Qonaq Kitabı
28 aprel Rusiya, sənə 1877

28 aprel Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Keçən nömrədə yazmışdıq ki, Badkubədə müsəlman məktəbxanası açmaq xüsusunda danışıq var. İndi belə eşidirik ki, bizim əyan-əşxasların bəzi mən təşəbbəhə biqövmin fəhlüvə minhüm[1] cəhətindən bu xeyir işə mane olurlar. Vaxtında ol cənablara ərzimiz olacaq.

_______________

 

Cənab Hadiyül-Müzillin Qarabaği yazır:  

 

Biya ki növbəti-sülhəst və atəşü inayət,

Bəşərti-onki nəguyəm əz ançe rəft hekayət[2].

 

Ol cənab bu beyt ilə kağızını başlayıb, sonra deyir: filani, sizdə taxsır yox imiş (çox əziz olasınız ki, bizi bağışlıyırsınız), taxsır Əhsənül-Qəvaiddə imiş. Ona binaən Əhsənül-Qəvaidin üstə çox danışıb, təvəqqə eləyir ki, onu çap edək və əgər qəzetdə çap etməyə izin olsa, ol cənaba məlum edək ki, Əhsənül-Qəvaidi həcv də eləsin.

Əvvələn, bəndə siz cənabdan küsməyi özümə eyb bilirəm və ona binaən bica yerə sülhə gəlmisiniz, mən sizdən küsməmişəm. Saniyən, hər kəs bizə ağıl və elm yolu ilə kağız göndərsə, onu çap etməyə hazırıq.

 

DAXİLİYYƏ

 

Bizim qəzetin muradı ümdə nəsihət olduğuna və nəsihət onu anlamıyanlara acı göründüyünə keçmişdə də onu oxuyanların çoxu alnını turşudub bizdən narazılıq edirdi ki, bu qədər nəsihət nə lazımdır?

Bu halda ki, işlər dəyişilib, bizdən narazı olan dəxi ziyadə olacaq. Həqiqət, bir şəxsin bir əczası, məsələn dişi ağrıyan vaxtda nə ki, ləzzəti-dünya onun gözünə görünməz, hətta qeyr vaxtda ləzzət edən şey bu halda onu dəxi ziyadə pərişan edər. Belə naxoş olan kəs ancaq dərman-dava arzu edər. Habelə yəqinimizdir ki, indi bizim qəzeti oxuyanlar bizdən, ancaq təzə xəbərlər istəyir, amma... bizim qəzetin adı məlum edir ki, onun ümdə mətləbi gərək əkin və ziraət və elm xəbərləri olsun. Ona binaən əgərçi bu halda işlər dəyişildiyinə təzə xəbər artıb və qəzet oxuyanlar ona artıcaq müştaqdırlar, lakin biz nə ki irəlikindən ziyadə xəbərlər yaza bilmirik, hətta bəzi səbəblərə görə ol qədr də yazmağa vahimə edirik. Belədə müştəriləri-mizdən iltimas olunur bizdən rəncidə-xatir olmasınlar ki, onların könlü istədiyicən təzə xəbər yazmaq olmur.

 

 

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Bədnal atı nallıyan vaxtda yumşaltmaqdan ötrü məsləhət edirlər ki, bir dəsmala bir neçə damcı keşniş ətri töküb onun burnuna tutsunlar. Avropa vilayətlərində adətdir ki, hər bir əldə saxlanan heyvanat və ələfiyyatı əlalandıran kəsə ənam verillər və bundan ötrü o heyvanları bir yerə cəm edib baxırlar.

Bu yavıq zamanda London şəhərində 1100 ədəd göyərçin cəm etmişdilər ki, cümləsinin qiyməti 70 min manat, əzon cümlə 162 poşt göyərçini imiş ki, bunların bir əlasının qiyməti 350 manat imiş. Bu göyərçin bir saatda 150 verst uçur imiş.

Süd əmən dana-buzovu isala düşəndə və habelə ayqır gücdən düşəndə məsləhət edirlər ki, onlara yumurta versinlər.

Avropa əhli əti satılan heyvanı qəsd ilə kökəldir. Bir lems göyərçinləri qarğıdalı dənəsi ilə belə kökəldir, bir qaranlıq və havası təmiz otaqda onları saxlayıb, hər gündə üç dəfə, hər beş saatda bir onların hər birinin ağzına güc ilə 20 qarğıdalı dənəsi verib. Deyir ki, bu tövr ilə onlar çox tez kökəlib və onların əti çox zəriflənir.

