Qonaq Kitabı
20 oktyabr Rusiya, sənə 1875

20 oktyabr  Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

        

E L A N

Gələn 1293-cü sənədə  “Əkinçi” qəzeti genə hər iki həftədə bir dəfə, yəni hər ayın 1-də və 15-də çap olunacaqdır. Bir illik qiyməti 3manatdır . “Əkinçi”ni  gələn il almaq istəyənlərdən iltimas edirik ki, bu 1292-ci sənə qurtarmamış qəzetin zikr olan qiymətini bizə göndərsinlər ki, pişəzvəqt onu gələn il basdırmağın sərəncamına  məşğul olaq.

                                  _______________

Rəməzan eydi kim olsun mübarək xasü həm amə.

Gətirdilər ibadətlə əcəb bu ayı itmamə.

Hərə bir noi bu ayda edib bəndəliyin zahir.

Xuda, qismət elə bir də çataq kim beylə bayramə.

 

DAXİLİYYƏ

Balıq suya qərq olan kimi insan havaya qərq olub onun içində  zindəganlıq  edir. Hava insanın nəfəs almağına lazımdır. Əgərçi hava yüngül olduğuna onu görmək məqdur deyil, amma insan bir gün bir gecədə ol qədər nəfəsin alır ki, onun  ağzına bir putacan hava daxil olur. Belə olan surətdə havanın  yaxşı və yaman olmağını yoxlamaq hər kəs üçün lazımdır. Necə ki şəfa axtaran  xəstə ya salamatlıq istəyən kəs həmişə öz xörəyini yoxlayır, həmçinin gərək havanı da yoxlasın. Ona binaən ki, biz udduğumuz havanın qədəri yediyimiz xörəyin qədərindən ziyadə olduğuna  xörək  yaxşı da olsa, yaman  hava  insanı  fövtə  verir.

Bizə havanı görmədiyimizə onun bizə xörək olmağından qafil olub onun yaxşı və yamanlığına məhəl qoymuruq. Amma elmi-təbiiyyə aşkar edib ki, insana düçar olan naxoşluqların çoxu hava yaman olmağındandır. Pəs insan özünü yanğından və qeyri bəlalardan saxlayan kimi havadan da saxlamaq vacibdir.

Hava bir neçə tövr ilə natəmiz və yaman olur. Məsələn, insan və heyvanat nəfəsin almaqdan ya yer üzündə olan şeylər iyiyib, çürüyüb havaya qarışmaqdan xarab olur.

İndi  iyimiş  su  havanı  xarab  etməkdən  danışaq

 

Bizim Qafqaz vilayətinin əkin və ziraəti min il bundan əqdəm olan kimi olur. Keçən zəmanədə insan köçəri olduğuna, yəni onun yeri çox olmağa binaən o yerləri yaxşılandırmağa səy etməyib bir yeri əkmək məqdur olanda onu əkib, əkini biçib, götürüb qeyri yerə gedibdir. Həmçinin indi bizim əkinçilər bir yeri əkmək məqdur olanda əkirlər, amma olmayanda oturub zəmanədən dad edirlər. Məsələn, çaylar daşmayanda onların kənarlarında sakin olanlar susuzluq çəkirlər. Amma onlar daşanda tamam yetlərin suya qərq edib sonra quruyan yerləri əkirlər ya axar suyu olanlar  onilə əkini suluyub, yəni əkini suya qərq edib suyu əkinin, məsələn, çəltiyin içində ol qədər saxlayırlar ki, özü qurusun. Belə olan surətdə su bir yerdə dayanıb durduğuna iyiyir və onun iyi havaya qarışıb onu xarab edir və bu xarab olmuş hava bizim ağzımıza daxil olub zəhər kimi bədənimizi zəhərləyir.

Bu səbəblərə binaən yayda, yəni çox isti olan zaman hər tərəfdən gələn titrədib qızdıranların və yatalaq, ishal, yel və qeyri naxoşluqlardan xəstə olanların ahü naləsi tamam vilayətimizi  basır.

Ey məzkur naxoşluqlardan xəstə olan kəs, sənin nalə çəkməyindən nə hasil? Sən öz haqqında cəbr edib özünü naxoş etməkdən masəva tamam vilayətin havasını xarab edib xalqı xəstə etmisən. Nalə çəkmək əvəzində naxoşluğun səbəblərini fikir elə və əkin yerini ya əkini suluyanda tənbəllik etməyib ol yerin ayağından bir arx qazıb ol suyu genə aparıb çaya tök ki, axar  su ol suyu axıdıb, onu iyiməkdən mühafizət edib, həmi səni, həmi xalqı zikr olan naxoşluqlardan xilas etsin.

