Qonaq Kitabı
22 dekabr Rusiya, sənə 1876

22 dekabr  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

 

Gələn il qəzetimiz genə 2 həftədə bir çıxacaq, qiyməti 3 manat olacaq. Ona binaən məlum edirik ki, onu xahiş edən, il qurtarmamış onun qiymətini bizə göndərib, öz ismini və sakin olduğu yeri məlum eləsin.

 

DAXİLİYYƏ

 

Məlumdur ki, insan işləməkdən yorular və yorulan dincəlmək istər. Bu səbəbə qədim zamandan hər bir tayfa həftədə 6 gün işləyib, bir gün dincəlir və bu bir gündən başqa tayfanın bayramı olur ki, ondan həm murad dincəlməkdir. Şərabı halal hesab edən tayfaların belə bayramı çoxdur ki, bu günlər onlar kef-damağa məşğul olurlar. Çünki bizim müsəlman məzhəbində şərab qadağandır və şərabsız kef olmaz, ona binaən bizim bayramımız da çox azdır və onlardan murad kef deyil. Məsələn, bizim qurban bayramından murad bu deyil ki, xalq qurban kəsib onun ətini yeyib kef-damağa məşğul olsun, onun bir əsli, muradı həm var ki, qurban bayramını qeyri bayramlardan artıcaq şərafətli edir. Qurban günü tavana müsəlmanlar Məkkəyə cəm olur, bir yerdə ziyarət edib, bir-birinə öz dərd-qəmlərindən xəbər verillər. Yəni qurban bayramının artıcaq şərafətli olmağına səbəb oldur ki, bu bayramda olan ziyarət ittihadi-islama baisdir. Pəs Məkkəyə getməkdən murad bir bu deyil ki, gedib ziyarət edib qayıdasan. Lazımdır oraya cəm olan müsəlmanları görüb əhvalpürsan olub öz qardaşlarını tanıyıb biləsən. İndi, qardaşlar, sizdən bir sual edirəm: heç bizim Məkkəyə gedənlərdən bu səfərin əsli muradına əməl edən varmı? Haşa, heç kimsə buna əməl etmir və edə bilməz. Biz elə avam olmuşuq ki, nə ki, qeyri tayfaları, hətta öz qardaşlarımızı tanıyıb bilməyə qadir deyilik. Pəs, qardaşlar, məktəbxanalar bina edib oxuyun ki, heç olmasa öz qardaşlarınızın dilini öyrənib, müsəlmanlığın əvvəlinci şərtlərindən birinə, yəni Məkkəyə gedib müsəlmanların ittihadına əməl edə biləsiniz, yoxsa bizim gözəl qurban bayramı və Məkkə səfəri özünün əyninə geyilən faxir libasa oxşayır.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Əkin yerin qüvvətli edən şeylərin hamısından quş fəzlatı (nəcisi) qüvvətlidir. Ona binaən Avropa vilayətlərinin bəzi yerlərində göyərçin, toyuq və qeyri quşlar saxlayıb onların fəzlatı ilə alış-veriş edirlər. Məsələn, Firəngistanın şimal tərəfində vaqe olan Pade-kale vilayətində kənd əhli göyərçin saxlanan hinləri Hollandiya əhlinə icarəyə verir. Hər 900 göyərçinin hinini ildə 50 manata ki, bu qədər göyərçinin ildə 300 puda qədər fəzlatı olur və onilə bir desyatin yeri yaxşı qüvvətli etmək olur. Quşlardan qaz və ördək fəzlatı duru olduğuna elə qüvvətli olmaz. Fəzlatı əzib narın edib, əkin yerin şuxm edib, toxmlayıb, oraya çəkib, sonra malalayıb onu yerə qarışdırıllar və ya əkin göyərəndən sonra onun üstə səpirlər. Quş fəzlatı nəmiş yerdə yaxşıdır, quraqlıq olan zaman nə ki ondan nəf olmaz, hətta zərər olur. Bəzi cəzirələrdə su quşunun fəzlatı, sümüyü və qeyrə keçmiş zamandan yığılıb qalıb ki, bu şeyə quanı deyirlər. Bu şey bəzi yerdə ol qədərdir ki, ondan dağlar əmələ gəlib. Quanı təzə fəzlatdan da qüvvətlidir. Onun 35 pudu bir desyatini yaxşı qüvvətli edər, amma həmçinin quraqlıqda zərər edər. Bizim Badkubə dəryasının şərqində olan cəzirələrdə quanı var.

