Qonaq Kitabı
17 mart Rusiya, sənə 1877

17 mart Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Bizə Badkubə poştuna salınan məxfi kağız göndərən kəs indi bizə həcv edib, onu Qarabağ poştuna salıb göndərib. Adına Hadiyül-Müzillin Qarabaği deyir. Çünki bir ləqəb ilə insanı tanımaq olmaz, ona binaən cənaba məlum edirik ki, özünün və atasının adını və sakin olduğu yeri yazıb məlum eləməsə, bizdə ol həcvi çap etməyə ixtiyar yoxdur.

 

DAXİLİYYƏ

 

Keçən nömrədə bizim xalqın tərəqqi etməyinə mane olan əşxaslardan danışan-da bizim müsəlmanlardan olan əmələcatdan qəsd ilə danışmadıq ki, indi onlardan əlahiddə danışaq.

Dövləti-Rus bizim vilayəti zəbt edəndən irəli bizim Qafqaz müsəlmanları öz avamlığından dünyada bəylikdən artıq xoşbəxtlik bilmədiyinə dövlət onlar üçün elm təhsil etməkdən ötrü bina elədiyi məktəbxanalara məhz bu qəsd ilə giriblər ki, oxuyub bəy olsunlar, yəni basıb-kəsmək ixtiyarını kəsb eləsinlər. Əlbəttə, belə bəylik axtaran kəs xalqın xoşbəxtlik fikrini çəkməz. Onun üçün pul gərəkdir ki, kef-damağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edib, öz bəyliyini zahir edə. Bu səbəblərə zikr olan əşxaslar ol məktəbxanalarda elm təhsil etmək acı olduğuna onu heç dadmayıb ancaq adətlərin dəyişdiriblər, yəni yeyib, içib, geyib, durub-oturmaqda özlərini xaricilərə oxşadıb, əslən elmdən bixəbər qalıblar.

Bir tərəfdən xalq bu əşxasların təzə adətlərini görüb onlardan millət üçün heç bir səmərə görməyib. Nə ki elm təhsil etməyə səy etməyib, hətta elm təhsil edən müsəlmanların hamısını kafir hesab edib, indiyəcən ol məktəbxanalara yavıq gəlmir. Bir tərəfdən məzkur bəylik axtaran kəslər işin belə olmağını özlərinin xeyri hesab edir, xalqın gözü açılmağa səy etməyib, öz adətlərini dəxi ziyadə dəyişdirib, hətta onların bəzi həqiqət yolundan bilmərrə çıxıb, belə bəd əməllər ilə xalqın elm öyrənmək yolunun qabağını kəsib, onun dəxi ziyadə avam olmasına bais olublar.

Bilirəm, bu sözləri oxuyub həzərat bizdən rəncidə-xatir olacaq. Amma, dustan, insaf deyil ki, qeyrilərin eybindən danışıb, öz eybimizi xalqdan gizlədək. Əlbəttə, bu halda bizlərdən 5 – 10 elm sahibi və millət təəssübü çəkən olsaydı, bizim millət belə qara günə qalmaz idi.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Çünki kənd əhlinin güzəranı əkin və ziraət ilə olur, onlar az olanda və ya heç olmayanda onlar üçün güzəran çətin olur, ona binaən Avropa vilayətlərinin hər bir kəndində camaat anbarı olur ki, hər kəs, yəni icmanın calisi öz hasilinin bir hissəsini oraya yığır. Bu anbardan hasil az olan ili hər calis borc ala bilir və qeyrlərə həm borc vermək olur və əgər məkulat anbarda çox olsa, onu satmaq da olur.

________________

 

Amerikada çəyirtgə çox zərər elədiyinə keçən fevralda əkinçilər və bəzi hükəma Olmağ şəhərinə cəm olub qət ediblər ki, ol quşlar ki, çəyirtgəni tələf edir, onları öldürmək qadağan olunsun və hər kəs çəyirtgə və onun toxumunu yığıb icmaya pişnəhad eləsə, onun qədərinə görə ona pul versinlər.

