Qonaq Kitabı
4 noyabr Rusiya, sənə 1875

4 noyabr  Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

                 

E L A N

Gələb 1293-cü sənədə “Əkinçi” qəzeti genə hər iki həftədə bir dəfə, yəni hər ayın 1-də və 15-də çap olunacaqdır. Bir illik qiyməti 3 manatdır.

“Əkinçi” ni gələn il almaq istəyənlərdən iltimas edirik ki, bu 1292-ci sənə qurtarmamış qəzetin zikr olan qiymətini bizə göndərsinlər ki, pişəzvəqt onu gələn il basdırmağın sərəncamına məşğul olar.

_______________

 

Məktub göndərən gərək ismini bəyan etsin, amma istəməsə adını qəzetə salmarıq.

 

DAXİLİYYƏ

Keçən nömrələrdə Rusiya dövlətinin, xalqının və məktəbxanalarda  oxuyan şagirdlərinin hesabından xəbər verdik ki, həştad milyonacan xalqdan bir milyon oxuyan var. Əlbəttə ol qədər oxuyana çox demək olmaz. Ona binaən ki, hər həştad adamdan bir adam oxuyur. Amma qeyri vilayətlərdə, məsələn, Yeni dünya, yəni Amerika qitəsində cəmahiri-müttəfiqə yerlərində hər 15 adamdan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri millətlərdən geri qalıb.

Bu axır zaman on illik müddətində Rusiya oxumaqda çox tərəqqi edib. On il bundan əqdəm zikr olan oxuyanların nisfi qədər oxuyan olmayıb, amma indi Rusiyada ol qədər oxumaq istəyən var ki, tamam məktəbxanalar dolubdurlar və hər ildə hər bir məktəbxanaya oxumaqdan ötrü ol qədər ərizə verən olur ki, onlardan yer olmadığına beşdən bir adam götürmək olur. Ona binaən həmişə təzə məktəbxanalar bina olunur.

Çünki ol qədər məktəbxanaları dövlət saxlaya bilməz, ona binaən hər bir şəhərin icmai səy edir ki, öz xərcilə şəhərlərində məktəbxanalar açsınlar. Rus qəzetlərini oxuyanlara məlumdur ki, onların hər bir nömründə belə məktəbxanalar açılmaqdan xəbər verilir.

Bizim Qafqazda, məsələn, Badkubə gimnaziyasında ol qədər oxumaq istəyən var ki, keçən il 100 adamdan yer olmadığına ancaq 50 adam qəbul olub. Pəs nə ki, ruslar, hətta bizim Qafqazda olan millətlər oxumağın xeyrini bilib tamam məktəbxanalarımızı doldurubdurlar.

İndi görək bizim məktəbxanalarda oxuyanlar kimdir?

Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən ziyadə erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır.

33 zikr olan müsəlmandan padşahlıq xərcilə pansionda oxuyur, baqisi öz xərclərilə oxuyurlar. O cümlədən 30-can Badkubə əhlidir ki, əvvəlinci klasa giribdirlər, rus dili öyrənib sonra öz dadistədlərinə məşğul olsunlar. Əlbəttə onları elm təhsil edən hesab etmək olmaz.

Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdirlər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərcilə də oxumaq istəmirik. Məsələn, Dağıstan müsəlmanlarından Badkubə gimnaziyasında gərək 15 padşahlıq xərcilə oxuyan olsun, amma müsəlmanlar oxumaq istəmədiyinə onlardan ancaq 13 müsəlman oxuyur, ikisinin əvəzində rus uşaqları oxuyurlar.

Belə olan surətdə biz müsəlmanlar elm təhsil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə ol cəngdə məğlub olub mürur ilə tələf olacayıq.

Necə tələf olmayaq ki, bizim qonşular bizlərdən birə əlli artıq elm təhsil etməyə səy edirlər, yəni zindəganlıq cəngində onların birisi əlli müsəlmana bərabərdir. Onların birisi qazandığı dövləti əlli müsəlman qazanır. Əlbəttə bu səbəblərə bizim ac qarnımızı ağrı, üryan bədənimizə soyuq dəyib bizləri tələf edəcəkdir.

Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər allahdan buyuruq, ağzıma quyruq deyib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin... Xoşa ol kəslərə ki, kim bilir, kim qazana kim yeyə, əbləh olur dünya üçün qəm yeyə-deyib gələcəkdən bixəbər olub onun qəmini çəkmirlər!

