Qonaq Kitabı
22 iyul Rusiya, sənə 1875

22 iyul Rusiya, sənə 1875

 Qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktubat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Bu qəzeti almaq xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

Əkinçi qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qeyri səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu Əkinçi qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmunundan güftügu edək. Əkinçi qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib becərən vaxtda işlənən əsbablardan, əkin yerin şuxm etməkdən, əkin yerin qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib götürüb qurudub döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri vilayətlərdə nə qism mallar saxlamaqdan nə ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm ya imtahan yolu ilə aşkar olan, məsələn insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qisim olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər verəcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir. Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okrujnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri qisim xəbərlərdən danışıq olacaqdır.

Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və  kuşeş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da  dəyişdirsin, necə ki, məsəldir deyərlər zəmanə dəyişilməyi əlbəttə hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onların keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirlər. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara  pişrov olsunlar.

 

 

İkinci daxiliyyə

Gələn təzə ildən alış-veriş və qeyri dadistədlər xərcinin qərardadı bizim Qafqaz vilayətində qoyulacaqdır. Bu hökmü polisə xalqa məlum edibdir. Bu barədə bizim xalqın arasında hər bir qism xəbərlər var. Kimi deyir ki, bu xərci qoymaqdan murad budur ki, bizlər öz vilayətimizi qoyub baş götürüb başqa vilayətlərə gedək. Kimi deyir ki, Badkubəyə gələn dəmir yolu təmir etməyə on minə qədər fəhlə lazımdır. Çünki o qədər fəhlə tapmaq çətindir, ona görə bu qərardadı qoyurlar ki, xalq öz dadüstədini qoyub o yolda fəhləlik eləsin. Xülasə, xəbər çoxdur, onun bəzini heç qələmə salmaq məqdur deyil. Əlbəttə, bu xəbərlərə səbəb oldur ki, bizim adamın bu qərardaddan xəbəri yoxdur. Hər kəs öz təsəvvürünü əqəliyyən danışır və bu danışıq ağızdan-ağıza düşüb Koroğlu nağılı kimi nağıl olubdur ki, bu nağılı öz əslinə heç şəbahəti yoxdur. Bu səbəblərə görə bizim borcumuzdur ki, bu barədə xalq ilə danışıq edək. Əvvəla, bunu oxuyan, sizdən bir sual edim: əgər bir kəsin bir külfəti ola və bu külfət də bir atadan doğulmuş iki oğul ola, o vaxtda heç insafdırmı ki, oğlun birisi zəhmət çəkib pul qazanıb öz ata və anasını, öz qardaşını saxlasın. Əlbəttə, bu qardaş tifl olsa, ya naxoş olsa, onu saxlamaq bizim borcumuzdur. Amma o cavan olub əlini işə vurmayan zaman hər kəs belə qardaşı ya gərək başdan eləsin, ya onu işlətsin. Bir neçə ildir ki, Rusiya dövlətinə tabe olmuşuq və buçağadək bizim ticarətimiz qədim sayaq olan kimi olubdur, amma Rusiya dövlətinin öz əhli zikr olan xərci  çox zamandır ki, verir. Məzkur qərardad qoyulan on ildir və bu on ildə biz o xərci verməmişik. Əgər biz özümüzü Rusiya dövlətinə tabe hesab edirik belə olan surətdə Rusiya dövləti öz əhli ilə elədiyi rəftarı bizim ilə də eləsə o vaxtda bizim üçün məqamişikvaya narazılıq yoxdur. Sani, heç bir qərardadda məqdur deyil ki,  hər bir şeyi ismən adlıyasan. Məsələn, zikr olan qərardadda məqdur deyil ki, adı ilə deyilsin ki, filan işi görən adam ya filan maya ilə ticarət edən adam bu qədər xərc versin. Bu səbəbə zikr olan qərardadı qoyan kəs hər bir dadistədləri bir neçə qism edib hər bir qismə bir xərc qoyub. Məsələn, hər bir malı arşın ilə ya  çəki ilə satmağa bir xərc qoyulub. Əgər bir kəs əlli ya altmış min manat ilə və bir qeyri kəs min manat ilə arşın malı satır isə qərardadı qoyan kəsdə təqsir yoxdur ki, bu min manat mayası olan kəs də altmış manat xərc verəcəkdir. Doğrudur bezi arşın ilə satıb altmış manat xərc verməyin nəfi azdır, amma əlli min manat mayası olan kəsə bu tövr ticarət artıq nəf` edir, onun üçün altmış manat artıq xərc deyil. Pəs, min manat mayası olan kəs, sənin dad etməyin nə lazım. Bezi arşın ilə satmağının xərci çoxdur, bez satma, min manat ilə alış-veriş et ki, onun xərci az olsun və ya heç olmasın.

