Qonaq Kitabı
21avqust Rusiya, sənə 1875

21avqust Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 “Əkinçi” qəzetinin münşifi məlum edir ki, qəzetin əvvəlinci nömrəsi satılıb qurtarıbdır. Ona binaən təzədən qəzet istəyənə o nömrə göndərilməyəcəkdir.

DAXİLİYYƏ

Bir ay bizim qəzet çap olunur, amma onu oxuyanların bu çağacan biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biz qəbul etmişik. Ona binaənindi onları izhar etməyi lazım bilirik. Amma bizə məlumdur ki, bəzi kəslər bizim işə artıq diqqət edirdilər. Bu diqqət edən kəslərə o zəhmətlərdən bir az danışmağı vacib bilirik. Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürrüfatı tapmışıq. Bu zəhmətlərə heç bir qəzeti öz nəfindən ötrü çap eledən razı olmaz və əgər qəzet basdırmaqdan bizim muradımız ondan mənfəətbərdar olmadığımız olseydi, onun qiymətini gərək iyirmi, bəlkə otuz manat qoyaydıq. Keçən zamanın zəhmətini və xərcini kənarda qoyub şimdi olunan zəhmətlərdən və xərclərdən cəm olan məbləğ indi qəzet olunan xərcə çatışmır və bizim zəhmətimizin əvəzində bu halda nə ki bizə bir həbbə, bir quruş qalmır, bəlkə artıcaq zərər də olur.

Bizim zəhmətimiz həddən çıxıb. Bir mətləbi özümüz yazıb ağardıb çapxanaya vermək ilə zəhmətdən xilas olseydik, çox xoşbəxt olurduq. Amma iş belə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edib onu çap elədən, hərflərin düzən, qələtlərin düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm, hətta bizim müsəlman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin ya hüruflarını düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı, genə bir tövr yola gedərdik. Amma dərd budur bizim elə zəhmətimiz var ki, qeyri qəzet basdıranların onlardan heç xəbəri yoxdur. Əvvələn bu hürufat İstanbulda alınıb. Çünki bizim dildə bəzi hərflər, məsələn q, k, r və  l artıq işlənir, ona binaən ol hüruflar qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtında nə ki ol mətləbin məzmununu və qeyri əhvalatları yoxlayırıq, amma məzkur hüruflar az işləməkdən ötrü bəzi sözləri götürüb onun əvəzində başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur hətflər olmasın. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur və bunu diqqət edənlər bizə təqsir hesab edirlər. Saniyən bizim məxsusi çapxanamız yoxdur. Qəzetimiz qubernski pravleniyanın çapxanasında basırlar. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyir. Gülmək yeri deyil, siz ağlayız ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur.

 

 

 

 

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Mal südündən yağ qayırmaqdan danışacaq

 

(ibtidası keçən nömrələrdə basılıb)

 