 

MƏKTUBAT

 

Yazıldı Moskva şəhərindən noyabrın 9-da

 

Burada çoxdan qış düşüb. İndi yerin üzündə yarım arşın qar var. Məzanül-hərarət (termometr) alətinin civəsi nöqteyi-incimaddan 15 dərəcə aşağı düşür, yəni 15 dərəcə soyuq olur. Ona binaən ərradə əvəzinə kirşələr işə düşüb.

Şəhərimizdə cəng xəbərindən başqa xəbər yoxdur. Dövlət bangının qapısında xalq basabas ilə təzə kağız pulu alır. Tacirlərimiz padşahi-imperaturi-əzəmə ərizə göndəriblər ki, onlar cəng olsa 5 ilin müddətində tacirlik xərcini birə-bir artıq verməyə hazırdırlar. Hər tərəfdə əsgər cəm olur. Sərhədə gedən dəmir yolları mal və minik götürmür, məhz əsgər aparır. Buradan gedən əsgər Bessarabiya vilayətində Tunə çayının kənarında Kişinyov və Bender şəhərlərinə cəm olur ki, orada padşahzadə Nikolay Nikolayeviç sərkərdədir. Deyirlər bu əsgərlərin müqabilində Əbdülkərim paşa olacaq və bir də Qafqazın sərhəddində Gömrü qalasına əsgər cəm olur ki, ona sərkərdə knyaz Loris-Məlikovdur və bunun müqabilində deyirlər Əhməd Muxtar paşa olacaq. Xülasə, küçə və evdə ancaq dava sözü danışılır. Havadan dava iyi gəlir. Burada təəccüb edirlər ki, Qafqazda iki milyonacan müsəlman var, amma bunilə belə bircə qəzeti də dolandıra bilmir və halonki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var. Əlbəttə, bu barədə bizim kənd əhlində taxsır yoxdur, mən keçən yayda onların çoxu ilə danışmışam, onlar hazırdır əli qabara-qabara, üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirsin. Amma çifayda kənd əhli poşt adını eşitməyib və qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar. Əgərçi özləri üçün qəzet gətirdən bəyzadələrin hesabını bilmirəm, amma bunu bilirəm ki, bizim Qafqaz gimnaziya üçün pul cəm edənlərə onların çoxu cavab verib ki, biz niyə pul verək? Bizim ki, oğlumuz yox oxuya. Pəs biz pul verək ki, xalqın uşağı oxuyub adam olsun?... Belə cavab verəndən millət təəssübü çəkən və “Əkinçi”nin mənzurunu qanan olarmı?

Əsgər Gorani

________________

 

Noyabrın 27-də Moskva şəhərindən. Bu günlərdə Qarabağdan mənə iki dəftər göndəriblər: birisi cənab Mirzə Ələsgərin qəzəliyyatı və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır.

İnşayi-Mirzə Mehdi 22 vərəq üstə tamam olub. Mirzə Ələsgərin inşası dəxi ziyadədir. Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!... Ey Ağa Mirzə Mehdi, fədayət şəvəm[1], atanın pambıq atan olmağı oğula nə eyb edər? Bizim əyyamda xanzadəlik, bəyzadəlik ağıl və elm ilədir. Firəngistanın Prudon adlı hükəması deyib: mən fəxr edirəm ki, mənim yeddi arxa ata-babam rəiyyət olub.

Ey Ağa Mirzə Ələsgər, bu qəzəldən çifayda ki, demisiniz:

 

Bu nə naz, bu nə qəmzə, bu nə işvə, nə rəviş.

Bu nə qaş, bu nə gözdür, bu nə sərvi-xoş yeriş...

 

Bu həcvlərin barəsində artıq danışmağı özümüzə eyb hesab edib zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir, ondan nə bizə və nə bizim övladlarımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür.