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Əkin yeri bir neçə qism olur. Qumlu yerin qumu çox və qeyri hissələri az olsa, ona ya nar, ya quru qumstan deyərlər. Belə yer isti tərəfdə olsa ya onun gili və çürümüş otu çox az olsa, orada əkin olmaz. Amma onun 100 hissəsində 10 hissə qeyri şeylər olsa, ol vaxtda əkin əmələ gəlir.

Qumstanda yumru çay daşları olmağı yaxşıdır. Ona binaən ki, ol daşlar mürur ilə əzildikcən onlardan gil əmələ gəlir və gil ol yeri bərkidib yaxşı edir və bir də ol daşlar qumstanın torpağını yağış suyu və külək aparmaqdan saxlar.

Gilli yerin 100-dən həştad hissəsi gil olsa, ona soyuq yer deyərlər. Orada əkin olmaz, amma gilin qədəri az olduqcan gilli yer yaxşıraq olur. Belə yerin 20 hissəsi gil, 40 hissəsi qum və sair hissələri qeyri şeylər olsa ol yer çox əla yerdir.

Gilli yerdə xırda daşlar olmağı yaxşıdır, ol daşların səbəbilə gilli yer çox soyuq olmaz. Əgər ol daşlar əhəng daşı olsa, çox yaxşıdır. Ona binaən ki, onlar mürur ilə əzildikcən onlardan əhəng əmələ gəlir və əhəng artdıqcan ol yer artıq yaxşı olur.

Əkin yerinin qumu və gili bərabər və çox olsa, ol yerə suqlinik deyirlər. Amma ol yerin qırx hissədən artıq gili olsa, soyuq olur.

Ol yerdə beş ya on hissə əhəng ya çürümüş ot olsa yaxşıdır.

Əkin yerinin qumu, gili və əhəngi bərabər olsa ona mergel deyirlər, bu çox əla yerdir.

Əhəng ol torpağa deyirlər ki, əhəng daşı əzilməkdən əmələ gəlib. Əlbəttə əkin yerində bişmiş əhəng olmaz. Əhəngli yerin əhəngi 50 hissədən ziyadə olmasa, ya bir az artıq da olmasa, amma onun gili də çox olsa, orada əkin etmək olur. Lakin belə yerin qumu çox olduqcan ol yer isti və xarab olur.

Əhəngli yerdə xırda əhəng daşı olmağı zərərdir. Onlar əzilməkdən əhəng əmələ gəldiyinə ol yer mürur ilə xarab olur.

Amma əhəng yerində yumru çay daşları olmağı yaxşıdır. Onlar əzilməkdən gil əmələ gəldiyinə ol yer mürur ilə yaxşılanır.

Əgərçi əkin yerinin qumu, gili və əhəngi əkinə xörək olan şeylər deyillər, amma yerin xasiyyəti ol şeylər ilədir. Gildən əkin yeri soyuq, bərk, yağış suyunu və şəbnəmi çox soran və gec quruyan olur. Əhəngdən isti və yumşaq, yağış suyunu və şəbnəmi çox soran və tez quruyan olur. Qumdan həmçinin isti və yumşaq, amma yağış suyu və şəbnəmi az soran və tez quruyan olur. Bu səbəblərə yaxşıdır ki, onların hamısı əkin yerində ola və əgər onların qədəri bərabər olsa dəxi yaxşıraqdır.

Çürük ot əkinə xörək olmaqdan savayı yerin xasiyyətini dəyişdirir. Qumluğu bərkidib şəbnəm soran və gilli yeri qızdırıb isti edir.

Çürük otun qədəri bəzi yerlərdə, məsələn, böyük çaylar kənarında və meşə yerində on hissədən ziyadə olduğuna, ol yerlərə çürük otlu, yəni qara yer deyirlər ki, çox əla olur.

Əkin yeri çox zaman su altında qalsa turşuyub xarab olur. Əgərçi belə turş yerdə bəzi vaxtda çürük ot çox olur, amma onun turşumağına səbəb oldur ki, orada daşlardan əmələ gələn, əkinə xörək olan şeylər az olubdur və turşu əmələ gəlibdir. Ol yeri əkindən irəli bir neçə dəfə şuxm etmək gərək ki, onun turşusu havaya qarışıb tələf olsun və ondan masəva belə yerə kül qarışdırmaq gərək ki, onu əkmək məqdur olsun.

 

MƏKTUBAT

 

Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:

 

1)                                                                                                                                                              Bu günlərdə vəzirlərin məclisində Badkubə dəmiryolu təsdiq olunub. Ol yol Tiflisdən, Qarayazdan, Gəncədən, Gorandan, Zərdabdan, Hacıqabuldan Badkubəyə gedəcək.

Gömrü dəmiryolu Tiflisdən, Ağstafadan, Bambak dərəsindən İrəvan ilə Eçmiadzin şəhərlərinin arasında Gömrüyə gedəcək.

