Qonaq Kitabı
AMALIMIZ, ƏFKARIMIZ İFNAYİ-VƏTƏNDİR

Amalımız, əfkarımız ifnayi-vətəndir

Kinü qərəzü hirs bizə ziynəti-təndir,

Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

Dünyadə əsarətlə bütün kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

 

Əqrəb kimi neştər gücü var dırnağımızda,

Islam susuz olsa, su yox bardağımızda,

Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub, rütbəvü ikram alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

 

Qafqazlı adı aləmə ikrah-rəsandır,

Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,

Kim dersə tərəqqi edəriz, məncə, yalandır,

Büxlü həsədə adət edib, kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

 

Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,

Gər min də məarif sözü dünyayə saçılsın,

Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?

Meyxanədə votqa vurarız, kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

 

Avropalı öz millətin ihya edir, etsin,

Şənü şərəfi-qövmünü ila edir, etsin,

Insanlıq adın dəhrdə iqba edir, etsin,

Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,

Başə yumuruq zolladırız, kam alırız biz!

 

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 mart 1907, â„– 10) “Qabaqda gedən zəncirli” imzası ilə çap olunmuşdur.

 

Bu şer Namiq Kamalın “Fuyuzat” jurnalının 1907-ci il 3 mart tarixli 11-ci nömrəsində dərc edilmiş bir şerinə nəzirədir.

 

Şerin ilk bəndi belədir:

“Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhəddimizə qəl`ə bizim xaki-bədəndir,

Osmanlılarız, zinətimiz qanlı kəfəndir,

Qovğadə şəhadətlə bütün kam alırız biz,

Osmanlılarız, can veririz, kam alırız biz!..”



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info