Nəcəf

________________

 

Dərbənd şəhərindən yazırlar ki, Kurə nahiyəsinin Yuxay məqəh qəryəsinin sakini Salman Osman oğlu tülkülər üçün tələ qurub çox tülkü və qeyri heyvan tutb, onların dərilərindən ziyadə mənfəətbərdar olur. Bu səbəbə qeyri tələçilərdən birisi-Qara bəy Seyid oğlu ona paxıllıq edib xahiş edib bir yaxşı tələ bağlaya və çox fikir-xəyaldan sonra gecə ikən gedib ki, Salmanın tələsinə baxıb onun kimi qayırsın, amma tələyə dəyəndə tələ açılıb və onun əli tələyə düşüb sınır. Onun fəryadına camaat, o cümlədən Salman özü gəlib onu tələdən xilas edib.

Kurə nahiyəsinin Aşağı Qartas kəndində Gözəl ağa adlı övrət keçən noyabr ayının əvvəlində dörd nəfər oğlan uşağı doğub, amma onların hamısı bir neçə gündən sonra mərhum olub.

 

ELM  XƏBƏRLƏRİ

 

Bizlərdə qara mala duz verillər ki, kökəlsin. Amma indi Firəng hükəması Busenqo belə imtahan edib: üç malın xörəyinə bir neçə müddət duz qarışdırıb və üç mala duzsuz xörək verib, sonra onları çəkib məlum edir ki, duz yeməkdən heyvan kökəlmir, amma duz heyvanın iştahını açır. Ona binaən onu xarab olmuş yemə də vuranda heyvan belə yemi yeyir, lakin duz çox olsa, heyvanı isal edər.

_______________

 

Bu halda Firəngistanın böyük şəhərlərinin ətrafında çox palıd meşəsi salıblar. Buna səbəb oldur ki, palıd meşəsində dombalan yaxşı əmələ gəlir və dombalan yaxşı qiymətə gedir. Məsələn, bir desyatin yerdən 3 – 4 ayın müddətində 400 manatlıq dombalan satılır.

________________

 

Avropanın böyük şəhərlərində ağac mişarlamaqdan ötrü zavodlar bina olunub. Bu zavodlarda çox ağac ovuntusu əmələ gəlir. İndi ondan aşağıda zikr olan kimi xörək qayırıb heyvana yedirdillər: ot 5, saman 8, kök 10, əzinik buğda ya arpa dənəsi 2, ağac ovuntusu 3 girvənkə, duz 3 misqal. Bu şeyləri bir yerə qarışdırıb iki zəif düşmüş inəyə verillər. Əvvəl zaman inəklər bu şeyləri yemək istəməyib, amma sonra ona adət edəndə mürur ilə onun otunu və samanını azaldıb ağac ovuntusunu artırıblar, ta ki bir ayın müddətində dəxi heç ot və saman qarışdırmayıb ağac ovuntusunu 7 girvənkəyəcən artırıblar. Amma bunilə belə heyvan mürur ilə kökəlib südlənib.

_______________

 

Avropanın bəzi tərəfində qaramal üçün sümükdən belə xörək qayırıllar: onu əzib narın edəndən sonra bu narın sümüyü buğda ya arpa ununa və ya kəpəyə qarışdırıb xamır qayırıllar. Məsələn, 50 girvənkə unu, ya kəpəyi soyuq suya salıb ona 14 girvənkə narın sümük və 6 girvənkə turşumuş xamır vurub, qarışdırıb 14 saatdan sonra bu xamırdan güngə qayırıb ocağa salıb, bişirib, onu heyvana verillər ki, bu yemi çox ləzzət ilə yeyir.

________________

 

Ata həmişə çörək vermək yaxşı deyil, ona binaən ki, bu yemdən at zərif olur. Amma uzaq yol gedən atı otarmağa ya ona qeyri yem verməyə macal olmasa, yaxşı olar ki, ona 2 – 3 girvənkə çörək verəsən və həmçinin azardan yeni duran heyvana çörək vermək yaxşıdır.

