Qonaq Kitabı
6 dekabr Rusiya, sənə 1876

6 dekabr Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

 

Gələn il qəzetimiz genə 2 həftədə bir çıxacaq, qiyməti 3 manat olacaq. Ona binaən məlum edirik ki, onu xahiş edən, il qurtarmamış onun qiymətini bizə göndərib, öz ismini və sakin olduğu yeri məlum eləsin.

 

_____________________

 

Bir şəxs yazıb bizdən xəbər alır ki, gələn il “Əkinçi” çap olacaq ya yox? Əgər “Əkinçi” gələn il çap olmasaydı, hər nömrədə elamnamə çap etməzdik.

 

DAXİLİYYƏ

 

Bizim müsəlman tayfası ingilis tayfasından nə qədər geri qaldığını “Əkinçi” qəzetinə və London şəhərində çap olunan “Tayms” qəzetinə baxmaq ilə bilmək olur: “Tayms” hər gündə iki dəfə, “Əkinçi” iki həftədə bir çıxır. “Tayms” hər dəfə iki vərəq üstə, “Əkinçi” yarım vərəq üstə çap olunur. “Tayms”ın hər vilayətdə  müxbiri var ki, təzə xəbərləri yazıb məlum edir, onun hər fəslini bir neçə adam yazır. Amma “Əkinçi”ni yazan bir adam olduğuna  bəzi xavtda, hətta Badkubədə vaqe olan işlərdən bixəbər olur. “Tayms” qəzetini ingilisin qeyri şəhərlərində oxuyanlar qəzet dəmir yol ilə onlara bir gündə yetişməyi çox bilib xahiş edirlər ki, qəzet onlara dəxi tez yetişsin. Ona binaən onu çap edən teleqraf maşını kimi fortepianoya oxşayan bir maşın ixtira edib ki, onun hər dişini basanda hər şəhərdə bir hüruf düzülür. Sonra hamı şəhərlərdə bir saatda, bir dəqiqədə qəzet çap olunub tamam olur. Amma “Əkinçi” qəzetini bir həftəyə güc ilə düzüb çap edəndən sonra palçıqlı yollar ilə öküz ərradəsində, bir aya gedib müştəriyə yetişəndən sonra müştəri bir cüzvi işi olanda qəzeti kənara qoyub, bikar olanda ona baxır ya heç baxmır. “Tayms” elamnamə çap etməkdən hər gündə 200 manatdan ziyadə alır, amma “Əkinçi” iki illik müddətində bir manatda almayıb. “Tayms”ın 100 mindən ziyadə müştərisi var. “Əkinçi” 300 müştəriyə həsrət çəkir və bir də İngilis məmləkətində “Tayms”dan savayı çox qəzet var ki, hər gündə ya gündə iki dəfə çap olunur və onların hər birini çap edən özünün qəzet çap etmək ixtiyarını 200 min manata satmaz, amma bizim bir “Əkinçi” qəzetimiz var və əgər onu çap etmək ixtiyarını satmağa dursaq, nə ki, ona bir qəpik verən olmaz, hətta onu cəbrən də boynuna götürən tapılmaz. Buna səbəb oldur ki, ingilis əhli dünya işində mahir və hər elmdən xəbərdar olduğuna səy edir ki, pul qazanıb, nə ki bu dünyada çox ləzzət ilə zindəganlıq etsin, hətta axirəti gözləyib, məktəbxana və kilsə tikdirib, qeyriləri xristian etməkdən ötrü icmalar bina edir və bu səbəbə onlar kamallı və xeyirli sözün qədrini bilir ki, onlardan ol qədər qəzet oxuyan var.

Bəli, doğru deyiblər ki, qədri-zər zərgər şünasəd[1]..... Nəhayət, bizim müsəlman tayfası belə deyil. Axirəti gözləyirəm deyibdir ki, 5 gün dünya ömründən ötrü səy etmək nə lazım? Amma bunu fikir eləmir ki, dünyası olmayanın axirəti həm olmaz. Dünyada hamı bir-birilə zindəganlıq cəngisinə məşğuldur. Hər kəs bu cəngdə qalib oldu, ingilis tayfası kimi həmi dünyanı, həmi axirəti kəsb edə bilir, amma məğlub olan nə ki, axirətdən, hətta dünyadan da məhrum, yəni xəsərəd-dünya vəlaxirə[2] olur. Ay qardaşlar, vaxt keçməmiş səy edin ki, elm təhsil edib zindəganlıq cəngində faiq gəlib dünya və axirəti kəsb edə biləsiniz, yoxsa bir qərinədən sonra iş tamam olur... Əlaci-vaqiə piş əz vüqu bayəd kərd[3].

