Qonaq Kitabı
11 iyun Rusiya, sənə 1876

11 iyun  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

DAXİLİYYƏ

 

Baran ki dər lətafəti-təbəş xilaf nist

Dər bağ lalə ruyədi dər şurəbum xəs[1].

                                                     Sədi.

Əkin yerindən danışanda ərz elədik ki, hər bir qism ələfiyyatın bir qeyri xörəyi var. Məsələn, buğdaya lazım olan xörək olmasa, nə qədər zəhmət çəkib buğda əkilsə, əmələ gəlməz. Onun əvəzinə alaq otları bitər ki, onların xörəyi var. Habelə hər bir millətin adət və rəftarı elm ilə düz gəlməsə, o millət elm təhsil edə bilməz. Çünki bir neçə dəfə bizim müsəlmanlar üçün elm təhsil etmək vacib olduğundan danışmışıq, ona binaən indi bizim adətlər ona mane olmaqdan danışaq.

Əgər bir elm sahibi öz kefi istədiyi təki bizim içimizdə rəftar edə, əvamün-nas onu dinc qoymaz. Məsələn, çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eləsə görər ki, çəkmə geymək ilə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs bizim namərbut başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir. Mollalar ona minbərdən lənət oxuyur, əvamün-nas ona salam vermir. Xülasə, hamımız birləşib onu kafir hesab edir o qədər incidirik ki, biçarə naəlac qalıb, öz millətini atıb, gedib xaricilər ilə üns tutur ki, onun övladı onların içində böyüyüb, onların təriqəsinə daxil olur.

Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz, alaq otları olacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyri hasil əkəcəklər.

Ey millət təəssübü çəkən qardaşlar, aləmi-məhşərdə va ümməta! – deyən peyğəmbər olacaq. Amma indi biz elə bihəmiyyət olmuşuq ki, xaricilər va milləta – deyib öz işlərini möhkəm edən vaxtda vanəfsa – deyib nə ki milləti işlərimizə rövnəq vermirik, hətta zəhmət çəkib elm təhsil edənlərimizi incidib qovmaq ilə millətimizi kor edirik. Pəs vaxt keçməmiş elm kitabları gətirib, məktəbxanalar bina edib, öz dilimizdə təhsili-üluma məşğul olun ki, müsəlmanlıqda qaim olasınız. Mıx bərk vurulduqcan, onu çıxarmaq çətin olur.

Ey elm təhsil edən cavanlarımız! Doğrudur bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər.

Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti-dünyaya tamah etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar edib, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişşək gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq.

 

 

MƏKTUBAT

 

Şamaxıda bir camaat uçkolası bina olub ruhani okrujnoy məclisinin nəzarətində Şamaxı sakini Hacı Seyid Əzim Məliküşşüəra öz oğlu Mircəfər namı haman uçkolaya elm təhsil etmək üçün qoymaqdan xalqın məzəmmətin görüb öz oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır:

 

Cəfər, ey qönçeyi-gülüstanım!

Ey mənim bülbüli-xoşəlhanım!

İki yüz yetmiş üçdə, bəd həzar,

Mötədil fəsl idi, zəmani-bəhar.

Səni həqq mən fəqirə qıldı əta,

Kəbeyi-qəlbimə yetişdi səfa.

On beş ildir ki, ey ətayi-əzim,

Sənə adab eylərəm təlim.

Yetibən əqlə sərfəraz oldun,

Dəxi məndən ki, biniyaz oldun,

Əql peyğəmbərin qılıb rəhbər,

Öyrən adabi-məzhəbi, Cəfər!

Demirəm mən gedən təriq ilə get,

Əqli tut, ol gözəl rəfiq ilə get.

Sənə bürhan deyil təriqi-pədər,

Gör nə yol getdi zadeyi-Azər.

Demirəm rus ya müsəlman ol,

Hər nə olsan, get əhli-ürfan ol.

Ey gözüm nuru, ey ətayi-xuda,

Sənə Şirvanda oldu nəşvü nüma.

Lilləhül-həmd, xitteyi-Şirvan

Saniyi-İsfəhandır əlan.

Gərçi viran oldu zəlzələdən,

Çıxmayıb mərifət bu mərhələdən.

Var hər guşədə yüz əhli-kəmal,

Hər bir əhli-elmü sahibi-hal.

Xassə kim, padşahi-kişvəri-Rus

Edəni təxti-ədlü dadə cülus,

Eyləyir tərbiyət kəmal əhlin,

Gətirir halə hərməhal əhlin.

Hər vilayətdə açdı məktəblər,

Çatdılar feyzə əhli-mənsəblər.

Oxunur onda müxtəlif dillər,

Həll olur onda cümlə müşküllər.

Ey oğul, bu dəlili-bişəkdir,

Adəmi-bisəvad eşşəkdir.

