Qonaq Kitabı
20 sentyabr Rusiya, sənə 1875

20 sentyabr  Rusiya, sənə 1875          

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

Bizim vilayətimizdə hər kəs dad edir ki, zəmanəmizdə xeyir və bərəkət qalmayıb və keçən zamanı yada salıb bayatı çağırır: Keçən günə gün çatmaz calasan günü-günə... Belə bayatı çağırıb şikayət edən kəs heç fikir etmir ki, nə səbəbə zəmanəmiz xeyir və bərəkətsiz olub və ona heç əlac varmı? Belə zəmanəmiz xeyir və bərəkətsiz olmağının səbəblərindən və onların əlacından indi danışaq. Bir tağar yerdən hasil olan taxıl, məsələn, bir adama çatır isə, ol kəsdən sonra onun iki oğlu qalmış olsa, bu iki şəxsə o bir tağar yerin taxılı çatmaz, ya onlar özləri üçün gərək bir tağar da yer alsınlar ya o bir tağar yerlərini elə qüvvətli etsinlər ki, o yer birə bir ziyadə taxıl bitirsin, yəni bir kəsin yerində iki kəs qalanda onlar ya gərək zəhmət çəkib pul qazanıb özlərinə təzə yer alsınlar, ya zəhmət çəkib atadan qalan yerlərin qüvvətli etsinlər. Xülasə, dünyada insanın qədəri artdıqcan zəhmət artır və zəhmət çəkənlər yaxşı zindəganlıq edib ləzzət edirlər. Amma az zəhmət çəkənin zindəganı yaman və ləzzəti az olur. Və bir də xoş güzəranlıq və ləzzət çölə tökülməyib ki, hər kəs axtarıb tapsın. Onları tapmaq üçün gərək dövlət qazanasan. Dövlət qazanmaq istəyən kəs gərək zəhmət çəkib səy və kuşiş etsin ki, dövlət qeyri kəslərin əlindən onun əlinə gəlsin, çünki belə səy və kuşişi bir kəs edir ki, ona zindəganlıq etmək və ləzzət çəkmək müyəssər olsun, ona binaən belə səy və kuşiş özü bir cəngdir ki, onun adına zindəganlıq cəngi deyirlər. Hər kəs daima belə cəngə məşğuldur. Onda qalib olanlar ləzzət sahibi və məğlub olanlar ləzzətdən məhrum olurlar. Əlbəttə, belə cəng edənlərin, insanın qədəri artdıqca zikr olancəng ziyadə şiddət edir. Çünki dünyada insanın qədəri həmişə artır, ona binaən zikr olan cəng gələcəkdə dəxi ziyadə şiddət edəcək, xoşgüzəranlıq və ləzzət tapmaq gələcəkdə dəxi çətinraq olacaqdır. Bu səbəblərə zəmanəmiz xeyir və bərəkətsizdir. İndi görək ona heç əlac varmı? Zikr olan zindəganlıq cəngində tüfəng və xəncər işləməz, güc və rəşidlik iş görməz. Onun əsbabı ancaq ağıldır və ağıl bir şeydir işləndikcən tərəqqi edər, yəni elm təhsil etdikcən ağıl da artar. Doğrudur bizim zəmanədə bəzi vaxtda elmdən və ağıldan bixəbər kəslər sahibi-dövlət olduqlarına xoş güzəranlıq edirlər. Ona binaən şair deyib; Dövlət bəxəran dadənü nemət basəgan. Pəs ma bətəmaşaya-cəhan amədəim?[1] Amma onların sahibi-dövlət olmaqlığına səbəb çoxdur. Məsələn, keçən zamanda onların ata-babasından birisi özündən axmağa rast gəlib, özünə qurtarmaz dövlət qazanıb və əgər bizim zəmanədə də elmdən bixəbər kəsə dövlət qazanmaq məqdur isə, ona səbəb oldur ki, ol kəs ilə zindəganlıq cəngi edənlər ondan da dünyada bixəbərdirlər. Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq. Pəs bayatı çağırıb zəmanədən şikayət edən, sənin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan. Görürəm bu sözləri oxuyan Gülüstani-Sə`dini əlinə alıb oxuyur: Kəs nətəvanəd girift daməni-dövlət bəzur.[2]

Əzizim,o söz bəəslən Şirvan Fitdağı sözüdür. Əgər Sədi bizim zəmanədə olseydi deyərdi:

Hər kəs təvanəd girift daməni-dövlət bəzur.[3]

 

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Əkin yerindən danışır

 