Bu məsəli fikirlə oxuyan kəs görər ki, hər bir tətəfdən gələn xərc artıb, cəbr artıb sədası doğru deyil. Əlbəttə xərc var, onun varlığına söz yoxdur. Amma elə artıq deyildir ki, xalqa çox cəbr olsun. Məgər insafdan deyildir ki, bizim Badkubənin on ildə yüz min manat qazanan kəsləri ildə altmış manat xərc versinlər. Bu xərc ki, genə bizim özümüzə məsrəf olacaqdır, o xərclərlə məktəbxanalar açılır və qeyri xalqa lazım olan işlər görünür, pəs bu səbəbə bu xərc qoyulmaqdan fəqir-füqəraya nə ki cəbr yoxdur, bəlkə artıcaq mənfəət var.

Şimdi qərardadın özündən danışaq. Bu qərardadda yüz otuz doqquz fəsil var.  Əlbəttə onu tamam qəzetdə çap etmək məqdur deyil.  Məzkur qərardadı biz öz türk dilimizə tərcümə etmişik və əgər məqdur olsa, bu yavıq zamanda onu əlahiddə çap edəcəyik. Ona görə burada onun məzmunundan müfəssəl güftügu edək. Məzkur qərardada görə dadistəd edən kəslər üç yerə təqsim olunur: əvvəlinci qism dadistədləri edənlərdə, yəni pervoy gildilərdə ixtiyar var, əvvəla, Rusiya və qeyri dövlətlərin mallarını Rusiyanın hər bir yerində yük ilə, tay ya top ilə satsın və bu malları satmaqdan ötrü lazım olduq qədər də  kontorlar və anbarlar bina etsin. Sani o şəhadətnamə verilən uyezdin şəhərində və kəndlərində istədiyin dükanlar və mağazinlər açıb Rusiya və qeyri dövlətlərin tamojnından keçmiş malını arşını ilə və çəki ilə satsın. Həmçinin onun ixtiyarı var zikr olan uyezdə hər bir qisim dadüstəd üçün lazım olan yer saxlasın və karxanalar və zavodlar açsın. Amma lazımdır ki, hər dadistəd olan yerə bir əlahiddə bilet alsın. Salis hər podrata girə bilir və nə qədər mal istəsə özü üçün ya özgə üçün ala bilir və hər icarəyə girə bilir. İkinci qism dadistədləri edən kəs şəhadətnamə aldığı uyezdin şəhərində ya kəndlərində istədikcə dükan və mağazin saxlayıb Rusiya və qeyri dövlətin gömrüklənmiş mallarını arşın ilə ya çəki ilə sata bilər, həmçinin o uyezdə lazım olduqca karxana və zavod və qeyri dadistəd olan yer aça bilər. Mal alıb aparıb gətirə bilir və hər icarəyə girə bilər. Amma bu şərt ilə ki, hər podratı ya icarənin qiyməti on beş min manatdan artıq olmasın. Hər karxana ya zavod saxlayan kəs əgər bu karxanada ya zavodda maşın ya qeyri əsbablar par ilə, yəni su buğu ilə ya su ilə işləyir isə, ya o karxanada və zavodda on altı fəhlədən artıq fəhlə işləyir isə lazımdır ikinci qisim ticarət, yəni vtoroy gildi şəhadətnaməsi  alsın və belə karxanalar və zavodlar saxlayan kəslər öz karxanalarından və zavodlarından əmələ gələn şeyləri yük ilə ya boçka ilə öz karxanası və zavodundan ya birjada sata bilirlər. Amma o şeyləri yük ilə satmaq üçün karxanadan ya zavoddan kənarda kantor ya anbar açsa, o vaxtda əvvəlinci qism ticarət şəhadətnaməsi alsın. Əgər əvvəlinci və ikinci qism ticarət şəhadətnaməsi ya xırda ticarət şəhadətnaməsi alan kəs xahiş edə ki, o şəhadətnamə verilən uyezddən qeyri uyezddə də dükan açsın ya karxana ya zavod bina eləsin, o vaxtda lazımdır bu qeyri uyezd üçün müəyyən olan qiyməti verib əlahiddə şəhadətnamə alsın. Üçüncü qism ticarət, yəni treti gildi bir neçə yerə təqsim olunur: onların əvvəlincisi xırda ticarətdir ki, bu xırda ticarət şəhadətnaməsini alan kəsdə ixtiyar var, əvvəla, o şəhadətnamə verilən uyezddə dörd dükan açsın və bu dükanlarda əlahiddə siyahıda adlanan şeyləri satsın. Bu siyahıları  müəyyən etmək vaküzar olunub cənab veliki knyaz sərdari-Qafqaziyaya ya bu dörd dükanın əvəzində dörd karxana ya dörd zavod saxlasın ki, bu karxanalarda ya zavodlarda olan əsbablar par ilə ya su ilə işləməsin və onlarda on altıdan artıq fəhlə olmasın. Hər dadistəd olan yerə bir əlahiddə bilet almaq gərək. Saniyən, padrata və icarəyə girə bilər, amma bu şərt ilə ki, podratın ya icarənin qiyməti min iki yüz manatdan artıq olmasın. İkincisi yük ilə arşın malın və ya qeyri malları şəhərdən kənarda gəzdirib satmaqdır. Üçüncüsü o malları oralarda əli ilə gəzdirib satmaqdır. Dördüncüsü meşşanlıq, yəni sınıqkarlıqdır. Beşincisi amillikdir. Hər kəs öz yerindən əmələ gələn şeyləri qeyri dövlətlərə satmağa apara bilər, amma özgələrin yerlərindən əmələ gələn şeyləri alıb ambara yığıb sonra qeyri dövlətlərin yerinə satmağa göndərmək üçün gərək əvvəlinci qism ticarət şəhadətnaməsi olsun. Hər kəs qeyri dövlətlərin yerində mal ala bilər, amma o malı Rusiyada yük ilə, tay ilə ya top ilə ancaq əvvəlinci qism ticarət edən sata bilər. Belə malı ikinci qism tüccar özü arşın ilə ya çəki ilə satmaq üçün ala bilər. Gələn səfər xərclərdən və xərcsiz olunan dadistədlərdən danışacağıq.