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Bizim vilayətimizdə çox ələfiyyat var ki, onları atlarımıza və eşşəklərimizə yedirtməkdən savayı onların bir qeyri nəfi olmağın bilmirik. Amma ol ələfiyyatlardan qeyri yerlərdə artıq mənfəətbərdar olurlar. Məsələn, bizim Qafqazın isti tərəflərində özbaşına əmələ gələn kəvər otunun qönçələrin və yemişlərin turşuya qoymaqlıq ilə Firəngistanda və İtaliyada artıq dövlət qazanırlar. Onların turşuya qoyulmuş kəvərinin girvənkəsi bizim Badkubə şəhərində altı abbasıya satılır. Əlbəttə biz də onlar kimi kəvəri turşuya qoymağı bilseydik, nə ki bizim şəhərlərdə qeyri yerlərin kəvəri satılmaz idi, hətta onu aparıb qeyri yerlərdə satıb artıq mənfəətbərdar ola bilərdik.

Kəvəri iki cürə əkmək olur: ya onun toxumlarını bir şuxm olunmuş yerə səpib göyərəndən sonra çıxarıb şitil etməklik ilə ya onun budaqlarını əkməklik ilə. Amma toxumdan əmələ gələn kəvər otu iki ildən sonra gül açdığına Firəngistanda onun budaqlarını əkirlər. Ona binaən ki, budaqlar gələn il gül açır.

Kəvərin budaqları qarpız tağının budaqları kimi yer üzünə yatır. Onu bıçaq ilə yarıb ol yarıq yeri torpaqlayandan sonra oradan təzə köklər əmələ gəlir. Ol vaxtda ol budaqları öz köklərilə belə kəsib, bir qabda otaqda saxlanan güllər kimi əkib sonra şitil edirlər.

Budaqlardan ya toxumlardan əmələ gələn kəvər otlarının belə şitil adirlər: bir daşlıq ya quru yeri ki, orada qeyri əkin əmələ gəlmir, şuxm edib cızıqlar çəkirlər ki, onların bir-birindən arası iki arşınacan olsun və hər cızıqda otları elə şitil edirlər ki, onların bir-birindən arası iki arşın olsun. Belə şitil edəndən sonra onların artıq zəhməti yoxdur. Hətta  onları sulamaq da lazım deyil. Amma kəvər əkilən yer qışda çox soyuq olan yer isə payızın axırında kəvərin budaqlarının ucunu kəsib bir çərək tulində köklərin üstə saxlayıb onun üstün torpaq  ya peyin ilə basdırmaqla onları soyuqdan mühafizət etmək olar. Sonra yazda onların üstün açıb genə budaqların başını bir az kəsəndə onlar təzədən qol atıb gül açırlar.

Kəvər yayın əvvəlindən payızın axırınacan gül açır. Firəngistanda onun qönçələrini belə dərib turşuya qoyurlar. Hər sabah ya üç-dörd və ya on gündə bir otların arasını gəzib onların qönçələrin ki, noxuddan iri olmasın, dərib bir çəlləyə doldurub üstə sirkə tökürlər və sirkəni artıq tünd etməkdən ötrü və kəvər ləzzətli olmaqdan ötrü onun içinə duz, istiot və qeyri şeylər tökürlər. Çəlləyin ağzına taxta qoyub üstə daş qoyurlar ki, qönçələr sirkənin üzünə çıxıb yanıb tələf olmasın. Onlar yetişəndən sonra onları sirkə ilə belə şüşələrə doldurub ağızlarını lək ilə peçatlayıb satırlar. Həmçinin kəvərin yemişlərini bu qayda ilə turşuya qoyurlar. Belə saxlanan kəvər bir neçə il xarab olmaz.

Bizim Qafqazda əmələ gələn kəvəri zikr olan qayda ilə turşuya qoyanda onun təmi acı olur. Ona binaən onu turşuya qoyandan irəli onun acılığını almaq gərək. Bizlər onun üstə soyuq su töküb günə qoymaqlıq ilə onun acılığını alırıq və belə-belə suda çox saxlamaqdan kəvər xarab olur. Ona binaən lazımdır imtahan olunsun ki, onu isti suya salmaqlıq ilə və ya qaynatmaqlıq ilə acılığını almaq olurmu ki, az vaxtda onun acılığını alıb zikr olan qayda ilə turşuya qoymaq olsun və əgər bu tövr ilə onun acılığını almaq məqdur olmasa yaxşıdır ki, Firəngistan kəvərinin toxumlarını gətirib əkəsən.