Əkin yeri iki qism şeydən əmələ gəlib, birisi cansız şeydən,  cəmadatdan və birisi canlı şeydən, yəni heyvanat və nəbatatadan məxlutə olan şeylərdən əmələ gəlib. Cəmadatdan əmələ gələn şeylər belə əmələ gəlib: daşlar su və külək döyməyə binaən azalıb xırdalanırlar, bu xırda və narın şeyləri yağış suyu ya qeyri su axan zaman aparıb alçaq və düz yerlərdə onlardan torpaq əmələ gəlir. Pəs biz torpaq dediyimiz şey əkin yerinin cəmadatdan əmələ gələn hissəsidir. Əkin yerinin heyvanat və nəbatatdan əmələ gələn hissəsi otların xəzəlləri və heyvanların təzəyi və bədənləri çürüyüb məxlut olmaqlığı ilə əmələ gəlib. Əkin yerində olan cəmadat bir neçə qismdir. Onların üçü ki birisi qum, birisi kül və birisi əhəngdir, hər bir əkin yerində var. Bu üç şeyə əkin yerinin binası demək olur. Onlardan hansının qədəri ziyadə olsa, onun adı ilə əkin yeri adlanır. Məsələn, qumu ziyadə olan yerə qumlu yer deyilir və bir də əkin yerinin xasiyyəti ol şeylər ilədir. Qumu ziyadə olan yer isti olur, yəni belə yerə basdırılan toxum tez göyərir, yağışdan sonra tez quruyur. Belə yerə şeh, yəni şəbnəm az düşür. Küllü yer soyuq olur, yəni belə yerə basdırılan toxum gec göyərir. Yağışın suyunu belə yer canına çox çəkir və gec qurur. Belə yerə şəbnəm ziyadə düşür. Əhəngli yer qumlu yer kimi isti olur, amma küllü yer kimi su saxlayan olur. Zikr olan şeylərdən savayı hər bir əkin yerində gərək qeyri daşlardan əmələ gələn şeylər olsun. Məsələn, qarğaduzu, xörəkdə işləddiyimiz duz, kükürd, soda, dəmir pası. Bu duzlar otlara xörəkdirlər. O duzlar suda əriyəndən sonra onları sorub zindəganlıq edirlər və əgər onlar əkin yerində olmasa, orada otlar üçün zindəganlıq olmaz.

Əkin yerinin canlı şeylərdən əmələ gələn hissəsi iki qismdir. Birisi hava qismi şey və birisi bərk şeydir. Məsələn, bir otu yandıran zaman onun bir hissəsi kül və bir hissəsi tüstü olur və bu şeylərin hər bir qismi otlara xörəkdirlər. Ondan masəva bu şeylər zikr olan duzların bəzinə dəyəndə onları əridir, yoxsa onlar özləri su dəyməkdən əriməzlər. Xülasə, cəmadatdan əmələ gələn duzlar və canlı canlı şeylərdən əmələ gələn şeylər gərək hər bir əkin yerində olsunlar ki, otlar orada zindəganlıq edə bilsinlər və əgər duzlar və canlı şeylərdən əmələ gələn şeylər az ya çox olsa, genə olmaz. Gərək onların hər birisinin qədəri lazım olduqcan olsun.

Bir yerdə bir neçə il dalbadal əkin əkiləndə zikr olan otlara xörək olan şeylərin qədəri azaldığına əkin də ilbəil az bəhrə verir. Ona binaən belə yerə genə məzkur şeyləri qarışdırmaq gərək ki, əkin irəliki kimi bəhrə versin. Və bir də hər heyvan bir qism xörək yeməyən kimi, hər əkinin də öz xörəyi var. Məsələn, bir yerdə küncüd bir neçə il dalbadal əkilsə, o yerin küncündə lazım olan xörəyi azaldığına orada küncüd az bəhrə gətirir. Ona binaən o yerdə ya gərək qeyri əkin əkəsən, ya küncüdə lazım olan şeyləri o yerə qarışdırıb sonra küncüd əkəsən ki, küncüd genə yaxşı bəhrə versin.

