Qonaq Kitabı
MƏTBUAT

Mənim ümumən islam aləmində və xüsusi olaraq İranda çıxan qəzetələri oxumağa böyük həvəsim var. Çünki bu zəhrimar, dinsiz, Allahsız şura qəzetələrini oxuya-oxuya lap dindən-dondan çıxmışam. Adam məscidə gedib mollanın movizələrinə vaxt tapa bilmir, ona görə mən İran qəzetəsini əlimə alıb oxuyanda öylə bilirəm ki, oturub məsciddə Şeyx Qəni həzrətlərinin moizəsinə qulaq asıram.

Doğrudan yenə din təəssübü, musurmanlıq qorxusu təkcə bu ğəzetələrdə qalıbdır.

Budur – qabağımda Məşhəddə çıxan “Bahar” ğəzetəsinin 150-151-ci nömrəsi durur. Bu qəzetə Rəştdə təb olunan “İrani-kəbir”in bir məqaləsini dərc etmişdir. Məqalədə böylə yazılır: “Bakıda və şuraların başqa yerlərində kommunistlərin din əleyhinə olan təbliğatı bir təsir buraxmır, bərəks kəlisa və məscidlər get-gedə dindarlar ilə dolmaqdadır: “Habelə qəzetə: Bakıda və Minski şəhərində uşaqbaz keşiş və mollaların işlərini yalan hesab edib yazır ki, yenə musurmanlar və xaçpərəstlər uşaqbaz keşişlərin və Molla Əliqulunun tərəfində olub onların feli-şənində bulunmağına inanmırlar.”

Bax! Görürsən nə qədər dindarlıq? Hətta bu musurman dindarlar din xadimi olan və öz dinlərinin düşməni olan keşişlərin də tərəfini saxlayıb onları da müdafiə edirlər.

İndi sən mənim İran qəzetələrinə nə üçün mayil və aşiq olduğumu bilirsən. Yenə İran mətbuatı, yenə “Bahar”, yenə “İrani-kəbir”. Yaşasın mənim ruhimə qaşov çəkən dindar ğəzetələr.

 

Sijimqulu

“Molla Nəsrəddin”, 1929, N 17.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info