 

ELM  XƏBƏRLƏRİ

 

Firəngistanın Sen Didyö adlı bir yerinin altımış arşınlığında bir su quyusu var ki,ol yerin ətrafında sakin olanlar o quyunun suyunu içirlər. Çünki o suyu həmişə içən kəslə zəif və xəstə olurlar, ona Lefort adlı kəs ol suyu imtahan edib deyir ki, ol suyun belə bədənə zərər etməyinə səbəb oldur ki, ol su quyusu qəbristanlığın yanındadır və onun suyu qəbristanlıqda çürüyən meyidlərin iyini çəkib cismi-bədəniyyata qarışıb xarab olur.

Bu səbəblərə Lefort məsləhət edir ki, hər yerdə qəbristanlığı içilən sudan uzaqda bina etsinlər və əgər qəbristanlıq qədim zəmanədə salındığına binaən onu qeyri yerə aparmaq məqdur olmasa, ol vaxtda qəbristanlığın ətrafında xəndək çəksinlər ki, oranın yağış suyu gedib içilən suya tökülməsin.

_______________

 

Bir suya cismi-bədəniyyat qarışmış olduğunu belə bilmək olur: ol sudan iki qaşıq bir stəkana töküb içinə bir az narın əzilmiş şəkər salıb bir isti yerdə bir neçə vaxt saxlayanda əgər ol su bulansa,  məlumdur ki, ona cismi-bədəniyyat qarışıb, belə suyu içmək bədənə zərərdir.

_______________

Almaniya dövlətinin sakini Stal adlı elm sahibi meyvəni tez yetişdirməkdən ötrü belə imtahan edib: armudun yetişməyinə iki ay qalmış bir armud ağacının dibini 3 ya 4 arşın qazıb ki, ağacın köklərinin üstə yarım kərhə qədər torpaq qalıb. Ol vaxt günün istisi ol köklərə artıq dəydiyinə ol ağacın meyvələri qeyri ağacların meyvəsindən bir ay yarım irəli yetişmişdir. Çünki belə ağacın dibini qazanda onun köklərinə gün artıq dəyməkdən ağac quruyur, bilmərrə tələf olur, ona binaən belə ağacı lazımdır ki, tez-tez sulayasan.

Bu imtahandan sonra məzkur Stal bir kəbalu ağacı ilə belə imtahan edib: onun dibini ancaq şimal tərəfdən zikr olan qayda ilə qazıb. Həmçinin kəbalu ağacının da meyvələri ay yarım irəli yetişibdir. Amma bu ağacın bir şimal tərəfi qazıldığına, onun ancaq şimal tərəfinin budaqlarının meyvəsi tez yetişibdir.

Belə ağacların dibini qazmağdan onların meyvələri tez yetişdiyinə səbəb oldur ki, hər nəbatatın zindəganına gün səbəb olur və onlara gün artıq dəyməkdən onlar tez əmələ gəlir.

_____________

 

Bizim vilayətimizdə barama qurduna həmişə çəkil yarpağı verirlər. Amma Firəngistanda və qeyri yerlərdə imtahan üçün onlara qeyri yarpaqlar verib görüblər ki, qeyri yarpaqları yeyən qurdların baraması qeyri rəngdə olur. Məsələn, üzüm ağacının, yəni tənəyin yarpağını yeyən qurdun baraması qırmızı rəngdə, kahu yarpağını yeyəninki yaşıl rəngdə və gicirtkan yarpağını yeyəninki bənəvüş rəngdə olur.

Məzkur yarpaqlar ilə qurdları çəkil yarpağı ilə saxlayan kimi saxlamaq olur, yəni əvvəldən axıracan onlara zikr olan yarpaqları vermək olur. Amma bəzi kəslər qurdlara əvvəl zaman çəkil yarpağı verib barama sarımağa 20 gün qalmış zikr olan yarpaqları verib görüblər ki, genə onların baramasının rəngi qeyri cürə olubdur.

Bu elm xəbərləri yazıb Əsgər Mirzə Adıgözəlzadə Gorani.

 

TƏZƏ  XƏBƏRLƏR

 

General Kaufman Kokan şəhərinə daxil olandan sonra ətraf sakinlərinə bu məzmunda elamnamə göndərib: hər kəs Rus dövlətinə tabe olur isə, ona xoşgüzəranlıq müyəssər olur.

Rus dövlətinin müsəlman tabeləri öz şəriətlərini işlətməyə dövlət mane olmur.

Xudayar xan Peterburqa  göndərlənib. Onu Rus dövləti Kokana xan etməyə-cəkdir.

