Qonaq Kitabı
6 noyabr Rusiya, sənə 1876

6 noyabr  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

 

Gələn il qəzetimiz genə 2 həftədə bir çıxacaq, qiyməti 3 manat olacaq. Ona binaən məlum edirik ki, onu xahiş edən, il qurtarmamış onun qiymətini bizə göndərib, öz ismini və sakin olduğu yeri məlum eləsin.

 

DAXİLİYYƏ

 

Aşağıda bir məktubda yazılıb ki, bir qızın bir gözü firəngi göy və biri həbəşi qaradır. Əlbəttə, belə şey təəccübdür, amma onun səbəbini elm yolu ilə aşkar etmək olur. İnsanın dərisinin altında qara rəngdə şey var ki, ondan həmi dəri, həmi qaş-göz, baş və qeyrə qara olur, necə ki, həbəşlərdə olur. Bəzi insanın ol qara şey bir yerində çox, bir yerində az ya heç olmur. Məsələn, bizim tayfanın dərisinin altında ol şey olmadığına dəri ağ, amma bəzi yerdə, məsələn, əmcəklərin qıraqlarında, baş, gözdə olduğuna onlar qara olur. Bəzi vaxtda insanın dərisi naxoş olduğuna ol şey bilmərrə olmur, belədə baş, göz və tamam bədən ağ olur ki, belə kəslərə ağbaş deyirik. Habelə dərinin naxoşluğu ya tamam bədəndə ya onun bəzi yerində ola bilir. Məsələn, bəzi adamın uşaqlıqdan başının bir hissəsi ağ və qeyri yerləri qara olur. Gözünün rəngi də ol şey ilədir. Əlbəttə, belədə onun biri qara, biri ağ olmaq təəccüb deyil, naxoşluqdur. Gözdə olan rəngin bədənin qeyri yerlərində olan rəngdən təfavütü oldur ki, bu rəng həmişə qara olmaz. Məsələn, uşağın gözü əvvəl zaman bir rəng olur, amma sonra dəyişilib qeyri rəng olur, buna səbəb ol şey dəyişilməkdir və onun dəyişilməyinə səbəb günün işığıdır. Belə də ol bilir ki, bir gözün rəngi o birisindən tez dəyişilsin. Ol vaxtda onların hər birisi bir rəngdə olur.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

