Qonaq Kitabı
26 may Rusiya, sənə 1877

26 may Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Neçə həftədir bizim üçün məktubat göndərən yoxdur. Müştərilərimizin bəzinin yolu bağlanıb, bəzinin sakin olduğu yeri dəyişildiyinə və ya qeyr səbəbə ona qəzet yetişmir. Bəzi cəng xəbəri yazmadığımıza bizdən incinib qəzet istəmir. Xülasə, bu halda “Əkinçi”nin işi çox pərişandır.

 

 

DAXİLİYYƏ

 

Bizim zəmanə zəhmət zamanı olduğuna çox zəhmət çəkən artıq nəf tapır. Ona binaən hükəma vaxta dövlət deyir, yəni hər kəsin zəhmət çəkməyə vaxtı çox isə, ol kəs artıq dövlətli hesab olunur. Bu səbəbə Avropa əhli hər bir işi maşına salıb ki, maşın onu təmiz və tez tamam edir, yəni zəhmət çəkmək vaxtını artırmaqdan ötrü işləri maşına salıblar ki, maşın işi tez gördüyünə o işi tutmağa lazım olan vaxt az olur və onun artığı qeyr işə gedir. Belədə bir iş yerinə bir neçə iş tutmaq olur. Ona binaən bir kimsə 50 il zəhmət çəkib 10 min manat qazana bilir isə, maşın ilə iş görəndən 50 il ömürdə gördüyü işi 10 ilə görüb dəxi ziyadə nəfbərdar olur. Pəs bu halda qeyr tayfalar fürsəti fövtə verməyib zəhmətlərin artırmaq səyindədirlər, amma bizim tayfa... dükan-bazarlarda oturanların çoxu bir cüzi şey yanına qoyub   4 – 5 müştəri gözləməkdən ötrü axşamacan ağzını ayırıb gəlib-gedənə tamaşa edir ki, guya bu zaman bir qeyr iş görmək günah imiş. Küçələrdə cavanlarımız ya papağını əyri qoyub ay balam, ay balam çağırır, ya bir-birinə yaman deyir, meydanlarda kimi dərviş nağılına qulaq asır, kimi xoruz, kimi qoç döyüşdürür. Xülasə, heç bir həvəs ilə zəhmət çəkən yoxdur, hamı ya tənbəllik edib, işdən qaçırıq, ya bikar oturub allahdan buyuruq deyirik.

Belədə təəccübdür ki, bizim tayfa indiyəcən tələf olmayıb və buna səbəb budur ki, keçmişdə biz eninə yeyib, uzununa gəzmişik, amma indi... yerlərimiz qüvvət-dən düşüb, xeyir-bərəkət qaçıb, elmdən xəbərdar olan kəslərin yeri darlıq elədiyinə gəlib bizim yerlərdə zindəganlıq edirlər. Belədə bizlər bu tənbəllik və bikarlıq ilə onların müqabilində dura bilməyib, zindəganlıq cəngində məğlub olacayıq və necə ki, daşmış çayın suyu mürur ilə ətrafı qərq edir, habelə biz də o tayfaların arasında mürur ilə tələf olacayıq.

Bilirəm, bunları oxuyan deyəcək ki, bu sözlər boş sözdür, allah ruzirəsandır, heç kəs acından ölməz. Bəli, doğrudur ki, allah ruzirəsandır, amma ruzi ilə ruzinin təfavütü çoxdur... Pəs, qardaşlar, zəhmətinizi artırın ki, bikarlıq və tənbəllik insan üçün zəhərdir. Zəhmət çəkmək vaxtını uzadmağa səy edin ki, sizin ruzi düşmən-lərinin əsbablarını ələ gətirəsiniz.