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

İnsan əldə saxlayan heyvanat onun muradına müvafiq dəyişilməkdən keçmişdə danışmışdıq. Məsələn, bir heyvanın yunu naziki insana lazım olanda hər il onlardan yunu nazikini intixab edib saxlayanda bir qərinədən sonra yunu çox nazik heyvan əmələ gəlir. Bu səbəbə insan qoyunu ümdə onun ətindən və yunundan ötrü saxladığına iki qism qoyun olur: birisi ki, onu bizlər həm saxlayırıq, ət qoyundur ki, onun quyruğu piyli və əti yağlı olur və o birisi quyruğu piysiz və yunu nazuk olur ki, ona yun qoyun deyirlər. Bu iki qism qoyunun təfavütü bundan məlum olur. Avropa vilayətlərində mal ətinin girvənkəsi 10 qəpiyə gedəndə, oranın yun qoyununun əti 5 qəpiyə gedir. Amma bizim ət qoyununun əti mal ətindən baha satılır. Bizim qoyunun yununun putu 5 manata gedəndə yun qoyununun yunu 30 – 40 manata gedir. Pəs, onların təfavütü çoxdur. Əgərçi bizim mahut və qeyri karxanalarımız olmağına yunun naziki bizə lazım deyil və öz yunumuzdan toxuduğumuz palas, şal və qeyrə nazik yundanda toxunsa, artıq qiymətə getməyəcək. Amma bu halda hər tərəfdən yollar açıldığına qeyri tayfaların tacirləri bizim yunumuzu almağa gəlir. Belədə yaxşı olur ki, bizlərdə yun qoyunu saxlayıb artıcaq mənfəətbərdar olaq.

Doğrudur zikr olan qayda ilə biz öz qoyunumuzun yununu nazik edə bilirik. Amma bu çox vaxt və zəhmət istər. Yaxşı olur ki, qeyri yerlərdə əmələ gələn nazik yunnu qoyunu ki, ona merinos deyirlər, gətirib saxlayaq və bir də çünki bizim adam qoyun əti yeməyə adət edib, ona binaən dəxi yaxşı olur ki, ol qoyunlardan gətirib bizim qoyuna qarışdıraq ki, onlardan törəyən qoyunun həmi yunu nazik, həmi əti yaxşı olsun.

 

MƏKTUBAT

 

