Qonaq Kitabı
HEKAYƏTİ-MÜSYÖ JORDAN HƏKİMİ-NƏBATAT VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH-CADUKUNİ-MƏŞHUR

 

Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.

 

 

 

ƏFRADİ-ƏHLİ-MƏCALİS

 

Müsyö Jordan – Həkimi-nəbatat, parisli, qırx yaşında.

Hatəm-xan ağa – Təklə-Muğanlı obasının bəyi, qarabağlı, altmış beş yaşında.

Şərəfnisə xanım – onun böyük qızı, on altı yaşında.

Gülçöhrə – onun kiçik qızı, doqquz yaşında.

Şəhrəbanu xanım – onun arvadı, qırx beş yaşında.

Şahbaz bəy – onun qardaşı oğlu, böyük qızının nişanlısı, iyirmi iki yaşında.

Xanpəri – Şərəfnisə xanımın dayəsi, qırx yaşında.

Dərviş Məstəli şah – cadukuni-məşhur, iranlı, əlli yaşında.

Qulaməli–onun şagirdi, iranlı, otuz yaşında.

 

 

BİRİNCİ MƏCLİS

 

Əvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.

 

Gülçöhrə. Ağabacı, niyə ağlayırsan?

Şərəfnisə xanım (onun əlini tutub o yana itələyir). İtil cəhənnəmə!

Gülçöhrə (şitəngilik başlayıb genə onun tərəfinə əlini uzadır). Ağabacı, sən Allah, niyə ağlayırsan?

Şərəfnisə xanım (genə onun əlini rədd edib). İtil cəhənnəmə, deyirəm, əlimdə işim var, qoy işimi tutum.

Gülçöhrə (genə haman qərar ilə). Sən ki iş tutmursan, ancaq ağlayırsan. De görüm, niyə ağlayırsan? Deməzsən, gedib anamı çağırram. Di, de görüm, niyə ağlayırsan? (Çarqatın başından dartır).

Şərəfnisə xanım (darılmış onu bərk itələyib). İtil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutam.

 

Gülçöhrə yxıılıb, durub ağlaya-ağlaya anası olan dama gedir.

 

Şərəfnisə xanım (yalqız). Ax, ləktə, gedib anama xəbər verəcək. Allah, gəlib soruşsa ki, niyə ağlayırsan, nə deyəcəyəm? Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. Yaxşı budur ki, danaram, deyərəm ki, heç ağlamırdım.

 

Yaylığı ilə bərk-bərk gözünü silir; bu halda qapı açılır, Şəhrəbanu xanım içəri girir.

 

Şəhrəbanu xanım. A qız, bu uşağı niyə itələyib yıxıbsan?

Şərəfnisə xanım. Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darayım; elə şitəngilik edir: gah yunu qapıb, gah çarqatımı dartıb; axırda mən də cana doydum, bir tikə itələdim o yana, ağlaya-ağlaya qaçıb üstünə gedibdir. Qan-qan olmadı ki?

Gülçöhrə. Ana, vallah, yalan deyir. Heç yun daramırdı, elə ağlayırdı. Mən deyirdim ki, ağlama! Məni itələdi, yıxdı, arxam üstə yerə dəydim. (Gözünü ovxalaya-ovxalaya ağlayır).

Şəhrəbanu xanım. Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlibdir? Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlım gözün qabağında. Yeməyin bol, geyimin bol, dəxi niyə ağlayırsan?

Şərəfnisə xanım Vallah, ana, ağlamırdım. (Gülçöhrədən bir cimdik götürüb). A yerə girmiş mən haçan ağlayırdım?!

 

Gülçöhrə təzədən lələ vay başlayır, sonra genə.

 

Şərəfnisə xanım. Ana, vallah ağlamırdım! Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım?

Şəhrəbanu xanım (gülə-gülə). Niyə demirsən ki, adaxlım da gözümün qabağında?

Şərəfnisə xanım. Adaxlım kimdir?

Şəhrəbanu xanım. Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan iyirmi gündən sonra Allah qoysa sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin.

Şərəfnisə xanım (şəhadət barmağı ilə baş barmağının arasında alt dodağını dartıb başını yuxarı qovzuyur). Bıy, anam nələr söyləyir. Şahbaz bəy on gündən sonra çıxıb gedir. Bilmirəm atam kimə toy tədarükü görür.

Şəhrəbanu xanım (təəccüblə). Şahbaz gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevirsən, öz yanından zad quraltma. Indi bildim ki, doğrudan da, ağlayırmışsan. Gərçəkdən ki, qız uşağının ağlı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir?

Şərəfnisə xanım (başın aşağı salmış). Özü.

Şəhrəbanu xanım. Yaxşı, hara gedir?

Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parisəmi, adı batsın, dilim də yovuşmur.

Şəhrəbanu xanım. Qonağımız müsyö Jordan ilə.

Şərəfnisə xanım. O bizim çör-çöp döşürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azıbdır?!

Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyö Jordan beyninə salıbdır ki, Parisdə qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub-dururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. Indi o da dəli-divanə olub deyir ki, gərək gedəm bir Parisi görəm. Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa gecə atımı minib, Arazı o taya keçib, müsyö Jordan ilə görüşüb, onunla bərabər gedib, Parisi görüb seyr edəcəyəm.

Şəhrəbanu xanım(toxuduğu corabı yerə tullayıb, kiçik qızına üzün tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə sözdür.

 

Gülçöhrə qaçır.

 

Şəhrəbanu xanım. Dedim, kişi, Hatəmxan ağa, bu uşaqların toyun tez elə qurtar. Şahbazdan mən qorxuram, gündə min-min xəyala düşür, qulaq asmadı, uşaqlıq elədi, axırda belə oldu.

 

Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.

 

Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola?

Şəhrəbanu xanım(qaşqabağın tökmüş). Şahbaz, eşidirəm ki, Firəngə, Parisə gedirsən? Bu necə sözdür?

Şahbaz bəy (gülümsəmiş). Gedəndə nə olar, əmidostu? Gedərəm də, qayıdaram da, Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirrəm də.

Şərəfnisə xanım. Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil; al Parisdə onların başlarına ört ki, Qarabağdan onların havasına yellənib uçursan.

Şəhrəbanu xanım. Yaxşı deyir, aldığın təsəkləri ört firəng qızlarının başlarına, Şərəfnisəyə lazım deyil! Hələ de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var?

Şahbaz bəy. Əlbəttə, əmimdən izin almamış ki, gedə bilmənəm. Müsyö Jordan özü ondan rüsxətimi alacaqdır.

Şəhrəbanu xanım (acıqlı).Çox yaxşı, sən azıbsan, yolundan-izindən çıxıbsan, get! Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parisə aparır? Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Parisi unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağırram görüm ki, sənin iyirmi gün toyuna qalıb, sən necə Parisə gedirsən?!

Şahbaz bəy. Necə iyirmi gün mənim toyuma qalıbdır? Mən hələ uşağam, mən öz xahişimə bu tezliklə evlənməyəcəyəm. Toy etməyəcəyəm, məgər güc ola!

Şəhrəbanu xanım (çığıra-çığıra).Bəli, güc olacaq! Əlbəttə, hələ iki il bundan irəli gərək sənə toy olaydı, əgər Şərəfnisə çox uşaq olmasaydı. Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar!

Şahbaz bəy. Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanır; mənim, Allaha şükür, nəyim əskikdir?

Şəhrəbanu xanım (rəşxənd ilə).Bəs hansı dilənçilər görəsən quldur oldular, yollar kəsdilər? Allahı sevirsən, ağlına zor vermə. Sən lap azışıbsan, get işinə!


Şahbaz bəy başını aşağı salıb gedir. 


Şəhrəbanu xanım.Hatəm ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəngi Şahbazı tovlaşdırıb Parisə apara! A qız, Şərəfnisə, yadımdan çıxdı, de görüm ki, Şahbazı o çör-çöp döşürən nə sözlər ilə tovlaşdırıb Parisə aparır?

Şərəfnisə xanım. Nə bilim, deyibdir ki, Parisdə tamam göyçək qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub-dururlar.

Şəhrəbanu xanım.Başqa nə söz deyibdir?

Şərəfnisə xanım. Nə bilim. Deyibdir ki, qızlar ilə, gəlinlər ilə oğlanlar bir yerdə oynuyurlar, danışırlar, gülürlər.

Şəhrəbanu xanım (darılmış).Eh, başqa nə sözlər deyibdir? Bu hələ əvvəlki sözdür.

Şərəfnisə xanım. Başqa söz çox dedi. O biriləri yadımda qalmadı, elə bir bu yadımda qaldı; mən nə bilim?

Şəhrəbanu xanım (acıqlanmış).Allahu əkbər! A qız, axı mən necə Hatəmxan ağaya deyim ki, qardaşın oğlu Şahbaz bəy Qarabağda oturduğu yerdə Paris qızlarına ayağı yanıb, müsyö Jordana qoşulub gedir? On altı yaşında qızın Şərəfnisə xanım burdan ora, Parisin qızlarının, gəlinlərinin xayınlığın çəkib. Hələ nə gedən var, nə gələn var, gözünün yaşın sel kimi axıdıb yas qurubdur!

