Qonaq Kitabı
3 mart Rusiya, sənə 1877

3 mart Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Cənab Vəkili-naməlumi-millətə ərz olunur ki, siz kapitan Sultanova yazdığınız cavabı binöqsan çap etməyə nə ki, məsləhət, hətta izin də olmadı. Ona binaən ki, söz çox doğru və aşkar idi və əgər cənabınız izin versəniz, onun üstə bir nazik pərdə çəkib çap elədərik.

_______________

 

Peterburqda olan ot toxumu füruş edən mağazalar ilə yazışıb biz müştərilərə məlum edirik ki, hər kəs ot toxumu, məsələn, tənbəki, kələm, kartofel, qarpız və qeyrə istəyir isə onun hər bir qismini gətirdə bilərik. Ona binaən bizim vilayətdə olmayan otların toxumunu xahiş edənlərdən iltimas edirik ki, əgər onları becərməyə məqdur isələr, yazıb bizə məlum eləsinlər.

_______________

 

İstanbulda fars dilində “Əxtər” qəzeti bu il genə çap olunur. Onun ikinci nömrəsi quyruğu, qulağı kəsilmiş gəlim bizə vüsul oldu. Ondan məlum olunur ki, zikr olan qəzet həftədə 2 dəfə çıxır, qiyməti 10 manatdır. Rusiyada sakin olanlardan hər kəs onu gətirtmək istəsə pulunu Tiflis şəhərinə hacı Rəhim taciri-İrəvaninin üstünə göndərsin.

 

DAXİLİYYƏ

 

Qəzet çap edən gərək bəistilahi-türk cümləqayğı olsun, yəni xalqın dərdini və onun əlaclarını yazıb məlum eləsin ki, anlayan əşxaslar əlacpəzir olsunlar. Çünki bu sözlər xalqın avamlığından nəfbərdar olanlara xoş gəlməz, ona binaən bir tayfa ziyadə avam olduqcan onun üçün qəzet çıxarmaq ziyadətər çətin olur. Ol səbəbə ki, belədə qəzet oxuyanın çoxu xalqın avamlığından nəf görən olduğuna xalqın gözünü açan və milləti irəli salan sözü danışmaq olmaz. Bu halda biz bu dərdə mübtəlayıq. Məsələn, bizim Quba uyezdində bir Seyid kəndi var. Bir neçə yüz ev ki, hərə bir eşşək və bir xurcun ilə il uzunu kəndləri gəzib xüms yığmaq ilə zindəganlıq edir və əgər bir kəs deyə ki, bizim şəriətdə belə deyil ki, xüms bu tövr yığılsın və məhz belə adamlara verilsin və zikr olan kəndin əhli yaxşı olurdu ki, eşşək əvəzinə öküz saxlayıb qeyr kəndlərin əhli kimi əkin və ziraət eləsin, tamam seyidlər ona lənət oxuyar və ya bir kəs deyə ki, təziyeyi-imam Hüseyn gərək təziyə olsun, nəinki adın təziyə qoyub əza saxlayan müsəlman qardaşlarımızın bədəni, vücudu və bəzi cühhallarının əzası şəhadət verir, bəd fellər əmələ gətirmək ilə və gecələr məclis bərpa eləmək ilə və o məclisdə naməqbul işlər ilə və faxir libasi-ənən-sənən və zükurən və bəzi şadyana və cahilanə və namərbut sözlər ilə, ol vaxtda hərə bir tərəfdən dəyənək çəkib onun üstə yeriyir ki, sən dini-islamı zay etmək istəyirsən. Və ya bir kəs deyə ki, mürid bəizaqi-həqq, amma  xalqa domba-laq aşdırıb onu sərgərdan qoyub rüsvayi-cəhan etmək nə lazım? – tamam müridlər ona kafir deyər.

Xülasə, sağ tərəfdə baş çapanların vəkillərinin dəyənəyini, sol tərəfdə seyid və müridlərin lənətini, qabaqda mollaların, mərsiyəxanaların və qeyrə dad-fəryadını görüb, qəzet çıxardan labüdd qalıb gərək dal tərəfə yerisin, yəni ya qəzeti mövquf eləsin və ya zikr olan əşxasların könlünə münasib danışsın. Doğrudur, ol əşxaslar-da insaf olsa, onları mürur ilə iş üstə gətirmək olur, amma vay odu ki, onlarda insaf da olmaya və bu səbəbə heç danışa bilməyib cəhənnəm oduna yanan kimi bu dərdin oduna yanasan.