Hər iki yolu Tiflisdən Poti şəhərinə dəmiryolu təmir edən icma tikdirəcək.

Badkubə yolu keçən sentyabr ayının əvvəlində iyirmi səkkiz ayın müddətində, yəni 1878-ci sənədə yanvar ayının əvvəlinədək gərək tamam olsun.

2) Əkin və ziraət vəzirinin əsbabxanasına ki, muzey deyirlər, padşahlıqdan ildə 10000 manat xərc olunur. Muzeyi hər kəs müftə gəzib orada saxlanan əsbablara baxa bilir. Ol əsbabları saxlayan kəslərin borcudur əsbablara baxan kəslər xahiş etsə, onlar əsbabları göstərib bəyan etsin ki, onlar necə təmir olunub və onları nə tövr işlətmək gərək və onları haradan neçəyə almaq olur.

Muzey iki hissədir: əvvəlinci hissədə əkin və ziraət maşınları və əsbabları saxlanır. Amma ikinci hissədə əkin və ziraətdən hasil olan şeylər saxlanır.

Əvvəlinci hissə 15 yerə bölünübdür: 1. 80 qism təzə Amerika, ingilis, firəng, nemes, yəni Almaniya və rus kotanları. 2. Əkin yerinə toxumsəpən maşınlar. 3. Əkini at ilə biçməyə maşınlar. 4. Taxılı döyməyə at ilə ya su buğu ilə işlənən maşınlar. 5. Əkinçiyə lazım olan ərradələr. 6. Qoruğu əkməyə, sulamağa və biçməyə maşınlar. 7. At ilə və su buğu ilə işlənən dəyirmanlar və qeyri maşınlar. 8. Arxlardan, çaylardan, göllərdən su çıxardan maşınlar. 9. Əkini biçəndən sonra daşımağa maşınlar. 10. At, mal və qoyun saxlamağa tövlələr. 11. Pənir və yağ qayırmağa maşınlar. 12. Arı saxlamağa səbətlər və qeyri əsbablar. 13. Paltar yumağa əsbablar və ağır şeyləri çəkməyə tərəzilər. 14. Maldarlığa və baytarlığa lazım olan əsbablar. 15. Bağbanlığa lazım olan hacətlər saxlanır.

İkinci hissədə heyvanlardan və əkindən əmələ gələn şeylər, əkin yerini qüvvətli etməyə şeylər, hər qism əkin yerinin nümunəsi və onların, həmçinin südün və yağın yaxşı və yamanlığını bilməyə maşınlar və əkin, ziraət barəsində yazılan kitablar saxlanır.

Tabasaranül-cənubiyyədən

Mirzə Həsən Əlqədari yazır ki:

 

1) Bu məmləkətlərin əhalisi rus dilini bilmirlər. Ona binaən rus əhalisi ilə söhbət və ticarət eləmək kimi mühəssənatdan məhrum olmaqdan savayı öz şikayətlərini öz dilləri ilə naçalniklərinə ərz və ifadə eləmək fəvailindən bibəhrədirlər.

Bu səbəblərə bu il biz bir neçə kürəli və tabasaranlılar ittifaq olmuşuq ki, hər birimiz öz qüdrətinə görə pul qoyub Qasım kəndində bir mədrəsə bina edək ki, onda uşaqlarımıza rus dili və xətti və həm özgə hürfət və sənaət təlim oluna və həm müsəlmanca da təlim oluna və bu xüsusda dövləti-Rusiyadan izn tələb etmişik. Ümidvarıq ki, tezliklə izn gəlsin.

 

Ş e r

 

Təqlidi-valideynə zəmanə izn verməsə

Etmək zəmanəyə təqlid fərzi-eyndir.

 

2) Aprel ayında bir Cüməli adlı məşhur oğru Qasımkənd dustaqxanasından qaçıb bir Zəhra adlı gəlini qaçırdıb. Onun başının saçlarını gödək etdirib mərdanə çərkəs libası geydirib özünə yoldaş edib hər ikisi tüfəng və yaraq ilə yolda rast gələnləri söyə gəzirdilər. Keçən ayın 22-ci gecəsi okrujnoy naçalnik knyaz Orbelyanov öz nökərləri ilə onları dəstgir edibdir.

 

Ş e r

     3)                        Başlar qələm səhifeyi-əxbarı yazmağa

Əhli-sədaqətin bu da bir özgə dinidir.