Məşhur Qalştinya qaydası ilə süd sərmək üçün təmir olunan imarətin xərci çox olduğuna Qossandr adlı kəs südü bir otaqda sərir ki,  çox quru və təmizdir, iki taxta ilə döşənibdir və akoşkaları şimal tərəfədir. Bu otaqda qışda buxarı qalır və yayda onun akoşkaların açıb sərin edir. Əgər ki, belə akoşkaları açmaq ilə otağı soyutmaq olmaz, amma otaq təmiz saxlandığına süd qabları dayaz və enni olduğuna və südü az vaxt sərili saxlamağa binaən orada süd turşumur. Oranın havasını təmiz saxlamaqdan ötrü sərilmiş süddən savayı orada bir şey, məsələn, şor ya pənir saxlamır. Hətta bir damcı süd yerə düşəndə o yeri isti su ilə təmiz edin. Xülasə otağın havasını təmiz saxlayın ki, bu təmiz hava sərilmiş südə dəyəndə onu turşutmasın. Süd sərilən qablar ağ dəmirdən qayrılıb. Onların içinə südü bir barmaq dərinlikdə töküb iyirmi ya iyirmi iki saat sərili saxlayandan sonra qabların altından puçlarına açıb südü süzüb qaymağı yığıb yetişdirib ondan zikr olan Qolştinya qaydası ilə yağ çalxayır. Məzkur qaydalardan savayı soyuq tərəflərdə Şvars qaydası işlənir. Böyük çəlləkləri soyuq su ilə doldurub onların içinə arşın yarım dərinlikdə süd qabını süd ilə doldurub salırlar ki, onun ağzı sudan çölə olsun. Çəlləyin suyuna peydərpey buz salmaqla soyuq saxlayıb, on iki ya otuz altı saatdan sonra qaymağı yığıb, yetişdirib ondan zikr olan qayda ilə yağ çalxayırlar. Çünki məzkur qaydalar ilə südü sərib ondan qaymaq yığıb yağ çalxamağın xərci və zəhməti çoxdur və ondan masəva ildırım şaxıyanda ya qablar təmiz yuyulmayanda süd turşuyub bilmərrə xarab olur, ona binaən Avropa əhli bu halda qaymaq yığmaqdan ötrü maşın işlədir. Ol maşının qiyməti altmış manatdır. Bu maşın araba çarxı kimi girdədir və şol çarx kimi öz oxunun çevrəsinə fırranır. Onun içinə südü töküb çarxı bərk fırrandırırlar ki, bir dəqiqədə  dörd yüz dəfə fırransın. Bu zaman yarım saat müddətində südün qaymağı tamam yığılır. Gələn səfər çiy süddən və qatıqdan yağ çalxamaqdan danışacaq.

 

 

ELM  XƏBƏRLƏRİ

Meşə salmaqdan danışır

 

Meşənin xeyrini hər kəs bilir. Meşədən özümüzə odun qırırıq. Onun ağaclarından özümüzə evlər və qeyri şeylər tə`mir edirik. Xülasə, meşədən odun və hər bir qism hacət əmələ gəlməyin hər kəs bilir. Onlardan masəva imtahan ilə bilinib ki, meşə olan yerə ziyadə yağış yağır. Ol səbəbə bu yer artıq nəm olur, yəni oranın havasında su buğu çox olur və belə havada su buğu ziyadə olmağa binaən o yerin yayı çox isti və quraqlıq və qışı çox soyuq olmur və bir də meşə soyuq külək gələn tərəfdə olanda o yeri küləkdən mühafizət edir. Çünki qədim zaman meşə çox olduğuna insan onların xeyrini bilməyib dövlətli adamın pul qədri bilməyən vəliəhdi o pulu tələf edən kimi onları tələf edibdir, ona binaən şimdi meşənin xeyrini bilib hər vilayətdə əl ilə meşə salmağa səy edirlər. Çünki bizim Qafqazda da bıçaq sümüyə dayanıbdır, yəni biz də meşələrimizi qırıb tələf etmişik və hər tərəfdən yayda müsəlman sədası və qışda təzək tüstüsü gəlir, ona binaən lazım bilirik ki, burada meşə salmağın qaydasın bəyan edək. Əlbəttə, bir qüvvətli yeri hasarlayanda orada özbaşına meşə əmələ gəlir. Amma belə meşədə əmələ gələn ağaclar əyri və alçaq olduğuna görə onlardan yaxşı hacət olmaz. Bu səbəbə onun xeyri də az olur. Ona binaən meşəni əl ilə belə salırlar. Hər ağacın ömrü bir olmaz, məsələn, söyüd ağacı 10 ilə yetişir isə, çinar 60 ilə yetişir. Ona binaən bir kəs, məsələn, palıd ağacından meşə salmaq istəyir isə və imtahan ilə bilir isə ki, palıd 30 ilə yetişir, ol vaxtda meşə salınan yeri 30 yerə hissə edib sonra bir qoruğu, yə`ni bağçanı 3 yerə hissə edir, bağçanın bir hissəsin şuxm edib orada palıd toxumu əkir. Gələn il bağçanın ikinci hissəsin də əkir və üçüncü il üçüncü hissəsin də əkir, sonra meşə yeri ki, 30 yerə hissə olunubdur, onun əvvəlinci hissəsin şuxm edib payızda bağçanın əvvəlinci hissəsində əkilən palıd ağacların çıxarıb o üçillik ağacları meşə yerinin məzkur əvvəlinci hissəsində şitil edir, genə yazda bağçanın əvvəlinci hissəsində palıd toxumu əkir. Payızda meşə yerinin ikinci hissəsin şuxm edib bağçanın ikinci hissəsində olan üçillik palıd ağacların orada şitil edir. Bu minval ilə tamam meşə yerində cərgə ilə və bir-birindən beş ya altı arşın aralı ağaclar əkir. Belə meşənin bir tərəfində otuz illik yetişmiş ağaclar olur. Otuz illik ağacları qırıb, onların yerin şuxm edib bir il taxıl əkib gələn il üçillik palıd ağacları ilə şitil edir. Gələn il meşənin ikinci hissəsin qırır. Xülasə hər ildə onun bir yetişmiş hissəsin qırıb, satıb onun yerin bir il taxıl əkib, sonra şitil edir. Ona binaən daima hər ildə yetişmiş palıd ağacı satır. Belə meşəni yaxşıdır ki, dağların başında ya soyuq külək gələn tərəfdə salasan. Onlar dağlar başında salınmağının xeyri odur ki, bizim bulaqlar və çaylar dağlarda yağan yağış və qar suyundan əmələ gəlirlər. Dağların başı meşə olduğuna, oraya artıq yağış yağdığına çayların və bulaqların suyu da ziyadə olur. Onu soyuq külək gələn tərəfdə salmağın xeyri odur ki, soyuq küləkdən o yeri mühafizət edir. Belə meşəni yanğından və mallardan saxlamaqdan ötrü yaxşıdır ki, onun çahar ətrafın xəndək edəsən.

