Qonaq Kitabı
KİM DOĞRU DEYİR?

Əlbəttə, qəzetə və məcmuələrdə yazılan yazıları hamı oxuyur və oxuyandan sonra da fikirləşir ki, görəsən birinin haqqında yazılmış bir tənqid doğrudurmu, doğru deyilmi. Əlbəttə, bunu düşünməklə bilmək olmaz. Sən nə bilirsən ki, biri götürüb Gəncədən birinin haqqında bir şey yazıb doğrudurmu, yalandırmı. Hər halda bunu bir yazan bilir, bir yazılan. Müxbirlərimiz tənqid ediləcək şəxsləri istər xidmətçi olsun, istər kənar adam olsun – tənqid edirlər və onların rəftarını, hərəkətini görüb məcmuəmiz vasitəsilə onun üstünə gülürlər ki, o kişi özünü bir az yığışdırsın. Ancaq elə ki, Molla Nəsrəddin bir “böyük” adamın haqqında bir şey yazdı və onun hərəkətini tənqid etdi, gəl sən indi bax gör nə qədər cavablar gəlir. Məsələn, Şəkidən bizim inandığımız müxbirlərimiz birinin eybini yazır, biz də çap edirik və bilirik ki, müxbirimiz doğru da yazıbdır. Bundan sonra haqqında yazılan vətəndaş bütün qüvvəsi ilə başlayır cavab verib özünün güldən gözəl, güzgüdən pak və sudan təmiz olduğunu isbat eləməyə...

... Bir də müxbirlərimiz özlərini gözləmirlər. Bəziləri olur ki, böyük adamlara dolaşır, əlbəttə, adam gərək böyük-kiçik tanısın. Yoxsa axırda başına bəla gətirər. Vay bir müxbirin halına ki, ola Danabaş kəndində və kənd ispalkomunun oynadığı oyunlardan yaza. Onda gərək həman müxbir qabaqca kəfənini alıb başının altına qoysun. Necə ispalkom? Heç ispalkomun eybini yazmaq olar? Onun əlində ixtiyar var, müxbiri kənddən də qovar, hələ şəhərdən də. Bircə burası var ki, ğeybi Allahdan başqa heç kəs bilə bilməz. Ona görə biz də lap Allah kimi doğrusunu bilmirik ki, kim doğru deyir.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 30.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info