Qonaq Kitabı
29 fevral Rusiya, sənə 1876

29 fevral  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

Elmi-əbdan barəsində göndərilən məktubların hamısını əvvəl zaman çap etməyə yer olmadı, indi ol hədis aşkar olunduğuna onları çap etmək lazım gəlmir.

 

DAXİLİYYƏ

 

Bu çağacan təzə dadistəd qərardadından bir neçə dəfə danışmışıq, amma onilə belə ki, sabah mart ayının əvvəli olduğuna tamam Qafqaz vilayətində təzə qayda işlənəcək, bizim xalqın çoxu ol qaydanın adablarından bixəbərdir və onların belə bixəbər olmağına ümdə səbəb ehtimallıqdır ki, ata və babadan qalan adətlərə öyrənib onu dəyişdirməyi özlərinə böyük tənbeh hesab edirlər. Çörəkçi fəğan edir ki, belə zülm olmaz, 28 manat 80 qəpik gərək xərc versin, kəlləpəz ona yoldaş olub deyir canım, 10-ca manat mayam var, amma mən də zikr olan xərci verəcəyəm. Bu sözləri dülgər eşidib ah çəkib deyir dülgərlik əsbablarından savayı heç bir zadım yoxdur, məndən də o xərci istəyirlər. Xülasə, çörəkçi, kəlləpəz, dülgər, baqqal, əttar, bəzzaz və qeyriləri bir-birinə dəyib elə dad edirlər ki, onların sədası ərşə çıxıb. Əgər kənardan bir kəs ol sədaya qulaq asa, elə fikir edər ki, onlara həddən ziyadə cəbr edirlər. Amma həqiqətdə onlara bir heylə cəbr yoxdu, taxsır ancaq ata və baba adətidir ki, ondan əl çəkə bilmirlər.

Çörəkçi, kəlləpəz, kababçı və qeyri yeməli şeyləri satan kəslər əgər ol şeyləri evdə bişirib çıxarıb əldə satalar onlara heç xərc yoxdu, amma bizim adam ol şeyləri həmişə dükanda satıblar, ona binaən indi dükandan çıxmağı istəməyib və dükan xərcini çox görüb dad edirlər.

Hər bir sənətkar, o cümlədən dülgər ki, dükanı olmaya və qeyri kəslərə fəhlə olub işləyə xərc verməyəcək, amma bizim dülgər bir dükanı özünə mənzil edib oradan gedib fəhləlik edir və ondan dükan xərci istəyəndə ah çəkib fələkdən şikayət edir.

Baqqal, əttar və qeyri xırda alış-veriş edənlərdə ixtiyar var ki, 4 dükan saxlasınlar, yəni 4 dükana 28 manat 80 qəpik xərc var, amma bizim baqqalın və əttarın ki, bir neçə tabaq alma ya fındıq və ya bir neçə torba dərman almağa tavanası var, bir dükan açıb və ondan 4 dükanın xərcini istəyəndə fəğan edir ki, ona cəbr olur.

Bizim bəzzazların çoxunun mayası 1000 manatdan ziyadə deyil, amma hər bir malı arşın ilə ya çəki ilə satan gərək 80 manat 90 qəpik  xərc versin və 10 ədəd belə dükan aça bilər. Çünki min manat ilə bircədə yaxşı dükan açmaq olmaz, ona binaən bizim adlarını bəzzaz qoyan kəslər əgər qaz yerişi yeriməyib öz tavanalarına görə dadistət etsəydilər, heç fəryad etməz idilər.