İmtahan ilə aşkar olunub ki, hər bir heyvana təsir edən zəhər nəbatata həm təsir edir. İndi bir lems hükəması yazır ki, əkin yerində mərgəmuş olsa, nəbatata zərər edər, amma qurquşum olsa etmir, bavücudi ki, onların hər ikisi zəhərdir. Lemsistanda, yəni Germaniyada bir mülkədarın qoruğunda otlayan heyvanların hamısı qanqaşandığına zikr olan mülkədar bir neçə hükəma çağırıb ki, bu naxoşluğun səbəbini məlum eləsinlər. Zikr olan qoruqda bitən ələfiyyatı bir-bir naxoş olmayan heyvana yedirdib. Ol hükəmalar yazır ki, bu naxoşluğun səbəbi ələfiyyat deyil. Onların birisi deyir ki, qanqaşanmaq naxoşluğu soyuq dəyməkdən əmələ gəlir və özü yoluxmadır. Ona binaən gərək belə naxoş heyvanı sürüdən çıxarıb əlahiddə saxlamaq.

İngilis vilayətində hər ildə qırx milyon manatlıq meyvə yeyilir, amma bunilə belə fəqir-füqəra dad edir ki, onlar meyvə tapmır. Çünki ingilis xalqı çox və yeri az olduğuna bir arşın da xali yer yoxdur, ona binaən təzə bağ saldırmaq çox düşvardır.

İngilis vilayətində 50 min verst dəmir yolu var ki, bu yolun kənarı 2 – 3 arşın xalidir. İndi dövlət hökm edib ki, o yolun hər iki tərəfindən meyvə ağacı əkilsin.

Rusiya dövlətinin Sibir vilayətində qaramalda bir naxoşluq olur ki, ona qaramal, ya Sibir taunu deyirlər. Bu naxoşluq qeyr yerlərə həm düşür. Ondan heyvanı mühafizət etməkdən ötrü məsləhət edirlər ki, heyvana su ilə bir neçə damcı kükürd arağı, yəni kuparos versinlər.

Amerikada quş yolmaq üçün bir maşın ixtira ediblər. Yazırlar ki, o maşın ilə bir saatda 50 toyuq yolmaq olur ki, əldə yolunan toyuqdan təmiz olur. Və bir də buzxanalar üçün buz kəsməkdən ötrü bir kotan ixtira olunub.

Ağ kələmin kökünə qurd düşməkdən xarab olur. Bir hükəma yazır ki, əgər ağ kələmi bir yerdə əkib, sonra çıxarıb onun kökünü qara sabun və naşatır suyuna salıb bir qeyr yerdə şitil edəsən, ona zikr olan qurd dəymir və kələm bundan çox ləzzətli olur.

Heyvan saxlamaqda ingilis tayfası hər bir tayfadan artıq tərəqqi edib. İngilisdə olan at-mal qeyr yerlərdə yoxdur. Malı əlalandırmaqdan ötrü əlalanmış malın erkəyinə yaxşı qiymət verib, sürüyə qoşurlar.

Keçən il əlalanmış erkək qoyunun birisi 1500 manatacan satılıb.

Avropa əhli piydən yağ qayırır isə, bizim əhl əsil yağı saxlamağı bilmədiyinə çox vaxt onu xarab olandan sonra iştədir. Belə xarab olmuş, yəni iylənmiş, dadlanmış yağı nehrəyə töküb qatıq ilə çalxalıyanda yağ təzə kərə kimi olur.

Əsgər Gorani

MƏKTUBAT

 

Martın 25-də Moskvadan. Axır zaman buranın süd, yəni divanlarında bir neçə iş qət oldu ki, çox böyük işlər idi. Peterburqda Kazan kilsəsinin qabağında olan qilü qal işindən sonra Senatda bir buna oxşayan iş həm qət olub. Bu işdə 50-cən cavan oğlan və qız, əzon cümlə 4 gürcü və bir erməni dövlətə namünasib və qadağan olunmuş kitab və risalələr inşa edib xalqa paylamaqdan ötrü Sibirə göndərildi.