 

1862-ci iləcən bizim məmləkətlər öz xanlarının və bəylərinin ixtiyarında olub, uzaq yerlərə kəsb və ticarətdən ötrü səfər eləməyibata-baba qaydası üzərində güzəran ediblər. Ona binaən əlqənaətü kənzun layəfna vəlyö`sü ehdərrahəteyin[1] dairəsindən çıxmayıb dünyadan bixəbər dolanıblar.

Zikr olan tarixdən sonra bizim məmləkətlərə rus naçalnikləri təyin olunub, təzə imarətlər təmir olundu. Buralar əhalisi ruslar ilə ixtilati-təbii edib onların təmiz mənzillərini, təam və libaslarını görüb özləri başladılar yaxşı imarətlər təmir etməyə, təmiz libaslar geyib və təamlar yeyib zövqü səfaya məşğul olmağa, amma mədaxil cəhətindən tərəqqiyi-təhsilə artıq ehtimam etməyib və təlimi-hürfət və sənaət qeydinə düşməyib hamı o cəhətdən boyağa ümidvar olub borcla boyaq əkdilər və müntəzir oldular ki, boyağın nəfindən borclarını rədd edib mədaxillərinin açığını dolduranlar və onlar ilə məsarifləri arasında müvazinə edənlər.

Heyf ki, tərəqqi tərəqqiyi-məkus qəbilindən olub cəmisi vadiyi-hirmanda sərgərdan qaldılar və bu illərdə ki, boyağ vəfat etdi, bular ərəsat iflasında fəhəl ləna min şüfəai fəyəşfəü ləna[2] münacatı ilə nalan oldular.

 

Ş e r:

Tapdı runas inkisarından neçə dil inkisar

Qaldı onun əhli aləmdə səfilü qüssədar.

Ya ilahi, eylə sən onları zillətdən xilas

Ta tələbkaran əlində olmasınlar əhli-nar.

 

Pəs bu qədər vilayət əhli hamısı boyağa məşğul olmayıb bəzisi özgə hirfət və sənaət ilə məişət eləməyi öyrənmiş olsa idilər, əlbəttə, bu gün bunların bəzisi müflis olseydi, bəzisi dövlətmənd olur idi və bunlar bir-birinə kömək edərdilər. Pəs gərək bu macəradan ibrət alıb, qeyri cürə binagüzarlıq edək ki, bir də belə rüsvalıq bizim üçün və övladımız üçün olmuya.

_____________

 

Gələn il avqustun axırında Peterburq şəhərində müsəlmanların dillərin və elmlərin bilən elm sahibləri cəm olacaqdırlar. Ona binaən vəziri-üləma təvəqqə edir ki, hər kəsin köhnə sikkəsi ya qeyri qədimi şeyləri varsa, ol vaxtacan Peterburq şəhərinə cənab general Vasili Vasilyeviç Qriqoryevin adına göndərsin. Sonra ol şeyləri qaytarıb öz sahiblərinə göndərəcəkdirlər və əgər onlardan bir şey tarix səbəbilə lazım olsa, onun əvəzində bəlkə çox pul versinlər.

______________

 

Qersoqovinə əhlindən 100000 can övrət və uşaq sərhəddi keçib qeyri yerlərdə məskən ediblər. İndi aclıqdan və soyuqdan onlar tələf olduğuna Avropa əhli onlara pul, paltar və çörək göndərir. Rusiya əhli onlara artıq kömək edir. Məsələn, Moskva camaatı şəhər pulundan onlara 20000 manat verib. İndi Peterburqda olan “Russki bazar”adlı ticarət icmai bəyan edir ki, oktyabrrın 20-dən  27-cən onların maqazinlərində satılan şeylərdən cəm olan məbləğin nisfini onlara bağışlayır.

_______________

 

Tehrandan yazırlar ki, 2000 süvari əsgəri onlara 4 ay məvacib verilmədiyinə bunt ediblər.

_______________

Daşkənddən  tel var ki, Kokan əhli təzədən bunt edib. Onların təzə xanı Nəsirəddin Rusiyaya qaçıb.

________________

Türküstandan yazırlar ki, rusun kağız pulu çox rəvacdir. 100 manatlıq kağız 110 manata gedir.

________________

Odesdə bir 13 sinnində yəhudi elə vəz edir ki, onun hər vəzindən ötrü xalq ona 60 manat verir.

                                              ________________

Qerdseqovinədə 100000 osmanlı əsgəri var. İndi sərəsgər Rza paşa hökm edib ki, artıq əsgər göndərməsinlər.

                                             ________________

   

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



[1] Qənaət tükənməz xəzinədir, naümüdlük isə iki rahatlıqdan biridir.

[2] Bir şəfahəti vardırmı ki, bizə də şəfahət etsin?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info