________________

 

Ağac yarpağını heyvan otdan da yaxşı yeyir, amma bəzi ağacın, məsələn, palıd ağacının yarpağı heyvana zərər edir. Yarpağı belə yığıb saxlayırlar: baharda ağacın kiçik budaqlarını qırıb ondan qom bağlayıb, yağış dəyməyən yerdə saxlayıb, qışda heyvana verillər. Yarpaq heyvanın isalını həm kəsir və bir də bəzi ağacın, məsələn, söyüd ağacının yarpağı, çay və qəhvə insana kef gətirən kimi, heyvana kef gətirir.

Əsgər Gorani

 

TƏZƏ  XƏBƏRLƏR

İstanbulda noyabrın 26-da yazırlar ki, Midhət paşanın mənzilində iki qaradağlı tutublar ki, ol cənabı öldürməyə gəlmiş imişlər və genə yazırlar ki, bir neçə adam istəyir imiş keçmişdə soltan olan həzrət Muradi-pəncümü tutub Odessa şəhərinə aparsın. Amma onların hamısını tutub məhbus ediblər.

_______________

 

London şəhərində olan qulları azad etməkdən ötrü bina olan icma İstanbulda sülh barəsində olan konfransın calislərindən iltimas edib ki, Osmanlıya pişnəhad olan şərtlərdən birisi də bu olsun ki, tamam Osmanlı yerində qul satıb-almaq və onları saxlamaq qadağan olsun.

________________

 

________________

 

Ermənilərin Badkubə quberniyasında olan ruhani məktəbxanalarına mülahizə etməkdən ötrü onların üç kəlisada olan böyükləri bir adam təyin edib ki, ildə 3 min manat məvacib ilə həmişə Badkubədə oturub, ol məktəbxanalara mülahizə eləsin.

________________

 

Germaniyada ki, onun bir hissəsi Prusiyadır, qəzet oxumağa elə adət ediblər ki, hər bir işi qəzetə salıb məlum edirlər. Məsələn, Berlin şəhərində qəzetlərdə belə elamnamələr çap olunur:

1) Mən cavan və gözəl övrəti dost tutmaram, övrətin gözü kor, ayağı şil də olsa, razıyam, amma gərək onun 40 min manatı olsun. Cavabını filankəsin üsyə yazsın. 2) Dünən filan saatda, filan yerdə, filan paltarda keçən, qədli, üzü filan övrətdən təvəqqə olunur ki, öz ismini və sakin olduğu yeri yazıb filankəsə göndərsin. 3) A fi-lankəs (isminin baş hərfi çap olunub), bir aydın səni görmürəm, gecə-gündüz yuxu mənə haram olub. Sən demişdin filan saatda, filan yerə gələcəm, amma və`dəxilaf oldun, təvəqqə edirəm səbəblərini yazıb məlum edəsən (bunu yazanın isminin baş hərfi çap olunub).

________________

 

Qəzetlərdə yazırlar ki, Bağdad vilayətinə təzədən taun naxoşluğu düşüb və bu səbəbə Avropa təbiblərinin icmaı dövləti-Osmanidən iltimas edib ki, ol vilayətdən əsgər yığıb qeyri vilayətlərə göndərməsin. Amma dövləti-Osmani buna razı olmayıb. Bağdaddan da əsgər yığıb Tunə və Ərzurum vilayətinə göndərib.

________________

 

Yazırlar ki, 1878-ci səneyi-Rusiyyədə həzrəti şahənşahi-İran təzədən Avropa səyahətinə gedəcək və bu səyahətdən onun ümdə muradı oldur ki, İranda təzə qanunlar qoysun.

________________

 

Prusiyanın millət məclisində Rusiya dövləti gömrük pulunu qızıl pulu yığmaqdan danışıq olanda vəziri-xaricə Bismark deyib ki, bu halda bizim iki dostumuz ki, birisi Rus və birisi İngilisdir, Osmanlı işlərinin barəsində dava etmək istəyirlər. Amma gərək biz səy edək ki, bu dava olmasın və əgər olsa da, məhz Rus ilə Osmanlı arasında olsun, qeyri dövlətlər ona qarışmasın.