“Əkinçi” qəzetinin 17-ci nömrəsində yazılan barama qurdu saxlamağın təqviyyətində ərz olur ki, qurdun afəti təğyiri-havadan olmağı məlumdur, ümdə soyuqdandır. Bina bərin lazımdır kümləri özgə təhr bina etmək ki, havası təmiz və soyuqdan məhfuz olsun. Əgərçi cənab Əlixan Nasirül-mülki-fərmanfərmayi-Gilan ki, əlhəqq ol cənab bir neməti-üzmadır allah-taala Gilan əhlinə əta edib ki, daim rəiyyət və məmləkətin abadlıq səyindədir, əzcümlə bu sənaye 1293-də Firəngistandan məxsus toxum Gətirdib bir neçə küm ki, Gilan istilahında tulambar deyilir, akoşkalı bina edib, amma o tulambarlarda barama olmayıb. Lihaza əvamünnas üçün dəstavüz olub ki, əgər soyuqdan olseydi bu kümlər xarab olmaz idi. Lihaza lazım bildik ki, onun illətin bəyan edək. Əvvələn, bu il barama vaxtı çox soyuq və yağışlıq oldu. Saniyən, əgərçi onlar hər bir tərəfdən məhfuz olub, amma alt tərəfdən məhfuz olmayıb, amma cənab Əli o toxumdan bir cüzi evdə saxladmışdı, eyb etməyib barama qayırıblar və bir də cənab Nasirəl-mülkün dəsturül-əməlinə binaən Ağa Məhəmmədibrahim taciri-kəzai iki dəfə çıxan toxumdan bir qədəri səneyi-sabiq bu tövr ilə tutmuş idi ki, eybi olmayan tulambardan bir qədər barama intixab edib, onların pərvanəsi, yəni kəpənəyi çıxandan sonra onları zərrəbin ilə mülahizə edib, naxoş olmayan pərvanələrdən toxum tutub, o toxumu bu səneyi-1293-də bir kümə qoyub və o günü hər bir tərəfdən yaxşı məhfuz etməyə binaən həm əvvəlinci, həm ikinci dəfə o gündən yaxşı barama olur. Lihaza Ağa Məhəmmədibrahim məzkur mövridi-əltafi-şahanə  və bir top şal cübbə ilə müxəlle və müftəxər olub. Müjdə olsun İran əhlinə ki, əlhəqq bu mətləb çox dəlalət edir həzrəti-şahənşahi-islampənahın rəiyyət və məmləkət əhvalatından baxəbər olmağına. Qərəz, çünki nəbatat və heyvanatın afəti əğləb soyuqdandır, lihaza bədənin həm təsvirinə binaən bu kümlər fayda verməz. Əvvələn, gərək kümlər ev kimi qayrılsın ki, akoşkası olsun. 2) Gərək toxum naxoşluq dəyməyən bieyb qurddan təhsil olmuş olsun. Zira ki, əgər naxoş pərvanədən toxum tutalar, əgərçi o toxum çıxıb xörək yeyər, amma genə naxoş olub tələf ola bilər. Belə ki, insanda həm bəzi naxoşluq olanda övladında həm biruz edər. 3) Gərək qurdların fəzəlatı tez-tez təmizlənsin ki, üfunət edib qurdları naxoş etməsin. 4) Gərək onların xörəyin qayda ilə vermək, xüsus toxumaq xörəyin yeyən zaman. 5) Küm quru və işıq olsun, əgərçi katib bu mətalibi bəzi ərbabi-mülkə dedim, mütəəssir olmayıb əvvələn dedilər ki, bunlar sözdür. Allah gərək novğan versin. Çün onların ağlı elmi-tədbirdən xəbəri olmadığına hər bir zadı təqdirdən bilirlər. Pəs, əzizim, naxoş üstə təbib gətirməyin və ondan mütəvəcceh olmayın ki, allah gərək şəfa versin. Pəs allah necə ki, təqdir qərar verib, tədbir həm qərar verib.  Belə ki, görürük Avropa əhli ağıl, elmi-tədbir ilə millət və məmkələtlərin məmur ediblər.

Gər təvəkkül miküni dər kar kün.

Kəşt kün pəs təkyə bərcəbbar kün[4]

 

Heç kəs hünəri ana bətnindən gətirməyib. Və saniyən, dedilər ki, bizim maliyyət verməyə qüvvəmiz yoxdur pulu haradan gətirib hər kümə 10 tümən məsrəf edib, təzə tor qayıraq?

Bəli, doğrudur ki, xalqın qüvvəsi yoxdur ki, bu hamı kümləri qayırsınlar və əlavə həmişə maliyyat girdarəndələr əvvələn, gərək maliyyat üçün bir qanuni-cədid bina olsun. Belə ki, indi məlumdur, biqaydadır. Və saniyən, tərhi-cədidi-küm qüvvə sahibləri ondan 1 ya 2 ya 3 bina etsinlər. Bir il ki, onun etibarı mülahizə oldu, ondan sonra xalq öz rəğbətlərilə qayırarlar və pulu olmayanlar pul tapar və pul sahibləri onlara etibar edər və kümlər həm öz xərcin çıxardar. Əlhəqq bu işlərdə bang yaxşı zaddır. Qərəz, bu tövr ilə əməl 3 – 4 ildə paydar olur. Çətin əvvəl bir-iki il əməlin imtahandan çıxmağıdır və əgər ümənayi-dövlət əbdi-müddətin təvəccöh və tərbiyəti ola ümidvaram.

Əvvələn, maliyyat üçün bir qanun ərz olsa ki, millət dövlətin asudəliyinə bais ola və tulambarlar üçün tədbiri ola ki, cüzi xərc ilə tərhi-cədid qayrıla.

Ənsənül-Qəvaid

 

 

ELM  XƏBƏRLƏRİ

 

Mirvarid balıq qulağının içində əmələ gəlir ki, ona sədəf deyirlər. Bu sədəf heyvanın mənzilidir ki, onu düşməndən mühafizət edir. Zikr olan heyvanın əvvəl zaman sədəfi olmaz, amma sonra mürur ilə onun dərisindən sədəf əmələ gəlir ki, dəriyə yapışıq olur. Mirvarid dəri ilə sədəfin miyanında olur. Çünki mirvarid yumrudur və suyun damcısı həm yumru olur, ona binaən hükəma deyir ki, ol heyvanın dərisi ilə sədəfin arasında su damcısı düşməkdən mirvarid əmələ gəlir və bunu belə sübut edir. Zikr olan heyvanatlardan biri neçəsini tutub dərisini sədəfdən aralayıb, onların miyanına çahargül ya xaç ya qeyri tövrdə ağac ya qeyri şey qoyub suya atıb bir neçə müddətdən sonra ol heyvanı çıxardanda onun zikr olan yerində ol ağac tövründə mirvarid tapılır.

