Qonaq Kitabı
27 may Rusiya, sənə 1876

27 may  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

 

DAXİLİYYƏ

 

Qafqaz vilayətində dövlət tərəfindən məktəbxanalar barəsində təzə qayda qoyulmuş idi. Ol qaydaya görə hər bir məktəbxanada, xah dövlət tərəfindən açılmış ola, xah məxsusi ola, gərək qeyri elmlərdən savayı rus dili həm oxuneydi və hər bir məktəbxanaya baxmaqdan ötrü dövlət tərəfindən əlahiddə çinovniklər təyin oleydi. Ermənilərin ruhaniləri ol qaydadan xəbərdar olub  cənab sərdara ərizə verib, bəyan ediblər ki, onların kilsələrinin yanınında olan məktəbxanalarda ancaq ruhanilik öyrənillər və erməni ruhanisi üçün rus dili bilmək lazım deyil. Ol səbəbə cənab sərdar yazıb təvəqqə elədiyinə binaən indi zikr olan qaydanı belə dəyişdiriblər. Ermənilərin kilsələrinin və müsəlmanların məscidlərinin yanında açılan məktəbalardan savayı hər bir məktəbxana olsa, orada gərək rus dili oxunsun və bu məktəbxanalara baxmaqdan ötrü əlahiddə çinovniklər təyin olunub ki, bu il sentyabr ayından məktəbxanalara baxacaqlar və bir də hökm olunub ki, əvvəl zaman Gəncə və Badkubə quberniyalarının hər birində kənd əhli üçün dövlət tərəfindən 3 məktəbxana açılsın. Onların üçü bu il Gəncə quberniyasında açılacaq, amma Badkubə quberniyasında hələ açılmayacaq. Çünki ol məktəbxanalarda dərs deməyə müəllimlər yoxdur ki, rus dilindən savayı xalqın dilini həm bilsinlər, ona binaən Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri sonra müəllim eləsinlər. Ol məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcilə oxuyacaq. İndi “Kavkaz” adlı qəzet yazır ki, doğrudur müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü sonra əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqların öz xərcilə qoya bilər. Oraya oxumağa girən kəs gərək uyezdni şkolada oxumuş ola və özü 16 – 19 yaşında ola. Orada 3 il dərs deyiləcək.

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

5 min ildir ki, insan barama qurdun bəsləyib onun baramasından ipək qayırır. Əvvəl zaman onu Çin məmləkətində saxlayırlar imiş, sonra mürur ilə hər bir tərəfdə, hətta soyuq tərəflərdə, məsələn, Moskva şəhərində saxlayırlar. 22 il bundan sabiq Firəngistanın cənubi tərəfində barama qurduna naxoşluq düşüb, bir az müddətdə elə şiddət edib ki, hər ildə xalqa 90 milyon manatacan zərər olub. İpək çəkən zavodlar boş qaldığına çoxu bağlanıb, fabrikaçılar ki, ipək parçaları qayırırlar, qeyri vilayətlərdən gələn ipək baha olduğuna yoxsul olublar. Hətta kənd əhli barama qurdundan əl çəkib, tut ağaclarını qırıb, onun yerində əkin, ziraət etmək istəyib. Bu səbəblərə məhkəmeyi-dövlət tut ağaclarını qırmağa qadağan edib hükəmalardan iltimas edib ki, zikr olan naxoşluğun səbəbini bilib onun əlacını tapsınlar. Hükəmayi-Firəngistan bir neçə il zəhmətçəkib iki firqə olub. Hər bir firqə öz təsəvvürünü belə bəyan edir.

Firqeyi-əvvəl ki, onun rəislərinin birisi məşhur Pasterdir, deyir: ol naxoşluğun səbəbi oldur ki, indi barama qurdunu ol qədər saxlayırlar ki, onu saxlayan kəslər qurd çox olduğuna onları yaxşı saxlaya bilmirlər. Onun mənzili ya soyuq ya isti ya natəmiz olur ki, naxoşluq əmələ gəlir. Gərək onlar saxlanan mənzil böyük və quru ola ki, onun havası təmiz olsun. Onun akoşkaları ola ki, işıq olsun. Onu istisi həmişə 15 – 20 dərəcə ola, yarpaqları qurda verəndən irəli bir az saxlayasan ki, onların üstə olan şəbnəm qurusun. Belədə əgər bəzi qurdlar naxoşlasa onları götürüb atmaq ilə qeyrilərini naxoşluqdan mühafizət etmək olur. Zikr olan qayda ilə Paster bir neçə il qurdları öz evində bəsləyib onlardan barama hasil edib.Ona binaən 4 il bundan sabiq məhkəmeyi-dövləti-Firəngistan(indi Firəngistanda padşah yoxdur. Dövlət işini məhkəmə mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir) zikr olan Posterə 4 min manat pensiya təyin edib ki, ömrü olduqcan hər ildə ol məbləğ ona verilsin.