İnsan üçün zindəganlıq etmək gün-gündən düşvar olur. Bir qərinə bundan əqdəm bizim vilayətdə ol qədər yoxsul yox idi ki, indi var. Əlbəttə, bir qərinədən sonra dəxi ziyadə olacaq. Buna səbəb nədir? Necə ki, bir tavana şəxsin övladı onlara yetişən irsi xərc edib artırmayanda dövlət tələf olur və ol varislər yoxsulluğa düşür, habelə dünyada olan xeyir-bərəkəti artırmayanda onlar mürur ilə azaldığına insan üçün zindəganlıq çətin olur. Məsələn, 20 – 30 il bundan əqdəm bizim Kür çayı hər ildə daşıb ətrafı qərq edərdi ki, onlarda olan çalalardan birə əlli hasil gəlirdi. Amma indi ol çay 3 – 4 ildə bir dəfə də daşmır və daşanda ətrafı elə qərq etmir. Avam bunu görəndə deyir ki, su azalıb və keçən günü yada salıb ah çəkir. Doğrudur su azalıb və buna səbəb oldur ki, zikr olan çayın başında sakin olan kəslər odun bahalandığına orada olan meşələri qırıb azaldıblar. Amma oturub ah çəkməkdən fayda yoxdur, təzədən meşə salmaq gərək ki, su artsın . Lakin təzə meşə gəlib meşə olunca bir qeyri tövr ilə bunun çarəsinin dalınca olmaq gərək, ya arx qazmaq ilə, ya maşın, ya çarx qurmaq ilə, ya dağların ətəyində bəndlər bağlayıb onlarda qışda əmələ gələn suyu saxlayıb sonra işlətmək ilə əkini sulamaq lazımdır və bir də hər əkinçiyə məlumdur ki, daşmış çay suyu ilə sulanan yer arx ilə sulanan yerdən artıq hasil gətirir. Buna səbəb oldur ki, ətrafda olan yerlərdən su gəlməkdən çay daşır və su ol yerlərdən gələndə xırda daşları, yəni torpağı aparmaqdan lilli olur ki, bu lil əkin yerin qüvvətli edir. Belədə axr ilə sulanan yeri ya keçən nömrələrdə ərz olunan tövrlər ilə qüvvətli etmək gərək, ya çay daşında ətrafı qərq etməsə də, onun suyunu arxlarda saxlayıb lil arxın dibinə yığılanda onu yığıb aparıb əkin yerinə çəkib yeri qüvvətli etmək gərək. Çayın kənarında bir ya bir neçə çaxnaq, ya arx qazıb, daşmış çayın suyunu oraya buraxıb bir-iki gün, yəni onun lili çaxnağın dibinə yatınca saxlayıb sonra suyu süzüb təzədən çayın suyu ilə doldurub bu minval ilə çaxnaqlara çox lil yığıb onu ərradələr ilə aparıb əkin yerinə qarışdırmaq gərək. Əgər lil qüvvətli isə, hər desyatinə 200 çanaq bəsdir ki, bu çanağın eni, uzunu, dərinliyi bir arşın ola. Bəzi çayın lili nə ki yeri qüvvətli etməz, amma dəxi xarab edər, ona binaən yeri belə qüvvətli edəndən irəli yaxşıdır ki, bir parça yerə ol lildən qarışdırıb imtahan edəsən və əgər ondan yer qüvvətli olsa, tamam yerə həm qarışdırasan.

 

MƏKTUBAT

 

İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burunotu çəkmək bir yaman adətdir, amma onu çəkən üçün ondan xoş şey olmaz. Habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz, amma ona elə adət eləmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz.

Uşağın bədəni mum kimi bir şeydir, uşaqlıqda ona hər nə surət verilsə, o surət onda baqis olacaq, yəni məktəbxana insanın insan olmağına baisdir. Belədə bizim məktəbxanalara baxan gərək bizi adam hesab eləməsin. Biçarə uşağı gətirdib mollaya verəndə əvvəl zaman molla onu bir böyük şagirdə tapşırır ki, ona ustad deyirlər. Ustad onu öyrədir: əlifdən beyetən, yüyürdüm evətən... Xülasə, bir neçə günün müddətində onu özü kimi edir.Məktəbdə mollanın falaqqası və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata və ananın yumruq, silləsi və onların hamısının bəd əməli biçarə uşağı bir az zamanda oğru, yalançı və hər bədbihesablıqdan xəbərdar edir. Necə eləməsin ki, bu şərtlərdən daş daşlığı ilə əzilib tamam olar. Uşağın zərif bədəni buna davam edərmi?

Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə, papiros çəkməyə adət edən təki adət edib deyir: uşaq döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim. Döy ki, adam olsun və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq.

Ey uşağı olan və onlara təlim edən, rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyillər, onlar ilə adam kimi rəftar edin ki, adam olsunlar. Barı bunu yaddan çıxarmayın ki, sizin sillə, yumruq, falaqqa, çubuq eşşəyi adam etməz. Uşaq meymun təki hər şeyi görsə, ona əməl edər və əgər uşaq bir bəd əmələ mürtəkib olmuşsa, onda taxsır yoxdur, taxsır ol kəsdədir ki, bu əməli ona göstərib, yəni taxsır sizdədir. Dəxi ol biçarəni niyə döyürsünüz?

İndi kitab və müəllimlərdən bir neçə kəlmə danışaq. Biz məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir, uşaq başına nə kül töksün onları oxuyub eşqbaz, cürəkeş olmasın və bir də bizi oxudanda məhz oxuyub yazmağı, öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq.