Ey zikr olan əşxaslar, bunu fəhm edin ki, sizin dolanacağınız xalq ilədir və diriliyiniz onun diriliyinə mövqufdur və necə ki, insanın qarnında zindəganlıq edən qurdlar insan yediyi xörək ilə dolanır və insan vəfat edəndə onlar həm vəfat edir, habelə siz xalqın qanını sorub, onu puç edib, özünüz həm puç olacaqsınız. Pəs, çünki çox yemək adamı az yeməkdən qoyar imiş, belədə insaf yaxşı deyilmi?

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Avropa vilayətlərində əkin yerin maşın ilə şuxm etmək məlumdur. Lakin bu maşın ağır və baha olduğuna onu çox adam iştədə bilmirdi və bir də maşın sahibi onu bir yerdə qurub məhz ol yeri şuxm edə bilirdi. Onilə qeyr yeri şumx etmək məqdur deyil idi. İndi İngilis vilayətində təzədən bir maşın ixtira ediblər ki, onu bir yerdə qurub sonra qeyr yerə də aparmaq olur, özü çox ağır deyil, qiyməti 3 min manatdır. Onilə 3 saatda bir desyatin yer şuxm etmək olur.

Amerikada taxılı biçməkdən ötrü bir təzə maşın qayırıblar ki, onu biçəndən sonra özü dərzlərini də bağlayır. Bir fəhlə maşını sürməyə bəsdir, amma gərək onun dalıncan 12 fəhlə gedib, maşın biçib bağladığı dərzləri yığıb taya vursun. Bu maşın hər gündə on beş saat işləyib 480 desyatin yeri bir həftəyə qurtarır. Bunilə buğda biçməyin xərci, əl ilə biçməkdən birə-beş azdır.

________________

 

İngilis vilayətində qoyun qırxmaqdan ötrü bir maşın qayırıblar ki, onilə bir adam bir saatda on altı qoyun qırxa bilir.

_______________

 

Məlumdur ki, buğdanı saralandan sonra biçirlər. Amma indi olunan imtahanlardan belə məlum olur ki, onu bir az irəli biçmək dəxi yaxşıdır. Belədə onun danələri heç tökülmür, lakin buğda özü, onun bəlimi, samanı saralmış buğdanınkından yaman olmur.

_______________

 

Əkin yeri sulanır isə gərək onu duzlayasan və su gələn tərəfini bir az hündür edəsən ki, su axsın. Bizlərdə yeri suya basdırırlar, amma belədə yerin bir tərəfinə az və bir tərəfinə çox az dəyir və bir də belədə su axan zaman torpağı apardığına yeri nahəmvar edir və əkinə lazım olan şeyləri aparıb ol yerin ayağını qüvvətli edir, amma başını qüvvətdən salır. Ona binaən bir yeri düşəndə bir suya basdırmaq olur ki, onun zəhməti azdır, amma həmişə basdırmaq olmaz.

Qeyr vilayətlərdə bir neçə tövr ilə əkini suluyurlar. Əzon cümlə su gələn tərəfdən 10 – 15 sajın bir-birindən aralı kotan ilə arxlar qayırırlar ki, onların başı, yəni su gələn tərəfi dərin və ayağı, yəni əkin yerinə çıxan ucu dayaz olur. Bu arxlara birdən suyu buraxanda gedib onların ayağından çıxıb, mürur ilə əkini basır və ya əkin yerində kotan ilə köndələn kiçik arxlar qayırıb (bir-birindən 3 – 4 arşın aralı), onları su ilə doldururlar. Belədə su arxlardan çıxmayıb yerin altı ilə gedib əkini suluyır.

_______________

 

Paltardan ləkəni bu tövr ilə çıxarmaq olur:

1) Qənd, yapışqan, qandan əmələ gələn ləkəni su ilə yumaq ilə, amma gərək qənd və yapışqan ləkəsini isti və qan ləkəsini soyuq su ilə yumaq.