________________

 

Əhəng daşı iki əczadan mürəkkəbdir: birisi kalsium və birisi hamiz qarbondur. Kalsium bərk şey, amma hamiz qarbon hava qismində bir qazdır. Əhəng daşını yandıran zaman hamiz qarbon rədd olduğuna ol daş un kimi narın olur ki, ondan palçıq tutub təmirat üçün işlədillər. Çünki hamiz qarbon havada həm olur, ona binaən zikr olan palçıq ol qazı havadan çəkib mürur ilə təzədən əhəng daşı olur və bir də palçıq tutan zaman ona qum qarışdırmağın nəfi budur ki, qumun dənələrinin arasilə hava palçığa tez daxil olduğuna palçıq həm tez daş olur.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Badkubənin tamojnixanasına hökm olunub ki, xalqdan tamojni gömrüyünü qızıl pulu alsın. Qızıl pulun 3 manatlığı 4 manata gedir.

________________

 

Rusiyada bəzi kəndin əhli icma ilə əkin və ziraət edir. İndi “Zemledelçeski qəzeti” yazır ki, Finlandiya vilayətində 3 il bundan sabiq bir qəryədən 15 külfət birləşib yerlərini bir ediblər ki, onu birgə əksinlər. Onlar 3 adam intixab edib ki, calislərin işləməyinə mülahizə edib sonra hasildən gələn il üçün toxum saxlayıb artığını onların arasında belə təqsim eləsin: 78-dən ziyadə yaxşı olan kişi bir hissə, ol yaşında övrət yarım hissə, 10 – 15 sinni olan oğlan yarım hissə, ol sinndə qız dörddən bir hissə.

Bu qaydanın yaxşılığı ondan məlum edir ki, zikr olan qəryənin əhli həmişə biçiz olub. Amma bu halda ol icmaı bina edənlər elə tavanalı olublar ki, əkin üçün maşınlar gətirdib öz uşaqları üçün məktəbxana açıb onun müəlliminə ildə 300 manat verillər. Belə camaat ilə iş görməyin bir xeyri də budur ki, tənbəl olan kəslər həm gərək işləsin, yoxsa onlara hissə verməməkdən başqa, calislikdən də xaric edirlər. Nəhayət, bir kəs həqiqət naxoş olsa, ona hissə verillər.

________________

 

Bu halda Badkubə şəhərində çiçək və yatalaq naxoşluqları var ki, onların hər ikisi yoluxmadır. Ona binaən belə naxoşu olan gərək sərhesab olub, dərhal şəhərin həkiminə məlum eləsin. Ələlxüsus yatalaq çox şiddətlidir ki, bir-iki gündə naxoş vəfat edir. Bu naxoşluq qarın naxoşluğu olduğuna belə naxoşu olanlara məsləhətdir ki, onu qeyri otaqda saxlamaqdan savayı naxoşun nəcisini torpaq ilə basdırıb onun paltarını gündə bir dəyişdirib, isti suda qaynadıb yusunlar.

_________________

 

İstanbuldan noyabrın 26-da yazırlar ki, bu günlərdə Qoşqarın hakimi Yaqub xanım adamı həzrət soltanı mübarəkbad etməyə gələcək.

_________________

 

Bombeydə çap olunan “Pyuz” qəzeti yazır ki, Bilucistanın Kelat şəhərinə rus konsulu gəldiyinə orada olan Hindistan konsulu acıq edib gedibdir. Ona binaən deyirlər ki, Hindistan, yəni İngilis dövləti Bilucistan ilə cəng başlayacaq.

________________

 

İngilisin konfransa, yəni sülh danışığına təyin olan vəkili Selsburi Parij və Berlin şəhərlərindən gedəndən sonra ol şəhərlərdən yazırlar ki, Firəng və Prus vəziri-xaricələri ona məlum ediblər ki, bu dövlət İngilis Rusiya ilə cəng başlasa onların heç birinə kömək etməyəcəklər.

Avstriya və İtaliya ilə olan danışığın məzmunu məlum deyil.