_______________

 

Avropa əhli çuğundur kökünü qaramala ələf yerinə yedirdirlər. Əlbəttə, onlar böyük olduqcan yaxşıraq olurlar. Ona binaən ingilis əhli elə çuğundur əmələ gətiriblər ki, onun hər bir kökü 45 girvənkə olur.

_______________

 

London şəhəri Temza çayının kənarındadır. Ol çayın lilindən ingilislər yağ çəkirlər ki, ol yağdan şam qayırıllar.

________________

 

İngilisin cəng gəmilərində təzə lodkalar qayırıllar ki, çadır kimi qatdalanır. Ona binaən, bir gəmidə çox lodka saxlamaq olur ki, dəryanın dayaz yerlərində onlar ilə iş görmək yaxşıdır.

________________

 

İngilisin Mançestr şəhərində bir karxana açılıb, mal gönündən at nalı qayırır. Yazırlar ki, bu nal yüngül olduğuna və isti-soyuqdan təğyir tapmadığına dəmir naldan çox yaxşıdır.

 

MƏKTUBAT

 

Kapitan qardaş, baş sənin, qılınc sənin, təziyə büsatı o dəlil ilə ki, sən danışırsan, xilafi-hökmi-şər və rəyi-üləmayi-millətdir. Rüsumi-təziyə hər vilayətin adətinə görədir. Kərbəlayi-müəllada, Nəcəfi-Əşrəfdə, Məşahidi-müqəddəsədə, Məkkə və Mədinədə, İranın paytaxt şəhərlərində, bəlkə dini-islama peyrəvilik edən dehatda baş çapmaq əsası yoxdur. Bəs nə qədər istəyirsən, başını çap. Əgər məhəbbəti, imam və şuri-təziyə ilə edirsən sən bil və iman (imam əsla belə qəbih əmələ razı olmaz) ki, heç kim səni mən eləməyəcəkdir. Amma millətlər içində məzhəbini rüsva edib baş çapmaq da şəraiti-islamdandır deyib, adına böhtan bağlama və xalq arasına ədavət salma. Bu od ki, biz düşmüşük, üfürməmiş alışır, bir yədi-qeyb gərəkdir ki, onu söndürə. Sair millətlər ölülərinə ağlasalar, biz dirilərimizə gərək ağlayaq. Nəzm:

 

Xəyali-xatirin hər ləhzə kim, könlüm xəyal eylər,

Belə fikri görər, hərgiz nə bir əhli-kamal eylər.

Təsaviyi-ədalət qoydu islam içrə peyğəmbər,

Müsəlmanlar buna hər dəm vifaq ilə misal eylər.

Namaz, cəmi-cümə, həcci-minayi-məscidü minbər,

Bunlar hamı məhəbbət tərzi-tərğibi-vüsal eylər.

Hünər əshabının əzmi qəmu tərkibi-əczadır.

Qərəz ərbabı hər dəm kövnü kanı hübb hal eylər.

Xəyali-ittihad ilə böyüklər keçdilər candan,

Kiçiklər xəlqara kini qərari-xud cəlal eylər.

Düşüb meydana bihudə özün əğyarə güldürmə

Ki, aqil kəs, belə karı yəqinimdir məhal eylər.

Bu feli-zişdi qıl təhqiq divani-şəriətdən,

Zəbani-mənlə kərrati-nəhy buxsal eylər.

Gər islami sevirsən, tut təriqi-rəsmi-insani

Ki, islamı küdurətdən bu ad safü zəlal eylər.

Müsəlman ol, müsəlman ol, murad oldur ki, insan ol,

Xilas ol bu cəhalətdən ki, ömrün az məcal eylər.

Görürdük ol zaman biz rütbeyi-islamı baladə

Ki, əhli-şiəvü sünni ikisi bir məqal eylər.

Məzahib vəz edən kin əhlinin mizani-əmalı

Gəlir əyri o gün kim, hökmi-rəbbi zülcəlal eylər.