                                                                 

 

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Bizim meyvələr ilə elmdən xəbərdar olan bağbanların meyvələrinin təfavütü çoxdur. Bizim meyvə, meşədə özbaşına bitəndən bir az yaxşıdır, amma onlarınkı iri və abad olduğuna onun biri bizimkinin 3 – 4-dən ağır olur. Buna səbəb oldur ki, onlar nəbatatın nəşv-nümasından xəbərdar olduğuna kefləri istəyən kimi ya onların külünü, ya yemişini, ya kökünü və ya budaqlarını yaxşılandırırlar. Məsələn, alma, armud, gavalı, gilas və qeyr bunlara oxşayan yemişləri belə yaxşılandırırlar: payızda budaqların üstə qönçə əmələ gələndə o kiçik budaqları elə kəsirlər ki, onun bir hissəsi bir-iki qönçə ilə ağacın üstə qalır. Belədə ağac sorduğu xörək çox yemiş yerinə az yemişə getdiyinə bunlar çox iri və abad olur. Ya baharda ağacın yarpaqları açılandan sonra kiçik və özü yemiş gətirən budaqların ucunu dırnaq və ya bıçaq ilə kəsirlər. Belədə ol budağın uzanmağına lazım olan xörək yemişlərə getdiyinə bunlar iri olur və ya budağın üsul bıçaq ilə soyurlar ki, ağacın yarpaqları sonra xörək o qabıq ilə aşağı gedə bilməyib budaqda olan yemişlərə getdiyinə onlar iri olur.

_______________

 

Çin məmləkətinin xalqı çox və yeri az olduğuna oranın bağbanları çox kiçik meyvə ağacları bitirdillər. Məsələn, bir ustol, yəni kürsünün üstə yekə bağ salırlar ki, bir ağacın boyu bir arşından da az olur, amma bunilə belə meyvə gətirir.

Yazırlar ki, ol ağacları belə bitirdillər: böyük ağacın bir budağının  dibinə torba keçirib, onun içinə qara torpaq doldurub, onun üstə ol vaxtacan su çiləyirlər ki, budağın torpağın içində olan hissəsindən köklər əmələ gəlir, sonra onu kökdən aşağı kəsib qutularda bitirdillər.

Əgərçi Avropa bağbanları həm bu tövr ağac bitirdə bilirlər, lakin onların ağacı sonra böyüklənir.

_______________

 

Meyvə ağacının meyvəsindən, yəni toxumundan çıxan ağacın meyvəsi turş, yəni meşə ağacının meyvəsi kimi olduğuna bu ağacların toxumunu əkib sonra onlardan çıxan ağaca yaxşı meyvə gətirən ağacın bir kiçik, üstə 2 – 3 qönçəsi olan budağını calıyırlar. Çünki bu toxumların bəzisinin, məsələn xurma toxumunun qabığı qalın olduğuna onlar bir neçə ildən sonra göyərir, ona binaən onları tez göyərtməkdən ötrü Avropa bağbanları bu toxumların qabığını üsul yarıb sonra əkirlər. Yazırlar ki, belə yarılan toxum 3 – 4 günə göyərir.

_______________

 

Bizlərdə meyit yuvanda iştənən kafur Hindistan dəryasının cəzirələrində bitən kafur ağacının budaqlarının içində hasil olur. Yazırlar ki, bir böyük ağacdan yarım girvənkə ancaq hasil olur. Çünki o meşələrin sahibləri ağacı qıranda onun böyük kiçikliyinə baxmayıb hamısını dibindən kəsirlər, ona binaən yazırlar ki, əgər onlar bu qayda ilə o ağacları qırsalar, kafur çox baha olacaq.

_______________

 

Məlumdur ki, sağmal malı çox olan kəslər üçün süddən ya qatıqdan yağ çalxamaq çox zəhmətdir. Ona binaən bir kəsin südü çox olanda onu sərib, qaymağını yığıb, qaymaqdan yağ çalxalayır. Əvvələn, qaymaq az olduğuna ondan yağ çalxalamaq asandır. Saniyən, bu yağ süddən ya qatıqdan çalxalanan yağdan əla və artıqraq olur və bir də, məlumdur ki, süd sərməyin zəhməti çoxdur. Hava isti olanda və ya qablar təmiz olmayanda süd xarab olur. Südü çox saxlayanda onun qaymağı turş olur, az saxlayanda onun bir hissəsi süddən rədd olmur. Bu səbəblərə indi Lefildet adlı bir nemes qaymaq yığmaqdan ötrü bir maşın ixtira edib ki, tüfəng lüləsi tövrdə böyük dəmir qutunun içində bir ox var və bu oxun üstə dəmir qanadlar var, oxun bir ucu qutunun dibinə möhkəmlənib və o biri ucu qutunun ağzından çölə çıxıb ki, orada ona dəstə möhkəm olub. Qutunun içinə südü töküb ağzını qapaq ilə möhkəm ötrüb, dəstəni fırrandıranda ox hərəkətə gəlib, onun qanadları südü tərpətdiyinə onun qaymağı yığılır.