Xülasə, bizim dadistəd edənlərimiz təzə qaydaya mütəvəcceh olub onilə rəftar etsələr, belə fəğan olmaz. Çünki zikr olan qayda bizim ata və baba qaydası deyil, ona binaən bizim adətlərimiz ilə düz gəlmir. Məsələn, malı gəzdirib satmaq bizlərdə heç olmuyub. Ol səbəbə ki, bizim vilayətlər heç əminlik olmuyub. Amma indi vilayətimiz əminlik olduğuna malı gəzdiribdə sata bilirik. Pəs ata və baba adətləri dəyişmək bizə lazımdır. Əlbəttə, adət dəyişmək çətindir, amma dövlət bir qayda qoyanda hər bir kəsin adətini mülahizə edə bilməz və əgər onlar mülahizə olunsa idi, bizim əyri və mütəəffim küçələrimiz gərək baqi qalaydılar. Amma indi düz plan ilə qayrılmış küçələrə elə adət etmişik ki, hərgah qədim şəhərlərimiz geri qayıda, bir gündə onda davam edib qala bilmərik.

 

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Necə ki, bir heyvan, məsələn, sərçə yumurtadan çıxıb zindəganlıq edib bir neçə dəfə yumurtduyub sonra tələf olur, habelə hər bir ələfiyyat toxumdan əmələ gəlib zindəganlıq edib, toxumluyur sonra tələf olur. Ondan masəva, heyvanatın bəzi çox, bəzi az ömür edən kimi ələfiyyatın da hər birinin ömrü başqa olur və hər bir qism heyvana bir qeyri cürə xörək lazım olan kimi hər bir ələfiyyata da başqa xörək lazımdır. Xülasə, elmi-ələfiyyatdan məlumdur ki, hər bir ələfiyyat heyvan kimi canlı şeydir və onun kimi zindəganlıq edir.

İndi görək ələfiyyat zindəganlıq etməyə, yəni onların nəşvü nümasına nə lazımdır?

Hər bir ələfiyyata lazımdır: əvvələn, hava ki, onsuz heç bir cism dolana bilməz. Havanın ələfiyyata lazım olmağın belə bəyan etmək olur: bir göyərən otu stəkanı çökürüb onun altında saxlayanda ot quruyub tələf olur.

Saniyən, isti. Əgər bir otu göyərən vaxtda soyuğa versək, tələf olur, ona binaən qışda tamam ələfiyyat ya tələf olur, ya yuxuya gedir.

Salisən, günün işığı. Əgər bir göyərən otu qaranlıq yerdə saxlıyasan onun rəngi saralıb tələf olur.

Xamisən, xörək, yəni bəzi duzlar ki, onlar suda əriyəndən sonra otların kökü onları sorub nəşvü nüma edirlər.

Su ələfiyyata lazım olmağı məlumdur və duzların həm lazım olmağını belə bəyan etmək olur: əgər bir əlcə pambığın içinə toxumları qoyub onları soyuq olmayan yerdə suluyasan, onlar əvvəl zaman göyərir, yəni xırda otlar çolpa yumurtanın sarısını və ağını yeməkdən böyüyüb dünyaya gələn kimi toxumların içində olan xörəkləri yeməkdən əvvəl zaman göyərib dünyaya gəlirlər. Amma sonra xörək olmadığına tələf olurlar. Lakin onlara lazım olan duzları pambığın üstə səpəndə onları sorub nəşvü nüma edirlər.

Pəs ələfiyyat heyvan kimi yemək-içməyə möhtacdır. Necə ki, bir heyvanı saxlıyan onun ələfini yığıb ona yedirtməyəndə ondan nəf tapmaz, həmçinin əkinçiyə də lazımdır ki, öz əkininin xörəyə  möhtac olmağını bilib əkin yeri qüvvətdən düşəndə, yəni onun əkinə xörək olan şeyləri azalanda ol şeyləri yerə qarışdırmaqla onu qüvvətə gətirsin ki, mənfəəti ziyadə olsun. İmtahan olunub ki, qüvvətlənmiş yerin birə on ya iyirmi məhsulatı artıq olur.

 

 

 

 

 

MƏKTUBAT

 

2-c i f ə s i l . Elmi-əbdan bəhsdə Badkubəli molla 2-ci mətləbi belə yazıb. Elmi-əbdan ibarətdir o mərifətdən ki, insan güzəranlıq babında lazım olan ümuru riayət və tədarük etsin müyəssər olduqcan.

Əvvələn, bəhsi ki, ortaya düşüb, həmin bu mərifətin şərhindədir ki, əhli-islam içində onun məratibinin riayəti nə həddədir?