Rəmzi – “həl yəstəvi[2]” müdəlləl imiş,

Bilməyəndən bilən kəs əfzəl imiş.

Həq buyurmuş ki, ixtilafi-lisan

Nemətimdəndir, ey güruhi-cahan!

Kim ki, bəs bir dil eyləsə hasil,

Oldu bir nemətə o kəs vasil.

Cəhd elə neməti-təmamə yetiş,

Elm təhsil qıl, məqamə yetiş.

Ey gözüm, hər lisanə ol rağib,

Xassə kim, rusidir bizə vacib.

Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil, əlacımız yoxdur.

Çatmayıb şərdən bizə bu xəbər –

Ki, ərəbdən səva dil oldu hədər.

Nə ərəbdir xuda, nə rumü nəzəng,

Nə həməşdir, nə rusü türkü firəng,

Xah boğ, xah tanrı, xah xuda,

Birdi mənada, ey düri-yekta.

Ləfz edirsə ifadə mənanı,

Sərf edər əhli-mərifət anı.

Bir hədisi-səhihdir bu xəbər,

Söyləyibdir cənab peyğəmbər –

Ki, Süleyman nəbi əleyhüssəlam

Hər güruhin dilin bilirdi təmam.

Ey oğul, bil bu rəmzdən mətləb,

Deyil əlhəq lisan lisani-ərəb.

Həqq özü hər lisanə danadır,

Hər lisan həq yanında zibadır.

Var bizim dörd kitabımız, ari,

Hər biri bir lisan ilə cari.

Biri “Tövrət” idi giranmayə,

Gəldi ibri dilində Musayə.

Biri “İncil” idi, birisi “Zəbur”,

Hər biri bir lisan ilə məşhur.

Çün Məhəmməd ərəbdən etdi zühur,

Öz lisanında qıldı həq məmur.

Türkidən göndərəydi gər ani,

Türki dildə olurdu “Quran”i.

Xassə kim, məzhəbi-imamiyyə,

Xah Bağdadü xah Şamiyyə

Cümlə bu etiqadə guyadır –

Ki, nəbi hər lisanə danadır,

Xah rusi lisani, xah firəng,

Bilir ani imam bafərhəng.

Bir lisani ki, bəs bilirmiş imam.

Sən də bilirsən nə eybi, ey gümnam?

 

________________

 

Cənab ağanın kəlamı çox nazik eyham olduğuna qorxuram onu oxuyanlar başa düşməsinlər. Ona binaən lazım bilib bəyan edirəm ki, o cənabın kağızlarından məlum olur ki, bu şerlər ilə ağa bizi və bizim qəzeti həcv edib. Ey ağa, qurbanət şəvəm, biz haçaq demişik:

Demirəm rus ya müsəlman ol,

Hər nə olsan get, əhli-ürfan ol.

 

Haşa bu sözü biz deməmişik, amma həmişə deyirik:

 

Ey oğul, bu dəlili-bişəkdir,

Adəmi-bisəvad eşşəkdir.

 

Yəni deyirik eşşəyin müsəlman olmağından çifayda? Adam gərək elm təhsil edib insan olsun ki, müsəlmanlığa qabil olsun.

_______________

 

F ə s i l  13. Əməli-ticarət üçün niza baisi-təzyii-mal və abrudur və cəmi eyiblər elmsizlikdən çıxar.  Cəmi mühhəsən ümuratın başı elmə bağlıdır. Heç əməl yoxdur ki, elmə möhtac olmasın. Elmi-ticarət bizim nəzərimizdə çox həqirdir. Deyirik hər kimin pulu olsa, hər vaxt ticarət edə bilər, amma gərək deyək hər kəsin elmi-ticarəti olsa, pulsuz da ticarət edib, pul qazanır və hər kəsin elmi-ticarəti olmaya, pulnan da ticarət edə bilməz. Elmi-ticarəti olan tacirlər tədbirati-ticarət ilə onun əlini işdən çıxarıllar. Elmi-ticarəti olmayan pulu da ola, yəni miras ya tapmaq kimi olan pullardan ona yetişmiş ola, genə onu tələf edib, yaman günə qalır.

İndi bizim içimizdə elm ilə ticarət edən az olduğuna bir tövr ilə dolanırıq. Əgər ticarət elmi olanlar bizim içimizə çox gələlər, o vaxt bizlər gərək özgələrə əmələcat olaq və onu bacarmasaq fəhləliyə gedək ya haləti-qüdrətimizdə mülk və qeyrədən bir zad götürmüş olaq, onunla dolanaq. Belə ki, İstanbulda müsini adamlar xudkatibə və başqalara deyiblər və həm deyirlər ki, o vaxtdan ki, Avropa camaatı bu məmləkətə ayaq açdı, yövmən-fəyövmən büsati-ticarəti bizim əlimizdən çıxardıblar.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info