Moskvada 200-cən adam bir kompaniya qayırıb bir neçə ilin müddətində oğurluq və qəlp pul kəsməyə məşğul olmaq işini qət edib onların çoxunu Sibirə göndərdilər.

Moskvada İran əhli çoxlanıb, tacirlərdən savayı fəhləlik edən, hətta meymun oynadan da var.

Deyirlər ki, Kurski quberniyada 3 iranlı tutublar ki, adlarını serb qoyub, kəndlərdə yağ, buğda və qeyrə cəm edirlər imiş ki, Serb əsgərinə göndərəcəyik. Onların birisinin cibində ki, adını serb keşişi qoymuş imiş, poşt kvitansiyası, yəni qəbzi tapıblar ki, altı yüz manat Tiflisə öz dostunun üstə göndərib.

Yazırlar ki, Maykop şəhərində oğurluq çox olduğuna xalq cana gəlib şəhərdə məşhur olan 14 oğrunu tutub həlak edib.

Tiflisdən yazırlar ki, orada camaat bir məktəbi-sənaye açıb ki, rus, gürcü, erməni dillərində elm və sənətlər öyrədəcən. Amma bizim dildə elm kitabları yoxdur və yazıb oxumaq çətindir deyib razı olmuyublar ki, türk dilində də oxusun.

Əlbəttə, erməni və gürcülərin çalışanı və itirib-axtaranı olduğuna onların dilində xalqa elm və sənət öyrədəcəklər, lakin bizim nə ki çalışanımız yoxdur, hətta Vəkili-naməlumi-millət özü müqərrər olur ki, bizim dildə yazıb oxumaq çətindir və biz elm təhsil etməyə qadir deyilik. Belədə qeyrlərinin çox vecinədir ki, məktəblərdə türk dilində elm öyrədəcəklər, ya yox?

Əsgər Gorani

__________________

 

T i f l i s d ə n. “Kavkaz” qəzetinin 54-cü nömrəsində İran dövlətinin general-konsulu Mirzə Əsədullah xanın Tiflisdən Peterburqa şajderfir ləqəbilə məmuriyyəti babında şərhi-bəyan olunmuşdu və onun nəticəsi aprelin səkkizində zühura gəlib, imkani-vüsəti-vəqt olmağına ki, onun dostları ziyafət vermək istəyirdilər, Avropa qaydası ilə bir cəmiyi-əyanü əşraf Tiflisdən onun ehtiramında şəhərin xaricində bir bağda cəm olub əsbabi-eyş mühəyya eləmişdilər. Bir dəstə İran çalan-çağıranı, bir dəstə tamam dəstgahi-rus muzıkantı növbə ilə xalqı məşğul edib bəyanati-fəsihə ilə nitq deyirdilər. O cümlədən Tiflisin polismeysteri Məlik-Bəylərov ayağa durub bir nitq bəyan edib onun axırında dedi: ümidvarıq ki, bizim xalisanə qəlbi duamızı hər yerdə özünüzə yoldaş bilib, bizləri xatirinizdən fəramuş etməyəsiniz. Bu halda şadlıq və ura sədası camaatdan ucalıb 65 nəfər muzıkant İran marşı çalmağa məşğul oldu.

Xülasə, o ehtiram ki, Mirzə Əsədullah xana olundu, bu günə kimi heç bir məmura olunmamışdı.

Aprelin səkkizində Tiflisin havası istiliyə mail olub, günü-gündən hərarəti artır. Bu il qış olmadığına görə buz olmayıbdır. Əgərçi Qocur dağlarından qar gətirib buzxanalara doldurublar, amma bu hərarətin qabağında davam etməyəcəkdir. Ticarət əməli bilküll rübətənəzzüldür, çox az adam görürsən ki, öz kəsbindən razı olsun.

_______________

 

İrandan yazırlar ki, bir şəxs yer qazan vaxtda yeddi küp qızıl tapıb 12 kürur tümən qədərdə və onu xəzanəyə götürüblər və genə yazırlar ki, fars taciri Hacı Məhəmmədəli vəfat olanda övladı və qeyr varisi olmadığına vəsiyyətnamə ilə öz varını həzrəti-şahənşahi-İrana verib ki, onun qədəri 10 kürur tümən imiş.