2) Yağdan əmələ gələn ləkəni əgər paltar sadə parçadan isə isti su və sabun ilə yumaq ilə, əgər boyanmış pambıq ya yun parçadan isə isti suda ərimiş sabun ilə və əgər boyanmış ipək parçadan isə benzin, yəni təmiz neft cövhəri ilə, ya yumurta sarısı ilə, ya mel, yəni ağ torpaq (uşkolalarda iştənən) ilə yumaq ilə.

3) Yağlı rəngdən, lakdan və smaladan əmələ gələn ləkəni əvvəl gərək benzin ilə və sonra sabun ilə yumaq.

4) Stearin şamından əmələ gələn ləkəni gərək spirt ilə yumaq.

5) Qırmızı şərabdan, meyvə suyundan və qırmızı mürəkkəbdən əmələ gələn ləkəni, əgər paltar sadə parçadan isə o, ləkəni əvvəl kükürd yandırıb onun tüstüsünün üstə bir az tutub dərhal su iləyumaq ilə və əgər boyanmış parçadan isə, isti suda ərinmiş sabun ilə yumaq ilə.

6) Dəmir pasından və rus mürəkkəbdən əmələ gələn ləkəni turşu, məsələn, lumu turşusu ilə yumaq ilə.

7) Neftdən, qırdan əmələ gələn ləkəni sadə paltardan sabun ilə, boyanmış pambıq və yun parçadan ol ləkəni əvvəl piy ilə sürtüb, sonra sabun və skipidar ilə yumaq ilə, boyanmış ipək parçadan da əvvəl piy ilə sürtüb sonra sabun və benzin ilə. Amma lazımdır ki, belə ipək parçanı altından yuvasan, üzündən yumuyasan.

 

MƏKTUBAT

 

Görünür, Qafqaz müsəlmanlarının təqdirən Vəkili-naməlumu ancaq əbcəd səbqində ikən bir kamal hasil edib, indi məəttəl qalıb ki, xalq nə dilində və hansı müəllim ilə pərvəriş olsun. Ona binaən bizim millətin elm təhsilini cənab Vəkilə izhar edirik: elməl-təsrif, nəhv, məan, əruz, əlkəf, məntiq, ibadət, ilahiyyat, təsrif, əxlaq, yəqiq, səqayiq, üsul, fiqh, əhkam, ədəbiyyat, hesab, cəbri-müqabilə, riyazət, hikmət, həndəsə, təbiə...

Bu elmləri yunan əhlindən sonra ərəblər kamala yetirib. Onlardan sonra Avropa əhli bu elmlər ilə pərvəriş alıb nə mərtəbəyə yetişməkləri aşkardır. Pəs məlum li, müəllim və müsənniflər var və zikr olan elmlərdən mürur ilə bəhrəmənd olmaq müşkül deyil. Bizdə ittifaq və Vəkilimizdə həmiyyət olsa, bizim əsrdə olan mütərcimlər ərəb kitabların fars və türk dilinə tərcümə edib bizim üçün asan edərlər. Ələlxüsus bu halda ki, qeyri məmləkətlərdə xəlayiq ittifaq olub ərəb, türk və qeyr dillər ilə pərvərşir verməyə məktəbxanalar bina ediblər. Məsələn, məktəbi-sənaye, təbiə, mülkiyyə, rüşdiyyə, bəhriyyə, hərbiyyə, edadiyyə...

Əlbəttə, bu məktəblərdə pərvəriş olanlar bisavad və sənət olmazlar, amma bizlər Rusiya dövlətinin təhti-himayətində şakər ola-ola məkatibi-məzkuriyyələr-dən birisinin icadına himmətimiz olmamaq, cavanlara zülm, bizlərə eyib və Vəkilimizə ar deyilmi? Qafqaz vilayətinin bizim kimi nadanları milləti-islamı günü-gündən zəif edən sünni, şiə və qeyr iddiaları araya salıb ittifaqi-milləti fəramüş edib, özgə millətlərin elm-kəmalına və sənəti-əsasına mütəhəyyar qalan zaman bircə “Əkinçi” qəzeti xəlaiqin ittifaqına bais olur və bu əsnada Vəkilimizin tənəsi, yaxamızdan əl çək, rəvadırmı? İxvani-xeyirxahi-millətlərdən iltica olunur ki, zikr olan moizeyi-bisəməriyə guş tutmayıb, hər növ ilə xəlaiqin tərbiyyət almağına bais olsunlar.