                           

 

 

  

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Mal  südündən  yağ  qayırmaqdan  danışacaq

 

Əgərçi bizim Qafqazda qara mal çox saxlanır, amma onlardan qeyri vilayətlərdəki kimi mənfəət olmur. Ona binaən ki, biz malları saxlamağı, yəni onlar üçün töylələr təmir etməyi və bu töylələrdə onlara ələf vermeyi bilmirik. Bu səbəblərə bizim mallarımız korluq çəkib zəif olurlar. Ona binaən mala naxoşluq düşən zaman yaxşı saxlanmış maldan yüzü tələf olur isə, bizim zəif maldan artıcaq tələf olur və bir də bizim maldan az mənfəətimiz olmaqlığına səbəb oldur ki, bizlər yaxşı mal, yəni çox südlü mal saxlamağa səy etmirik, az südlü malın zəhmətini çəkib, az da mənfəət tapırıq. Məzkur səbəblərdən savayı bizim maldan az mənfəət olmaqlığına qeyri səbəblər də var. Onların ümdəsinin birisi biz süddən yağ qayırmağı bilməməyimizdir. Çünki mal saxlamaqdan ümdə mətləb o malın yağıdır və yağ çox və yaxşı olduqcan mənfəət də artıq olur, ona binaən qeyri vilayətlərdə süddən yağ qayırmaqdan burada güftügu edəcəyik.

Süddən üç qism yağ qayırmaq olur: bəzi kəslər südü sərib, ondan qaymaq yığıb, bu qaymaqdan yağ çalxalayırlar. Bəzi kəslər bişməmiş, yəni çiy süddən yağ çalxalayırlar, amma bəzi kəslər süddən qatıq qayırıb , qatıqdan yağ qayırırlar.

