Qonaq Kitabı
“FƏRYADİ ”“ AZƏRBAYCAN”

Məqaləmizə sərlövhə qərar verdiyimiz “Fəryadi-Azərbaycan” İran Azərbaycanında nəşr olunan bir qəzetənin adıdır.

Biz bu cümləni, yəni “Fəryadi-Azərbaycan” cümləsini məqaləmizə ünvan götürməkdən məqsədimiz odur ki, doğrudan da “Fəryadi-Azərbaycan” elə azərbaycanlıların fəryadıdır. Necə də olmasın, həqiqətdə də onun mündəricatı elə Azərbaycan xəlqlərinin fəryadından ibarətdir.

Hərçənd mən istəmirəm ki, İrandan bir kəlmə olsun yazım, lakin bu məmləkətin qəzetləri adamı rahat qoymur.

Sən Allah, bir qulaq as gör sənə “Fəryadi-Azərbaycan”dan nə iqtibas edib göstərəcəyəm.

“Fəryadi-Azərbaycan” 505-ci nömrəsində belə bir hekayə yazır. Əlbəttə, bütün Əli şiəsi buna inanır və inanacaqdır. Çünki Təbriz kimi “mədəni” bir şəhərdə çıxan “Fəryadi-Azərbaycan” yalan söyləməz və o çünki “əsri” bir qəzetədir və daima mövhumat ilə uğraşır. Və mövhumi şeyləri (yazıları) öz səhifəsində çap etmir. Hekayə belədir:

“Səhih xəbərlərə görə “Əcəbşir” qəsəbəsindən “Mehr” kəndinə bir qadın gəlmiş, bu qadın Nəsir Şişvanı adlı bir şəxsin qızıdır. Adı da “Gülşən bəyim”dir. Bu qadın “Mehr” kəndinə varid olduğu gün aşura axşamına təsadüf etdiyindən küçələrdə və məscidlərdə əzadarlığa məşğul olan adamlara rast gəldikdə “istehza” edərək: “Nə vaxta kimi ya Abbas, ya Hüseyn çağırıb bu kimi mövhumi işlərdən əl çəkməyəcəksiniz” – dediyi zaman boğazı tutulub, ürək ağrısına mübtəla olmuşdur.

Bəzi qadınların izharatına görə hətta üzü arxasına çevrilmişdir. Bu böyük əzabə mübtəla olan “Gülşən bəyim” 24 saətdən sonra dünyanı tərk etmişdir”.

Artıq Marağa şəhərində çürümüş “Heydəri”, “Neməti” məsələsi üstündə bir çoxlarının ölüb yaralandığını yazmağa dəyməz...

Oxucularımız bu “Fəryadi-Azərbaycan” və “Təbriz” qəzetlərinin nə qədər azərbaycanlılar üçün yazıb çalışdıqlarını özləri bu yuxarıdakı mündəricatları ilə isbat edirlər. Ümidvaram ki, oxucularımız bu qəzetləri özləri təqdis edərlər. Çünki bu yazılar təqdisə layiqdirlər.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 37.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info