Saniyən, güzəranlıq babında lazım olan ümur müyəssər olduqca riayət etmək vazehdir, necə ki, qeyri tayfalar həm məişətlərin bu qərar ilə keçirirlər və ayeyi-leysə lilinsani illa masəa[1] məzmununa binaən görürük ki, müsəlman başmaqçısı əgər yaxşı olsa, gündə 1 manat qazanır, amma xarici başmaqçısı 10 manat razı olmur. Əgər müsəlman başmaqçısı həm səy edib öz əməlində mahir olsa, onun məzhəbi-islama nə zərəri?

Salisən, heç bir millətin kitabında yoxdur ki, şəxs öz qüvvəsindən ziyadə iş görə bilsin. Amma əfradi-bəşərə səy ilə məratibi-elmə tərəqqi eləmək müyəssər olur. Müsəlman losmanları ki, dəryada gəzirlər, elmləri olmadığına ildə iki ya üç yüz manat məvacib alırlar, amma xarici losmanları ki, elmləri var, neçə bu qədər məvacib alırlar. Amma, zahirən payeyi-zəhmətləri birdir. Əgər belə mənfəətə müsəlman lasmanı yetişsə və öz milləti qardaşlarına kömək edib əmali-xeyir əmələ gətirsə, onun eybi nədir və nə yol ilə onu məzəmmət eləmək olur?

Rabiən, tüccari-islam öz məmləkətlərinin ipək, pambıq və yunun aparıb Moskva və Firəng karxana sahiblərinə ucuz qiymətə satıb haman şeyləri ki, bir il ondan sabiq onlara vermişdilər və onlar bu il müxtəlifə surətlər ilə parça qayırıblar, artıq qiymətə alıb dala gətirirlər və əgər güzəranlıq babında riayəti-ümur etsələr, heç vaxt belə bihünərliyi qəbul etməyib onun çarəsinin xəyalına düşərlər ki, öz məmləkətlərində fabrika açıb öz məhsulatlarından müxtəlifə parça qayırıb, qeyri-millətlərə satsınlar. Əgər biz müsəlmanlar bu qəbil zadları idrak və mülahizə eləsək, səy edərik ki, “Əkinçi” qəzeti gündə bir vərəq çıxıb bizləri öz bədbəxtliyi-mizdən müttəle etsin.

Xamisən, kitabi-islamda şiddəti-fəqri mövtün əkbərün[2] yazdıqlarına heç alimin və cahilin məhəlli-iradı deyil vücudi-insan dünyəvi və üxrəvi əmali-xeyri zühura gətirməyə qabil və müstəiddir. O zaman özün qabil və kamil hesab edə bilir ki, özündən ədna payədə olan mövcudatdan elm və əməl həsəbilə artıq ola. Mən la məaşə ləhu la məadə ləhu[3] hədisi bu sözün qüvvətinə bir dəlil və izahdır. Əmali-dini əmələ gətirmək əğniya üçün hər halda əshəli-vəch ilə füqəradan ziyadə mümkündür. Füqəra rəddi-məzalim xümsü zəkat və ənva həsənat və əmali xeyir[4] feyzindən binəsibdir. Güzəranlıq babında lazım olan ümuru riəyət etsək, müayinə görmək olur ki, elm və sənət sahibi olan kəs nikbəti-fəqrdən məhfuz qalır.

Baqisi yazılacaq

Heydəri

 