 

_______________

 

Əvvəlinci, qaymaqdan yağ qayırmaq. Süddən qaymaq yığmaq üçün gərək südü sərəsən. Belə süd sərilən qablar və süd saxlanan yerlər, hətta o yerin havası gərək çox təmiz olsun. Əgər süd sərilən qablar təmiz də olsa, amma onlar sərilən yer, yəni otaq çox isti , soyuq, ya yaman iyli olsa, ol vaxtda ya süddən qaymaq tamam yığılıb hasil olmaz, yainki süd turşuyub tələf olar. Xülasə, süd tez iy çəkən şeydir. Ona binaən süd sərilən qabları və onlar saxlanan yerləri təmiz saxlamaqdan savayı gərək səy edəsən ki, o yerlərin yanında töylə və ya qeyri yaman iy gələn şeylər olmasın, yoxsa süd iy çəkib tələf olar, yəni turşuyub bilmərrə xarab olmasa da, ondan əmələ gələn yağın rəngi dəyişilib iyi və dadı yaman olar. Qaymaq yığmaqdan ötrü sərilən süd gərək bilmərrə tərpənməsin, əgər tərpənsə, qaymaq az çıxar. Hər şey tərpənməyi görmək məqdur deyil. Məsələn, təmiz suyu qazan içində qaynadanda, su qaynayanacan onun tərpənməyin görmək olmaz, amma o suyun içinə xırda şeylər, məsələn lil qarışdıranda görmək olur ki, bu lilli su ocağın üstə qoyulandan sonra su qaynayandan irəli tərpənir, yəni bir su qismi şeyin, məsələn, südün bir tərəfi isti və bir tərəfi soyuq olsa, ol vaxtda bu şey tərpənir. Ona binaən gərək süd sərilən yerin havası bir istilikdə olsun, yəni bir tərəfi isti və bir tərəfi soyuq olmasın. Məsələn, çöldə soyuq olan zaman gərək süd sərilən otağın qapı-bacası açıq olmasın, yoxsa südün soyuq gələn tərəfi ilə isti tərəfinin arasında süd tərpəndiyinə qaymaq az hasil olar.

İmtahan ilə biliblər ki, ağac isti saxlayan, yəni gec qızan və gec soyuyan olur. Ona binaən ağac qabda ağacdan isti, ya soyuq süd səriləndə qabın ağzında süd soyuyur, ya qızır, amma qabın dibində isti ya soyuq qalır. Ona binaən əvvəl zaman süd tərpənir və sakit oluncan qaymaq əmələ gəlmir. Bu səbəbə ağac qabda qaymaq gec əmələ gəlir. Ağac qabın bir yaman xasiyyəti də var: onu təmiz etmək müşküldür. Ağacın kiçik deşikləri olur, belə deşiklərə süd dolub orada turşuyub qalır. Bu səbəbə əgər bir kəs qeyri qab tapmayıb ağac qabında süd sərsə, gərək o qabı hər səfər isti su ilə və kül ilə təmiz etsin.

Süd sərməyə hər qabdan qalaylanmış mis qabı yaxşıdır, amma mis qabı qalaysız olsa, onun paxırına süd dəysə, paxır ilə süddən zəhər əmələ gələ və bu zəhər insanı fövq edər. Mis qabı baha olduğuna, bu qabı saxlamağa hər kəsin tavanası olmaz, ələlxüsus mal-qara çox olan zaman. Ona binaən qeyri qab işlətmək lazım gəlir və bu qeyri qabların hamısından ağ dəmir qabı yaxşıdır. Amma bizim kəndlərdə dəmir qabını tapmaq çətin olduğuna məsləhətdir ki, mis qabı az olsa, saxsı qabı işlətsinlər. Amma gərək saxsı qabın içi şirli ola, ona görə ki, şirsiz saxsı qabını da ağac qabı kimi təmiz etmək çətindir, saxsının da ağacın deşiyi kimi deşikləri olur, o deşikləri şir tutmasa, onlara süd dolub, turşuyub, təzə tökülən südü xarab edir.

Süd sərilən qablar gərək yastı və enni olsunlar. Məsələn, bizim təblə və taxta kimi olsunlar. Nə qədər bu qablar dərin olsa və onların ağzı dar olsa, ol qədər belə qabda sərilən süddən az qaymaq hasil olar. Xülasə, süd sərilən qab gərək dəyəz və ağzı gen olsun və bu qabları hər dəfə isti su ilə və kül ilə gərək təmiz edəsən, yoxsa onun içində qalan süd turşuyub, təzə sərilən südə dəyib, onu da turşudar.

