Qonaq Kitabı
9 avqust Rusiya, sənə 1876

9 avqust  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

Bizlərdə ibarət ilə danışmaq adət olduğuna məktubat göndərənlərimizin çoxu səy edir ki, kamallı söz yazsın və əxbarat yazmağı eyib bilir. Məsələn, Zəkərtala şəhərində olan yanğı, İrəvanda və Cavadda olan sel və qeyri barəsində yazmırlar, amma yazırlar ki, imam Cəfər vaxtında teleqraf var idi. Dustan, ibarə ilə yazılan tulani mətləb jurnalda çap olunur, qəzetdə ona yer olmur.

_______________

 

Zəkərtala şəhərində olan yanğı barəsində yazmışdıq ki, oranın əhli üçün pul cəm edillər. Amma indiyəcən bir qəpikdə göndərən yoxdur. Lakin rus qəzetlərinin idarəsinə xaricilər pul göndərillər. Biz ol ehsan edənlərin siyahısına baxdıq, amma orada heç bir müsəlman adı görmədik. Həqiqət, biz çox biqeyrət tayfayıq ki, xaricilər bizim müsəlman qardaşlarımıza beqədri-məqdur kömək edillər, amma biz bir qəpiyə heyifsilənirik.

________________

 

Badkubə şəhərində 3 həftədir ki, külək əsmir. Ona binaən isti çox şiddət edib.

 

DAXİLİYYƏ

 

Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birilə belə söhbət edirlər:

Sual: Əmi, eşitmisənmi ki, Badkubədə bir ildir filankəs “Əkinçi” ismində bir qəzet çıxardır, təzə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?

Cavab: Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim ki, o qəzeti İvan və Karapet çıxardır. Pəs onu filankəs çıxardır imiş. Mən onun ata-babasını tanıram. Qoy getsin. Ev buzovundan öküz olmaz.

S: “Əkinçi” qəzeti deyir ki, zəmanəmiz dəyişilib. İndi elm təhsil etmək gərək. Ona binaən lazımdır elm kitabları gətirdib öz dilimizdə elm öyrənmək.

C: O elmləri öyrənmək bizə lazım deyil. Niyə ata-babalarımız o elmsiz yola getdilər, biz gedə bilmərik? Bizim öz elmimiz bizə bəsdir və əgər hər kəs o elmləri öyrənmək istəsə, getsin xarici dillərində öyrənsin. Dəxi elm kitabların gətirdib öz dilimizə tərcümə etdirib çap etmək nə lazım? Və əgər çap etdirsək də o kitablardan nə olacaq? Ev buzovundan öküz olurmu?

S: “Əkinçi” qəzeti deyir ki, qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbində qaim edir, ona binaən hamı millətlər səy edib qəzet və jurnallar çap etdirillər ki, qeyri millətlər arasında payimal olmasınlar, yoxsa Qazan şəhərli molla kimi, hətta namazın niyyətini də qeyri dildə edəllər ki, deyib: Abed namazı qılamən.

C: Bunlar hamısı boş sözdür, pul tələsidir. Mən öz dilimizi məgər bilmirəm? Məzhəbdə qaim olmağa qəzet ya jurnal oxumaq nə lazım? Kəlmeyi-şəhadət və beş vaxt namaz bəsdir. Millət payimalmı olur? Qazan şəhərli molla xarici içində böyüyüb öz dilini yaddan çıxarmağının bizə nə rücuu var? Xülasə, bizə qəzet ya jurnal gərək deyil və əgər bir-iki axmaq bica yerə zəhmət çəkib qəzet ya jurnal çıxardırsalar da, ondan bir şey hasil olmayacaq, ona görə ki, ev buzovundan öküz olmaz.

S: Əmi, belədə ev sahibindən adam olmaz və buzov gəlib ona sahib olur.