Şərəfnisə xanım (yerindən qalxıb). Bıy, Allah, torpaq başıma, arvad nələr danışır! Ayağımın altından yer qaçdı, durub qaçım! (Tez damdan çıxır gedir).

Şəhrəbanu xanım (üzün kiçik qızına tutub).Gülçöhrə, get atan damın dalında çobanlar ilə danışır, de ki, bir tez bura gəlsin, bacib işi var.

 

Gülçöhrə qaçır.

 

Şəhrəbanu xanım (öz-özünə).Bu firənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. Mən ağılsız, genə tarının hər günü nahara müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozarma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar, qonağa hörmət eləmək bilmirlər. Di gəl bundan sonra xalqa yaxşılıq elə! Tamam yaxşılığım bada çıxdı getdi.

 

Bu halda qapı açılır.

 

Hatəmxan ağa (içəri girir).Xeyir ola, arvad, nə var, tələsik məni çağırıbsan?

Şəhrəbanu xanım (qaşqabaqlı).Nə olacaq. Gəl gör, o çör-çöp döşürən, içdirib, yedirib bəslədiyin qonağın, deyirlər, qardaşın oğlumu azdırıb, özü ilə Parisə aparır.

Hatəmxan ağa.Necə? Müsyö Jordan Şahbazı Parisə aparır? Kim deyir?

Şəhrəbanu xanım.Mən deyirəm! Şahbaz özü Şərəfnisəyə deyibdir!

Hatəmxan ağa (qəhqəheyi-qeyri-təbii ilə).Xa xa-xa! Şahbaz bilir ki, sənin qızının ürəyi kövrəkdir, ona sataşıbdır. Yəqin ki, Şərəfnisə də bu sözlərdən dərd edir. Xa xa-xa-xa, analı-qızlı iki pulluq ağlınız yoxdur. Hər boş sözdən ötrü yerdən olursunuz.

Şəhrəbanu xanım (çığıra-çığıra).Sən elə hər zadı boş tutursan. Cahıl uşaqdır, bəlkə o firəngi bir para sözlər deyib, ağlını oğurlayıbdır. Kişisən, qan olmaz ki, hər ikisini bir çağırıb soruşasan ki, bu nə işdir, nə sözdür?

Hatəmxan ağa.Çox yaxşı, arvad, Allahı sevirsən, çığırma! Elə indi bu saatda çağırıb öz yanında soruşaram. Hövsələln daralmasın!

 

Pərdə salınır.

 

 

İKİNCİ  MƏCLİS

 

İkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbəilə pakizə fərş olub, bir tərəfdə in çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oyurub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oyurub, xəncərinin dəstəsinə sövgənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb. Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.

 

Hatəmxan ağa.Həkim sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana aparırsan, bu necə sözdür?

Müsyö Jordan.Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim; çünki heyfdir Şahbaz bəy kimi cavan və zirək və sahib-savad oğlan firəng dilini bilmiyə; mən təəhhüd edirəm ki, onu Parisə aparıb, firəng dilini ona öyrədib yola salam; çünki firəng dilinə çox şövqi var, tez öyrənər. Indi də mənim ilə durub oturmaqdan bir para kəlimatı hifz edibdir.

Hatəmxan ağa (üzün Şahbaz bəyə tutub).Şahbaz, doğrudur ki, Parisə getmək istəyirsən?

Şahbaz bəy. Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, müsyö Jordan ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm.

Hatəmxan ağa.Nədən ötrü, balam?

Şahbaz bəy. Firəng dilini öyrənməyə, əmi!

Hatəmxan ağa.Firəng dili nəyinə lazımdır, əzizim?! Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür dövləti-əliyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən.

Şahbaz bəy. Əmi, firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz, Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məclisdə məndən hörmətli idi. Bavücüdi ki, firəng və türki dilindən başqa özgə dil bilməzdi.

Hatəmxan ağa.Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. Insana ağıl lazımdır. Bir dil artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və xəvassından mütəlle olsun; öz işin yola aparsın.

Şahbaz bəy. Zəmanə əhlinin birisi də Paris xalqıdır. Sizin sözünüzə görə onların da adət və xəvassından xəbərdar olmaq lazım gəlir.

Hatəmxan ağa.Nə eybi var, onların da adət və xəvassını bilgilən, əgər istəyirsən.

Şahbaz bəy. Bu surətdə əgər Parisə getməsəm, oranın əhlinin adət və xəvassından necə müttəle ola bilərəm?

Hatəmxan ağa.Çox asan. Necə ki, mən onları bilirəm, ancaq müsyö Jordanı görmək ilə və sözlərinə qulaq asmaq ilə. Əgərçi Qarabağdan başqa bir özgə yer görməmişəm.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info