İmtahan ilə biliblər ki, otaqda on dərəcə, yəni on qradus isti olsa, yəni qışda bizlər sakin olduğumuz otaqların istiliyi olsa, ol vaxtda iyirmi, ya iyirmi dörd saat süd zikr olan qablarda saxlansa, o südün tamam qaymağı üzünə yığılır. Əgərçi südü belə otaqda qırx səkkiz saat da saxlamaq olur və südü artıq saxladıqcan qaymağın da qədəri artır, amma süd çox zaman sərilmiş qalsa, çürüyüb bilmərrə tələf ola bilər. Yaxşıdır ki, onu iyirmi dörd saatdan ziyadə saxlamayasan və bir də imtahan ilə biliblər ki, əvvəl zaman südün üzünə çıxan qaymaq çox dadlı və xoş iyli olur, amma axırda yığılan qaymaq elə dadlı olmaz. Bu səbəbə böyük şəhərlərin yavıqlığında sərilmiş südün üzünə çıxan qaymağı on on iki saatdan sonra yığıb, bu əvvəl yığılmış qaymaqdan çox əla yağ çalxayıb, ziyadə qiymətə satırlar, sonra on iki saat keçəndə genə təzədən qaymağı yığıb, bu sonra yığılmış qaymaqdan alçaq yağ qayırırlar. Bəzi kəslər qaymağı südün üzündə ol qədər saxlayırlar ki, qaymaq turşuyur. Sonra bu turş qaymaqdan yağ çalxayırlar. Amma belə turş qaymağın yağı elə ləzzətli olmaz və az olar. Belə qaymağı turşuyuncan südün üzündə saxlayan kəs elə bilir ki, qaymağı çox saxladıqcan onun qədəri də çox olur, amma heç fikir eləmir ki, bu səbəbə onun yağı az və ləzzətsiz olduğuna ondan mənfəət də az olur. Bu səbəblərə binaən qaymağı südün üzündə bir gün bir gecədən, yəni iyirmi dörd saatdan ziyadə saxlamaq məsləhət deyil. Əgərçi bir gün bir gecədən sonra qaymağı yığanda onun bir hissəsi südün içində qalır, amma bu üzsüz süd turşumamış olduğuna ondan pendir qayırmaq olur. Bundan savayı onu danaya, buzova və fəhlələrə vermək olur. Amma qaymaq turşuyuncan südün üzündə qalsa, belə üzsüz süd turş olduğuna ondan şordan savayı qeyri şey qayırmaq olmaz və şor tez xarab olan şeydir ki, onu yavıqlıqda böyük şəhər olmasa gərək çölə atasan. Bu səbəblərdən savayı qamaq südün üzündə çox qalanda süd sərilən qablar və otağın havası turşuduğuna o qablara təzə süd tökən kimi qaymaq əmələ gəlməmişdən o təzə süd turş yerdə olduğuna çürüyər və onun qaymağı az olar. Xülasə, qaymağı tez yığmaq məsləhətdir.

Əgər süd sərilən otağın on dərəcədən ziyadə ola, ol vaxtda gərək qaymağı çox tez yığasan, yəni bir gün bir gecə saxlamayasan. Amma otağın istisi on dərəcədən az olsa, qaymağı bir gün bir gecədən artıq südün üzündə gərək saxlayasan. Xülasə, süd və qaymaq turşumamış qaymaq gərək yığılsın. Nə qədər qaymağın qədəri az oldu ol qədər onun yağı əla olur.

Baqisi gələn nömrədə olacaq.

 

 

 

ELM  XƏBƏRLƏRİ

 

Evləri sel basmağının zərəri

 

Bəzi vaxtda insan sakin olduğu evləri çay, ya qar, ya yağış suyu basıb qərq edir. Belə sel basmağın iki qism zəzəri olur. Onların birisini görmək olur. Məsələn, sel basan evlərin çoxu uçub tələf olmağı, ya o evlərdə olan mayəhtacların çürüyüb zay olmağı. Amma onların bəzisini görmək müşküldür. Ona binaən bu zərər sel basmaqdan əmələ gəlməyi hər kəsə məlum deyil. Əvvəlinci qism zərər insanın canına olur. Çünki çox kəslər üçün mal candan şirindir, bu səbəbə mala olan zərəri tez  görür, amma cana olanı heç görmür.