_________________

 

Noyabrın 27-də London şəhərinin camaatı öz padşahlarına bu məzmunda kağız göndərib:

Osmanlı dövləti öz xristian tabelərinə elədiyi zülm məlumdur. Ona binaən biz istəmirik ki, zalıma kömək edib, öz dostumuz Rus ilə cəng edək. Bu səbəbə tərəqqə edirik ki, bizim İstanbul konfransında olan vəkilimizə hökm olsun ki, Rusiya ilə birləşib zikr olan xristianların ixtiyarını artırmağa səy eləsin və bir də çünki bu halda bizim dövlət işini dolandıranlar ki, onları millət məclisi intixab edib, dövlətin nəfini gözləmirlər, ona binaən millət məclisi cəm olsun. İndi tel var ki, padşah hökm edib ki, fevralın 8-də millət məclisi yığılsın.

________________

 

“Tiflisski vestnik”də çap olunan tellər:

1) İstanbuldan noyabrın 30-da. Konfrans hələ açılmayıb. Amma Avropa dövlətlərinin vəkilləri general İqnatyevin mənzilində öz aralarında belə danışıq ediblər: Osmanlı dövləti Qaradağ əhlinə 12 qəryə versin və Serb əhlinə Malı Zvarnik qalasını versin.

2) Parijdən dekabrın 1-də. İstanbulda olan konfransda rus və ingilis vəkilləri birləşdiyinə Osmanlı dövləti deyib: hər qəsd ilə qeyri dövlətin əsgəri Osmanlı sərhəddini keçsə, ol dövlət ilə cəng başlayacaq.

3) Peterburqdan dekabrın 8-də. General İqnatyev yazır ki, konfransın calisləri ilə danışıq qurtarıb. Sabah konfrans açılacaq və Osmanlı dövlətinin vəkili danışığa çağrılacaq. Öz aramızda olan danışıqda belə qət eləmişik ki, Osmanlı dövlətinin vilayətləri özləri ümurat əhlini intixab eləsin. Hər vilayətin əhlinin çoxu xristian olsa, Osmanlı ol vilayətə xristiandan vali eləsin. Ol vilayətlərlə ki, xristianlar müsəlmanlar ilə bir yerdə sakin olurlar, müsəlmanlardan da yaraq-əsbabı alsınlar.

4) İstanbuldan dekabrın 8-də. Sədri-əzəm Məhəmməd Rüşdü paşanın yerinə Midhət paşa təyin olub.

________________

 

Badkubəyə gələn tellər: 1) Dekabrın 14-də İstanbuldan Konfransın əvvəlinci məclisində Osmanlı dövlətinin vəkili Midhət paşa deyib: çünki Osmanlı dövləti öz xahişi ilə təzə qanun qoyub xristian və qeyri tabelərinin ixtiyarını artırmaq istəyir, ona binaən qeyri dövlətlər pişnəhad edən şərtlərin heç birisini Osmanlı dövləti qəbul edə bilməz. 2) Dekabrın 16-da İstanbul şəhərindən. İngilis dövləti özünün konfransda olan vəkilinə hökm edib ki, Avropa dövlətlərinin vəkilləri yazan şərtləri dübarə Osmanlıya pişnəhad eləsin və əgər Osmanlı dövləti onları qəbul eləməsə, dərhal İstanbuldan çıxıb getsin və cəng gəmilərinə hökm eləsin ki, onlar da getsin.

_________________

 

Rusiya dövlətinin Serbistanda olan konsulu məlum edib ki, əgər dava başlansa, Serbistan 20 – 30 mindən ziyadə əsgər cəm edə bilməz.

_________________

 

“Peterburqski vedomosti” qəzeti yazır ki, həzrəti-şahənşahi-İran Peterburqa vəkil göndərib ki, Osmanlı ilə cəng olsa, İran kimin tərəfi saxlamağı məlum eləsin.

__________________

 

Bu dekabr ayının 8-də Rusiyanın vəziri-muxtarı general Zinovyev Badkubəyə gəlib Tehrana getdi.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Qurbanın olum.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info