 

 

PETROVSKİDƏN  MƏKTUB

 

Rostov və Vladiqafqaz dəmir yolu avqust ayının əvvəlindən Vladiqafqaz şəhərindən Rostov və Rusiya tərəfinə bimane müsafir və                    yük götürür. Bu il dəmir yol açılmaq səbəbinə ki, kirayə ucuz və müsafir tez və rahat yol gedir, Rusiya şəhərlərindən və qeyri məmləkətlərdən Pyatiqorskda olan mədən sularından mənfəət götürmək üçün ol qədər müsafir və naxoş gəlib ki, müsafirxanalarda yer olmayıb və şəhər içində boş evlər küllən kirayə verilib. Məsələn, bir ev ki, beş arşın tuli dörd arşın ərzi var imiş 3 manatdan 5 manata qədər kirayə götürüb. Məzkur müsafirlər ki, 2000-dən artıq hesab olunur, bilcümlə hər biri təxminən 300 manat şəhərdə xərc eləsə 600000 manatdan artıq şəhərdə dadistəd olub və əhli-mənfəətə yetişiblər. Heç bir il bu qədər müsafir və naxoş müalicə eləmək üçün Pyatiqorska gəlməmişdir. Bu kəsrət və xalqın bu mərtəbədə cəm olmağına (bais) dəmir yol açılmağıdır. Dəmir yol hər vilayətdən ki, keçib o yerin əhlinin xoşbəxt və sahibi-dövlət olmağına bais olubdur. Ümid etmək olur ki, Badkubənin dəmir yolu qayrılandan sonra Badkubə əhlinə baisi-vüs`əti-ticarət olub Pyatiqorsk sakinlərindən artıq mənfəət versin.