C: Boş sözdür – deyib qalxıb yola düşür.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Necə ki, bir həkimi-haziq naxoşun yanına gəlib filan yerim ağrıyır, onu göstər deyəndə ona utanıram göstərməyə demək eyibdir, habelə hər bir şeyin barəsində elm yolilə danışılan sözə o şey yaman olduğuna qulaq asmamaq eyibdir. Ona binaən ki, elmdən mətləb hər bir şeyin xasiyyətini, onun nəf və zərərini bilməkdir. Adam olan kəs bilməkdən qaça bilməz, özünün nəf və zərərini bilməyə bilməz. Pəs bir şey nə qədər mütəəffin də olsa, onun nəf və zərərini bilib, zərərindən uzaq olub nəfini ələ gətirtmək lazımdır. Bu səbəblərə əkin yerin qüvvətli edən şeylərin ümdəsindən ki, insan və heyvanın nəcisi və sidiyidir danışacayıq.

Keçmişdə ki, əkin yeri çox imiş, insan nəcisi murdar hesab edib, ondan uzaq olub. Amma indi insan artdığına əkin yeri az olub qüvvətdən düşdüyünə hər bir tayfa əkin yerin qüvvətli etmək səyinə düşüb. O cümlədən heyvanat nəcisi ilə onu qüvvətli edir. Lakin indiyəcən insan nəcisinə yavuq duran azdır. Ancaq Avropanın böyük şəhərlərinin ətrafındakı kəndlərin əhli onu satın alıb işlədillər. Məsələn, Parij şəhərinin küçələrində hacətxanalar bina ediblər və hər kəs oraya su üstə getsə, hacətxananın sahibi ona pul verir. Bu tövr ilə nəcisi yığıb kənd əhlinə satıllar.

Əgərçi bu halda Avropa əhli hər bir elmdə tərəqqi edib hamı millətlərdən irəli gediblər, amma əkin yerin qüvvətli etmək elmində onlar Çin məmləkətinin əhlindən çox geri qalıblar. Çin məmləkəti Asiya qitəsinin şərqində vaqedir. Onun iki tərəfi Dəryayi-mühitdir və o biri tərəflərindən bir neçə min il bundan sabiq bir hündür divar çəkiblər ki, qeyri tayfalar onların yerinə və onlar qeyri tayfaların yerlərinə gedib-gəlməsinlər. Oranın ərzinin məsaheyi-səhiyyəsi 13 milyon kilometrə mürəbbei (kilometrə 3 verst qədərdir) və miqdari-süknası 450 milyon nüfusa baliğdir. Xülasə, onların yeri bizim Rusiya dövlətinin yerindən birə üç az, amma xalqı birə altı ziyadədir, yəni Rusiyada hər kəsə 18 tağar yer düşsə, orada bir tağar düşər. Belədə onların yeri çox az olduğuna hətta çay və göl sularının üstə kəndlər salıb orada sakin olurlar. Əlbətdə, belə darlıqda sakin olan kəs gərək yerinin qədrini bilsin və onu qüvvətli etməkdən ötrü ziyadə səy etsin. Ona binaən Çin məmləkətinin əhli nə ki, şəhərlərdə insanın nəcisini və sidiyini bir damcıyacan yığıb əkin yerinə qarışdırır, hətta çöllərdə yolların üstə dövlət tərəfindən hacətxanalar təmir olunub, onların üstə qarovulçular durub ki, yol ilə gedənlər lazım olsa, ol hacətxanalara getsinlər və əgər bir kəs qeyri getsə ona tənbeh var. İldə iki dəfə, bir yazda və birdə payızda dövlət tərəfindən təyin olan adam gedib ol hacətxanaların möhrünü sındırıb açıb, nəcisi yığıb xalqa paylayıb genə padşahlıq möhrü ilə bağlayıb gedir.

Biz yediyimiz şeylərin hər birisi bir neçə əcsamdan mürəkkəbdir. Ol əcsamların yarısı bədəndən hava qismində və yarısı nəcis ilə rədd olur. Çünki zikr olan şeylər ancaq məzkur əcsamlardan əmələ gəlir, ona binaən ol əcsamların nəcis ya qeyri surətdə əkin yerinə qarışdırmaq vacibdir ki, biz yediyimiz buğda, arpa və qeyri əmələ gəlsin. Pəs buğda nəcis qarışmış, ya sadə yerdə əmələ gələndə öz əcsamlarından əmələ gələcək, ancaq təfavüt budur ki, ol əcsamlar yerə qarışmış olanda buğda yaxşı və olmayanda buğda yaman olur.