Firqeyi-digər deyir ki, barama qurdunu insan çoxdan bəslədiyinə onlar elə zəif olub ki, insan nə qədər zəhmət də çəksə, onların zəif bədəninə naxoşluq dəyib onları tələf edəcək. Ona binaən onları saxlamaqdan qeyri marama qıran qurdları bəsləyib onların baramasından ipək çəkmək yaxşıdır. Ol qurdlardan, ələlxüsus, palıd və gərçək ağaclarının yarpaqlarını yeyən qurdların baraması yaxşıolur. Ona binaən indi tamam Avropa vilayətlərində palıd və gərçək kəpənəklərinin qurdlarını ol ağacların üstə tor içində bəsləyirlər. Əgərçi indi onların baramasının ipəyi az olur, amma ümid varıq ki, baramaların ipəklisini onlardan qurd çıxartmaq ilə bir qərinədən sonra onlar da tut ağacının qurdu kimi çox ipəkli barama qayırsınlar.

Bu firqənin bəzi calisləri o fikrə düşdülər ki, ipək yerinə hörümçək toru işlətsinlər. Onlar zikr olan torları yığıb, onlardan sap qayırıb, parça toxuyaydılar ki, ol parça bərklikdə və şəfəqdə ipək parçadan yaman deyil idi. Amma hörümçəkləri cəm edib onları bəsləmək çətin olduğuna ol fikrə əməl edən yoxdur.

 

MƏKTUBAT

 

Baharın əvvəlindən ta 22 şəhrhal rəbiüssani bizim Dağıstan ətrafına yağış düşmədiyinə binaən, ğəllə və taxıl tərəqqiyə üz qoymuşdu. Maldarlar ələf çox bitmədiyinə binaən öz mallarını satmaqda idilər. Amma tarixi-məzburda allahın rəhməti nazil olub. Yağış gəlməyi ilə ümid olunur ki, əkin və ziraət əgər artıq yaxşı olmasa, yaman da olmayacaq.

Bu il cənab naçalniki-oblast knyaz Məlikovun dəsturül-əməlilə Qoysu çayından bir böyük arx gətirib və 20 verst kimi suyu aparıblar. Payız su Petrovskinin ətrafına gələcək və gələn il Petrovski ilə Tarxunun aralığından keçib Minas uzunu deyən arx ilə dənizə töküləcəkdir. Zikr olunan arxın tuli 70 verst olacaq və təxminən 300 verst gəzandərgəz(kvadratnı), yəni 40000 desyatin ki, bu vaxta kimi boş və bifayda yerlər idi, məzrəə olub, hasil əmələ gələcək.

Cənab-hakimi-oblastın bu ətrafı abad eləmək səyini zeyldə zikr olan asari-xeyirdən qiyas etmək olur.

1) Şura və Petrovski poçt yollarının şossesi (daş yolu),

2) Şura ətrafının bağları. Bir neçə il bundan sabiq qoxumuş sular dayanıb, kəsafət havaya bais olurdu, amma indi o yerlərdə xalq bulaqlar başında və ağaclar kölgəsində istirahət edirlər.

3) Fövqdə zikr olunan arx, 32 para dəhat əhlinin ki, 2784 ocaq hesab olunur, xoşbəxtliyinə və quraqlıqdan xilas olmaqlarına bais olur. Petrovski bargahının dürüst olmağı. Poçt yollarının düzlənməyi. Teleqraf cədvəlinin çəklənməyi. Dağıstan məmalikinin əmhü aman olmağı. Xalqın bəylər hökumətindən istixlası. Teymurxan-Şuranın progimnaziyası. Məhkəmeyi-ədliyyə bina olunması və bunlar-dan savayı asari- xeyirlər müəzzəmileyhi-məzkur müddəti-hökumətində əmələ gəlib.