Müəllimimizdən danışandan irəli bir misal çəkək: qədim yunan əhlinin bir qism ruhanisi olub ki, onlara “avğur” deyirlər imiş. Xalq ziyadə avam olduğuna onlar çox bədbihesablıq edillər imiş. Onlarda bir adət olub ki, bir0birinə rast gələndə hər iki “avğur” gülər imiş, yəni belə gülməkdən bu eyham çıxır imiş ki, əgərçi sən məni avam hesab edirsən, amma yaddan çıxarma ki, sən də mənim təki avamsan. Əlhəqq bizim müəllimlər bir-birinə baxanda gərək avğur kimi gülsünlər ki, onların hər ikisi avamdır. Amma xalq onlardan avam olduğuna onların işi işdir. Əlbəttə, ələ falaqqa və çubuq alıb əlifbeyi öyrətmək ilə adam müəllim olmaz (biz elmi-ədyan müəllimlərinin üstə danışmırıq ki, onların işi başqadır). Əgər bizim handa bir yaxşı müəllimimizdən sual edəsən ki, on üç dəfə on doqquz nə qədərdir, sənə cavab verməkdən ötrü bir saat barmaqların yumar ya təsbeh çəkər. Pəs belədə avam olduğumuzu gizlətməyib səy edib, elm təhsil etmək yaxşı deyilmi?

Nəcəf

________________

 

Göyçaydan yazırlar ki, bu il oranı quraqlıq tutub, su azalıb, ziraətlərə vəfa etmir və yerdə ot, ələf yoxdur, heyvanatlar qırılır. Camışın biri 10 manata, inəyin biri 3 – 4 manata, qoyunun biri bir manata ya yarım manata alan yoxdur. Bir neçə gün bundan əqdəm bərk külək əsib bir para bağları yandırdı.

3 ay bundan sabiq Qəbələ mahalında Qutqaşın qəryəsində 7 – 8 nəfər qaçaq bir təzə gəlin övrətin evinə gəlib hücum edillər ki, evi basıb onu aparsınlar. Hamı övrat, evdə kişi və qeyri adam yox, xəbərdar olub onların qabağına çıxıb tüfəng ilə onların birisini öldürüb. Sonra qaçaqlar hücum edib ki, onun meyidini alıb aparsınlar, övrət qoymayıb. Sonra onlar tüfəng atıb haman övrəti zərərsiz zəxmdar edillər, amma bunilə belə övrət meyidi vermir, qaçaqlar gedir.

Göyçay uyezdində Bekdul qəryəsində bir qız var 8 yaşında ki, onun gözünün biri firəng göy və biri həbəşi qaradır.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Badkubənin qubernatoru cənab Puzin oktyabrın 27-də Badkubə şəhərinə daxil oldu.

_______________

 

Oktyabrın 11-də olan tufan o günü Dərbənd, Petrovski, Poti, Suxum şəhərlərində həm olub.

________________

 

_______________

 

Osmanlı dövləti təzədən qoymaq istədiyi qanun belə olacaq: Osmanlıya tabe olan tayfalar can hesabilə 25 yaşına yetişmiş və mülk-malı olan şəxslərdən vəkillər intixab edib İstanbula göndərəcəklər ki, onlardan məclisi-ümumi bina olacaq və bu məclis iki dairə olacaq: birisi məclisi-nas ki, 120 calis olacaq. Bu məclis tamam dövlətin məsarifinə və vüsuluna və təzə qoyulan qanunlara mülahizə edəcək və birisi məclisi-am olacaq ki, onun 50-yə qədər calisini həzrət soltan təyin edəcək. Məclisi-am zikr olan məclisi-nas mülahizə elədiyi işlərə baxıb, onları təsdiq edib, həzrət soltana pişnəhad edəcək ki, həzrət onu təsdiq edəndən sonra ona əməl olacaq. Bu qaydanın adına konstitusiyon deyirlər ki, tamam Avropa dövlətlərində işlənir.