 

ELM  XƏBƏRLƏRİ

 

İnsanın naxoşluğu iki qism olur: birisi bədən, yəni bədənin əczalarının naxoşluğu, birisi beyin naxoşluğu ki, ona dəli olmaq deyirik. Bədən naxoşluğu məlum və aşkardır. Onun yovuxması iki qism olur: birisi hava xarab olmaqdan düşür. Məsələn, qızdırma, yatalaq, vəba naxoşluqları və birisi bədən bir-birinə dəyməkdən düşür. Məsələn, çiçək, kəfət naxoşluqları. Beyin, yəni dəli olmaq naxoşluğu xalq arasında çox az məlum olmağına səbəb oldur ki, belə naxoşun bədəni sağ və salamat olduğuna onu tanımaq çətindir. Məsələn, bizim Zərdab qəryəsində bir oğru var idi ki, kəndin bir başından camışı oğurlayıb o biri başında 1 manata füruş edirdi. Əlbəttə, bir neçə saatdan sonra camışın sahibi onun başını tutub oğrusundan birə-on cərimə aldırır idi, amma on ilə belə o oğru həmişə belə oğurluq edirdi. Bizim tanış hacıların birisi qənaəti- əzim ilə yaxşı pul qazanıb, amma indi ki, onun övladı və uşağı yoxdur və özünün ayağı gordan sallanıb, həmişə pənir-çörəyə qənaət edir və vəsiyyətnamə yazdırt sözünü eşidəndə qulağını yumur. Əlbəttə, belə əşxaslar dəlidirlər, onları gərək mərizxanaya göndəribmüalicə etmək. Həmçinin beyin naxoşluğu da yovuxma olur. Məsələn, 2 şəxs dava edən zaman onların hər biri öz xahişini yeritməkdən ötrü dava edir, ya iki millət cəng edəndə hər cəng edən kəs bilir ki, öz millət işindən ötrü cəng edir, onlar öz ağlı ilə iş görürlər. Lakin bəzi vaxtda iki dövlət bir boş mətləb üstə cəng başlayır.Əgər o mətləbdən bixəbər naəlac davaya gedir. Elə ki, əvvəlinci cərgə buyuruğa görə tüfəng atdı, daldakı cərgələrin adamları cuşa gəlib meydana daxil olurlar ki, beistilahi-türk meydan qızır, ol zaman quduz itə dönüb, hətta meyidin başını kəsib qarnını cırıllar. Əlbəttə bu halda onlar dəli olublar ki, ağlı ilə iş görmürlər və onların dəli olmağına səbəb əvvəlinci cərgənin adamı naəlac tüfəng atmaq olubdur.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Əgərçi Avropa dövlətləri sözü bir ediblər ki,Osmanlı öz xaçpərəst tabelərilə elədiyi cəngə qarışmasınlar, amma ol dövlətlərin əhli cəngdə zəxmdar olanda kömək etmək qadağan deyil. Ona binaən Avropa əhlindən çox adam ol cəngdə zəxmdar olan Serb və Qaradağ əhlinə pul və qeyri şeylər göndərillər. Bizim Rusiya əhli ki, zikr olan xaçpərəstlərin həm dil, həm məzhəb qardaşlarıdırlar, onlara ziyadə kömək edillər. Məsələn, Moskvada sakin olan Staroobryadlar 100 çarpayı, öz pal-paltarı, dərman-davası, həkimləri, qulluqçuları ilə onlara göndəriblər. Bir Botkin adlı şəxs öz xərcilə bir neçə həkim göndərib. Tretyakov 100 min manat pul verib. Xülasə, böyükdən-kiçiyəcən bir adam qalmayıb ki, onlara pul ya qeyri şey göndərməyə. Hətta bizim Badkubədə sakin olan ruslar iyul ayının 30-da lodkada muzıka ilə gəzmək edib, onlar üçün 100 manat cəm ediblər və övrətlər yara bağlamaq üçün əsgi yığırlar.