Teymurxan-Şura naçalniki-oblastın məhəlli-iqamət və hökumətidir. Ətraf və həvalisinə nisbət ki, xalqın kəsrəti-icmasına bais olur, ticarət və dadistəd əhli və qoşun camaatı Dağıstan ətrafında olan qalalrdan bu şəhərdə artıqdır. Rusiya, İran, Qafqaziya əhlindən neçə taciri-mötəmər bu şəhərdə ticarət edir və ticarət əmrinin rövnəqi qeyri şəhərlərə nisbət bilmüzaəf görünür. Əsgərlərdən başqa şəhərin dörd qismətindən bir qisməti rus milləti və üç qismi İran və Qafqaziya əhlindəndir. Yekşənbə günləri cəmiyyəti-kəsir zükur və ünas xəlaiqi ətrafdan cəm olub ənva-əqsam məkulat gətirib satıllar. Bilcümlə Dağıstan xalqının ünas tayfası sövdə eləməkdə zükur qismətindən səriştəsi artıqdır. Cəmi ev tədarükün, hətta onun məlbusatın xatunu sövdə edib, bazardan alır. Məkilatdan savayı bəzi vaxtlar Qazıqumuk vilayətindən ənva yun şallar və Kopçi mahalından gümüş və qızıl ilə ziynət verilmiş tüfəng, yaraq, Şuranın ətrafında qayrılan şişkə və xəncər tiğələri çox olur. Teymurxan-Şuranın ab-havası yay fəslində o qədər səlamət deyil. Meyvəcatdan üzümü yaxşı olmaz, amma ağac yemişi ki, nemsələr bağında əmələ gəlir və özgə məmləkətlərin yaxşı yemişlərindən götürüb peyvənd ediblər, qeyri yerlərin yemişindən nəhayətdə yaxşı və mümtazdır. Qafqaziya və İran müsəlmanlarının çoxları evlənib əhlü əyalları var. Bilcümlə Dağıstan məmləkətinin ünas tayfası qeyri vilayətlər əhlinə müzavicət eləməyə  meyli-məxsusları var.

Heydəri

____________________

 

F ə s i l  12 . Ticarət, əgərçi nəzərə asan gəlir, amma elm istər. Əqli-külli buyurur: ya məşərət-tüccar sümmə mətcər[1]. Elmi-ticarətdə ziyadə mülahizə və təcrübat lazımdır. Hər Hafiz kitabına ya münəccim saatına baxanda dadistəd edənlərə əgərçi tacir deyirlər, amma onların ticarəti kor-koranədir ki, təqlidi-xəridfüruş etməkdən gah nəf, gah zərər edirlər. Bəzi kəslər ki, nəzərdə çox nadandır, nadir ticarətdən tənxahi-külli cəm edir, amma bəzi ki, zirəkdir, ziyan edir. Xalq deyir ki, allah ona verdi, buna vermədi. Ay qardaş, allah əfali-dünya üçün bir qayda qoyub və hər şeyə bir təqaza və bir xasiyyət verib ki, o xasiyyəti ondan almaz. Məsələn, atəşin təqazası yandırmaqdır, o xasiyyət daim ondan büruz edər. Bir dəfə həzrət İbrahimxəlili yandırmadığına atəş xasiyyətdən düşməyibdir. Pəs insan bilxassə möhtacdır məişətə. Belə ki, Qurani-məcid buyurur: Nəhnü qəddərna məişətəhüm fil-həyatid-dünya[2]. İnsan məişətə labüddür, amma təriqeyi-məişətdə muxtardır. Elm yolu ilə məişət edən tərəqqi edər, elmsiz tərəqqi tapmaz, xarab olur. Qərəz, insanın təriqeyi-məişətdə faili-muxtar olmağına ayati-əhadis o qədərdir ki, bu yerdə küncayiş olmaz. Əgər şəxs təfəkkür ilə bizim və sair millətlərin ticarətinə mütəvəcceh olsa, vazeh olur ki, onlar elm ilə ticarət etdiyinə külli nəflər götürürlər. Məsələn, böyük şərakətlər və kompaniyalar bina edib külli-dadistədlər edərlər, buxar gəmiləri və qeyrə saxlarlar, maşınlar bina edərlər və bu işlərdə 100 ya 500 şərik olur, tənxahları bitəfavüt, amma işləri elə müntəzəm olur ki, şəriklərdən əgər biri xaric ola ya bir özgəsi daxil ola, heç niza və məəttəlçilik olmaz. Amma bizdə elm və nəzm olmadığına, əgər bir əmələ 2 ya 5 nəfər şərik ola, bir il şərakətlik və bir neçə il dava edərlər və bəzi vaxtda dava varisdən varisə qalar. Bizim Badkubədə biri kiçik buxar gəmisi  şərakət ilə alıb, 2 il dava ilə işlədib, sonra gəmi bağlanıb, davaları  divanxanalarda uzun gedir.

