Qonaq Kitabı
11 iyul Rusiya, sənə 1876

11 iyul  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

DAXİLİYYƏ

Bir il tamamdır ki, bizim qəzet çap olunur. Ona binaən lazım bilirik ki, bu bir ilin hesabına gedək. Keçən il rəcəbin əvvəlindən təzə iləcən bizim 600-cən müştərimiz var idi. Bu il indiyəcən 283 bir illik, 57 yarım illik müştərimiz var. Bu halda ki, yarım il qurtarıb, onların 283-ü qalıb. Müştərimizin çoxu Quba, Dərbənd və Dağıstanın qeyri vilayətlərindəndir. Bizim şəhərlərdən ol qədər yoxdur. Məsələn, Qarabağdan 3, Şirvandan 3, Şəkidən 3, Lənkərandan 1, Gəncədən 1 adam qəzet apartdırır. Müştərimiz azalmağı çox təəccübdür. Əvvələn, qəzetin qiymətini artırmayıb, onu böyükləndirmişik, onun məzmunu, hətta kağızıda yağşılanıb. Saniyən, bu halda hər səfər Osmanlı xəbərləri yazırıq və indi tamam dünya Osmanlı işlərindən danışır. Hətta bizim Badkubədə qulluq edənlər hər gündə bu barədə tel gətirirlər. Pəs bu əsnada bizim qəzetin müştərisi azalmaq təəccüb deyil? Əlbəttə, çox təəccübdür. Buna bir səbəb yoxdur, savayı bizim qammazlığımız. Bəzisi biz yazdığımızı fəhm edə bilməyib öz anlamazlığından bizi müsəlmanlara düşmən və yazımızı böhtan hesab edir. Bəzi deyir: bir şey yaz ki, ondan bir qəpik nəf olsun. Yəni millət işlərindən bir qəpiyi artıq tutur. Ey qəpiyə milləti satan qardaşlar, siz adınızı müsəlman qoyub qeyrilərin müsəlmanlığına şəkk edirsiniz. Vay, vay, sizin halınıza ki, müsəlmanlığın şərtlərindən bircə namaz qılıb, oruc tutmağı bilirsiniz.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Barama qurdunun ağzından bir su qismi şey çıxır ki, hava dəyməkdən ol şey bərkiyib ipək olur. Qurd barama qıran vaxtda bir yerdə dayanıb, ağzından çıxan ipəyin ucunu bir şeyə yapışdırıb, başını fırlandıranda o ipək sapından onun ətrafında barama əmələ gəlir. Hər barama bir sapdan olur ki, onun tuli 400 arşına qədərdir.Ondan masəva qurdun ağzından yapışqana oxşayan bir şey çıxır ki, sapı bir-birinə yapışdırıb baramanı möhkəm edir. Bu yapışqana oxşayan şey isti suda əriyir. Ona binaən ipək çəkən vaxtda baramanı isti suya salırlar ki, ol şey əridiyinə sap aralansın. Baramanı qaynar suya salanda ol şey birdən əridiyinə yumaqdan sap birdən çıxanda pırtdaşıb düyün düşən kimi, ipək də düyün düşür. Amma su çox isti olmayanda, yəni ilıq olanda yapışqana oxşayan şey mürur ilə əridiyinə yumaqdan sap mürur ilə aralanan kimi ipək sapı bir-bir aralandığına düyün düşmür və bir də tiyanın içində baramanın qədəri məlum olmayanda onların hamısının sapı birdən aralanmadığına ipəyin bir ucu yoğun, bir ucu nazik olur. Xülasə, bizim qayda ilə ipək çəkiləndə onun bir tərəfi yoğun, bir tərəfi nazik və özü düyün-düyün olduğuna alçaq ipək hasil olur ki, onun putunu 100 manata da sata bilmirik.