2-c i  f ə s i l . Neçə qism qardaşlıq var. Onun iki qismindən danışaq. Əvvəl bəni-adəm və noi-bəşərlik qardaşlıqdır ki, hamı kəs bir-birilə qardaşdırlar. Amma ixtilafi-əqaidə binaən firqə-firqə olub hər biri bir millət adlanıb, onların böyük icmaına dövlət deyirlər və kiçik icmalar bir dövlətə tabe olmaq səbəbilə asudə olublar məgər Dəşti-Qıpcaq əhalisi və əgər onlar həm öz məsləhətlərinə binaən təfəkkür, təəqqül etsələr, onlara məlum olur ki, bir dövlətə tabe olalar, həm özləri asudə olurdular, həm başqa xalq onların azarından xilas olurdu və özləri özgəyə baxıb elmi-ədəb öyrənib tərəqqi tapardılar. Amma dövlətlər üçün iki məqam var: biri məqami-cəng ki, onun təklifi özgədir və biri məqami-sülh ki, ol vaxtda gərək hamı bir-birilə məhəbbət və doğruluq ilə rəftar etsinlər, ona binaən ki, insan məişət üçün bir-birinə möhtacdır, adamın işi adam ilə keçər və əgər doğruluq olmasa  bir-birindən nəfbərdar ola bilməz. İkinci, milləti qardaşlıqdır. Bunlar gərək ziyadə qardaşlıq mərasimin müraat edib məhəbbət, insaf və doğruluq ilə bir-birilə rəftar etsinlər, hansı ki, aciz və miskindir gərək əl-ələ vermək ilə dolandırmaq. Amma bizim camaatda pul qazanmaq elmləri az olduğuna varlımız az və bibəzaətimiz çoxdur və hamısının varlıdan bir növ çeşm-daştı var. Lihaza az qardaşlar çox qardaşları dolandıra bilməz, ona binaən gərək varlılar insafı və varsızlar doğruluğu və insafı ortaya qoyub, bir-birilə əl-ələ verib köməkləşib, dövlət qazanmaq təriqəsin tapmağa səy etsinlər, ta millət dövlətləri tərəqqi tapsın. Amma çifayda, bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belədə işlər yerdə qalır.

Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-qəvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbazlıq, cürəgeşlik, həzliyyat elmləri örgədirlər. İnsafən bizim xalq ziyadə bahuşdur ki, elmi-tərbiyət görməmək ilə genə belə dolanır. Yaxşı olurdu ki, ol kitablar ki, həqiqətdə kütübi-zəlaldır,mövquf olub özgə qism kitab, elmi-ədəblər bina edib, ətrafa təlim edə idilər. Bu məratibdə ziyadə danışıq var, bu məktubda küncayiş olmaz. Amma milləti qardaşlar, bilin ki, körpü sudan uzaq qalıb. Necə ki, sabiq ərz oldu, əql itib hər kəs bir təriq ilə özünə çıxıb: həmçinin kəmal da itib hər kəs özünə çıxır. Filhəza gələn fəsil kəmal və əhli-kəmalın vəsfində ərz olacaq.

Əhsənül-Qəvaid

_______________

 

P e t r o v s k i d ə n . Petrovskidə və tamam Dağıstanda bu il qarın və soyuğun şiddəti bir qayətə yetişdi ki, çox yaşamış və müəmmər adamlar onun mislin görməkdən haşa elədilər. Petrovski şəhərinin kənarında iki saat külək olduğu səbəbilə 12 adam tələf oldu. Neçə gün meşə yolu bağlandı. Bəzi əşxas ki, odun tədarük eləməmişdilər, evlərinin taxtaların pozub yandırdılar. Unun pudu bir həftə içində 75 qəpikdən 1 manat 20 qəpiyə tərəqqi elədi. Bu soyuqda bir gecə Petrovski bazarında yəhudilərin balaqanlarıda və dükanları ki, taxtadan qayırmışdılar, od tutub bir neçə dükan yandı. Bəzi adamlar odun közü baqi olduğu qədər öz evlərinə qayıtmazdılar.

Heydəri

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Cənab sərdarın övrəti bina elədiyi latara bu fevral ayının 13-də Tiflis şəhərində oynayıb və udan biletlərin nömrələri qubernatorların dəftərxanalarına göndərilib. Hər kəsin bileti var isə, gedib oradan xəbər bilsin ki, onun bileti udubdurmu?

 

_______________

 

Fevralın 8-dən Daşkənddən tel var ki, rus əsgərləri Kokan şəhərinə daxil olub, Nəsrəddin xanı və Abtavabaşıçını tutub Rusiyaya göndərib və qeyri sərkərdələri dustaq ediblər. General-qubernator özü Kokana gedib ki, oranın işlərinə sərəncam versin.