Yazırlar ki, bu maşın ilə 300 girvənkə süddən 20 dəqiqəyə tamam qaymağı yığmaq olur.

_______________

 

Çünki bir ya iki sağmal malı olan üçün onun südü az olduğuna ondan yağ çalxamaq müşküldür, ona binaən Avropa kəndlərində camaat yağ çalxamaqdan ötrü bir mənzil bina edir ki, hər sağmal malı olan hər gündə bir qədər, məsələn,     2 – 3 kasa süd oraya verir və bu mənzildə ondan yağ çalxalayıb hər kəsin öz hissəsini ona verillər.

 

MƏKTUBAT

 

“Əkinçi” qəzeti həmişə bizim müəllimlərə və onlara uşaqlarını tapşıranlara töhmət edir ki, onların hər ikisi uşaqlara yağı olub ol qədr incidirlər ki, biçarə bildiyin də yaddan çıxarır. Əlhəqq, bu söz doğrudur, amma bu barədə bizim müəllimlərdə taxsır yoxdur. Müəllim bir sənətkar babadır, öz sənətilə qeyr sənətkar kimi dolanır, yəni öz bildiyini uşaqların valideyninə satıb zindəganlıq edir. Və çünki sənətkarın yaxşı-yamanı olmağına səbəb camaatdır, məsələn, yaman başmaq tikəndən başmaq alan olmasa, o başmaqçı ya gərək yaxşı başmaq tiksin, ya başmaqçılığı bərhəm etsin, habelə müəllimin yaxşı-yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr təlim uşağı xarab edir və xahiş edə ki, qeyr tövr uşaqlara təlim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə təlim edəcək, yoxsa zikr olan başmaqçı kimi gərək müəllimliyi bərhəm etsin. Əlbəttə, şagirdin ata-anası deyəndə ki, molla onu döy, əti sənin, sümüyü mənim, molla naəlac qalıb döyəcək, yoxsa ay başı gələndə ona pul verən olmaz.

Hər kəs xəyal edirsə ki, bizim indiki müəllimlər birdən-birə başlayıb təzə qayda ilə təlim edəcək, nahaq fikrə düşüblər. Onlar nə qədər qabiliyyətli olalar və nə qədər xahiş də edələr, bunu edə bilməzlər. Ona binaən ki, onların bu təzə qaydadan əsla xəbərləri yoxdur. Pəs bir camaat xahiş etsə ki, uşaqlara təzə qayda ilə təlim olunsun, ol vaxtda gərək bizim gimnaziyada ya uyezdni uşkolada oxumuş kəslərdən müəllim eləsin, yəqin ki, bizim indiki müəllimlər 4 ilə öyrətdiyini bunlar bir ilə öyrədəcək. Ona binaən ki, bunlar az-çox elmdən xəbərdar olub, onu təlim etməyin qaydasını həm az-çox bilirlər.

Təlim etmək asan deyil, bu özü bir elmdir ki, Avropa əhli ona elmi-pərvəriş deyir.

Bizim müəllimlər qol gücünə biçarə uşağı yarımcan edib əlif-bey öyrədib sonra əlhəmdülillahi əzbərlədib korazehin edirlər. Amma elm oxumuş müəllim uşağı həvəsə gətirib əmcəkdən kəsilmiş uşağı çörəyə, suya öyrədən kimi əlif-beydən sonra ona qaranı tanıdır.

Pəs qardaşlar, gərək mürur ilə məktəbxanalar bina edib, az-çox elmdən xəbər-dar olanları oraya müəllim tutmaq.