İkinci qism zərərdən burada danışıq olacaq. Əvvələn sel basan evlər nəm olduğuna, bu evlərdə sakin olanlara bəzi naxoşluqlar ariz olur. Məsələn, yatalaq, titrədib-qızdırmaq, isal və yel naxoşluqları bu səbəbdən əmələ gələ bilərlər. Ona binaən belə sel basan nəm evlərin divarları və yeri bilmərrə quruyuncan bu evlərdə sakin olmaq məsləhət deyil. Saniyən, sel ilə belə gələn lil ki, qapı və bacanı basır, onun içində çox kiçik heyvanat və nəbatat olurlar. Su çəkilib gedəndən sonra bu heyvanat və nəbatat fövt olub, çürüyüb havanı xarab edirlər və belə xarab olmuş havanın içində zindəganlıq edən kəslərə hava xarab olmaq səbəbi ilə məzkur naxoşluqlar ariz olurlar. Pəs su çəkiləndən sonra məsləhətdir ki, sel ilə gələn lili yığıb kənar edəsən. Çünki bu lil əkin yerin çox qüvvətli edən şeydir, ona binaən çox yaxşı olar ki, o lili aparıb, əkin yerinə qarışdırasan, yəni həmin evləri bəd havadan xilas edəsən, həmi əkin yerin qüvvətli edəsən.

Salisən, həyət-bacanı su basıb sonra çəkilən zaman kiçik göllər qalır. Bu göllərin suyu bir yerdə dayanıb qalmağına binaən çox tez iyiyib xarab olur. Əlbəttə, belə iyimiş suyu içmək olmaz, çünki bu göllərin içində su iyiyən kimi su quyusunun içində qalan sel suyu həmçinin iyiyir. Ona binaən belə su quyusunun suyunu içən kəsə də məzkur naxoşluqlar ariz olur. Bu səbəbə məsləhətdir sel suyu çəkiləndən sonra suyu içilən quyunun suyunu çəkib onu təmiz edəsən ki, bu quyuda ancaq  quyudan pəvvarə verən su qalsın ki, bu suyu içmək olsun.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

İtaliyadan və Firəngistandan xəbər var ki, bu il dağ və sərin olan yerlərdə barama çox olub, amma onların çoxu xarab olduğuna, onlardan ipək az çıxıb. Bu səbəbə bu il ipək keçən ildən az olacaq.

_______________

 

 

Bu il Avropada  və  Amerikada buğda az olmaq səbəbi ilə gərək bizim buğda artıq qiymətə getsin.

_______________

 

Peterburqda iyul ayının səkkizində şam piyinin boçkası 26 manat, neftin cövhəri 2 manat, əla inək yağı 8 manat, alçaq yağ 6 manat. Arpa və buğda bahalanıbdır, buğdanın çetveri 11 manat 70 qəpik, arpanınkı 4 manat 20 qəpik.

_______________

 

Bu il Misrin xədifi Darfor mülkünü alıb, onun soltanı Həsəbalını əsir edib. Keçən ayda soltan Həsəbalını onun üç yüz üryan həbəşi övrətləri ilə gətirib, İskəndəriyyədə xədifi-Misrə təəlluq olan Darüləhmər imarətində sakin ediblər.

_______________

 

Xədifi-Misir Darfor mülkünü təsərrüf etdiyinə binaən Osmanlı dövləti Misirdən artıq xərc istəyir. Bu barədə xədifin əvvəlinci vəziri erməni Nubar paşa İstanbula danışığa gedib.

_______________

 

Qəzetlərdə belə bəyan olunur ki, xədifi-Misir Darfor məmləkətini təsərrüf edib, o məmləkətin sərhəddində  vaqe olan Vaday mülkünü də zəbt etmək istəyir.

_______________

 

Zakona müvafiq natarius təsdiq edən vəkalətnamə iki qism olur. Birisi gerbovoy və birisi sadə, yəni ağ kağız üstə yazılır. Əvvəlinci qism vəkalətnaməni natarius gərək öz dəftərinə səbt etsin. Ona binaən bu vəkalətnaməni təsdiq etmək üçün o vəkalətnaməni təsdiq elədən kəs gərək natariusa bir manat pul versin, amma sadə kağız üstə yazılan vəkalətnaməni natarius iki qism təsdiq edə bilər. Əgər vəkalətnaməni təsdiq edən kəs xahiş edə ki, vəkalətnamənin məzmunu dəftərə salınsın, ol vaxtda gərək natariusa genə bir manat versin. Elə ki, ol kəs xahiş elədi ki, natarius ancaq onun dəstxəttini təsdiq etsin, ol vaxtda belə dəstxətti təsdiq etməkdən ötrü natariusa iki şahı, yəni on qəpik gərək versin.

