qışacan qalsa, ol vaxtda şiddət edəcək.

 

________________

 

Dövlət məsləhətxanası qət edib ki, Rusiyada hasil olan tənbəkini və neft cövhərini yaxşılandırmaqdan ötrü gələn 1878-ci ilin ibtidasından, yəni yanvarın əvvəlindən neft çövhərindən aksiz xərci heç alınmasın və Rusiya yerində hasil olan papiros tənbəkəsinin hər bir qisminin girvənkəsindən 24 qəpik, papirosun 100-ündən 15 qəpik, siqarın 100-ündən 60 qəpik, qəlyan tənbəkəsinin girvənkəsindən 2 qəpik banderol pulu alınsın. Qeyr yerlərdən Rusiyaya gətirilən tənbəkidən tamojna xərcini belə artırsınlar: hər puta keçmişdə alınan 4 manat 2 abbası əvəzinə 14 manat alsınlar.

________________

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info