Səmimi-qəlb ilə hər dəm çağırır mərdi-İrani

Ki, lal olsun o dillər kim, bu işdə qiylü-qal eylər.

Petrovski, martın 5-i. Heydəri

 

Əgərçi istəmirəm cənab Hadimül-Qəvaidə cavab yazım, çünki qəzet oxuyanlar müntəzir olur, lihaza ərz olur:

1) Qardaş, söz gərək filhəqiqə sidqi-səvab olsun, müstəme qəbul edə-etməyə. Şəxsi həkimin qövlünə nöqsanı yoxdur, necə ki, təbib gərək mərəzi bilsin, divanı müvafiq desin, məriz əməl etdi, ya etmədi, təbibin borcu deyil. Pəs qardaş:

 

Ma süxənra becayi-xud güftim.

Gövhəri bud səftəni səftim.

Gər nəyayəd beguş rəğbəti-kəs,

Bərrəsulan pəyam başədü bəs[1].

 

 

Sizin ləqəbinizdən və sərsam kimi danışdığınız sözlərdən məlum olur ki, naxoş olasınız. Hadimüzzat siz cənab ilə tez müamilə etsin ki, naxoşluğunuz başqa qardaşlara dəyməsin.

2) Əməl gərək ki, bir qanun və qayda ilə mütabiq olsun. Bax, yer üzündə olan millətlərin qanunlarına ki, ağıl, hikmət üzündən əksərin şəriətlərdən intixab ediblər. Hansı belə ibadət buyurub və on gəhi bizim 5 firqeyi-islam ki, aləmi-ittihadda beş barmaq kimidir əgərçi 4-ü bir tərəfdə və biri bir tərəfdə vaqe olan kimi, iki dövlət hesab olur, amma ittihad məqamında bir əldir. Bu mətləbdə dəlaili-hüsn darim, amma qəzetə münasib deyil.

Qəzet, bu beş firqənin hansı kitabında belə ibadət yazılıb ki, qəmə ilə öz başını çap ki, mən təziyədarlıq edirəm? Bəli, təziyədarlıq şiə camaatında artıq lazım və məlumdur, belə ki, imamlar buyurub məsacidi-məhafildə beş nəfər, ya beş yüz nəfər cəm olub zikri-müsibət edib ağlarlar. Tavana kəslər pul məsrəf etmək və fəqir qardaşlar o məcalisə hazır olmaq və xidmət etmək ilə feyziyab olurlar, bəlkə çox böyük xəvaninlər fəqir qardaşları cəm edib, süfrələri üstə oturub, onlara təam və şərbət, qəhvə vermək ilə həm təziyədarlıq və həm müvaxat əmələ gətirib və özləri fəqir qardaşlara xidmət edib, bəlkə başmaq cüft edərlər. Əlbəttə, bu əməli hər bir tayfa pəsənd edər və heç zişüur inkar edə bilməz, bərəks baş çapmağı heç bir zişüur pəsənd etməz.

3) Məni ehkami-şəriət bilməyib danışan və lazımül-tənbeh hesab edibsiniz və baş çapmağı haramlıqdan döndərib və mən yüəzzim şəairəllah[2] ayəsin baş çapmağa təvili etməkdən görünür ki, siz buyuran 74 firqeyi-islam natamamdır ki, 75-ci firqə olasınız. Bu surətdə gərək başınızı bədəndən cida edəsiniz ki, o gün seyyidüş-şühədanın başı bədəndən cida olub.

Baqi yazılacaq

____________________

 

“Mşak” qəzetinin münşisi müsəlmanları vilayətlərdən çıxarmağa çox təcil edir və özün ağıl və elm sahibi deyir. Ağıl və elm sahibi olan çox təcil etməz, işin axırına baxar. Əgərçi ermənilər elmdə tərəqqi həm edələr, müsəlmanları bu vilayətlərdən çıxartmaq müşkül və məhaldır... Ey bəsa arizu ki, xak şəvəd[3].