 

_______________

 

Səmərqənddən “Türküstan” qəzetinə yazırlar ki, Kokan ilə Rusiya cəng edən zaman Buxaranın xanı məsləhət ilə kokanlıların tərəfin saxlayıb və bu halda səy edir ki, genə onları tutuşdursun. Ona binaən Rusiya tərəfindən Buxaranın sərhəddinə bir neçə yüz kazak qarovulu qoyulubdur.

______________

Türküstandan sentyabrın 22-dən yazırlar ki, Kokan sərkərdəsi odabaşı Əbdürrəhman öz əsgəri məğlub olandan sonra genə təzədən 10000 əsgər cəm edib Rusiya ilə cəng başlamaq istəyib. Amma Rus əsgərini görəndə onun əsgəri qaçıb dağıldığına özü beş adam ilə qaçıb Buxara sərhəddinə gedib.

 

_______________ 

Qerdseqovinə tamam Osmanlı əsgəri ilə zəbt olunubdur. Əgərçi Qerdseqovinənin əhli genə hərdən bir cəng edir, amma ol cənglərdə həmişə məğlub olur.

Qeyri slavyan yerlərindən onlara köməyə gedənlər geri qayıdırlar.

Sülh barəsində danışıq var. Bu danışıqdan ötrü Rus və Almaniya dövlətləri Avstriya dövlətinin konsulunu vəkil edibdirlər.

Əgərçi Qerdseqovinə əhlinin muradı olur ki, onlara artıq ixtiyar versinlər, amma dövlət ona razı olmur.

Osmanlı dövləti hökm edibdir ki, 1873-cü sənəyəcən kəsir olan təhmilatı xalqdan almasınlar və gəh yeki yüzdən on iki alınırdı, yüzdən on alsınlar.

 

_______________

 

Osmanlı teleqrafxanalarında Qerdseqovinə buntu aşkar olandan sonra gizdin, yəni məxfi dildə tel vurmaq qadağan olmuş idi. İndi genə heylə tel vurmağa izn var.

                                        ________________

Hindistanda  300000000 can məxluq var: o cümlədən 60000000 can müsəlman, 150000000 can bütpərəst və 20000000 can atəşpərəstdirlər. 150 sənə bundan əqdəm ingilis vilayətində bir ticarət icmalı əmələ gəlib. Ol icma Hindistanın dərya kənarında öz dadistədləri üçün bir az yer alıb sonra mürur ilə tamam Hindistanı zəbt edib. Bir neçə il bundan əqdəm məzkur icma tamam Hindistanı İngilis dövlətinə veribdir. İndi İngilisin kralının oğlu Hindistana  gəzməyə gedir. Qəzetlərdə yazırlar ki, bu oktyabr ayının 11-də İngilisdən çıxıb Misirdən Suveyş kanalı ilə Hindistana gedəcəklər.

                                       ________________

İrandan yazırlar ki, şah Avropa səyahətindən geri qayıdandan sonra xalqa izn veribdir ki, hər bir cəbr barəsində onun özünə ərz etsinlər. Ondan masəva indi təhmilatı cəm etməkdən ötrü təzə qayda qoyub, onu icarəyə verməyi qadağan edib.

                                     _______________

Həməndanda bir yəhudi müsəlmanların məzhəbinə yaman deməkdən ötrü onu müsəlmanlar oda salıb yandırıblarmış. İndi Tehrandan yazırlar ki,ol yəhudini yandıran kəslərə tənbeh olunubdur və yəhudilərə söz verilib ki, bir də onların haqqında belə zülm olunmayacaqdır.

                                          ________________

Misirdən yazırlar ki, Misir ilə Həbəş hökumətinin arasında danışıq düşdüyünə xədifi-Misir Həbəşin sərhəddinə əsgər göndəribdir.

_______________

Rusiyanın 82000000 xalqı var . O cümlədən 9000000 müsəlman, 649000 erməni, 2785000 yəhudi, 277000 bütbərəstdir.

______________

Rusiyanın 780000 əsgəri var, əsgərdə qulluq edən 460000 əfsəri var.

_______________

Rusiyanın dəryalarda 29 üzü dəmirli, yəni branonos, 198 üzü dəmirsiz cəng  gəmisi var. Onlarda 527 top və 24500 əsgər var, o cümlədən 3817 əfsərdir.

_______________

Peterburq şəhərində 768 təbib var ki, onların hər birisinin yanına hər kəs hər gündə gedib öz naxoşluğu barəsində məsləhət edə bilər.

_______________

Badkubə şəhərinin Malakan bağının yanında cənab Vixman sakin olduğu evin qiblə tərəfi satılır.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info