Keçən may ayının beşində Peterburqun okrujnoy sudunda prokurorun sekretarı  Maslyankovun ərizəsinə mülahizə olunub. Bu ərizədə Maslyankov bəyan edib ki, natarius Yankin ağ kağız üstə vəkalətnamənin dəstxəttini təsdiq etməkdən ötrü ondan bir manat pul alıb və vəkalətnaməni dəftərə səbt edib. Amma Maslyankov təvəqqə eləmiş olub ki, ancaq onun dəstxətti təsdiq olunsun. Bu səbəbə ərizəçi təvəqqe edibki, okrujnoy sud Yankindən doxsan qəpiyi alıb ona versin və ondan savayı natarius artıq pul almağa binaən zakona müvafiq ona tənbeh olunsun. Bu ərizənin cavabında Yankin cavab verib ki, zakon natariusa izin verib hər bir kağızı təsdiq elədən kəs ilə şərt bağlasın və bu şərtə görə pul alsın, çünki ərizəçi vəkalətnamə təsdiq olunandan sonra bir manat verib, dəftərə qol çəkib, vəkalətnaməni alıb, bundan belə məlum olur ki, Maslyankov o bir manatı verməyə razı olub. Ona binaən təvəqqe edib ki, Maslyankova atkaz olunsun. Okrujnoy sud qət edib: natarius Yankinə hökm olunsun ki, Maslyankovdan artıq alınan doxsan qəpiyi qaytarıb Maslyankova versin.

 

________________

 

Bu iyul ayının əvvəlindən Rusiyada keçən zaman işləyən iyirmi və yetmiş qəpiklik və bir manatlıq gerbovoy kağızlarının əvəzində  əlahiddə kağızlar və markalar işləyir. Ona binaən hökm-ali olub ki, hər kəs keçən zamanın gerbovoy kağızını saxlamış isə, kağızları kazonnı palatda təzə kağız və markaya bir illik müddətinəcən dəyişdirə bilər.

_______________

 

“Moskovski vedomosti” adlı qəzet bəyan edir ki, padşahlıq mülklərinin vəzirinin dəftərxanasında balıq tutmaq barəsində təzə qanun bina olunacaq. Bu qanun Rusiyanın qiblə tərəfində və Qafqazda işləyəcək.

_______________

 

Səmərqəndin yavıqlığında vaqe olan Əfrasiyab düzündə general Abramovun hökmünə binaən yerin altında qədim şeylər axtarırlar. “Birjavoy vedomost” adlı qəzet bəyan edir ki, buçağadək 10 qızıl, 200 gümüş, 500 mis sikkə tapılıb. Ondan savayı bir neçə qədim möhürlər, üzdiklər və sırğalar tapılıb. Bunlardan masəva Abramov otuz qədim yazma kitab satın alıb.

_______________

 

Keçən iyun ayının 13-də Firəngistanın qiblə tərəfindən vaqe olan Qurunna adlı çay daşıb, bir neçə depertament, yəni quberniya, onların şəhərlərilə belə ki, Tuluz adlı şəhər də o cümlədən olsun, qərq edib. Bu seldən 3000 adam fövt olub və 300000000 franka qədər ki, hər frank otuz qəpik olsun, zərər olub.

_______________

 

Osmanlı dövlətilə İran dövlətinin sərhəd barəsində mübahisələri bu gunə olub: 1840-cı sənədə Ərzrum şəhərində yazılan sülhnaməyə görə məzkur dövlətlərin sərhəddi Şat nəhri, yəni Şat çayı olub. Ol sülhə görə Şat nəhrinin içində olan Məxməri cəzirəsi və o cəzirədə vaqe olan Məxməri şəhəri İran dövlətinin əlində qalıbdır. Çünki Şat nəhri cari olan yer qumustandır, ona binaən sülhdən sonra Şat çayı zikr olan Məxməri cəzirəsini yuyub, bilmərrə aparıbdır. Şimdi Şat nəhri cari olduğu yer irəliki yer deyil, o nəhr bir qeyri yerdən cari olur. Bu təzə Şat axaq yer ilə qədim axdığı yerlərin arasında əmələ gələn yer üstə mübahisədir. Bu yerin təxmilə tulu 35 və 2 ağacdır. Bu mübahisəni qət etməkdən ötrü məzkur dövlətlər tərəfindən müəyyən olan komissiya o mübahisəyə baxıb. Şimdi qəzetlərdə söylənir ki, komissiyanın təsəvvürünə görə mübahisənin qət olmağı Avropa padşahlarının birisinə rücu` olunacaq ki, onun qətnaməsinə hər iki tərəf razı olsun. Xəbər gəlir ki, Osmanlı bu əmrə razı olub, amma İran razı olmağı məlum deyil.