Daşkənd şəhərində türk dilində çap olunan “Türküstan vilayətinin qəzeti”ndə elmi-əbdan hədisinin barəsində mübahisə başlanıb.

_______________

 

Kənd əhli üçün qərz pul tapmaq çətin olduğuna Avropa vilayətlərində hər kənd ya bir neçə kənd birləşib hər bir xahiş edən evdən qərarlanmış məbləğ cəm edib kənd bankı bina edirlər. Bankı intixab olan kəslər dolandırıb onun calislərinə qərz verib, hər ildə məbləğin sələmini calislərə paylayırlar.

_______________

 

Rusiyada torpaq kənd əhlinin camaatına təəllüq olduğuna bəzi kəndlərdə camaat əkin-biçini bir yerdə edib, sonra məhsulatı bölürlər. Camaatın belə birləşməyinin bir xeyri də odur ki, elm yolu ilə təmir olunmuş əsbabları gətirib işlətmək asan olur.

_______________

 

“Moskovskiye vedomosti” qəzeti yazır ki, boyağ vəfat etdiyinə Dərbənd əhli bitavana olub. Ona binaən danışıq var ki, Samur çayından Dərbəndin ətrafına arx aparsınlar ki, onlar əkin və ziraət edə bilsin.

_______________

 

“Tiflisski vestnik” qəzeti yazır ki, Zəkərtəla şəhərində 50 min manat qədər məbləğ cəm olunub ki, ətraf kəndlər üçün bank açılsın.

_______________

 

Berlin şəhərində qulluqçular üçün məktəbxana açılıb ki, onlar paltar tikməyi, yumağı, biçməyi və xörək bişirməyi öyrənirlər.

_______________

 

Qədim zamandan bəri Bağdad tərəfində göyərçinləri poşt yerinə işlədirlər. İndi Avropa əhli hər bir qalada göyərçin poştu bina ediblər, ona binaən ki, cəng vaxtında belə poşt işlətməyə mane yoxdur.

_______________

 

2-ci nömrədə yazılmışdı dünyada 1034434000 insan var, o cümlədən 17300000 müsəlman, amma gərək yazılaydı 1034434000 insan var, o cümlədən 173000000 müsəlman.

 

________________

 

1875-ci sənədə Rusiyada 25 min 9 yüz həştad yanğı olub. Onun 9 yüzü ildırım düşməkdən 3 min 6 yüzü qəsd ilə odlamaqdan, 6 min 8 yüzü qəsd olmaya odlamaqdan və artıq qalanının səbəbi məlum olmayıb. Ol yanğılardan 3 min 5 yüzdən olan zərər məlum deyil; amma başqalarından 64 milyon 96 min manat zərər olub.

_______________

 

Fevralın 22-dən İstanbuldan tel var ki, həzrət Sultan Bosni və Qerdseqovinə əhlini iki il təhmilatdan azad edib.

_______________

 

Qəzetlərdə yazırlar ki, Andraşinin sülhnaməsinin məzmunu Vyana şəhərinin qəzetlərində basılan günü cənab xədivi-Misir təvvəqə elədiyinə ol sülhnaməni tel ilə ona məlum ediblər. O tel olub 3 min 8yüz söz və qiyməti 2 min 2 yüz manat .

_______________

 

Firəngistanın İvrar şəhərində bir naxoş olub ki, 128 gün yuxuda qalıb. Çünki insan o qədər xörəksiz qala bilməz, ona binaən onun ağzına düdük salıb, düdüyə xörəyi töküb onun mədəsinə aparırlar imiş.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] İnsan üçün öz əməyindən başqa heç nə yoxdur.

[2] İnsan üçün şiddətli yoxsulluq böyük ölümdür.

[3] Bir adamın bu dünyadakı məişəti yaxşı deyilsə, onun axirəti də yoxdur.

[4] Növbənöv yaxşılıqlar və xeyirli işlər.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info