Bir baxın bizim qonşu ermənilərin elm təhsil etməyinə. Qafqazın hər bir şəhərində onların gimnaziyaya bərabər məktəbxanaları var. İrəvan yavıqlığında hətta akademiyaları da var. Amma bizim bircə də elm oxuyan məktəbimiz yoxdur. Ay qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətin ümididirlər və bunu bilin ki, Avropa əhlinin bir məsəli var ki, deyir: millətin gələcəkdə xoşbəxt ya bədbəxt olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlif-beyi oxumağıdır.

Gorani

_______________

 

Teymurxan-Şuradan cəmadiyələvvəlin 17-dən yazırlar ki, bu il yağış çox yağdığına xalqın ziraəti yaxşıdır. Bu gün səkkiz gündür ki, bazara tut gəlib: girvənkəsi bir-iki qəpiyə satırlar. Amma hər il tut 20 gün bundan sonra yetişir idi. Və bir də hava çox dəyişilir. Məsələn, bir neçə gün bundan əqdəm 20 dərəcə isti var idi, amma bu gün bir dərəcə soyuq var.

Teymurxan-Şuranın ətrafında oğurluq artıb. Bu günlərdə poştu kəsmişdilər, amma kazaklar gedib geri aldılar.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Aprelin 28-dən padşahi-imperaturi-əzəmin tərəfindən bu hökm sadir olub: aprelin 12-də Osmanlı dövləti ilə cəng başlandığına biz hökm elədik ki, Bessarab quberniyasında, Xerson və Tavriç quberniyalarının dərya kənarlarında, Krım nim-cəzirəsində qanuni-əsgəriyyə iştənsin. Habelə ol vaxtda cənab sərdari-Qafqaza ixtiyar vermişik ki, zikr olan səbəbə görə Qafqaz vilayətinin hansı tərəfində lazım bilsə, qanuni-əsgəriyyə iştədsin. Ona binaən indi lazım bilib qanuni-əsgəriyyə iştənən yerlərdə əsgəriyyə qulluğunda olmayan kəslərin taxsırlarına görə onlara tənbeh etmək xüsusunda hökm edirik: əvvələn, əsgəriyyə qanunu iştənən yerlərdə əsgəriyyə qulluğunda olmayan kəslərə əsgəriyyə qanunu üzrə tənbeh olunsun, aşağıda zikr olan taxsırlara görə:

1) Padşahın üzünə ağ olmaqdan və dövlətə xəyanət etməkdən ötrü.

2) Qəsd ilə əsgərə lazım olan mayəhtacı odlamaq və qeyr tövr ilə xarab etməkdən ötrü, habelə qəsd ilə teleqrafları, dəmiryollarını, su arxlarını, körpüləri, bəndləri və qeyr keçənəcəkləri xarab etməkdən ötrü.

3) Düşmənin hərəkətindən, yəni hansı tərəfə getməyindən xəbərdar olub və bir qeyr xəbər ki, onu piş əzvəqt bilmək ilə onun əlacını etmək olur, bilib lazım olan yerinə məlum eləməməkdən ötrü.

4) Qarovulçuların üstə hücum etməkdən ötrü, əsgəriyyə qarovulçularına əliyaraqlı sərxudluq etməkdən ötrü və qarovulçuları zəxmdar etməkdən və öldürməkdən ötrü.

Saniyən, cənabani-sərdari-Qafqaza və Odes okruğunun sərəsgərinə ixtiyar verilir əsgəriyyə qanunu iştənən yerlərdə əsgəriyyə qanunu ilə taxsırlandırmağa hökm eləsinlər bu taxsırkarları: qəsd ilə bir kəsi öldürənləri, soyanları, bir kəsin evini kəsənləri, odlayanları, suya basdıranları və qeyr təqsiri-kəbirə ilə taxsırlananları və hər bir xalqın asudə zindəganlıq etməyinə mane olan işlərdə taxsırlananları.

Salisən, Qafqazda və Odes okruğunda qanuni-əsgəriyyə iştənən yerlərdə bu hökmün 1-ci və 2-ci fəqərələrində zikr olan taxsırkar övrət olsa, onlara ancaq ol vaxtda əsgəriyyə qanunu üzrə tənbeh olunsun ki, onlar bu taxsırı kişi ilə birgə etmiş ola və bu zaman əsgəriyyə divanının calisləri gərək qanuni-külliyyə üzrə ona tənbeh eləsinlər.