_______________

 

Bu il Gilanda qış olmadı. Nə göydən qar yağdı, nə yerdə bir qətrə buz dondu. Bu gün ki, səfər ayının 22-sidir, 15 gündür ki, ağaclar yaxşı gül açıblar. Kahu heç payızdan qurtarmayıb, həmişə yeyilir. Buranın əhli çox istəyir bilsin ki, qış belə olanda bahar necə olur və novğan üçün necədir?

Əhsənül-Qəvaid

                                                      ____________________

 

İnsan həmişə istəyir ki, gələcəyi bilsin. Bu səbəbə xalqın avamlığından nəfbərdar olanlar ulduzlara, ya suya, ya insanın əlinə baxmaq ilə və ya qeyri fal ilə xalqa, gələcəkdən xəbər verillər. Əlbəttə, bu xəbərlərin əsli yoxdur və əgər onların bəzi doğru olur isə, yəqin ki, bəzi olmayacaq, amma avam kəs doğru olanları görüb onların hamısına bavər edir. Belədə xalq gün-gündən ziyadə avam olur. Pəs hər sözü bavər etməyib, onu əqlə rücu etmək insanın tərəqqi etməyinə bais olur.

Havanın dəyişilməyindən meteorologiya elmi xəbər verir. Bu elm ilə qayrılan əsbablar ilə havanın dəyişilməyini 1 – 2 gün irəli bilmək olur, artıq olma. Amma elmi-ziraətə görə quraqlıq olan yerdə qışda yağınlıq olmaq əkin üçün, ələlxüsus, payızdan əkilən əkin üçün yaxşıdır ki, belədə yer nəmiş olur. Amma qış yağınlıq olmayanda, bahar necə olmağı bilmək mümkün deyil.

 

_______________

 

Zəkərtala şəhərindən yazırlar ki, bir dağıstanlı Əli adlı kişi saqqal və bığını naqqaş ilə didib, övrət libası geyib adını Nazlı qoyub, bir neçə ildir Zəkərtala şəhərində və onun ətrafında olan kəndlərdə qarabaşlıq edir və genə yazırlar ki, keçən noyabr ayında Çar qəryəsinin dəyirmançısı qız və gəlinlər dəyirmana gələndə onları görüb hərəkətə gəlməkdən özünü saxlamaqdan ötrü, bir iti bıçaq ilə istəyib özünü axtalasın, amma ol zaman qəşş edib onu bir gün bir gecədən sonra tapıb, divanxanaya göndərib, mərizxanada ona 3 ay müalicə edəndən sonra sağ olub.

_______________

 

Quba uyezdini Həsənqala kəndindən yazırlar ki, keçən fevralda ay tutulan zaman o kəndin əhli tüfəng atdığına orada sakin olan saldatlar elə fikir edib ki, onların üstə gəlirlər. Ona binaən tüfəng-yarağı götürüblər ki, cəng başlasınlar, amma əfsərlər xəbərdar olub, onları saxlayıb.

 

ELM  XƏBƏRLƏRİ

 

Necə ki, qarınca çox kiçik isə də, həmzəhmət olub özünə çox yaxşı yuvalar təmir edir, habelə insan da həmzəhmət olanda onun nəfi ziyadə olur.

Avropa hükəmaları bir həmzəhmətlik elmi bina edibləər, adını elmi-qənaət politika (politiçeski ekonomiya). Bu elm insan dünyaya gələndən bəri, onun həmzəhmət olmağına mülahizə edib, onu iki qism edir: əvvəlinci qism ki, Avropa əhli üçün qədim zəmanədə olub və bizim üçün bu halda vaqedir. İnsan, məsələn, ev təmir etməkdə həmzəhmət olub, belədə hər kəs bir işə məşğul olur. İkinci qism həmzəhmət olmaqlıq bu halda məhz Avropa əhlində vaqedir. Məsələn, saat qayırmaqdan ötrü 102 sənət var ki, hər sənətkar saatın bir hissəsini qayırır, ya gəncəfə kağızını 70 cürə ustad qayırır və ya sancağı 10 sənətkar qayırır ki, bu 10 adam bir gündə 47000 sancaq qayırır. Bavücudi ki, bir kəs bir gündə bir sancaq qayıra bilməz. Pəs Avropa əhlinin belə tərəqqisinə bir səbəb də onların həmzəhmət olmağıdır. Ona binaən ki, insan bir işə məşğul olanda, o iş nə qədər az olsa, ol qədər insan ona artıq adət edir və bu səbəbə onu çox tez əmələ gətirir.

