Qonaq Kitabı
ÜZÜNÜ AÇMA!

To zeəğyar rüxi-xiş bepuşan zinhar

Nərəsəd meyvə dər an bağ ke divarəş nist.

 

(“Tofiq” qəzetəsindən)

 

Türkcəsi: sən öz üzünü əğyardan gizlət ki, divarsız bağda meyvə yetişməz. Pəh, pəh nə gözəl kəlam, nə pürməna şeir. Doğrudan indiyə kimi kim görübdür ki, divarsız bağda meyvə yetişsiz?

Bir bağın ki, dörd ətrafının divarı bir qələ divarı kibi divarlı olmadı, o bağda meyvə yetişməsi qeyri-təbii olar.

Bir bağın divarı, bütün müsəlman və İran arvadlarının yaşadığı evlərin divarı kibi uca və küçədə, evdə büründüyü çarşaf kibi qalın olmasa, oradakı meyvələr də bu arvadlar kibi yetişməz, kal qalar.

Min illərlə İran qadınlarını bu kibi laylalarla yatırdanlar, qəribə budur ki, indi də bu nəğmələrini dəyişmək istəmirlər. Əlbəttə, bir məmləkətin ki, “Tofiq”i tədiyədən və məclisi-millidə mərsiyə oxumaqdan bəhs edələr, onda divarsız bağda meyvə yetişməz.

 

*         *       *

Biz bu günə kibi heyran qalmışdıq, başa düşə bilmirdik ki, nə üçün üzü açıq gəzən, “bağlarının divarı olmayan” Yevropa qadınları dalda qalıb, elmsiz və qabiliyyətsiz olub kal qalmışlar. Ancaq İranın dörd divar arasında qalın səyyar zindanlar içində gəzən arvadları bu qədər tərəqqi edib, bu qədər yetişmişlər. Biz ancaq indi başa düşdük ki, “divarsız bağda meyvə yetişməz”. Allah “Tofiq” kibi “əsri” və “maarifpərvər” ğəzetələrin atasına min rəhmət eləsin ki, onların köməyi və göstərməyi ilə biz də bilmədiyimiz mühüm bir məsələni öyrəndik.

 

*         *       *

Biz buraya qədər “Tofiq”in fəlsəfəsinə pəh, pəh deyə-deyə gəldik. Ancaq biz gözümüzün qabağında edilən minlərlə təcrübələri də görmüşük. Görürük ki, günəş və hava görməyən yerlərdə, üstü örtülü məhəllələrdə nə bitki bitir, nə meyvə yetişir. Hail olmayıb, günəşin ziyası çarpan yerlərdə hər şey daha yaxşı əmələ gəlir.

İran qadınlarının gözləri aydın olsun, müctəhidlərin, mollaların laylası bəs deyilmiş, İran ğəzetəsinin onlar üçün çaldığı düdüyü də eşitsinlər.

 

To ze əğyar rüxi-xiş bepuşan zinhar,

Nərəsəd meyvə dər an bağ ke divarəş nist.

 

Üzünü açma!

Görəsən İran qadınları bu kibi şeirlərə nə deyirlər?

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 35.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info