Qonaq Kitabı
BÖYÜK ZÜLMDÜR

Dağıstanda Mahaçqala şəhərində nəşr olunan “Yoldaş” rəfiqimiz 81-ci nömrəsində Mahaçqala islahxanəsindən bəhs edib yazır ki, indiki islah evləri dustaq evi deyil, islah evidir. Həbelə islah evində dustaqları islah üçün məktəb, krujoklar, qəzetə, jurnal, yoldaşlıq məkhəməsi olduğunu yazandan sonra ustaxanələr də olduğunu yazır və rəqəmlər ilə göstərir ki, filan sənətdə bu qədər, behman sənətdə də şu qədər dustaqlar işləyib həm parə alır, həm də sənət öyrənirlər.

“Yoldaş” yoldaşımız eylə bilir ki, bu iş elə təkcə Mahaçqala islahxanəsində belədir, daha bilmir ki, bütün Azərbaycanda da belədir. Bakıda belə, Gəncədə belə, Şəkidə belə, Şirvanda da belədir. Yoldaşımız, şura hökumətinin dustaqlara elm, sənət və ictimai həyatın yollarını öyrətdiyinə çox sevinir. Ancaq bunu unudur ki, sənət və elm öyrənməkdən qaçıb həmişə dağda-bağda quldurluq və qaçaqlıq ilə özgələrin zərərinə yaşamaq istəyən müsəlman qardaşları “öz azadlıqlarından”(?) məhrum edib gətirib elm və sənət zəhmətlərinə salmaq bu özü doğrudan da böyük zülmdür, və bundan artıq zülm olmaz.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 52.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info