Baqisi fəsli-digər.

Əhsənül-Qəvaid

____________________

 

Dağıstanın Xunzaq mahalında bir qoca kişi 5 gün piyada gəlib Dərbəndin 6 vestliyində əyləşib rahat olan vaxtda iki nəfər birəhm adam onun çuxasın, papağın, çarığın və əsasın alıb qaçıblar. Fəqir kişi başaçıq, ayaqyalın gəlib Dərbəndə çıxdı. Onun 120 sinni var, amma özü hələ zirəkdir və ağzında 4 dişi var.

Dərbənddə natarius təyin olandan bəri çox adam tələgkardan fərağat olmaqdan ötrü öz əmniyyəsini(malını) övrətlərinin ya qeyri kəslərin adına yazdırır. Hərçənd tələbkarlarda həm insaf yoxdur, amma qorxuram ol kəslər bir tərəfə qərzdar qalmasınlar və o biri tərəf fərağətlik ilə malı yesinlər.

Mayın 7-də 5 saat yağış yağıb, ziraətlərə ziyadə nəf yetirdi, xəlaiqi şad elədi. Amma 2 gün sonra bir bərk yel əsdi ki, küçə-bazarda durmaq mümkün olmadı və çox zərər elədi, üzüm və qeyri meyvə ağaclarının yemişini töküb bostanları, səbziyatı bilmərrə tələf edib. Deyirlər ziraətə həm zərər olubmuş. Amma zikr olan tufandan 2 gün sonra bərk yağış yağdı. Ümidvarıq ki, ziraətə xeyir eləsin. Təxminən zikr olan yeldən 15 min manatacan zərər olub.

Məhbus Dərbəndi

___________________

 

Teymurxan-Şuradan rəbiüssaninin 24-də yazırlar: novruz bayramından indiyəcən bir qətrə yağış yağmadığına ziyadə quraqlıq idi. Amma indi bərk yağış yağır. Ümidvarıq ki, əkin, ziraət yaxşı olsun. Cümə günü saat 12-də knyaz Məlikovun mütərcimi Əbdülqahir bəyin evinə yanğı düşüb onu yandırıb, bilmərrə tələf elədi. Yanğından xilas olan şeylərin bəzini saldatlarvə qeyri kəslər oğurlayıblar. Zərərin qədəri 4000 manatdan ziyadədir.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Rus, Prus, Avstriya vəzirləri may ayının 11-də Berlin şəhərində Osmanlı işindən ötrü məşvərət edib; kağız bağlayıb, onun üzünü Firəng, İngilis, İtaliya vəzirlərinə göndəriblər. Firəng və İtaliya dövləti ol kağızı qəbul edib qol çəkiblər, amma İngilis ona razı olmayıb. Doğrudur, ol kağızın məzmunu hələ məlum deyil, amma qəzetlərdə yazırlar ki, ol kağızı təsdiq edən dövlətlər Osmanlı dövlətindən təvəqqə edəcəklər ki, öz tabeləri xaçpərəstlər ilə bu ay cəng eləməsin, keçmişdə yazılan Andraşinin sülhnaməsinə əməl eləsin. Qeyri dövlətlərin xaçpərəstlərindən və müsəlmanlardan bir qism təyin eləsin ki, zikr olan sülhnaməni dürüstlük ilə əmələ gətirsin. Ondan məsava, zikr olan dostlar danışıq edib ki, Osmanlı dövlətini və onlar ilə cəng edən xaçpərəstləri qorxudub ol sülhnaməni qəbul elətməkdən ötrü sərhəddə əsgər saxlasınlar və cəng gəmilərini Ağ dənizə göndərsinlər. Bu halda o gəmilər Mərmər dəryasının boğazına yığılıblar.