Heydəri

TƏZƏ  XƏBƏRLƏR

İngilis dövlətinin yeri cəzirədir ki, bu cəzirə Avropa qitəsinin şimal tərəfində vaqedir. Bu cəzirə ilə Firəngistanın arasında bir Lamanş adlı dərya var ki, onun ərzi 73 verstdir. Firəngistanın və İngilisin dövlətli kəsləri iki icma bina ediblər ki, o dəryanın altından quyunun iki ilə bir dəmir yol saldırıb məzkur məmləkətləri qovuşdursunlar. Ol dəmir yolunun tuli 75 verstdən ziyadə olacaqdır. Onun xərci 85000000 manatdan artıq olacaq. Məzkur icmalar o yolu bu şərt ilə təmir edəcəkdirlər, o yol qurtarandan sonra 30 il onların ixtiyarlarında qalsın, yə`ni 30 illik nəf`i onların olsun və sonra o yol İngilis və Firəng dövlətlərinə yetişsin.

________________

 

Keçən nömrədə Qerdseqovinədə olan cənglərdən xəbər verdik. Ol vilayət Bosna vilayətinin bir hissəsidir, onun 300000 qədər sakini var. Onların çoxu slavyan millətidir. Çünki o yerin ətrafında vaqe olan Serb və Qaradağ əyalətləri həmçinin slavyandırlar və qədin zaman Osmanlıya tabe olublar, ona binaən məzkur əyalətlərin əhli gizdin sərhəddi keçib Qerdseqovinə sakinlərinə kömək edirlər. Bu səbəblərə məzkur cəng şiddət edib və Osmanlı hər tərəfdən oraya əsgər göndərib.

________________

                                                                        

İstanbuldan ingilis qəzetlərinə tel var ki, vəzirlərin məclisində sultanın xətti-şərifi oxunub. Ol xətti-şərif hökm edir ki, Osmanlı dövlətinin hər vilayətində karxanalar və zavodlar təmir etməyə binagüzarlıq olunsun. Həmçinin hər vilayətdə təzə yollar salınsın. Ondan savayı məzkur xətti-şərif ilə hökm olunub ki, sultanın öz məxsus xərcinə İstanbuldan Bağdada dəmir yol aparılsın.

 

Qışda soyuq torpaqa daxil olmaqdan xəbər verir

Bu 1875-ci sənənin yanvar ayında Firəngistanın Parif şəhərinin millət bağında Bakkeril adlı kəs imtahan ilə aşkar edib ki, göy ot, yəni çəmən bitən yerə soyuq az daxil olur, amma açıq, yə`ni ot olmayan yerə artıq daxil olur. Məsələn, havada 12 dərəcə soyuq olan zaman açıq və çəmənli yerləri yarım arşın dərinlikdə qazıb onların soyuqluğuna baxanda görmək olur ki, çəmənli yerdə yarım arşın dərinlikdə 1 dərəcə soyuq var, amma açıq yerin yarım arşın dərinliyində 6 dərəcə soyuq var. Bu səbəblərə binaən məzkur Bakkeril bağbanlara məsləhət edir ki, əgər qumustan yerdə soyuq olduğuna orada əkilən meyvə ağacları soyuqdan xarab olur isə o ağacları bəlimə ya qeyri şeylərə bükməkdən o ağacların dibində çəmən əkmək yaxşıdır. Bu çəmən onların köklərini soyuqdan mühafizət edib, qoruyub, tələf olmaqdan saxlar.

_______________

Parij şəhərində 1867-ci sənəni sentyabr ayından dekabr ayının axırınacan, yəni dörd ayın müddətində 535, amma 1869-cu sənənin zikr olan aylarında 626 və 1872-ci sənənin məzkur aylarında 1144 və keçən 1874-cü sənənin zikr olan aylarında 1000 nəfər at, eşşək və qatır əti yeyib. Bu siyahıdan belə məlum olur ki, at, eşşək və qatır əti Parij şəhərində gün-gündən ziyadə yeyilir. Həmçinin Firəngistanın qeyri şəhərlərində şimdi məzkur ət artıcaq yeyilir. Əvvəl zaman şikəst olmuş heyvanları kəsirlər imiş, amma indi qəssablar sağ və işə gedən atın birisinə əlli manata qədər pul verib onu kəsib ətini satırlar.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info