_______________

 

“Novosti” adlı qəzet yazır ki, Rusiyada bir icma bina olacaq. Məzkur icmaın qərardadı dövlət təsdiq etməyə pişnəhad olub. İcmaın ismi müsəlman icmaıdır. Onun calisləri müsəlmanlardan olacaq, 1200 adam calis olmağa razı olublar. Onların 180-ı mədyun olub ki, ildə yüz manatdan tutmuş ikiyüz manata qədər versinlər. Məzkur icmaın muradı budur ki, Osmanlıya gedən müsəlmanlar geri dayıdıb, Rusiyaya gəlmək xahiş etsələr, onlara kömək etsin, yəni yol kirayəsi versin və onlar Rusiyaya daxil olandan sonra özlərinə iş tapıncan onlara kömək etsin.

_______________

 

Zəngibar hökumətinin soltanı Berqaş bin Səid bu halda Avropada səfər edib, Firəngistanın paytaxtı Parij şəhərindədir. İstanbuldan xəbər var ki, soltan Berqaş öz vilayətinə qayıdan vaxtda  Məkkə və Mədinəni ziyarət edəcəkdir. Soltani-Osmani öz imarəti Dolmabaxçanı hazır edib, soltan Berqaşı özünə, yəni İstanbula qonaq çağırıb. Çünki soltan Berqaş Məkkəyə İstanbuldan gedəcək və özü vəhabi olduğuna müsəlmanlar onun ziyarətindən narazı olacaqlar. Bu səbəbə çox intizarlıq ilə gözümlüyürlər görək ki, soltani-Osmanı həmişə Məkkədə  əsgər saxlayıb ziyarət edənlərə kömək edir öz qonağı soltan Berqaşı nə tövr ilə Məkkəyə yola salacaq. Qəzetlərdə belə söylənir ki, soltan Berqaş vəhabi də olsa, onu ümid var soltan Əbdüləziz əsgər və top-topxana ilə yola salsın.

_______________

 

Bu il Bonna şəhərində xaçpərəstlərdən əmələ gələn icma məclis edəcək, o məclisdə xaçpərəstlərin məzhəbini bir etmək barəsində danışıq olacaq. Şimdi hər xaçpərəst dövləti öz vəkilini o məclisə göndərir. Osmanlı təsərrüfündə olan Belqdar şəhərindən xəbər var ki, o çəhərin knyazı məzkur məclisə öz tərəfindən Sadə adlı keşişi göndərəcək.

________________

 

Badkubədə neftin xalvarı, yəni iyirmi pudu 1manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft cövhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat.

_______________

 

Buğdanın xalvarı, yəni iyirmi beş pudu 15-dən 16 manat 50 qəpik, arpanın 8 manat, düyünün pudu 18 şahı, mal ətinin ə`lasının girvənkəsi 6 qəpik, alçağının 5 qəpik, fındığın girvənkəsi 12 qəpik, qozun 4 qəpik, noxud 3 qəpik, qara kişmiş 6 qəpik, sarı kişmiş 8 qəpik, qaysı 2 şahı, stiarin şamı 5 şahı, qəndin pudu 8 manat 2 abbası, yunun pudu 3 manat, pambığın 5 manat 50 qəpik.

 

E L A N

Badkubə şəhərinin “Qafqaz” adlı müsafirxanasında sakin olan Tatosov adlı şəxs hər bir işə vəkil olur və hər bir iş barəsində  müftə məsləhət verir.

_______________

 

Badkubənin çöl şəhərində Şirvan yolunun kənarında təzə təmir olunmuş birmərtəbə ev firuş olur. Xahiş edən kəslərdən iltimas olunur ki, ol evin sahibinin ismini “Əkinçi”nin münşisindən soruşsunlar.

_______________

 

Krasilnikov öz müştərilərinə məlum edir ki, sabah onun maqazini Birun şəhərə sobraniyanın müqabilində olan Lalayevin karvansarasına köçəcək.

 

_______________

 

Birun şəhərdə bulağın müqabilində Krasilnikovun karvansarasında İtaliyadan gələn Bastiyan adlı kəs mərmər daşından və qeyri daşlardan təmir olunmuş şeylər və həmçinin balıqqulağı və onlardan qayrılmış şeylər firuş edir.

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info