Firəngistanda və İtaliyada ki, onların ipəyinin pudu 400 manata gedir, ipəyi belə çəkirlər: bir otağın divarlarına samavar puçu kimi bir neçə puç möhkəm edib bir qeyri otaqda böyük qazanda suyu qaynadıb onu novçalar ilə hər puça aparırlar. Onların hərəsinin altında bir kiçik tiyan var ki, puçu açanda ona isti su tökürlər. Onu tiyanların içində ilıq oluncan, yəni elə oluncan ki, adam onun içində əlini saxlayanda azar etməsin, saxlayıb, sonra say ilə onun içinə 7 – 8 ya 10 – 12 barama atıb kiçik, hamvar ağac ilə onları tərpədib, hər baramanın ipəyinin ucunu tapıb onları çarxa dolandırırlar ki, o bir çarxın üstə hamı tiyanların ipəyi yığılır. Hər tiyanın yanında bir uşaq ya övrət durub tiyanın suyu soyuyanda ona isti su tökür və əgər baramanın birisinin ipəyi qırılsa, onun ucunu tapıb qeyri ipəklərə qarışdırır ki, ipək sapı bir havada, bir yoğunluqda olsun. Tiyana tökülən baramanın qədəri sapın yoğunluğuna baxar. Nazik sap istəyən az və yoğun sap istəyən çox barama tökər. Amma adətdir 7 – 10 barama tökərlər. Pəs Firəngistanın və İtaliyanın ipəyi bizim ipəkdən birə dörd baha sayılmağa səbəb oldur ki, onların ipəyi bir yoğunluqda olduğuna ondan çox əla əlva parçalar qayırıllar, amma bizim ipək nahamvar və düyün-düyün olduğuna ondan bimiqdar tafta ya onun kimi qeyri parçalar toxuyurlar. Pəs, bizim mancələqçilər, əgər zikr olan qayda ilə ipək çəkməyə məqdur olmasanız, laməhalə bunu yaddan çıxarmayın ki, tiyanın suyu gərək ilıq ola, qaynar olmaya və baramanın qədəri məlum ola ki, ipək bir yoğunluqda olsun. Belədə yəqin ipəyi birə-bir artığa satarsan.

 

MƏKTUBAT

 

Bir çocuq öz anası rəhmindən düşüb dünyaya gəldiyində və körpə lisanı açıb cüzvi fərasət kəsb elədiyi vaxtda öz pədəri və anasından savayı dünyada heç kimsə böyük yoxdur, - deyib fəhvasında bulunurdum. Caizdir bunun üçün ki, həmişə gözü qabağında onları görür və onların məhəbbətlərilə bəslənir, onlardan eşitdiyi sözlər üzərinə və verib aldığı şeylərə göz keçirib əfkar edir. Öz pədəri və anasından yaxşı öyrəndiyindən, əvvəl hər bir ləvazimata lisanı təpərindəki qədər yek-digərinə az-az ism verir. Ondan sonra su, çörək, süd, çay deməyi başlar. 4 – 5 sinninə təcavüz etdiyi vaxtda küçələrə çıxıb gəzmək istər. Özgə bir səbəb üçün deyildir, ancaq daş atmaq, torpaq sovurmaq ilə gün keçirsin. Təəccüb budur ki, çox ana övladlarını bu halda gördüklərində sükut edib bir söz deməz. Lakin hər bir çocuq məktəbxanalardan əvvəl birinci dərəcə gərək tərbiyə və tərbiyətsizliyi öz pədər və anasından öyrənməlidirlər. Ona binaən hər kəs daima mədyundur ki , övladına mədəniyyəti öyrədib, tərbiyət versin ki, ol çocuq da irəlidə insanın tamam sifəti ilə dünyada günlər və saatlar keçirtsin. Bu əfkar dəxi hər bir anda bulunması lazimədəndir. Bir kərə düşünməlisiniz ki, bu həzarat səbt etmək və fəna sözlər söyləmək əcəba çocuqlar bunları kitabdamı oxuyurlar? Haşa. Bu lüğətlər heç bir zaman çap olunmamış və olunmaz. Ancaq övladlar körpə zamanı öz pədər və analarından öyrəniblər. Çox pədər övladımı söyərəm deyib, başlar ona fəna sözlər öyrətməyə, zavallı çocuq da yaman sözlər ağzından çıxartmağa adət edib, sonra eşiyə çıxdığı vaxtda dəxi bu misilli bir çənd sözlər tərbiyəsiz yoldaşlardan eşidib, günbəgün artmağa başlar və belə böyüdüyünə mədəniyyətdən məhrum olur. Əgər pədərləri və anaları tərəfindən kömək olması yalqız məktəb çocuğu tərbiyə və mədəniyyət sahibi etməyə məqdur deyil.

Əcəba, nə əfkar sahibi ola bilir bir övlad ki, gündüz axşama qədər məktəbdə oxuyub öz xanəsinə gedəndə ata və anasından fəna sözlər eşidib onların bəd əməllərinə yoldaş ola? Haşa, belə oxumaqdan bir nəf olmaz. Fəqət çox pədərlər və analar öz övladlarını özləri tərbiyət etmədiyindən başqa onların əfkarlarına dəxi zərər gətirməyə səbəb olurlar.

Kars konsulunun mütərcimi Xaçatur Qorxmazov.