________________

 

Vyana şəhərində çap olunan “Korrespendas büro” qəzeti yazır ki, İngilis və Rus dövlətinin  sözü sülh barəsində belə düz gəlmir. Rusiya deyir ki, Bosnə və Bolqariya vilayətlərinin xristianlarının ixtiyarını artırsınlar və bu barədə qoyulan qanuna əməl oluncan rus əsgəri Bolqariyanı zəbt etsin, amma İngilis deyir ki, Osmanlı dövləti hamı tabeləri üçün təzə qanun qoyub, onların ixtiyarını artırır və dəxi Bolqariyanı zəbt etmək lazım deyil.

________________

 

Badkubəyə gələn teleqramlar:

1) Noyabrın 27-də. İstanbulda sülh barəsində danışıq başlanıb. Rusiya vəkili İqnatyevin əvvəlinci məclisində olan danışığından məlum edib ki, sülh olacaq.

2) Dekabrın 2-dən Avropa dövlətlərinin vəkilləri elədiyi danışıqdan belə görünür ki, sülh olacaq.

3) Dekabrın 1-də Daşkənd şəhərindən. Bu gün Qaşqarın hakimi Yaqub xanın vəkili buraya gəldi.

Jeneral Çernyayev Serbistandan çıxıb getmiş idi. İndi Vyana şəhərindən tel gəlib ki, Çernyayev Kişinyov şəhərinə getdi ki, orada Rusiya əsgəri Tuna çayının kənarına cəm olur.

________________

 

“Qolos” qəzeti yazır ki, Rusiya dövləti Tuna çayının kənarına 150 min və Gömrü qalasına 70 min əsgər cəm edib.

_________________

 

Peterburqun tacirləri mədyun olublar ki, əgər Rusiya cəng başlasa, nə qədər cəng çəksə, bu zaman təhmilatı birə-bir artıq versinlər. Bu səbəbə padşahi-imperaturi-əzəm onlardan razılıq edir.

_________________

 

İstanbuldan “Odesski vestnik” qəzetinə yazırlar ki, əgərçi sülh barəsində danışıq başlanıb, amma hər gündə təzə toplar və barıt və qeyri hərbiyyə mayəhtacı İstanbula gəlib, oradan qeyri şəhərlərə gedir. Təzədən təmir olunan dəmir gəmi ki, ona Mahmudiyyə deyirlər, tamam olub.

________________

 

Xoqənd şəhərindən ki, onu Rusiya keçən il zəbt edib “Türküstan qəzeti”nə yazırlar ki, Xoqənd xanlıqının axırıncı xanı Xudayar xan ki, indi onu Rusiyada sakin ediblər, bir məscidi-came təmir elətmiş imiş. Onun darvazasının üstə bu rübai yazılıb:

Xudavənda, bəgərdani bəlara,

Ziafətha nigəhdari to mara.

Behəqqi-hər dü geysuyi-Məhəmməd

Zəbun kərdan zəbərdəstani-mara.

Təravəndeyi-nəqş Behzad saz

Çü arast bərlövhi-kəşşi təraz.

Məra güft tarixi-nəqşəm bəgu

Bəfərman (1289) seyyid Xudayar gu[5].

 

Və yenə bol ibarə yazığandır: Limənil-mülk əl yövmə lilla-hil-vahidil-qəhhar[6].

________________

 

İstanbuldan yazırlar ki, sərəsgər Əbdülkərim paşa naxoşlayıb, Sərgər paşa Peterburqa vəziri-muxtar təyin olub.

________________

 

“Birjevoy vedomosti” qəzeti yazır ki, Rusiyanın dövlət bangı ki, 100 milyon manatlıq bilet satırdı, Peterburq şəhərində 116 milyon manatlıq, Moskvada 19 milyon manatlıq bilet satılıb. Qeyri şəhərlərdə nə qədər satılmağı hələ məlum deyil.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Zərin qədrin zərgər bilər.

[2] Həm bu dünyadan, həm də axirətdən məhrumdur.

[3] Hadisənin əlacını gərək o baş verməzdən əvvəl edəsən.

[4] Əgər təvəkkül etmək istəyirsənsə işdə et,

Ək, sonra allaha bel bağla.

[5] Ay allah, bəlanı geri qaytar,

Müsibətlərdən bizi qoru.

Məhəmmədin hər iki zülfünə and verirəm.

Bizdən qolugüclüləri xar elə.

Behzadın naxışlarına yaraşan şəklə sal.

Kəşşi lövhəsi kimi zinətləndir.

Mənə de ki, çəkilmə tariximi söylə,

Seyid Xudayarın (1289) fərmanı ilə de.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info