Nəcəf Vəzirzadə

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Tiflisdə olan at divanxanası məlum edir ki, bu il oktyabr ayında Tiflis şəhərində at çapılacaq. Hər kəs at necə çapılmağı və o atları necə saxlamaq xəbərini zikr olan divanxanadan bilə bilər.

_______________

 

Zəngan şəhərinin 4 ağaclığında Gavənd adlı qəryədə tapılan qızıl mədəni xüsusunda çox danışıq var. Kimi deyir ki, dövlət bəzi vahimələr eləyir, istəmirbu iş məlum olsun. Mədəndə qızıl ərinmir, necə pünhan yüklənib Tehrana gedir. Əminüs-Sultan deyilən şəxs ki, bu əmələ məmurdur, mədəndən bir qədər fasilə çadır qurub, gecə qızılı tapan kişinin və qeyr fəhlələrin ayağın buxovlayıb, gözün bağlayıb, oraya aparıllar. Səhərə yavıq gətirib, buxovun və gözün açıb, mədənin yolun basdırıllar. Kimi deyir ki, qızıl tapan kişinin hər gündə ayağın bağlayıb döyürlər və istəyirlər ki, onun başın kəsinlər. Amma bəzi deyir ki, kişiyə ildə beş yüz tümən məvacib verillər. Xülasə, danışıq çoxdur. Amma hamı deyir ki, qızıl çox çıxır. 100 misqal mədəndən 93 misqal xalis qızıl əmələ gəlir.

_______________

 

“Mşak” qəzeti həmişə yazır ki, Osmanlı dövlətinin zülmündən ermənilər qaçıb Rusiya vilayətinə köçür və bir dəfə yazıb ki, filan günü bir böyük dəstə erməni baş-açıq, ayaqyalın Gömrü qalasına gəlib. İndi ermənilərin qeyr qəzetlərinə Gömrü qalasından yazırlar ki, bu xəbərin heç əsli yoxdur və indiyəcən Gömrüyə bircə də erməni gəlməyib.

_______________

 

Rusiya dövlətinin yəhudi tabelərinə ixtiyar yoxdur ki, hər bir şəhərdə sakin olsunlar, o cümlədən bizim Qafqaz şəhərlərində. İndi “Tiflisski vestnik” qəzeti yazır ki, Tiflisdə sakin olan yəhudilərə polisəxana məlum edib ki, gərək Tiflisdən çıxıb getsinlər.

________________

 

“Kavkaz” qəzeti yazır ki, Dağıstan əhlindən cəm olan əsgərə Zəkərtala okruqu 400 adam verəymiş, o cümlədən 1000 ev Car kəndi 13 adam. Onlar əsgər verməyə razı olmayıblar ki, öz xahişi ilə istəyən getsin. Bu səbəbə cənab sərdar Dağıstan divanxanalarının hakimi general Frankiniyə hökm edib ki, 2 batalyon soldat və bir batareya top ilə gedib onlara nəsihət eləsin. General əsgər ilə Car kəndinə gələndə kəndin əhli onları öyrədənləri tutub, ona verib və 13 adam əvəzinə 30 adam əsgərə verib.

_______________

 

İstanbuldan yazırlar ki, məclisi-ümumin calisləri hər vilayətdə intixab olub. Bu martın 13-də məclis açılacaq. Çünki dövlət üçün əsgər saxlamaq çətindir, ona binaən zikr olan məclis gərək qət eləsin ki, dava olacaq, ya olmayacaq.

_______________



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info