Osmanlı dövləti zikr olan qanunu qoymaq istədiyinə bir neçə şəxs, o cümlədən bir neçə molla həzrət soltana Avropa dövlətləri gücilə təzə qanun qoydururlar deyib bunt eləmiş imişlər. Onları dövlət tutub cəzirələrdə məhbus edib. Bu səbəbə İstanbulun üləmaları cəm olub həzrət soltana ərz edirlər ki, onlar zikr olan qanuna və həzrət elədiyi işlərin hamısına razıdırlar.

_______________

 

Rusiya dövləti Osmanlı sərhəddinə əsgər cəm edir. Bizim Qafqaz tərəfində Gömrü qalasına cəm olan əsgərə knyaz Loris-Melikov, Tuna çayının sərhəddinə cəm olan əsgərə padşahzadə Veliki Knyaz Nikolayeviç sərəsgər təyin olunub.

_______________

 

Oktyabrın 29-da padşahi-imperaturi-əzəm Moskva şəhərində camaata deyib ki, mən həmişə səy edirəm ki, cəng olmasın və bizim Osmanlı ixtiyarında olan slavyan qardaşlarımız üçün yaxşı olsun. Bu halda İstanbul şəhərində Avropa dövlətlərinin vəkilləri sülh barəsində danışıq edirlər və bizim vəziri-muxtar İqnatyev zikr olan slavyanların xeyrinə bir neçə söz deyəcək və əgər onu qəbul etməsələr, gərək cəng başlıyaq. Ümidvarıq ki, Moskva şəhərinin xalqı bizə kömək eləsin. Bunun cavabında xalq ura deyib: yəni ki, hazırıq.

________________

 

Qaradağdan yazırlar ki, knyaz Nikolay deyib ki, əsir olan osmanlıların xərci çox olduğuna onları gərək əldən qoyaq. İndi tel gəlib ki, ol əsirlərdən əfsərləri saxlayıb qeyrilərini əldən qoyublar və qvardiya polkunun adamını bu səbəbə əldən qoyublar.

________________

 

Qaradağın knyazı Nikolayın qızları Peterburqda oxuyurlar. “Qolos” qəzeti yazır ki, onlara hər ildə xəzinədən 5150 manat xərc olur.

 

_______________

 

 

“Tiflisski vestnik” qəzetində çap olunan tellər:Oktyabrın 24-də London şəhərindən. İngilis dövləti məsləhət edir ki, Avropa dövlətləri öz vəkillərini İstanbul şəhərinə göndərsinlər ki, slavyanlar ilə Osmanlı dövlətinin miyanında sülh etmək barəsində məşvərət etsinlər. Oktyabrın 24-də Parijdən, Firəngistanın İstanbulda olan vəziri-muxtarı baron Burğonu dövlət Parijə gətirdib ki, ona rubəru bir neçə söz tapşıracaq. Oktyabrın 26-da Nelqraddan. General Çernyayev Belqrada gəlib Rusiyaya getmək istəyir. Deyirlər Bolqariya Bosnə, Qerdseqovinə vilayətlərinə bəzi ixtiyar istəməkdən savayı Serbistan istəyir ki, Serb və Rumeli əyalətlərini əlahiddə dövlət eləsinlər ki, onlar Osmanlıya xərc verməsin. Amerikanın Nyu-York şəhərindən oktyabrın 26-dan. Amerika cümhuriyyətinə Ğildin adlı şəxs 4 ilə pezident, yəni padşah intixab olunub. Deyirlər zikr olan şəxs dərzi imiş. Oktyabrın 12-dən İstanbul şəhərindən. Osmanlı dövləti 8 həftəlik sülhə razı oldu. Bu zaman cəng olmayacaq və hər iki tərəf onun əlində olan yerdə qalacaq.

