Qonaq Kitabı
TƏPƏL KƏLİM

Qalx ayağa, təpəl kəlim,

Sahibinə tut əl, kəlim.

Xışlayım, həm səpim dəni,

Qoyma bu yerdə gəl məni.

Qarşıda qış, ayaz, soyuq,

Bir yığın həm çoluq-çocuq.

Onların əppək ağacı,

Sənsən, a başımın tacı.

Qalx ayağa, aman, aman,

Sənsiz olar işim yaman.

Kim tutacaq bu yerdə əl?

Qoyma yarımçıq işi gəl.

Puç oldu, eyvah, əməyim,

Qırıldı, düşdü biləyim.

Sən idin yalnız köməyim,

Yıxıldı, sındı dirəyim.  

                                    

                                  1906



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info