İrandan qızıl mədəni tapılmaq sözü çıxandan sonra qızıl ya cəvahirat tapılmaq xüsusunda hər gündə bir xəbər çıxmağa səbəb oldur ki, İranda qəzet çıxmır, ona binaən hər bir xəbər ağızdan-ağıza düşüb, dərviş nağılı kimi cürəbəcürə danışılır.

 

ELM  XƏBƏRLƏRİ

 

Teleqraf ilə qeyr yerlərə kağız göndərmək məlumdur, indi firəng qəzetləri yazır ki, Amerikada bir teleqraf kimi əsbab ixtira olunub ki, onilə danışmaq da olur. Bu teleqrafı belə imtahan ediblər: Boston şəhərində bir şəxs vəz deyəndə o şəhərin 150 verstiyində olan Salim şəhərinin əhli zikr olan vəzə qulaq asıb, sonra ona mərhəba deməyinin və əl çalmaqlarının sədası ol vaizə gəlib və bir də Nyu-York şəhərində çalınan muzıkaya bu şəhərdən 500 verst arası olan Filadelfi şəhərinin əhli qulaq asıb əl çalacaqlar. Bu əsbabın adına telefon deyirlər.

Çoxdandır ki, Avropa əhli stenoqraf deyilən bir əsbab ixtira edib və bu əsbab ilə nə qədər tez danışan adam olsa, onun sözlərini tamam yazmaq olur. Osmanlı dövləti millət məclisi bina edəndə orada olan danışığı ol əsbab ilə yazmaq mümkün olmadı, ona binaən ki, bizim hər bir hüruf bir neçə tövrdə yazılır. İndi yazırlar ki, bir osmanlı təzə stenoqraf əsbabı qayırıb və bu əsbab ilə türk dilində olan danışığı da tamam yazmaq olur və genə yazırlar ki, bir osmanlı bir tez atılan tüfəng ixtira edib. Bu şəxslərin hər ikisinə həzrət sultan ənam verib.

Əsgər Gorani

_______________

 

Bizlərdə heyvanı kökəldib onun ətini yemək adət deyil, bavücudi ki, belə qəsd ilə kökələn heyvanın əti nazik və yağlı olduğuna çox ləzzətli olur.

Bir tərəfdən heyvanat (naxoş olmayan) yediyi xörək onun bədənində qana dönüb, sonra onun ətinə və qeyr əczalarına dönüb və bir tərəfdən heyvanat nəfəsini alır, yəni hava onun ağzına daxil olub öfkəsində qana qarışıb, qan ilə gedib bədənin əczalarına hava şamın piy və piltəsini yandıran kimi yandırır ki, bu yanmaqdan əmələ gələn tüstü qismində gözə görünməyən şey ağızdan rədd olur. Pəs heyvanatın kökəlməyinin iki səbəbi var: birisi xörəkdir. Gərək xörək çox və yaxşı olsun ki, çox xörəkdən ziyadə qan əmələ gəlsin və bundan əmələ gələn ət və qeyrə də çox olsun. Və birisi bədəni yanmaqdan mühafizət eləməkdir ki, bədən az yandıqcan ət çox olur.

Xörək çox olanda ət çox olmağı məlumdur, ona binaən bədəni yanmaqdan mühafizət eləmək heyvanın kökəlməyinə səbəb olmaqdan danışaq.

Heyvanın bədəni yananda hərarət əmələ gəlir ki, bu hərarətdən bədən isti olur. Bu hərarətin bir hissəsi bədənin hərəkətinə və bir hissəsi fikirdirasətə gedir. Pəs hərəkət və fikirdirasət artıq olsa ol qədr bədən artıq yanır.

Xülasə, bir heyvanı kökəltmək istəyəndə gərək onun hərəkətinə mane olmaq ki, bu tövr ilə bədəni yanmaqdan mühafizət edəsən və bir də gərək onu bir qaranlıq və havası təmiz olan yerdə saxlamaq ki, onun gözü görməsin, qulağı eşitməsin, yəni onu hər bir hərəkətdən ki, fikirdirastə səbəbdir, saxlamaq gərək.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Badkubəyə hökm gəlib ki, hər 110 ev bir süvari əsgər versin. Tamam Badkubə quberniyasından 800 süvari cəm olacaq. Və bir də Qafqazda zəxmdar olan əsgərlərə kömək etməkdən ötrü bina olan icmaa izin veriblər ki, Badkubə quberniyasında ehsan yığsın.