_______________

 

Badkubəyə gələn tel:  noyabrın 2-dən İstanbuldan. Sülh olub. Amma əsgərlərin arasında çəkilən sərhəd üstə danışıqdır. Avropa dövlətlərinin vəkilləri ol sərhəddi çəkməkdən ötrü birləşməyiblər. Osmanlı dövlətinin cəng gəmiləri Qara dəniz boğazına cəm olub. Peterburqdan. “Russki invalid” qəzeti yazır ki, Kiyev və Xarkov şəhərlərində olan əsgərlərdən altı korpus düzəldib, Tuna çayının sərhəddinə göndəriblər.

_______________

 

“Qolos” qəzeti yazır ki, bilet ilə əldən qoyulan soldatlara hökm olunub ki, yığılsınlar.

_______________

 

“Peterburqski vedomosti” qəzeti yazır ki, oktyabrın 19-da Buxara xanının oğlanları Mirne`məddin və Mirmansur əcaibatxanaya gəzməyə getmişlər imiş. Orada olan şeylərə, ələlxüsus Fətəli şahın qılıncına çox təəccüb ilə tamaşa ediblər.

_______________

 

Moskvadan “Novi vremya” qəzetinə yazırlar ki, oraya bu günlərdə Serbistandan ataları cəngdə vəfat edən yetimlər gələcək.

_______________

 

Peterburqda sakin olan Raskolniklər cəm olub söz veriblər ki, Rusiya Osmanlı ilə cəng başlasa, dövlət üçün pul yığsınlar.

_______________

 

“Moskovski vedomosti” qəzeti yazır ki, gələn il vəziri-xəzanə təzədən bu qədər də pul kəsdirmək istəyir: 19 milyon 5 yüz min manatlıq imperial, 9 yüz min manatlıq 3 manatlıq qızıl, 6 milyon 5 yüz min manatlıq gümüş pulu, 7 yüz min manatlıq qara pul ki, onun 50 manatı bir pud olsun.

_______________

 

Osmanlı dövlətinin Peterburqda olan vəziri-muxtarı Kabili paşa naxoş olduğuna iki aya rüsxət alıb Vyana və Parij şəhərinə gedib.

_______________

 

Dövlət tərəfindən Daşkənd şəhərinə dəmir yolu aparmaqdan ötrü təyin olan komissiya Qırğız səhrasına baxıb yazır ki, Orenburq şəhərindən zikr olan səhra ilə Daşkənd şəhərinə dəmir yolu aparmaq olur.

________________

 

İki il bundan irəli vəkillik edən kəslər barəsində təzə qanun qoyulub ki, onları imtahan edib şəhadətnamə versinlər. Çünki bu qayda çox mülk-malı olan kəslər üçün artıq zəzər idi, ona binaən onların upravlyayuşşisinə, yəni amilinə ixtiyar vermişdilər ki, öz ağasının işlərini şəhadətnaməsi olmasada sudlarda başlasınlar. İndi “Birjevoy vedomosti” qəzeti yazır ki, çünki amillik adına çox kəs vəkillik edir, ona binaən danışıq var ki, o ixtiyarı amillərdən alsınlar.

________________

 

Astrabad şəhərindən “Bakinski izvestiya” qəzetinə yazırlar ki, türkmənlər ilə İran dövləti cəng edir. Bu səbəbə İran dövləti oraya 4 minəcən əsgər cəm edib.

________________

 

Bir xəbər çıxmışdı ki, həzrət soltan Muradi-pəncüm mərhum olub. İndi İstanbuldan yazırlar ki, bu xəbər doğru deyil.

________________

 

Bir yapon əhli İngilisin London şəhərində olanda görür ki, kərpic çox baha satılır, ona binaən yazıb Yaponiyadan kərpic gətirib orada satır və çox nəf edir. İndi əgərçi Yaponiyadan London şəhərinə dərya ilə bir neçə min verst yoldur, amma onların arasında bərk kərpic alış-verişi olur.

________________

 

Yunan və Rumeli əyalətləri Osmanlıdan narazı olub, bu halda əsgər cəm edirlər. Deyirlər onların əsgəri 200 mindən ziyadə olacaq.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info