Qonaq Kitabı
ƏZADARLIQ

Doğrudan biz dünyayə gəlmişik beş günlüyə, bu beş gün keçəndən sonra axirətə təşrif aparmalıyıq. Bəs bu beş günü burada biz nə ilə məşğul olmalıyıq. Əlbəttə, bir dünya ki, fanidir, ona o qədər bənd olmaq lazım deyil. O ki, qaldı axirətə yəni aləmi-bəqa ki, o həmişəlik olacaqdır, oranı abad etməlidir. Oranı, yəni darülbəqanı nə ilə abad etmək olar? Əlbəttə, imamlara ağlamaqla. Sabah ərbəindir, bunu bilməyən gərək bir müsəlman olmasın. Bu gündə göz yaşı tökməyən bir Məhəmməd ümməti qalmamalıdır. Bizim Azərbaycanda hərçənd ki, yersiz bu yaşı tökmənin qabağını kəsiblər, amma sən bu balaca Azərbaycana baxma, sən bax qonşuda altı min illik bir məmləkət olan və 26 milyon nüfusi olan İranə, gör İranda nələr olur. Məhərrəmin birindən ta bu günə kibi İranın hər yerində ağlaşmadır. Hətta hökumət dairələrində, hətta parlamendə belə, hətta gələcəyi parladacaq İran qəzetləri belə məhərrəm girəndən bəri ağlayırlar. Bunu biz özümüzdən toxumuruq, budur qabağımızda İranın paytaxtı olan Tehranda nəşr olunan “Tofiq” qəzetəsi. Yazıq “Tofiq” o qədər ağlamış, o qədər başına döymüş ki, lap bildiyini də itirmişdir. 22-ci nömrəsinin birinci səhifəsinin birinci sütununda “Tofiq” həzrətləri gözəl yazılmış bir mərsiyəsində deyir:

 

Emsal-həqiqət həmeca Kərbbəla bud,

Ta çərx bərin zümzəme və şur o nəva bud

Mahü fələkü əncümü xurşid əzadar

Əz matəme fərzənd rəsuli dusəra bud.

 

Heyf ki, bu şeiri axıra qədər oxucularımıza yazıb göstərə bilmədik. Çünki həmi fars dilindədir, həmi məcmuəmiz balacadır, “Tofiq” bu şeirində bir qiyamət qoparmışdır. Bütün əsnafın əzadarlığını bu şeirində göstərmişdir. Yuxarıdakı iki beytin mənası müxtəsər belədir: bu il İranda həqiqətən hər yer Kərbəla olmuşdu. Ağlaşmanın səsi göyə çıxmışdı. Ay, fələk, yıldızlar, günəş hamısı əzadar idi. Kimə? İki dünyanın göndərilmişinin oğluna, yəni imam Hüseynə.

 

*         *       *

“Tofiq” İranın ağlar gündə olan fəhlə və kəndçilərinə üzünü dutub bu Şərqini də oxumalı idi:

 

Səni minsin xanlar, şahlar,

Ürəyindən sən çək ahlar.

Bağışlanar həp günahlar,

Sən ağlama, mən ağlayım.

 

Bəli, əzizim, doğrudan da İranın və iranlıların dünya və axirət səadəti elə bu ağlamaqda olacaqdır. Bunu kim inkar edə bilər? Bu fani dünyada olan elm, sənət, tərəqqi, mədəniyyət hamısı puç və biməna şeylərdir. Əvvəl-axır insanə axirət qalacaqdır. Axirət evini burada tikməli və ora üçün hazırlaşmalıdır. Axı bu dünyada bir əziyyətdən başqa nə var ki?

Ağla qardaşım, ağla, ağlamalı günündür. Ühü... ühü... ühü... Allah əcr versin!

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 34.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info