Qonaq Kitabı
AĞLAŞMA

Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!

Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!

 

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,

Gedib işləsin, qazansın əlinin əməklərindən,

Nədir əğniyayə xeyri oların yeməklərindən?

Yeməyib acından ölsə, dəxi xoş bəhanə, ya rəb!

 

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!

Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət?

Yaradan xudayi-raziq edəcək özü kəfalət,

Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb!

 

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?

Elə bir iş olmamış hey verilir səda-sədayə -

Ki, gərək kömək olunsun füqərayi-binəvayə...

Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb!

 

Sənə nə, evin yıxılsın, füqarə üçün yanırsan?

Atan oğluqardaşındır, nə də hiç bir tanırsan?!

Iki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?

Onu vermək olmur axır hər ölən-qalanə, ya rəb!

 

Füqəralar əğniyanın tanısın neçin yaxasın?

Əgər acdı qarnı, satsın papağın, çulun-çuxasın;

Edə əğniya da başqa işə dair öz səxasın,

Məgər azdı bəzlü bəxşi filanə, filanə, ya rəb!

 

Elə hey yazırsan, kişi, bircə mətləb anna!

Əməlin gör əğniyanın, yeri varsa, sonra danna!

Pulunu fəqirə versin, bəs acından ölsün Anna?

O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 aprel 1907, â„– 14) “Fazil” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info