 

ELM  XƏBƏRLƏRİ

 

Bir heyvan öləndən sonra onun əti iyiyən zaman o ətin suyu ki, heyvanın qanıdır zəhər olur. Əgər o qan sağ heyvanın ya insanın qanına dəysə, ol vaxtda onlar zəhərlənib vəfat edirlər. Onun zəhər olmağın belə imtahan etmək olur. Əgər iyirmi dovşanı bir-birinə bağlayıb on gündən ölmüş atın qanından iki damcı onların birisinin ətini yaralayıb ol yaraya tökəsən və iki dəqiqədən sonra əvvəlinci dovşanın yarasından iki damcı qan götürüb ikinci dovşanın qanına qarışdırasan, bu minval ilə onların hamısını yaralayıb birisinin qanını o birisininkinə qarışdırasan, ol vaxtda onlar hamısı ölür. Əgər hər dovşanın qanını bir girvənkə və hər girvənkə qanı min damcı hesab etsək, ol vaxtda əvvəlinci dovşanın beş yüz damcı qanına bir damcı atın qanını töküb ol dovşanın qanından iki damcı ikinci dovşanın qanına qarışdıranda atın qanından ikinci dovşanın qanına bir damcının mindən bir hissəsi, iyirminci dovşanın qanına atın qanının bir damcısının min milyondan bir hissə qarışıb, amma onilə belə iyirminci dovşan da ölüb. Pəs ölən heyvanın qanı çox bərk zəhər imiş. Ona binaən iyimiş cəmdəyi əl ilə tərpədəndə sər-hesab olmaq gərək ki, əldə yara olsa, cəmdəyin suyu yaraya dəyməsin və əgər qəfilcən yaraya o su dəymiş ola, ol vaxtda yara qızarmağa başlayanda mə`lum olur ki, ona zəhər dəyib. Belə olan surətdə məsləhətdir ki, yara olan yeri, məsələn, barmağı kəsib atasan.

_______________

 

 

Hər malın südü bir xasiyyətdə olmaz, yəni bəzi süd duru və bəzi qəliz olur. Duru südün suyu və qəliz südün qaymağı çox olur. Ona binaən sağmal mal alan kəslərə məsləhətdir onu alandan irəli onun südünü imtahan eləsinlər. Belə imtahanı yaxşıdır bir şüşə düdük ilə edəsən ki, o düdük dərəcəyə bölünmüş ola. Onun içinə on dərəcə süd töküb onun qaymağı tamam yığılıncan saxlananda əgər on dərəcə süddən bir dərəcə ya on qaşıq süddən bir qaşıq qaymaq əmələ gəlsə, süd yaxşı süddür. Elə ki, onun qədəri az oldu süd yamandır.

_______________

 

Yayda isti olduğuna heyvanların tükü az və dərisi nazik olur, amma qışda onların tükü çox və dərisi qalın olur. Həmçinin təzə doğulan heyvan əgər yayda doğulmuş isə onun dərisi nazik və tükü az olur. Amma qışda doğulanların tükü çox və dərisi qalın olur. Bu səbəblərə qış dərisi yay dərisindən artıq qiymətə gedir. Ona binaən ki, qış dərisinin tükü çox olduğuna isti olur və onlar yumşaq və qalın olduğuna onlardan qayrılan şeylər əla olur.

______________

 

Meyvələrin çürüməyinə səbəb onlara hava dəymək ilədir. Əgər hava dəyməsə, meyvə çürüməz. Ona binaən meyvələri çox saxlamaqdan ötrü yaxşıdır onları havadan mühafizət edəsən. Onları bir neçə tövr ilə, o cümlədən ərimiş muma batırmaqla havadan mühafizət etmək olur. Bir qabda mumu əridib meyvənin saplağından tutub onun içinə salıb çıxarasan. Gərək mum çox isti olmasın. Onu çıxarandan sonra mum soyuyuncan yerə qoymayasan. Onları muma batıranda onların üzündə mumdan nazik pərdə qalır. O pərdə onları havadan mühafizət edir.

 

TƏZƏ  XƏBƏRLƏR

Volqa vaporu, yəni paraxodu Hacıtərxandan Badkubəyə bu sentyabr ayının 24-də gərək gəleydi, amma 17-də gəlib. Belə deyirlər ona səbəb oldur ki, sentyabrın 12-də Petrovski şəhərində axşam saat 10-da vaporun kapitanı Buxt öz fəhlələri ilə qovğa edib. O halda ol fəhlələr məzkur kapitanı döyübdürlər. Ona binaən kapitanın sərəncamına görə ol fəhlələri ki cümləsi 10 nəfər olubdur, dustaq ediblər və vapor fəhləsiz olduğuna gecikib.

