Qonaq Kitabı
MƏHƏRRƏM YAXINLAŞIR

Bəli, Məhərrəm ayı gəlib çatmaq üzrədir, fəqət bu mübarək ayın yaxınlaşması çox soyuq qarşılanır. Biz xalqımızda olan soyuqluğu təəssüflə qeyd edirik.

Yəni bu nə deməkdir, necə olar ki, müsəlamnlar bu “dini” təziyə mərasiminə kəmetina olsunlar. Yəni doğrudanmı müsəlmanlar lap mövhumatçılığı atıblar? Ax, keçən günlər, hanı o günlər ki, hələ məhərrəm ayına on-on beş gün qalmış Gəncədə, Bakıda, Qarabağda, Qubada məscidlər, təkiyələr silinib, süpürülüb işə başlanardı. “Allahın vəkilləri” sayılan və xəlqin gözünü bağlamaq, özlərini dindar və müsəlmanların xeyirxahı göstərmək istəyən qarnıyoğunlar, öz evlərində hər gün axşam büsat qurub qəhvə, çay, yemək verməklə xəlq yanında bununla öz eyblərinin üstünü örtmək və xəlqi yenə il başından özlərinə isnişdirmək üçün fədakarlıq göstərərdilər.

Hərçənd ki, indi yenə də mayeyi-iftixari-millət sayılan molla və dindarlarımız vardır. İndi yenə on gün məhərrəmi minbərdən xəlqə moizə edib tasura və aşura günü məscidin qapılarını müridlərinə bağlatdırıb “hər kəs məsciddən çıxsa və hər kəs imam təziyəsinə pərxaşlıq qatsa bu minbər sahibi ona ğənim olsun” – deyib isti məsciddə xəlqi ta son qəpiyinə qədər soyan mollalarımız vardır. Ancaq o vaxt hara, indiki zaman hara.

Doğrudan, xəlq o qədər dünyadörmüş olublar ki, bu cür “müqəddəs” vəzifələrinə yaxşı baxmırlar? İnsan dünyada nə qədər yaşasa, axırda öləcək və öləndən sonra da ona axirət lazım olacaq. Necə insafdır ki, bütün ili get oğurluq, əyrilik elə, daşdan, tərəzdən kəs, özgələrin irz-namusuna təcavüz et, adam öldür, ev yar, gəlib bu on gündə bir qətrə göz yaşı töküb bütün nəslinlə bərabər günahlardan azad olma. Həqiqət Molla Nəsrəddin də molla olduğu üçün müsəlmanların bu soyuqluğuna darıxır, onların bu hərəkətlərindən küsür. Bir səlavat xətm elə.

Molla Nəsrəddin ümid edir ki, yenə din aşiqi və qeyrətli olan qoca və cavanlarımız bu il də Bakıda, Şuşada və Gəncədə keçən illərdə olduğu kibi, gedib xəlvətcə bağda, bağçada, töylələrdə öz nəzirlərini əda edəcək və imam yolunda heç bir yaramazlıq yapmaqdan çəkinməyəcəklər.

Molla Nəsrəddin bunu ümid edir.

 

Məşədi Sijimqulu              

“Molla Nəsrəddin”, 1927, N 25.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info