_______________

 

Məlumdur ki, təhmilat 2 qism olur: birisi əsil təhmilatdır ki, hər kəs bir qədərlənmiş məbləğ verir və birisi xərcdir. Məsələn, kağız pulu, tənbəki xərci və qeyrə. Yazırlar ki, İtaliya qəzetində bu təhmilatların barəsində bu şəkil çəkilib: bir kəniz əlində qayçı öz itini qırxır və ətəyini tük ilə doldurub bir nökər dalıycan bir qırxıb it durub belə danışırlar. Nökər deyir ki, mən öz itimi ildə bir dəfə qırxıram və əgərçi ol zaman mənim itim dad-fəryad edir, amma dincəlib rahat olur. Kəniz ona cavab verir ki, mən öz itimi həmişə mürur ilə qırxdığıma heç çağırıb bağırmır.

_______________

 

Aprelin 12-də cənab sərdari-Qafqaz belə hökm edib: əlahəzrət imperaturi-əzəm mənə verdiyi ixtiyara müvafiq hökm edirəm ki, bu gündən Tiflis, Kutais, İrəvan quberniyalarında, Suxum, Çernomor, Temruk uyezdlərində qanuni-əsgəriyyə iştənsin.   

_______________

 

Peterburqdan gələn tellərdən belə məlum olur ki, orada çap olunan qəzetlərin dördü bağlanıbdır, yəni dövlətə dəyən söz yazdığına onları çıxarmaq qadağan olub.

_______________

 

“Tiflisski vestnik”də çap olunan tellər:

Aprelin 16-də İstanbuldan. Osmanlı dövləti hökm edib ki, Osmanlı vilayətlə-rində sakin olan rus tabeləri çıxıb Rusetə getsinlət. Deyirlər ki, gələn həftə həzrət sultan özü Tunə əsgərinə və onun qardaşı vəliəhd Rəşid əfəndi Kars əsgərinə sərəsgər gedəcəklər.

17-dən. Bu gün Osmanlı əsgəri Qaradağ üstə yeriyib.

Parijdən 17-dən. Rus əsgəri Rumınya yerini keçib, Osmanlı sərhəddi Tuna çayının kənarına özü ilə 4 cəng lodkası gətirib ki, Tuna çayının üstə körpü salıb keçsin.

Londondan 17-də. İngilis dövləti iki general göndərib ki, birisi Osmanlının Tunə və birisi Kars əsgərində dövlət tərəfindən vəkil olsun.

Peterburqdan 19-da. Rusiya dövləti razı olub ki, Osmanlı dövlətinin Rusiyada sakin olan tabelərinin işinə İngilis dövlətinin vəkilləri baxsın.

Badkubəyə gələn tellər:

Gömrü 17-də. Rus əsgəri Kars şəhərinin cənubi tərəfində Zaim kəndinə daxil oldu.

Londondan 22-də. İngilis və Firəng dövlətləri məlum ediblər ki, Rusiya ilə Osmanlının arasında olan cəngdə heç bir tərəfə kömək etməyəcəklər.

23-də. Deyirlər ki, İngilis bərk tədarük edir, gəmilər Malta cəzirəsinə - ki, Ağ dənizdə vaqedir, – çox tüfəng-yaraq aparır.

Potidən. Şəhərə topatan Osmanlı gəmiləri keçib getdi. Osmanlı dövləti məlum edib ki, Qara dənizin kənarından olan rus yerlərinə top atdıracaq. Ona binaən oraya gedənə 3 və oradan çıxana 5 gün möhlətdir.

_______________

 

Keçmişdə Osmanlı Macarıstanı (Avstriya dövlətinin bir hissəsidir) qarət edib. Peşt şəhərinin kitabxanasının kitablarını aparmış imiş. İndi yazırlar ki, həzrət sultan ol kitabların bir hissəsini Peşt universitetinə, yəni məktəbxanasına bağışlayıb və Peştin studentləri, yəni tələbələri ol kitabları gətirənlərin pişvazının tədarükündədirlər.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Hər kəs özünü başqa qövmə oxşatsa, o elə həmin qövmdəndir.

[2] Gəl ki, indi sülh, barışıq və qayğı göstərmək vaxtıdır, bu şərtlə ki, daha keçmişlərdən söz açmayaq.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info