 

ELM XƏBƏRLƏRİ

 

Cənab Vamberi (9-cu nömrənin daxiliyyəsinə bax) Məğrib-zəmin ilə Məşriq bir-birindən elm öyrənməyi belə bəyan edir: həzrət xəlifələrin zamanında ki, Məşriqdə elm və adət artıq idi, Məğriq, yəni Avropa əhli onların elm kitablarını gətirdib, öz dillərinə tərcümə edib, uşaqlarına oxutmaqlıq ilə bir qənirədən sonra tərəqqi edib, təzə elmlər ixtira edib, əhli-islamdan çox irəli gedib onlara hər bir yolda faiq gəldilər. Əhli-islam Avropa əhlinin gücünü görüb elə fikir elədi ki, büsat ancaq əsgətiyyə nizamındandır. Ona binaən Osmanlı, İran, Əfqanıstan, hətta Buxara dövlətləri Avropadan nizami-əsgəriyyə öyrədənlər gətirdib öz əsgərlərinə nizam öyrətdilər ki, guya sağ və ya sol ayağını irəli ya geri qoy deməyi bilmək ilə əsgər qüvvətli olur imiş. Onlar heç fikir eləmədilər ki, qarnı ac, bədəni üryan əsgərin nizamından bir fayda olmaz ki, əsgərə nizam öyrədəndən irəli qanuni-külliyyə qoyub xalqı xoşgüzəran etmək gərək ki, təhmilat artsın və onunla əsgərə məvacib vermək olsun ki, elmsiz əsgər güclü ola bilməz. Gərək elm yolu ilə hansı xörəkdən insanın bədəni qüvvətli olmağı bilmək. Gərək elmi-təbbiyyədən xəbərdar olan hakimlər olsun ki, ona müalicə edə. Əsgərə hər bir elmdən xəbərdar sərkərdə lazımdır. Xülasə, onlar bunu başa düşmədilər ki, nizami-əsgəriyyə hər bir tərəfdən nizami-külliyyəyə bağlıdır. Əvvəl, nizami-külliyyə qoyub elm-ədəbi artırmaq gərək ki, sonra nizami-əsgəriyyədən bir şey hasil olsun.

Osmanlı dövləti ki, qeyri-islam dövlətlərindən Avropa əhlinə yavuqdur, bu səbəblərə bir neçə ildir ki, nizami-külliyyə qoyub məktəblər bina edib, hər bir elmi öz tabelərinə öyrədir, amma ol məktəbxanalarda ancaq kişilər oxuyur, ünas tayfası elmdən bixəbərdir. Çünki tərbiyətin binası ana ilədir, uşaq 7 – 8 yaşına gəlincə ona ana tərbiyə edir, ona binaən ünas tayfası tərbiyətsiz qaldığına, Osmanlı dövlətinin kişilərə elm öyrətməyində ol qədər nəf olmur.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Bu halda Osmanlı dövlətinin yerləri kürreyi-ərzin 3 qitəsində vaqedir. Asiya qitəsində məşhur vilayətlər: Ərəbistan, Bağdad, Şam, Suriya, Hələb, Diyarbəkr, Antaliya, Konya Ankara, Aydın, Trabzon, Ərzurum, Sivas, Qəstəmonu vilayətləri .

Afrika qitəsində: Misir məmləkəti, Biladi-nobəcəşn məmləkəti, Nəvahiyi-məğrib, Trablisi-qərb əyaləti, Tunus əyaləti. Zikr olan vilayətlərin əhli islamdır. Bircə Trabzon, Ərzurum, Şam vilayətlərində erməni və bir az gürcü sakin olur və bir də Afrika qitəsində olan əyalətlər Osmanlı dövlətinə, ancaq xərc verillər, amma ümuri-daxiliyyələri öz ixtiyarındadır. Avropa qitəsində Rumeli deyilən yerdə ki, aşağıda zikr olan vilayətlərə təqsim olunur: cənubda vaqe vilayətlər:

1) İ s t a n b u l  v i l a y ə t i d i r   ki, mərkəz vilayəti padşahi-ali-Osman, şahənşahi-ədalətnişan, xilafəti-ila axirül-dövranın paytəxti-səltənət və qərargahi-xilafətləri olan İstanbul şəhəridir.

2) Ə d i r n ə  v i l a y ə t i   ki, onun məqərri-hökuməti Ədirnə, yəni Adryanopol şəhəridir.

3) S ə l a n i k  v i l a y ə t i  ki, onun mərkəz vilayəti Səlanik şəhəridir.

4) Qaradağ sərhəddində vaqe olan Y a n i y ə  v i l a y ə t i d i r  ki, onun mərəqqi-hökuməti Yaniyə şəhəridir.