________________

 

Osmanlı dövlətinin bu qədər əsgəri və əsgəriyyə tədarükü olmaqlıq ilə dövlət işlərini dolandıran kəslər bir az xaçpərəst tayfasını zəbt eləyə bilməkliyi İstanbul şəhərinin müsəlmanların qeyrətə gətirib. Bu may ayının 11-də 25 mindən ziyadə məscidlərdə təlim tapan tələbələr Soltan Əhməd məscidinə cəm olub, birləşib gedib həzrət Soltan Əbdüləzizin sarayını əhatə edib, soltana rubəru ərz ediblər ki, şeyxülislam Həsən əfəndini və sədri-əzəm Mahmud Nədim paşanı əzl eləsin. Millət məclisi, yəni bir divanxana ki, onun calislərin camaat zübdə edə və o divanxana dövlət işlərini dolandıra bilsin, zikr olan millət məclisi həzrət soltana məvacib təyin eləsin ki, ondan ziyadə xərc olmasın. Camaatın belə dövlət üzünə ağ olmağını görüb qeyri dövlətlərin konsulları və İstanbulda sakin olan tabeləri özlərini mühafizət etməkdən ötrü cəng gəmiləri gətirdib, orada məskən ediblər. İndi may ayının 18-dən tel gəlib ki, camaat Soltan Əbüləzizi xaric edib, onun yerinə mərhum Soltan Məcidin oğlu Murad əfəndini soltan edib.

_______________

 

İstanbul şəhərindən may ayının 8-dən yazırlar ki, həzrət soltan mərhum Soltan Məcidin uşaqlarını dustaq edib.

_______________

 

Osmanlı dövlətinin Salonik şəhərində bir xaçpərəst qızı istəyib ki, islam olsun, amma xaçpərəstlər və qeyri dövlətlərin konsulları razı olmurlar imiş. Ona binaən camaat konsulların üstə tökülüb Firəng və Prus dövlətlərinin konsullarını öldürüb. Osmanlı dövləti onları öldürənlərdən 6-sını boğazından asdırıb, qeyrilərinə həm tənbeh elədəcək.

________________

 

Badkubədə ermənilərin oxuyan uşaqlara köməkdən ötrü bina olan icmaı ki, hər ildə 4 min manatacan məktəbxanalara xərc edir, bu may ayının 23-də ol icma bina olmağını yada salıb, öz calisləri üçün qonaqlıq eləmişdi.

________________

 

“Türküstan” qəzeti yazır ki, martın 3-də Daşkənd şəhərində Əbdülmömün və Mirğalan şəhərində Molla İshaq ki, adını Poladxan qoyub, ruslar ilə cəng edərmiş, boğazından asdırıblar. Ondan savayı zikr olan qəzet yazır ki, dövlət tərəfindən komissiya təyin olunub ki, Kokan xanlığının, yəni Fərğan oblastının yerlərini, xalqını və onlar keçmişdə xana verdiyi təhmilatın qədərini məlum etsin.

_______________

4 il bundan sabiq pruslar ilə firənglərin cəngi olan zaman Parij şəhəriniəhatə etmişdilər. Ol vaxt aclıq olduğuna hər bir şeyi, o cümlədən siçan əti də yeyirlərmiş. Çünki siçan insana çox zərər edən heyvandır, ona binaən indi istəyirlər ki, həmişə siçan yeyilsin. Bu səbəbə indi Belği vilayətində bir icma bina olunub, adı siçanyeyən. Onun calisləri həftədə bir dəfə cəm olub siçan əti yeyirlər.

_______________

 

Rusların baharda bir bayramları olur ki, evlərini söyüd və qeyri ağacların budaqları ilə bəzəyirlər. Çünki ağacların ab-havaya çox xeyri var, ona binaən indi qadağan olub ki, ol bayramda ağac budaqlarını qırıb evlərini bəzəsinlər.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Ey ticarət əhli, əvvəl ticarət elmini öyrənin, sonra onunla məşğul olun.

[2] Həyatda onların ruzilərini biz müəyyən elədik.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info