_______________

 

Quba boyaqçıları cənab sərdara alizarin barəsində verdiyi ərizəyə xəzanə vəzirindən belə cavab gəlib. Alizarini Rusiyaya gətirmək qadağan etmək olmaz. Ona binaən ki, Rusiya karxanaçıları onu işlətməyə öyrənibdirlər.Ondan masəva əgər onu gətirmək qadağan olunsa, onu Rusiyada qayırallar və Rusiyanın  öz xalqına onu qayırıb satmağı qadağan etmək olmaz. Həmçinin alizarinin xərcin də artırmaq olmaz. Ona binaən ki, onu artırmaqdan boyaqçılara xeyir də olsa tamam Rusiya əhlinə zərər olur. Ol səbəbə ki, alizarin boyaqdan ucuz olduğuna onun xərcini artıranda Rusiya karxanalarında qayrılan şeylər bahalanır. Əgərçi cənab sərdara vəzir belə cavab edib, amma deyirlər ki, cənab sərdar boyaqçılara bir neçə il kömək etməkdən ötrü bu halda hökm edib ki, yazıb mə`lum etsinlər görək nə qədər qazılmamış boyaq var. Onun keçən illəri və bu il qiyməti, həmçinin fəhlələrin qiyməti nə qədər olub.

_______________

 

25 ildir Tiflisdə dövlət tərəfindən əkin və ziraət icması bina olub. Onun calisləri məktəbxanalar açıb qeyri yerlərdə işlənən əsbabları imtahan edib öz şagirdlərinə göstərirlər. Bu sentyabr ayının 25-dən oktyabrın əvvəlinəcən məzkur icma öz bina olmağını yad-bud etməkdən ötrü öz calislərini və hər əkinçini qonaq çağırır ki, onlara zikr olan əsbabları və onların işini göstərəcəkdir.

 

_______________

 

İstanbulda “Birjevoy vedomosti” qəzetinə yazırlar ki, Qerdseqovinə buntu aşkar olan zaman Osmanlı dövləti ona məhəl qoymurdu. Elə ki, xəbər gəldi ki, ətrafda olan xaçpərəstlər kömək edirlər və bu işdə slavyan millətinin birləşməyə qəsdi var və slavyanların başçısı Rus dövləti onların tərəfini saxlayacaqdır, ol vaxtda Asiya və Afrika qitələrindən əsgərləri İstanbula gətirib gəmi ilə Qerdseqovinəyə göndərdilər. İndi Sərvər paşa İstanbula tel vurub ki, Avropa dövlətlərinin konsulları Qerdseqovina əhlinə məsləhət edincən ki dava etməsinlər, Osmanlı əsgəri ol yeri tamam zəbt edib.

_______________

 

Kokanın əhli öz xanları Xudayar rus sərhəddinə qaçandan sonra özlərinə təzə Xanzadə adlı xan zübdə etmişlər imiş. İndi general Kaufman tel vurub ki, bir neçə dəfə düşmənlərin əsgərlərinə faiq gələndən sonra məzkur Xanzadə onun qabağına çıxıb Kokan şəhərini ona təslim edib və ətrafında olan köçərilər tamam itaətə gəliblər.

_______________

 

Tehrandan “İndipendans Belği” qəzetinə yazırlar ki, bu il şah Şiraza getmək istəyir idi, amma getmədi. Ona binaən ki, orada aclıq var. Bu sözləri yazan deyir, xülasə, İran dövlətinin xəzanəsi boş və xalqının ovqatı təlx olubdur və əgər şah tezlik ilə dövlət işlərinə binagüzarlıq etməsə, işlər xərab olacaqdır.

_______________

 

Ural kazaklarının yerlərində təzə əsgər qaydasın qoyandan sonra bəzi şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə tutub Türküstana göndərsinlər və orada onlardan rus kəndləri bina etsinlər. “Nedelya” qəzeti yazır ki, buçağadək bir neçə yüz adam bu səbəbə Türküstana göndərlənib.

_______________

 

Krımdan “Birja” qəzetinə oranın müsəlmanları Osmanlıya köçməklik səbəblərindən kağız yazan deyir ki, onun ümdə səbəbi oldur ki, onlara Osmanlıya getməyə pasport vermək qadağan olub. Ona binaən müsəlmanlar gizdin dəstə-dəstə qaçıb gedirlər.

_______________

1873-cü ildə Rusiya dövlətinin beş yüz on iki milyon manat mədaxili və beş yüz otuz doqquz milyon manat xərci olub. İndi mədaxili və xərci bərabərdir. Bu halda Rusiyanın iki min milyon manat borcu var, o borcdan iki yüz milyon manat dəmir yollarına xərc olunub.

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Dövləti eşşəklərə vermisən, ne`məti itlərə. Bəs biz dünyaya tamaşa eləməyə gəlmişik?

[2] Heç kəs var-dövlətə zor ilə sahib ola bilməz.

[3] Heç kəs var-dövlətə zor ilə sahib ola bilər.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info