Vəsətdə vaqe vilayətlər:

1) T u n ə  v i l a y ə t i  ki, onun şimal tərəfindən sərhəddi Əflan və Bağdad əyalətləri və məğrib tərəfdə Serb əyalətidir. Bu vilayətin məşhur qalaları Ruscəq, Vidin, Nişdir. İndi Serb əsgərləri rus generalı Çernyayevin sərkərdəliyi ilə Niş qalasının ətrafında cəng edirlər və bu qalanı alıb, İstanbulun üstə getmək istəyirlər.

2) Ü s k u b  v i a l ə t i  ki, Serb və Qaradağ əyalətlərinin arasındadır. Onun məqərri-vilayəti Bizəhrin şəhəridir. İndi Serb əsgərləri general Zaxin (ruhanidir) sərkərdəliyi ilə bu vilayətə daxil olub. Təzəbazar qalasını əhatə ediblər. Onların xahişi budur ki, bu vilayəti alıb, Qaradağ əsgəri ilə birləşsinlər.

3) İ ş q u d r a, yəni Q a r a d a ğ  ə y a l ə t i  ki, onu 140 min nüfusu var və ümuru-daxiliyyəsi öz ixtiyarlarındadır. Osmanlıya xərc verillər. Bu əyalətin paytaxtı Çetənə şəhəridir.

Şimaldan vaqe vilayətlər:

1) B o s n ə  v i l a y ə t i. Onun şimal və qərb tərəfləri Avstriya məmləkətinin macar və Dalmaçya vilayətidir. Bosnə 7 livaya münqəsim olur. Onların biri Qerdseqovinədir ki, Qaradağ sərhədində və birisi İzvərnəqdir ki, Serb sərhədində vaqedirlər. Bu vilayətin məqərri-hökuməti saray Bosnə şəhəridir. Bir ildir ki, Bosnə vilayətinin əhli Osmanlı dövlətilə cəng edir. İndi Qerdseqovinə ləvayəsinin əhli Qaradağ və başqa ləvayələrin əhli Serb knyazlarına itaət etmək istəyirlər. Serb əsgərləri general Alimpoviçin sərkərdəliyi ilə İzvərnəq ləvasına daxil olublar.

2) S e r b  ə y a l ə t i. Onun şimal tərəfi Avstriya məmləkətinin Macarıstan vilayəti, şərqi Əflan əyaləti və Tunə vilayəti, qərbi Bosnə vilayəti və cənubu Üskub vilayətidir. Onu bir milyon nüfusu var, məqərri-hökuməti Belqrad şəhəridir. Ümuri-daxiliyyəsi öz knyazlarının ixtiyarındadır. Amma hər ildə Osmanlı dövlətinə 4600 kisə vergi verir.

3) Ə f l a n  ə y a l ə t i (Valaxiya). Onun şimalı Bağdad əyaləti və Avstriya məmləkəti, şəqr və cənub tərəfləri Tunə vilayəti, qərbi Macarıstan və Serb əyalətidir. Onun məqərri-hökuməti Bukreş şəhəridir, 2 milyon 6 yüz min nüfusu var. Ümuri-daxiliyyəsi öz ixtiyarlarındadır. Osmanlı dövlətinə 5000 kisə vergi verir.

4) B o ğ d a n  ə y a l ə t i  ki, ona ruslar Moldaviya deyirlər, onun şimal və qərb tərəfləri Avstriya, şərqi Rusiya və cənubi Əflan əyalətinin yerləridirlər. Mərkəz əyaləti Yaş şəhəridir. Onun 1 milyon 2 yüz min nüfusu var. Ümuru-daxiliyyəsi öz ixtiyarlarındadır. Osmanlı dövlətinə ildə 3 min kisə vergi verir. Zikr olan vilayətlərdən başqa Osmanlı dövlətinin ixtiyarında Cəzairi-Bəhri-Səfid var ki, onların böyük cəzirəsi Krid vilayəti hesab olunur. Bu vilayətlərdən başqa keçmişdə Osmanlı dövlətinin İxtiyarında Yunan vilayəti (Qresiya) olub ki, bu halda onların əlahiddə padşahı var.

Zikr olan Avropa qitəsində olan vilayətləri Osmanlı dövləti tarixi-hicrətin 765-ci sənəsində təsxir edir. Onların əhli tamam xaçpərəst olublar. Sonra 20 – 30 il bundan sabiq dövlət başısoyuqluq elədiyinə onların bəzi bilmərrə aralanıb və bəzi ümuri-daxiliyyəsin öz əllərinə alıblar. İndi Bosnə vilayəti həm ümuri-daxiliyyəsin öz əlinə almaq istəyir. Bizim vilayətdən köçən çərkəsləri və Krım əhlini Osmanlı dövləti bu vilayətlərdə sakin edib ki, onlarda islam çox olsun.