________________

 

Qəzetlərdə yazırlar ki, xəlifeyi-dövran Məhəmməd Muradi-pəncüm bərk naxoşdur və həkimlərin dediyinə görə onun dərdinə əlac yoxdur. Deyirlər ki, həzrət özü xahiş edir imiş ki, xaric olsun və öz yerinə qardaşı həzrət Əbdülhəmidi qoysun, amma vəzirlər iltimas ediblər ki, xaçpərəst tayfaları ilə olunan cəng qurtarıncan qalsın və bu məsləhəti həzrət qəbul edib.

________________

 

Tiflisdə keçən ay erməni dilində təzədən bina olan “Purdez” jurnalı deyir ki, İran məmləkətində xaçpərəstlərin protestantlarının vaizləri türk və erməni dillərində vəz edib, məktəbxanalar açıb çox adamı protestant ediblər. Məsələn, Təbriz şəhərində çox erməni və müsəlman, o cümlədən bir neçə molla və seyid protestant olub. Çünki protestantlığın əvvəlinci şərtlərindən birisi qardaşlıqdır, yəni hər protestant olanı özlərinə qardaş hesab edib ona beqədri-məqdur kömək etməkdir. Lakin bizlərdə qardaşlıq həmiyyəti yoxdur və özümüz bir-birimizin ətini yeməyə hazırıq. Ona binaən təəccüb bu deyil ki, bəzi əşxas protestant olub. Təəccüb budur ki, indiyəcən protestant olanımız azdır.

_______________

 

İrandan rus qəzetlərinə yazırlar ki, bu il baharda Astrabadan valisi türkmənlərə tənbeh etməkdən ötrü min iki yüz sərbaz ilə Qaraçayı keçib Türkmən yerinə daxil olub. Türkmənlər Qaraçayın körpüsünü dağıdıb özləri qəflətən onların üstə tökülüblər. Sərbazlar tamam qaçıb. Körpü olmadığına Qaraçayın suyuna girəndə onlardan 230 adam öldürüblər. Türkmənlərin hamısı  300 adam olub.

_______________

 

Ermənilərin “Ararat” jurnalı yazır ki, may ayının 5-də günortadan sonra İrəvan şəhərində sel olub. 7 – 8 ev bilmərrə uçub tələf olub, 100-cən su ilə dolub. O sel şəhərin içinə bir böyük daş gətirib ki, onun ağırlığı 3400 girvənkəyəcəndir.

_______________

 

Ermənilərin “Miğo Hayestan” qəzeti yazır ki, erməni jurnalı “D pərsi” çap etdirən kəs naxoşlayıb. Ona binaən onu qeyri kəs basdıracaq.

_______________

 

Qəzetlərdə yazırlar ki, Kokan xanlığında ki, ona indi Fərğan müzafatı deyirlər, çox neft və daş kömürü çıxıb.

Sərəsgər Əbdülkərim paşa Niş qalasına gəlib, hökm edib ki, əsakiri-şahanə Niş və Vidən qalalarından Serbistanın içinə daxil olsunlar. Ona binaən Vidəndən Osman paşa və Nişdən Əhməd Eyyub paşa və Süleyman paşa külli əsgər ilə sərhəddi keçib Serbistanın sərhəddə olan Zayçar Və Knyajivas və qeyri qalalarını alıb indi Serbistanın paytaxtı Belqrad şəhərinin üstə gedirlər. Serbistanın knyazı Milan Vidən və Niş qalalarının qabağında olan əsgərləri bir edib rus generalı Çernyayevi onlara sərkərdə edib ki, əsakiri-şahanənin qabağını saxlasın. Amma indiyəcən Çernyayevdən bir xəbər yoxdur. Serbistanın Bosnə sərhəddində olan əsgərləri Alimpiçin sərkərdəliyi ilə sərhəddə dayanıb Dərviş paşa ilə cəng edir və geri qayıdıb Çernyayevə kömək edə bilmir. Xülasə, cəng başlananda Serbistandan gələn tellər deyir ki, basdıq, basdıq, amma indi oradan gələn tellər xəbər gətirir ki, əsakiri-şahanə filan yeri alıb, kəlisaları və məktəbxanaları yandırıb ruhaniləri, müəllimləri, hətta övrət və uşaqları qırıb çox zülm edirlər.