Dərbəndi

 

Cənab Hadimül-Qəvaid 3-cü nömrədə baş çapmağın şəriəti-mütəhhərədə caiz və savab olduğunu sabiq etdikdə bəzi dəlaili-namünasiblərə cəng vurubən onu da sair vacibitaət və ibadətlər kimi taətüllah cümlələrindən hesab edibdir. Bavücudi-in ki, şəriəti-Məhəmmədiyyə o qism hərəkatların vəla tülqu bieydiküm ilət-təhlükəti[1] ayəsinin məfhumuna mütabiq haramlığına hökm və ona mübaşir və məşğul olan əşxasları füsəqalar cümləsinə daxil qılıb zəmm eləyibdir.

Cənab Hadimül-Qəvaid, aya hansı dəlillərə müstəmsik olub, baş çapmağın şəriətdə caiz olduğunu sübuta yetirdikdə cürbəcür böhtanları qəvaidi-şəriədən müstəhzər olmayıb cari edirsiniz?

İndi məlum olur ki, bizim milləti-islamın həmişə gümrah və zəlalətə düşməyi-nə belə böhtanlar və nahaqq fitvalar ümdə səbəb olublar. Hərgah bizim millət də sair millətlər kimi elm və kamal və mərifət kəsb və təhsil etməyə məşğul olseydi, o surətdə bəzi qasürül-əql olan əşxasların əqlən və şərən qəbih və qələt olan sözlərinə qulaq asıb zəlalət biyabanında sərgərdan qılmazdılar. Əlavə məcmui-üqəlamiz səy və kuşiş edirlər ki, bir növ hər cəhətdən ədavət və inadı iki islam tayfalarının arasından götürüb ümuratı sədaqət ilə keçirtsinlər və lakin siz bəzi kinayəamiz sözlər yazdıqda bu ədavətin dəxi də izdiyadına bais olursunuz. Bizim müsəlmanların tərəqqi məqamında olmağına əvvəlinci illət ol ədavətdir və bunun baqi olmağına səbəb o qism kinayə sözlərdir. Mərhəba millət xüsusində səy etməyiniz! Amma heyf ki, təksiz, hərgah siz kimi iki nəfər də olseydilər, milləti-islam dəxi ziyadə rövnəq tapardı.

Məhəmmədəli İsna əşəriyi-Səlyani

 

                                                       

 

Həsən bəy, fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və küll ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək. Əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacından təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədri-məclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən, proyektini olara oxu və ağlın kəsən dəlailindən məktəbxana açağın vücubunu olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər, bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlinci üzvləri bu on iki nəfər olsun. Sonra olar başqa kəslərdən öz təvəssütlərilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən hər şəxsdən yüz manat təmənna etmə, əlli təmənna et ki, kompaniyaya versinlər və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahi et. Hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa, qəzetində yaz elan et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin.

Vəkili-naməlumi-millət

 

Cənab Axund Molla Cavad, sədri-məclisi-ruhaniyə ərzi-salamdan sonra məlum olunur ki, bəndə Vəkilimiz buyurduğu kimi proyekt hazır eləmişəm. Ona binaən cənab axunddan təvəqqə edirəm ki, vilayətimizin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər cəm edib bəndənin mənzilinə təşrif gətirsin və ya onları bir qeyr yerə çağırıb mənə məlum eləsin ki, gəlib zikr olan proyekti onlara oxuyum.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Osmanlı dövləti serblər ilə sülh edib, bu şərtlər ilə: 1) Serblərdə ixtiyar yoxdur ki, təzədən qala tikdirsinlər və Osmanlı sərhəddində olan Aleksanas və qeyr qalaları gərək dağıdıb tələf eləsin. 2) Serb torpağında Osmanlı dövlətinə düşmən olan icma bina ola bilməz. 3) Keçmişdə olan kimi Belqrad qalasının üstə Osmanlı baydağı asılsın və bundan savayı Serb verən xərcin qədəri və Serbistandan Osmanlı apardığı dəmiryollar barəsində əlahiddə danışıq olacaq və bir də Osmanlı dövləti deyib ki, dövlət öz bərabəri ilə sülh edir. Çünki Serb əlahiddə dövlət deyil, ona binaən həzrət sultan öz fərmani-hümayunilə o şərtləri Serb əhlinə ənam edib, onların knyazı Milanı knyazlıqda təsdiq edib.