________________

 

Peterburqda universitetin professoru Lazar Budaqov rus, türk və tatar dillərində bir lüğət qayırıb, 615 vərəq, qiyməti 5 manat. Xahiş edən “Əkinçi” qəzetinin idarəsindən xəbər bilsin.

________________

 

 İvanov adlı dişqayıran usta general Lazarevin evinin altında mənzil tutub dişi olmayanlara diş qayırır ki, əsli dişdən ona təfavüt vermək olmaz.

_________________

 

Osmanlı dövləti bərk tədarükdədir. Çərkəzlərdən 15 min, Krım tatarlarından 22 min əsgər düzəldib. Bosnə müsəlmanları və xaçpərəstlərin katolikləri tamam qalxıb, serblər ilə dava edirlər. Serbistan ilə Qaradağ cəng başlayanda elə fikir eləmişdilər ki, osmanlı dövlətinin xaçpərəst tabeləri hamısı onlara kömək edəcək, amma Yunan, Bağdad, Əflan əhli onlara bilmərrə kömək etmirlər. Tunə vilayətində sakin olan bolğarlar və albanlar tərpənirlər, amma onlardan elə kömək yoxdur. Misir və Tunis əsgərləri gəlib, Əbdülkərim paşa özü Niş qalasının əsgərinə sərkərdə gedib.

_______________

 

Serb əyalətinin 1 milyon xalqı var. 10 ildən ziyadədir ki, onlar Osmanlı ilə cəng etmək fikirinə düşüb təzə əskər qanunu bina edib, zavodlar açıb, top, tüfəng, barıt, güllə qayırmağa məşğuldurlar. Zikr olan qanuna görə Serbistanın hər bir kişisi 20 – 50 yaşınacan əsgər hesab olunur. Onların 4 min həmişəlik əsgəri var idi və artıq qalan kəslər hər ildə 2 ay bir yerə cəm olub nizami əsgəriyyə öyrənirdilər. İndi ki, cəng başlanıb, hamını yığıb 150 min əsgər düzəldiblər. Çünki Serbistanın tamam mədaxili 3 milyon manatdır və bu məbləğ ilə ol qədər əsgəri saxlamaq olmaz, ona binaən xalq öz məxsusi pulların, övrətlər qaş-daşların satıb əsgərə məsrəf edirlər.

________________

 

Cəng barəsində gələn tellər bir-birinə bərəks gəlir. Ona binaən cəng necə olur, demək olmur. Serbistandan gələn tellər tamam deyir ki, Serb və Qaradağ əsgərləri Osmanlı əsgərlərini basıb, amma qeyri yerlərdən gələn tellərə binaən, osmanlı əsgəri Serb, Qaradağ əsgərlərini basıb, onların yerlərinə daxil olub. Osmanlı qaydası ilə təzə soltan gərək Əyyub məscidində həzrət Osmanın qılıncını bağlıya ki, ona xəlifeyi-dövran deyələr.

İyul ayının 6-da həzrət Məhəmməd Muradi-pəncüm ol qılıncı bağlayacaq. Deyirlər ol vaxt cənab Midhət paşa millət məclisi barəsində yazdığı qanunu xalqa bəyan edəcək.

_________________

 

Hüseyn övni paşanın yerinə Əbdülkərim paşa, Rəşid paşanın yerinə Səfvət paşa təyin olunub.

_________________

 

İyunun 29-da Reyxştat şəhərində Rus və Avstriya imperaturi-əzəmləri görüşüb sözləşiblər ki , Osmanlı və Serb cənginə qarışmasınlar.

________________

 

“Tayms” qəzetində Hindistanın Benqal əyalətinin Kəlküttə şəhərindən iyunun 25-dən tel var ki, İngilis dövlətinin təhti-hökumətində olan Benqal və Bombey əyalətlərinin müsəlmanları mərhum Soltan Əbdüləzizin yasına məşğul olub, həzrət Məhəmməd Muradi-pəncümə mübarəkbadlıq göndəriblər.

 

E L A N

 

“Odesski vedomosti” qəzeti yazır ki, Serb knyazının adamı gəlib Osmanlı ilə cəng etməkdən ötrü borc pul yığıb. Bir şəxs 4 min manat verib. Ol adam indi Peterburqa gedib ki, orada həm borc eləsin.

________________

 

Xədivi-Misrin oğlanları İbrahim paşa və Fuad paşa Firəngistana səyahətə gediblər.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info