Qonaq Kitabı
YENİ ƏLİFBA VƏ İDARƏÇİLƏRİMİZ

Bizim hamımızda dədə-babadan bir azar vardır, bu azar da başqa mühüm azarlarımız kimi birinci yer dutan azarlardandır. O da budur ki, bir sözü, bir işi yoldaşımıza, qonşumuza deyərik ki, işləsin, fəqət özümüz əməl eləmirik. Biz çalışırıq ki, bütün savadsızlarımızı yeni əlifba ilə savadlandıraq, yeni əlifbanı idarələrimizdə möhkəmləşdirək, bunun üçün də yeri düşdükcə məruzələr oxur, nitqlər söylər, hamıya nəsihət edərik. Oylə ki, növbə özümüzə gəldi və idarəmizdə bunu həyata keçirmək zamanı çatdı, onda o atəşin nitqlər, özgələrin əməl etməsi üçün söylənmiş bir misal məqamında qalır.

İdarəmizdə iş kağızlarının arasında, rusca və ərəb əlifbası ilə yan-yana yeni əlifba ilə yazılı bir məşruhə, bir təlim bir ərizə gözümüzə sataşdıqda yavaşca onları itələyib o biri yazıların altına soxuruq ki, bizə əziyyət eləməsin.

Buradan bir haşiyə çıxaq: sizə bir nağıl söyləyim: Mənim Məşhədi Xoruzəli adlı bir dayım var, bolşeviklər meydanə çıxandan bəri yazıq kişi xeyli qocalıb və geriləyibdir, alış-veriş və başqa işləri əlindən çıxdığına görə yoxsullamış, özü də savadsız olduğundan indiyə qədər özünü bir qulluğa da sala bilməmişdir, bir gün dayım fikirləşir ki, belə yatmaq ilə iş aşmaz, gərək nə olur-olsun mən də bir çoxları kimi hökumət hesabına yaşamaq üçün özümə bir yol tapam və əvvəlcə də bunun üçün zəhmət birjəsinə yazılmalıyam. Məşhədi Xoruzəli tanışlarından birinə yeni əlifba ilə bir yaxşı ərizə yazdırır və zəhmət birjəsinə qəbul olunması üçün ərizəsini “dər kənar” etdirməkdən ötrü gedir böyük idarələrimizin birinə, sədrə təqdim olunur, yoxsulluğunu və qocalığını söyləyib, zəhmət birjəsinə qəbul edilməsi üçün ərizəsinə “rezalyutsiya” qoymalarını rica edir və sağ əlini uzadıb sol qoltuq cibindən bir ərizə kibi bükülmüş kağız çıxarıb qoyur sədrin qabağına.

Sədr yoldaş da kağızın baş tərəfində (ərizəni oxumamış) qırmızı mürəkkəb ilə rezalyutsiyanı qoyur, katibmi, küqəyyədmi, o da qeydini qoyandan sonra (yenə oxumamış) ərizəni verir Məşhədi Xoruzəliyə. Məşhədi Xoruzəli “Allah iqbalınızı yeyin eləsin” duasını eliyə-eliyə çıxır bayıra.

İndi qulaq as: məzə burasındadır – oxumamışam məgər bu fərddən ötrü.

Məşhədi Xoruzəli bayıra çıxandan sonra özünü verir bir xəlvətə, ərizəni açır ki, həmən “rezalyusiya” qoyulan yerdən bir öpsün, fəqət birdən-birə baxıb görür ki, yeno əlifba ilə yazdırdığı ərizə qalıb cibində, ancaq o günlərdə 700 manata icarəyə verdiyi evlərinin rusca yazılmış daqovorunu səhvən verib sədrə. Nə yaxşı ərizəni oxumamışdır, yoxsa işin üstü açılacaqmış. Sədr də, katib də heç bir kəlmə oxumadan daqovorun kəlləsində “rezalyusiya” qoyublar. İndi təsəvvür et ki, Məşhədi Xoruzəli nə vəziyyətdə qalıbdır.

Qurban getdi, məhərrəmlik yaxınlaşır, rəhmətlik oğlu göylərdə əzab büsatı çidə olunur. Allah-təala həzrətləri o təziyələrdə özü də başına döyüb ağlayacaq. Fikrini oralara ver, qəlbini at Kərbəlayi-məalayə nə yeni əlifbabazlıqdır, nə zəhmət birjəsi, nə “rezalyutsiya” nə 700 manatlıq daqovor, nə ərizə, belə iş olmaz ki, sən ha de ki, vallah olub, mən ki, inanmaram.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1928, N 23.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info