_______________

 

Cənab-sərdari-Qafqaz hökm edib ki, Terski oblastda Kubanski oblastın Baltalpaşi, Maykop, Zakuban uyezdlərində və Yekaterinodar uyezdinin 3-cü hissəsində qanuni-əsgəriyyə iştənsin.

_______________

 

İrəvandan “Tiflisski vestnik” qəzetinə yazırlar ki, Gəncə quberniyasından cəm olan əsgərlər aprelin 30-da İrəvan bazarında dükançı ermənilərdən şey alıb pulunu verməmək istəyib, dava salıb tüfəng, xəncər ilə 16 adam yaralayıblar ki, bunların biri dərhal, dördü sonra vəfat edib. Cənab qubernator əsgər ilə gəlib dava edənləri aralaşdırıb.

_______________

 

Badkubə quberniyasından cəm olunan süvari əsgərə polkovnik Miribrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olub.

_______________

 

Mayın 20-də Peterburqdan yazırlar ki, əlahəzrət padşahi-imperaturi-əzəm həzrət vəliəhd ilə belə Ploeşt şəhərinə ki, Tuna əsgəri dayanan yerdir, getdi.

_______________

 

Gürcüstanın bəyzadələrindən 200 adam öz xahişi ilə əsgər olub.

_______________

 

İstanbuldan yazırlar ki, millət məclisi qət edib ki, keçmişdə sədri-əzəm olan Mahmud Nədim paşanı padsuda, yəni divana versin.

_______________

Parijdən yazırlar ki, Midhət paşa orada gizdin sakin olur.

_______________

 

Londondan yazırlar ki, iyun ayında dörd yüz il tamam olur ki, İngilis vilayətində çapxana açılıb. Ona binaən tədarük edirlər ki, o günü şadyanalıq olunsun.

_______________

 

“Bakinski izvesti” qəzeti yazır ki, vəziri-xəzanə öz təsəvvürünü dövlət məsləhətxanasına pişnəhad edib ki, neft cövhərindən gələn ilin ibtidasından aksiz xərci alınmasın.

_______________

 

“Odesski vestnik” qəzeti yazır ki, Odes şəhərinin camaat məclisi qət edib ki, şəhərin altı aylıq mədaxili zəxmdar olan əsgərə məsrəf olunsun.

_______________

 

“Tiflisski vestnik” qəzeti yazır ki, Borçalı mahalında bu il çəyirtgə çox zərər edib.

_______________

 

Zikr olan qəzet yazır ki, Gömrüdən Zəyəm qəryəsinə və Bayazid qalasına teleqraf açılıb.

_______________

 

Ozurgetdən Tiflis qəzetlərinə yazırlar ki, orada çox soyuqdur. Ət, un və qeyr məkulat çox bahalanıbdır.

_______________

 

“Tiflisski vestnik” qəzeti yazır ki, Borçalı mahalında olan İsgəndər adlı məşhur qaçağı aprelin 12-də öldürüblər.

_______________

 

Tiflisin kommerçeski bankı və sobraniyası hərəsi min manat veriblər ki, Qafqazda zəxmdar olan əsgərə məsrəf olsun. Şəki uyezdindən “Tiflisski vestnik”ə yazırlar ki, təzədən bir dəstə də qaçaq əmələ gəlib, pristav Fyodorovun və Ağayevin üstə tökülüb, Ağayevi zəxmdar edib.

_______________

 

Bu il qışda hər yerdə çox quraqlıq olub. Amma indi çox yağış yağır. Hətta bizim Badkubəyə indiyəcən 3 – 4 dəfə yağış yağıb. Ümidvarıq ki, bu il yay çox isti olmasın.

 

 

 

E L A N

 

“Peterburqski vedomosti” yazır ki, padşahlıq bangı aprelin 25-dən mayın 9-can 25 milyon kağız pulu kəsdirib.

________________

 

Badkubə gimnaziyasına uşaqlarını vermək istəyənlərə məlum olunub ki, bu barədə gərək avqust ayının 25-cən ərizə verilsin və bu uşaqları avqust ayının         25-dən sentyabr ayının ibtidasınacan imtahan edəcəklər.

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info