Qonaq Kitabı
SƏRADƏN BİR ŞEYTAN DEYƏR: İNSANLAR, İNSANLAR!

Səradən bir şeytan deyər: insanlar, insanlar!

Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?

 

Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?

Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?

 

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,

Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar!

 

Sevərmi əhli-istibdad millət huşyar olsun?

Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?

 

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,

Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?

 

Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,

Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!

 

Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,

Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

 

Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir,

Bu fitrədən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!

 

Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?

Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?

 

Dəmadəm nəfsi-əmmarə deməkdə “üqtülül-ixvan”,

Neçin salim qala başlar, bədənlər, canlar, insanlar?

 

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,

Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!..

 

 

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 mart 1907, â„– 9) “Qabaqda gedən zəncirli” imzası ilə çap olunmuşdur.

 

Bu şer “Fuyuzat” jurnalının 1 noyabr 1906-cı il tarixli 1-ci nömrəsində “Dəli şair” imzası ilə dərc edilmiş “Heyrət, yaxud bir mələyin insanlara xitabı” adlı şerə nəzirədir.

Şer belə başlanır:

“Səmadən bir mələk heyrətlə der: insanlar, insanlar!

Nədir bu ruyi-ərzi qaplıyır al qanlar, insanlar!”



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info