Qonaq Kitabı
LAYLA

Layla dedim, yat ciyərim parası,

Ağlama çox, ey gözümün qarası.

Olma yemək-içməyin avarası,

Layla, quzum, layla, gözüm, yatgilən,

Rahat olub bir azca boy atgilən.

 

Böyü bir az yeddi yaşa yetgilən,

Səhər tezdən dur, məktəbə getgilən,

Dərs oxuyub yazmağa səy etgilən,

Layla, quzum, layla, gözüm, yatgilən,

Rahat olub bir azca boy atgilən.

 

Təmiz geyib dolangilən gül kimi,

Hər gün oxu dərsini bülbül kimi,

Gəzmə küçələrdə gedib vel kimi,

Layla, quzum, layla, gözüm, yatgilən,

Rahat olub bir azca boy atgilən.

 

Sən də çalış elm ilə şöhrət qazan,

Qalma cəhalətdə, olarsan yaman.

Elm ilə abad olubdur cahan,

Layla, quzum, layla, gözüm, yatgilən,

Rahat olub bir azca boy atgilən.               

                                                      

                                               1906



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info