_______________

 

İngilis dövlətinin vəzirlərinin – ki, Osmanlı tərəfini saxlayırlar, - düşmənləri ümid olmuşdular ki, İngilis dövlətinin millət məclisi açılanda xalq onları xaric edəcək. Amma indi gələn tellərdən məlum olur ki, o məclisdə olan danışıq Osmanlı xeyrinədir və vəzirlərin düşmənləri dəxi danışmırlar.

_______________

 

“Tiflisski vestnik”də çap olunan tellər: Parijdən fevralın 17-də. Deyirlər ki, ingilis dövləti təvəqqə edəcək ki, Osmanlı dövləti özü qoyduğu qanunlara əməl edincən qeyr dövlətlər onun işinə qarışmasın və genə Qaradağ sərhəddində olan Osmanlı tabeləri meriditlər təzədən bunt ediblər və genə İngilisin cəng gəmiləri Osmanlı dəryalarından çıxıb Malta cəzirəsinə gediblər.

Fevralın 21-dən. Belə məlum olur ki, Osmanlı dövləti xahiş edir Rusiya dövlətinə desin ki, sərhəddə cəm olan əsgəri əldən qoysun və genə general İqnatyev, gözüm ağrır müalicə edəcəyəm, – deyib Berlin şəhərinə gedib, oradan Parijə və Londona gedəcəkdirlər. Onun muradı budur ki, Avropa dövlətlərinə məlum eləsin ki, əgər onlar Parij sülhnaməsini ki, onlar Osmanlıya zamin olublar, bərhəm etsə, Rusiya əsgəri əldən qoyacaq. Qaradağ ilə sülh hələ olmayıb, təzədən 21 gün möhlət olub ki, dava olmasın və bu halda İstanbulda sülh barəsində danışıq olur.

_______________

 

Peterburqdan “Bakinski izvestiya” qəzetinə yazırlar ki, Badkubədə qayrılan neft cövhəri günü-gündən qiymətdən düşür və buna səbəb oldur ki, Amerika cövhəri çox təmiz olduğuna hamı onu iştədir, əgərçi o, Bakı cövhərindən baha satılır.

_______________

 

Osmanlı dövlətinin Tehranda olan vəziri-muxtarı fevralın 27-də Badkubə şəhərinə gəlib, burada iki gün qalıb, Qafqazdan keçib İstanbul şəhərinə gedəcək ki, orada ona vəzirlik veriblər.

________________

 

Deyirlər ki, Badkubə qubernatoruna kağız gəlib ki, Badkubə quberniyasının şəhərlərində bu yavıq zamanda şəhər qərardadı qoyulacaq.

_______________

 

Quba şəhərindən yazırlar ki, boyaq sınandan sonra Quba şəhərində oğurluq çox şiddət edib. Bu yavıq zamanda bir neçə adam gedib ki, bir evi qarət etsin, mümkün olmayıb. Ol vaxtı onlar bir bəd pişiyi tutub gətirib haman evin bacasından içəri atıblar. Pişik buyan-oyana qaçdığına sahibi-xanə qapını açıb ki, pişik çölə çıxsın. Bu halda oğrular içəri daxil olub, evi qarət ediblər və genə Quba uyezdinin kəndlərinin birisindən yazırlar ki, Quba şəhərində “Əkinçi”nin müştərisi az olmağa bir səbəb də budur ki, keçən illər uyezdni naçalnik kənd əhli üçün gətirdiyi qəzetləri onlar qabaqcan oxuyub, sonra kənd əhlinə göndərirdilər və indi genə ümiddirlər ki, keçmişdəki kimi müftə qəzet oxuyacaqlar və gözləyirlər ki, naçalnik kənd əhli üçün qəzet gətirtsin.

_______________

 

“Əxtar” qəzeti yazır ki, keçən məhərrəm ayının 9-can komisyon ianeyi-hərbiyyəyə 40 milyon quruş vəchi-ianə və imdadiyyə təslim olub və genə bir ingilis zikr olan komisyona 378 quruş əsakiri-osmaniyyənin qış paltarından ötrü verib və genə yazır ki, Osmanlı əsgərindən zəxmdar olanlara ianət etməkdən ötrü London şəhərində bir cəmiyyət bina olub ki, keçən məhərrəməcən 6500 lirə cəm edib.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Öz əlinizlə özünüzü təhlükəyə salmayın.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info