________________

 

Qaradağın knyazı Nikolay 20 min əsgər ilə Qerdseqovinəyə daxil olub, oranın əhlindən bir miqdar əsgər düzəldib istəyirdi Mastar və Saray, Bosnə şəhərlərinin üstə getsin. Amma Novsinə qalasının yanında ki, düz yer imiş, Əhməd Muxtar paşa onu basıb, qovub, indi Qerdseqovinənin dağlarındadır. Xülasə, buranın yeri dağıstan olduğuna əsakiri-şahanə ol qədər iş görə bilmir.

_______________

 

Osmanlı dövlətinin Smirna şəhərindən yazırlar ki, dövlət hökm eləmişdi ki, hər vilayət iki min əsgər versin. Amma xaçpərəst tayfalar ilə cəng etməyə xahiş edən ol qədər var ki, hər vilayətdən 10 mindən ziyadə əsgər düzəldib.

________________

 

Əgərçi Rumıniya əyaləti (Boğdan və Əflan) Osmanlı ilə cəng etmir, amma bu halda dövləti-Osmanidən özünə bəzi ixtiyarlar istəyib və dövlət ol ixtiyarları vermir. Bu səbəblərə Osmanlı dövləti onun sərhəddində 45 min əsgər saxlayıb.

_______________

 

Osmanlı dövlətinin xaçpərəst tayfaları 3 millətdirlər. Slavyan milləti Serb, Qaradağ, Bosnə, Bolqariyadırlar ki, onların məzhəbi pravoslavnıdır. Boğdan, Əflan, yəni Rumınya əhli və Bosnə xaçpərəstlərinin bəzi katolik məzhəbindədirlər. Üçüncü millət yunandır ki, onların da məzhəbi pravoslavnıdır. Çünki indi olan cəng millət cəngidir, ona binaən Rum və Yunan əhli slavyanlara kömək etmirlər və slavyanlardan cəng edən Serb, Qaradağ, Bosnə əhlidir. Bolqarların yeri düz olduğuna onlar cəng başlamayıblar, amma serb əhli onların yerlərini gəzib onları öyrədir ki, onlar da cəng başlasın. Bu səbəblərə onların yeribdə çox çərkəs və başıpozuq əsgəri durub. Qəzetlərdə yazırlar ki, Bolqariyada çox zülm edillər.

 

_______________

 

 

Bəzi qəzetlərdə yazırlar ki, həzrət Məhəmməd Muradi-pəncüm naxoş deyil və ol həzrət naxoşdu sözünü qədim türklər çıxardıblar ki, ondan narazıdırlar ki, millət məclisi bina etmək istəyir.

________________

 

Yazırlar ki, Osmanlı dövləti 3 milyon liralıq kağız pulu kəsdirmək istəyir.

________________

 

Peterburqda bir Ştiğlis adlı şəxs Osmanlı ilə cəng edən xaçpərəstlərə 500 min manat göndərib: Moskva tacirləri onlara bir milyon 500 min manat göndəriblər.

_______________

 

Peterburqdan iyulun 20-dən yazırlar ki, bu gün Peterburqun böyük küçələrindən getməyə yol yoxdur, oralarda mötəbər adamların övrətləri Osmanlı ilə cəng edən xaçpərəstlər üçün pul yığırlar və ol qədər pul verən var ki, tamam küçələr doludur.

________________

 

Krımdan yazırlar ki, Osmanlıdan bir neçə tələbə müsəlmanlardan cəng üçün pul yığmağa gəlmişlər imiş, amma onları tutub göndəriblər.

_______________

                                                                   

Osmanlı qəzetlərində yazırlar ki, guya bizim Qafqaz müsəlmanları Osmanlı dövləti üçün pul yığırlar.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info